19 yaşında düşmənə əsir düşən: "Ürəyi tab gətirmədi öldü" - VİDEO
15 oktyabr 2021 18:11 (UTC +04:00)

19 yaşında düşmənə əsir düşən: "Ürəyi tab gətirmədi öldü" - VİDEO

Birinci Qarabağ müharibəsindən sonra ermənilərin əsir saxladıqları azərbaycanlılara ağır işgəncələr verdiyi əsas yerlərdən biri Xocavəndin Edilli kəndi olub. Bir zamanlar işgəncə çəkənlərin iztirabın səsi göyün yeddinci qatınadək gedib çatan bu kəndin bu gün erməni işğalından azad olan günüdür. 15 oktyabr 2020-ci il. Bir vaxtlar əl-qolu bağlı bu kəndin küçələrində erməni ailələrə göstərilib təhqir edilən, dostlarının və ya həmyerlilərinin erməni məzarları üstündə qurban kəsilməsinin şahidi olan, ac-susuz işlədilən, insanlığa sığmayan min bir işgəncə görən əsirlərdən bir neçəsi ilk dəfə Edilli kəndinə gəlib.

Aslan Məmmədov Yuxarı Əbdülrəhmanlı kənd sakinidir. 1974-cü il təvəllüdlü Aslan, erməni əsirliyinə düşəndə cəmi 19 yaşı olub. 1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə 5 nəfər hərbçi dostu ilə birlikdə mühasirəyə düşüb, 2 hərbçi yoldaşı şəhid olub, son anadək mübarizə aparıb. Lakin silah sursat bitdikdən sonra əsir düşüb. Əsir düşən Aslan Məmmədov digər 2 hərbçi dostu ilə Edilli kəndinə gətirilib. Dünya hərb tarixində əsir və girovların yaşamadığı işgəncələrə onlar bu kənddə şahid olub: “Burda az qaldıq. 2-3 ay qaldıq. Sonra Yerevana apardılar. Nələrlə qarşılaşdınız? Hansı işgəncələr gördünüz? Döyülmək, əl-qolu bağlı döyülmək. Kəndlərdən gələn taxılı bizə yüklədirdilər. Yemək yox idi, su yox idi, yatmaq yox idi... ancaq döyürdülər və işlədirdilər.” Həmin vaxtlar azərbaycanlıların yaşadıqları kənd yeni-yeni işğal olunduğundan mülkü əhali arasında girov düşənlər də çox olurdu. Xüsusilə yaşlı və ya azyaşlılar…

Aslan Məmmədov deyir ki, Edillidə olduğu zaman ermənilərin çox cinayətlərinə şahid olub. Ən dəhşətlisi isə yaşlı və xəstə olan mülkü əsirlərin döyülərək öldürləməyi olub: “Ənvər kişi vardı Füzuli rayonunun Dədəli kəndindən. Onun qolu sınmışdı, sümüyü çıxmışdı çölə. Onu döydülər-döydülər ürəyi tab gətirmədi öldü. Səfəralı kişi vardı Kürdlər kəndindən. O da dözmədi öldü. Özlərinin öldürdükləri də vardı. Yaralı olanları deyirdilər bu sağalmayacaq, güllələyib öldürürdülər.” Edilliyə gələn Aslanı duyğulandıran amillərdən biri də havanın yağışlı olmağı idi. Yayın qızmar ayı Avqustda əsir düşən, susuzluqdan dodaqları parçalanan Aslanı bu gün Edilli yağış suları ilə qarşıladı. Elə onu ən çox da sevindirən bu idi: “Burada çox əziyyətlər çəkmişəm, çox işgəncələr görmüşəm. Çox murdarlıqlar görmüşəm. Bəlkə də Allah bunu elədi. Mən burada çox susuzluq çəkmişəm, aclıq çəkmişəm. Görürsən qurban olum Allaha ac-susuz qaldığım kəndə bu gün göydən su tökür. Bu da bir qismətdir. Bəlkə də məni aparmasalar elə iki gün üç gün burda gəzərəm. Bəlkə də heç getmərəm... burda çox əziyyətlər çəkmişik, çox zülmlər çəkmişik...”

Müsahibimiz deyir ki, bu kəndə yenə qayıdacam, öldürülən soydaşlarımızın basdırıldığı yerləri axtarıb tapacam və onların məzarını ziyarət edəcəyəm. Deyəcəm ki, ruhunuz şad olsun Qarabağ Azərbaycandır: “Sevinirəm ki, şükür, Allah hamısına kömək olsun. Başda Ali Baş komandanımız İlham Əliyev olmaq şərti ilə Allah kömək olsun. Bu sevinci bizə yaşatdı. Bəlkə də bu sevinci yaşatmasaydıq bəlkə də içimizdəki nə bilim bir əsəb , içimizdəki kin-küdrət , elə də ölüb gedəcəydik. Bu gündən belə qorxusu yoxdur. Ölsəm belə qorxusu yoxdur. Gördüyümü gördüm. Mənzərələr dağlar, bu evlər, gözəl Qarabağ artıq bizimkidir. Da heç nəyə artıq qorxusu yoxdur.”

# 2277
avatar

Oxşar yazılar