Qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.
Lent.az-ın məlumatına görə, bu sözləri "Açıq qapı" aksiyası zamanı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib. Şöbə rəisinin sözlərinə görə, 2022-ci ildə 69 kəndin qazlaşması planlaşdırılıb:
" Onlardan 35-də plan üzrə iş gedir, bir kəndə isə qaz verilib. Eyni zamanda cari ildə 62 yeni yaşayış massivinin qazlaşması da nəzərdə tutulub. Onlardan 48-də iş gedir, birinə isə qaz verilib".
Teymur Cəfərov onu da qeyd edib ki, 2022-ci ilin iyunun 1-nə olan məlumata görə, respublikada mənzillərin və fərdi yaşayış evlərinin qazlaşma səviyyəsi 96.3 %-dir:
"Yeni çəkilmiş qaz kəmərləri yanvar-may aylarında cəmi 244,5 km olub. Bunun 32,1 km-i Bakı və Abşeronun, 212,4 km-i isə regionların payına düşüb".
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev avqust ayının 4-dən etibarən indiyədək keçirilən “Açıq mikrofon” aksiyası ilə bağlı məlumatı media nümayəndələri ilə bölüşüb. Qurum rəsmisinin sözlərinə görə, bu gün aksiya çərçivəsində 80-ci görüş baş tutub.
“Çox böyük nəticədir ki, bu qısa müddət ərzində bu sayda aksiya keçirmişik. Keçirilən görüşlərin əksəriyyəti regionları əhatə edib. Biz abonentlərin, vətəndaşların ayağına getmişik və biz buna borcluyuq. Xidmət sahəsi olaraq biz, bütün bu fəaliyyətimizi özümüzə borc bilirik, bundan da şərəf duyuruq”, - deyə o bildirib. Şöbə rəisi həmçinin sahibkarlarla keçirilən görüşlərdə çox ciddi nəticə əldə olunduğunu da mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.
“Azəriqaz” İB-nin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov media nümayəndəsinin məhkəmə iddiaları ilə bağlı ünvanladığı sualını cavablandırıb. Qurum rəsmisinin sözlərinə görə, bir çox hallarda Birlik tərəfindən qaldırılan iddiaların təmin edilməməsinin səbəbləri ondan irəli gəlir ki, sahə üzrə münasibətləri tənzimləyən qanunvericilikdə boşluqlar var. “Yəni, biz təsbit edirik ki, dövlət yoxlaması nəticəsində sayğaca müdaxilə olunub və müvafiq qaydada aktlaşdırılıb və yaxud da şəbəkəyə kənar qoşulma olub. Belə olan halda dəymiş zərər müəyyənləşdirilməlidir. Lakin bunun müəyyənləşdirilməsi ilə bağlı bir meyar yoxdur. Vaxtı ilə Sənayə və İnkişaf Nazirliyi tərəfindən qəbul edilmişdirsə, sonradan ləğv edildi. Normativ hüquqi aktların reyesterinə daxil edilmədi” – deyə, Vüqar Eyvazov əlavə edib . Departament rəisi bildirib ki, biz hesab edirik ki, ötənilki mövsümlə istehlakçının istifadə etdiyi qaz həcminə uyğunlaşdıraraq hesablayırıqsa, məhkəmə orqanları bununla bağlı bir meyarın olmadığı üçün özünün mülahizəsinə uyğun olaraq bəzi hallarda istehlakçının ödəniş qabiliyyətini nəzərə alaraq müvafiq qərar qəbul edir:
“Bu da bizim qaldırdığımız iddiaların qismən həyata keçirilməsi deməkdir. Mübahisələndirilən məsələlər əsasən dəymiş zərərin ödənilməsi ilə bağlıdır”.