“Lenin bizim nəyimizə lazımdır?! Heykəli özümüz dağıtdıq. Heç kim heç bir göstəriş verməmişdi. Biz müstəqil dövlətik, bizə keçmişin qalıqları lazım deyil”.
Bunu Qəbələ rayonunun Qəmərvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Bayramov deyir. Düz bir il əvvəl Leninin Azərbaycandakı yeganə heykəli yıxılanda, jurnalistlərin suallarına cavabında...
Leninin heykəlini əbəs yerə xatırlamadıq. Proletariatın dahi rəhbəri, keçmiş SSRİ-nin əsasını qoymuş Vladimir İliç Leninin bu gün doğum günüdür. Özü də yubiley ilidir. Düz 150 il bundan əvvəl dünyaya gəlib, sosialist inqilabı adlı avantüra ilə dünyanın siyasi xəritəsini dəyişmişdi, bu bəstəboy adam.
Orta və yaşlı nəsil gözəl xatırlayır, Azərbaycanda və SSRİ-nin bütün respublikalarında elə bir şəhər və rayon yox idi ki, Leninin orda heykəli ucalmasın.
SSRİ dağılana, yəni 1991-ci ilədək İttifaq ərazisində Leninin 14 290 heykəli olub. İndi 7 mindən azı qalıb.
Leninin heykəlləri ən çox Rusiyada qorunub saxlanılıb. Onların sayı 6 minə yaxındır. Ölkənin demək olar ki, bütün subyektlərində Leninin heykəlləri durur. İstisna yalnız Çeçenistanın paytaxtı Qroznı və İnquşetiyanın mərkəzi şəhəri Maqasdır. Bu şəhərlərdə Leninin heykəlləri 90-cı ildə demontaj edilib. Təkcə Moskvada Leninin 100 heykəli var. Bunlar şəhərin mərkəzində, muzeylərdə, zavod və fabriklərin həyətlərində qorunur. Sankt-Peterburqda isə 50 belə heykəl qalıb.
Leninə SSRİ xaricində də yüzlərlə heykəl qoyulmuşdu. Amma 90-cı illərdə onların böyük əksəriyyəti söküldü. İndi vur-tut 25 heykəli qalıb ki, onlar da Kuba, Hindistan və Finlandiyanın Turku və Kotke şəhərlərindədir.
Dünyanın müxtəlif yerlərində Leninin unikal heykəllərinə də rast gəlmək olar. Məsələn, ABŞ-ın Sietl şəhərində Leninin heykəli qəlyanaltı obyektlərinin əhatəsində ucalır və vaxtaşırı bayram işıqları və rəngbərəng parçalarla bəzədilib.
1958-ci ilin dekabrında sovet alimləri Antarktikada ABŞ tərəfindən Amundsen-Skott stansiyasının yaradılmasına cavab olaraq, cənub qütbün ən ucqar nöqtəsində elmi-tədqiqat stansiyası qurublar. Stansiyanın önündə isə Leninin plastikdən tökülmüş büstünü ucaldıblar
Krımdakı Tarhankut ərazisində Lenin büstü “sualtı muzeydə” qərarlaşıb. Həmin "sualtı muzeydə", deyilənə görə, bir sıra digər keçmiş sovet liderlərinin heykəllərinə də rast gəlmək mümkündür.
Leninin bir büstü isə İtaliyanın Bolonya şəhərinin Cavriago meydanında ucalır. Bu heykəl Qərbi Avropa şəhərlərinin ictimai yerlərində ucaldılan Leninin nadir abidələrindən biridir.
Qayıdaq yenə Azərbaycana. Azərbaycanda Leninin ümumilikdə 50-dən artıq heykəli mövcud idi. Onlardan ən məşhuru 1955-ci ildə Azadlıq meydanının önündə, Hökumət Evinin fasadında ucaldılan heykəl idi ki, 1991-ci ildə söküldü.
Fotolentdə isə sizə vaxtıyla Azərbaycanın bu və ya digər rayon və şəhərlərində ucaldılmış heykəllərin fotolarını təqdim edirik. Diqqətlə baxın, bəlkə sizlər də bu insanlar kimi Leninin heykəlləri önündə şəkillər çəkdirmisiniz.
P.S. Hə, yadıma düşdü, üzrlü sayın. Bir Azərbaycan şəhərində qalıb axı Leninin heykəli. Dərbənddə, Dəmir qapı Dərbənddə. Bir qədər əvvəl növbəti dəfə bu qədim Azərbaycan şəhərinə getmişdim. Dərbənd Yeni ilə hazırlaşırdı. Şəhərin baş yolkası isə Lenin meydanında qurulmuşdu. Dostumuz, jurnalist Telman Tahirlidən elə beləcə də soruşmuşdum: “Dərbənddə hələ də durur Leninin heykəli?” Cavabı qısa və maraqlı olmuşdu: “Dursun da, kimə mane olur ki?..”