Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi xəstəliyinin yayılma arealı sürətlə genişlənməkdədir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, hazırda dünyanın 45 ölkəsində, o cümlədən ölkəmizlə qonşu olan Rusiya Federasiyası, İran İslam Respublikası və Qazaxıstan Respublikasının bəzi inzibati ərazi vahidlərində quş qripi xəstəliyi davam edir.
"Həmin ölkələrdən 36-da alovlanma ev quşları arasında baş verdiyindən respublikamızın ərazisini sözügedən ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət tətbiq edilməsilə bağlı müvafiq qərarlar qəbul edilib.
Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir.
Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Bəs bununla bağlı vətəndaşlar hansı qaydalara əməl etməlidir:
- Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və sair.);
- Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.
Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyyə olunur", - deyə qeyd olunub.