Bir düşünün, Bakıdan İstanbula getmək üçün təyyarə bileti alırsan, cəmi 56 manata...
Bu yuxu deyil, gerçəklikdi, əslində isə olmayan gerçəklik. Bizə 56 manata İstanbula uçmaq xəyalını qurduran isə "Buta Airways" aviaşirkətidir. Şirkətin saytına girmək bəs edir ki, bütün xəyalların suya düşsün.
Lent.az APATV-yə istinadən xəbər verir ki, saytda ən ucuz qiymət 230 manatdan başlayır.
Bəs necə olur ki, 56 manatlıq bilet heç yerdə tapılmır?
Yaxud 56 manata bilet varsa, niyə hər yerdə qiymət az qala 5 dəfə baha qoyulur?
“Buta airways”dən suallarımıza cavab olaraq bildirdilər ki, aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir.
Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir. Həmçinin hər reysdə aviabiletlərin sayı məhdud olur.
“Bəs bu məhdud sayda olan biletləri niyə tapmaq olmur” sualımıza isə cavab verən olmadı. Azərbaycan Ekoturizm Assosiasiyasinin idarə heyətinin sədri Samir Dübəndi isə deyir ki, vətəndaşların elanlarda qeyd olunan ucuz qiymətə bilet tapmamasının səbəbkarı aviakassirlərdir: “Bu gün vətəndaşların çoxu harasa səfər etmək istədiklərində qanuni yollara, online sistemlərdən bilet sifariş vermək əvəzinə, mütləq öz tanış avia kassirinə zəng vurur. Bu da onu göstərir ki, avia kassirlər özləri həmin o defisiti yaradırlar”. İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, aviabiletlərin od qiymətinə satılmasının yeganə günahkarı Azərbaycan Hava Yolları, yəni AZAL-dır. Ekspert onu da söylədi ki, aviabilet qiymətlərindəki artım səbəbindən bu gün xaricə səyahət edən vətəndaşların sayı pandemiyadan əvvəlki dönəmin nəticələri ilə müqayisədə xeyli azalıb:
“Əsas səbəb Azalın və törəmə şirkətlərin təbii inhisarçı olmasıdır. Hava nəqliyyatı üzrə daşımaların 99%-ni azal və törəmə şirkətlər həyata keçirir. Bundan başqa yerüstü xidmətlər də azala tabedir, bu da qiymətlərin artımında mühüm rol oynayır. Gürcüstanla quru sərhədin bağlı olması da qiymətlərin yüksəlməsinə səbəb verir ”.
Ekspert Elman Sadıqov isə digər ölkələrdə xaricə səfər qiymətləri ilə yerli bazardakı qiymətlər arasında açıq-aşkar fərq olduğunu deyir:
“Qonşu ölkələrdə xüsusilə Gürcüstanda aviabiletlərin bizim ölkəmizdəki aviabiletlərin qiymətlərindən az qala 2 dəfəyə qədər ucuzdur. Nəticə etibarı ilə vətəndaşlar digər ölkələrin aviabiletlərindən təyyarələrindən istifadə edirlər. Bu da nəticədə itki deməkdir”.
Ekspertlər onu da söyləyir ki, ölkədə aviabiletlərin baha olmasının digər bir səbəbi rəqabətsizlik mühitidir. Nümunə olsun deyə, bunu da deyək - Gürcüstanda eyni istiqamət üzrə uçuşları 15 fərqli şirkət həyata keçirir, nəticədə rəqabət mühiti formalaşır və qiymətlərdə də artım halları baş vermir.