Buzovnada I qrup əlilə qarşı torpaq maxinasiyası - ARAŞDIRMA - FOTO
02 avqust 2012 18:48 (UTC +04:00)

Buzovnada I qrup əlilə qarşı torpaq maxinasiyası - ARAŞDIRMA - FOTO

Bu ilin əvvəlində Bakının Buzovna bələdiyyəsinin səhlənkarlığı üzündən 550 kvadratmetr (5,5 sot) torpaq sahəsi zəbt olunmuş I qrup əlil Sahib Xəlilovun üzləşdiyi problem hələ də həllini tapmayıb. Halbuki Buzovna bələdiyyəsi qəsəbə icra nümayəndəliyi ilə birgə I qrup əlilin zəbt olunmuş torpağının tezliklə onun özünə qaytarılacağı barədə həm Xəzər Rayon İcra Hakimiyyətinə, həm də zərərçəkənin özünə söz vermişdi.

Elə həmin ərəfədə - fevral ayında Lent.az-da dərc olunmuş yazıda Buzovna qəsəbə bələdiyyəsinin sədr müavini Əfrasiyab Əmirov da məsələyə tezliklə aydınlıq gətirəcəklərini və Sahib Xəlilova məxsus torpaq sahəsinin tam dəqiqləşdirilmiş rəsmi sənədlərlə onun özünə veriləcəyini söyləmişdi. Ancaq aradan keçən 6-7 aydan da çox vaxt keçməsinə baxmayaraq, nə bələdiyyə, nə də icra nümayəndəliyi verdikləri vədləri yerinə yetirməyiblər. Əksinə, Lent.az-ın apardığı araşdırmalardan məlum olur ki, qəsəbə bələdiyyəsi icra nümayəndəliyi ilə əlbir olaraq Rayon İcra Hakimiyyətinə I qrup əlil Sahib Xəlilovun torpaq mübahisəsinin artıq həll edildiyi barədə yalan məlumat göndərib. Bu isə o deməkdir ki, hər iki qurum təkcə torpaq sahibini deyil, həm də Rayon İcra Hakimiyyətinin rəhbərliyini də aldadıb.

Xatırladaq ki, 2005-ci ildə bələdiyyə tərəfindən I qrup əlil Sahib Xəlilov bağ-bostan bitkilərinin becərilməsi məqsədilə 550 kvadratmetr (5,5 sot) torpaq sahəsi ayrılıb. Buzovna qəsəbəsindəki keçmiş dəmiryolu xəttinin yaxınlığında ayrılmış torpaq sahəsi 25 dekabr 2005-ci il tarixli “360 a” saylı icarə müqaviləsi ilə rəsmiləşdirilib.

Bu ilin yanvarında isə qəsəbə sakinlərindən biri, həm də Buzovna bələdiyyəsinin üzvü olan Rəhim adlı şəxs Sahib Xəlilovun torpaq sahəsini zəbt edərək, ərazini hasara alıb. Rəhim torpaq sahəsini guya Hacı Nasir adlı şəxsdən aldığını deyib. Torpağın guya 1991-ci ildə İcra Hakimiyyətinin sərəncamı ilə Hacı Nasirin hazırda dünyasını dəyişmiş əmisinə verildiyi bildirilir. Bununla belə, torpağın nə Hacı Nasirin əmisinə məxsus olduğunu, nə də onun sonradan Rəhim Axundova satıldığını təsdiqləyən sənədlər ortaya çıxmadığından bələdiyyənin və icra nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə tikinti işləri dayandırılıb və əraziyə sahiblik iddiasında olan bələdiyyə üzvünün çəkdirdiyi hasar sökülüb. Bundan sonra Sahib Xəlilovun Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığı şikayət məktubu əsasında məsələ yenidən araşdırılıb. Təxminən iki ay ərzində aparılan araşdırmalardan məlum olub ki, Buzovna bələdiyyəsinin rəsmi sənədlərlə Sahib Xəlilovun icarəsinə verdiyi torpaq sahəsinə Rəhim Axundovdan əlavə qonşuluqda yaşayan Tamella adlı xanım da iddialıdır. Lakin Sahib Xəlilovdan fərqli olaraq, nə Rəhim Axundovun, nə də Tamella xanımın məhz həmin torpaq sahəsi üzərində sahibliyini təsdiqləyən heç bir sənəd ortada yoxdur. Bu səbəbdən də Buzovna qəsəbə bələdiyyəsi mübahisənin Sahib Xəlilovun xeyrinə həll olunması üçün bütün əsasların olduğuna dair Rayon İcra Hakimiyyətini və tərəfləri məlumatlandırıb. Amma necə deyərlər, sən saydığını say, gör Buzovna bələdiyyəsinin rəhbərliyi nə sayır...


Bələdiyyə İcra Hakimiyyətini aldadıb

Hələ fevral ayında onsuz da xəstəliyi üzündən torpaq sahəsinə baş çəkə bilməyən, burada tikinti və bağ-bostan işləri ilə məşğul ola bilməyən Sahib Xəlilov Rayon İcra Hakimiyyətinin məsələyə qarışmasından sonra problemin tezliklə çözüləcəyinə inanıb. Bələdiyyə sədri Mətləb Əliyev, sədr müavini Əfrasiyab Əmirov və qəsəbə icra nümayəndəsinin “səmimi” vədləri onda bu inamı artırıb. Üstəlik Buzovna qəsəbə bələdiyyəsinin sədri Mətləb Əliyevin imzası ilə 2012-ci il fevralın 6-da Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamova və Sahib Xəlilova göndərilən məktubda bildirilir ki, “vətəndaş Xəlilov Sahib Mürsəl oğluna Buzovna bələdiyyəsi tərəfindən ayrılmış 550 kvadratmetr torpaq sahəsinin bir hissəsi daş hasara alınmışdır. Buzovna qəsəbə nümayəndəsinin mühəndisi ilə birlikdə daş hasar söküldü, ərazi təmizləndi. Bu haqda akt tərtib olunmuşdur”. 27 yanvar 2012-ci il tarixli həmin aktın surəti də məktuba əlavə edilib. Bununla da Buzovna qəsəbə bələdiyyəsi yuxarı orqanlarda belə bir rəy yaradıb ki, guya, I qrup əlil Sahib Xəlilovun torpaq üzərindəki hüquqları bərpa olunub.

Bununla belə, torpağa iddialı şəxslər Sahib Xəlilovun ərazinin sərhədlərini hasara almağa imkan verməyib. Sahib Xəlilovun bildirdiyinə görə, bir neçə ay əvvəl bələdiyyə sədri Mətləb Əliyev ona sifariş göndərib ki, torpaq sahəsini hasara aldırsın: “Mən xəstəliyimlə əlaqədar ora gedə bilmirəm. Ona görə də yaxın qohumlarımdan birinə pul verdim ki, gedib torpağın sərhədlərini hasara aldırsın. Amma Hacı Nasir Əliyev və onun himayədarları buna imkan vermədilər, 3 nəfər göndərib mənim ustalarımı oradan qovdular. Bunu bələdiyyə sədri və icra nümayəndəsi bilsə də, bu özbaşınalığı və qanunsuzluğu edənlər indiyədək cəzalandırılmayıb. Bu, onu göstərir ki, onlar elə həmin şəxslərlə əlbirdirlər”.

Saxta və yalançı əvəzləşdirmə

Beləliklə, nə qədər qəribə olsa da, qəsəbə bələdiyyəsi də bütün bunlara göz yumub. Üstəlik bir neçə ay sonra nə baş veribsə, Buzovna qəsəbə bələdiyyəsi torpağın kimə məxsus olması barədə öz mövqeyini 180 dərəcə dəyişib. Bu, Buzovna qəsəbə bələdiyyəsinin 16 iyul 2012-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısına və Sahib Xəlilova göndərdiyi məktuba da açıq aydın görünür:

“Sizin 31.05.2012-ci il tarixli, X02/2 saylı məktubunuza Buzovna bələdiyyəsi tərəfindən baxılmışdır. Sonradan müəyyən edilmişdir ki, S.Xəlilova bələdiyyə tərəfindən bağ-bostan bitkilərinin becərilməsi məqsədilə icarəyə verilmiş torpaq sahəsi vaxtilə Əzizbəyov Rayon XDS İK-nin 01.10.1991-ci il tarixli 17 saylı qərarı ilə Buzovna qəsəbəsi, Dostluq küçəsi, ev 24-də yaşayan Cəmilzadə Şahin Tofiq oğluna ayrılmışdır. Bu qərarla ayrılmış 712 saylı torpaq sahəsinin göstərilən əraziyə aid olması müvafiq sxemlə təsdiq olunmuşdur. Vətəndaş S.Xəlilovun I qrup əlil olduğunu nəzərə alaraq bələdiyyə tərəfindən həmin ərazidə ona 400 kvadratmetr torpaq sahəsi təklif olunmuşdur”.

Sahib Xəlilov isə ona əvəzləşdirmə yolu ilə 4 sot torpaq sahəsinin verilməsini “ağ yalan” adlandırır. Zərərçəkən deyir ki, əvvəla ona faktiki olaraq belə bir təklif olunmayıb. Digər tərəfdən, həmin ərazidə təxminən 2,5 sot torpaq var ki, o da kanalizasiya xəttinin üzərində yerləşir: “Orada əlavə boş yer yoxdur. Bələdiyyənin guya əvəzləşdirmə yolu ilə mənə təklif etdiyi həmin ərazi kanalizasiya xəttinin keçdiyi yerdir. Orada nə tikinti işləri aparmaq mümkündür, nə də bağ-bostan bitkisi becərmək olar. Olduqca kiçicik olan o ərazidə heç bir iş görmək mümkün deyil”.

Bundan başqa, Sahib Xəlilov sözügedən torpaq sahəsinin Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Şahin Cəmilzadəyə verilməsinin də yalan olduğunu söyləyir. Onun sözlərinə görə, əslində ortada belə bir sənəd yoxdur: “Torpaq dəllallığı ilə məşğul olan Hacı Nasir sonradan haradansa sənəd tapıb gətirib ki, bu torpaq guya, onun əmisi oğluna verilib. Amma bu sənədin də həmin torpağa heç bir aidiyyəti yoxdur. Sadəcə, vaxtilə hektarlarla torpağa sahib olan Hacı Nasir əlindəki sənədlərdən bəhrələnib başqalarına məxsus yeri zəbt edərək tikinti aparır, sonra da satır”.

Bələdiyyə sədri Mətləb Əliyev isə Lent.az-a bildirib ki, artıq məsələ araşdırılaraq problemin həlli yolu da tapılıb. Onun sözlərinə görə, əslində Buzovna bələdiyyəsinin rəsmi sənədləri əsasında 99 illiyə Sahib Xəlilovun icarəsinə verilmiş torpaq sahəsinin bir hissəsi qonşuluqda yaşayan Temella adlı şəxsin həyətinə düşür: “Amma müəyyən olunub ki, bələdiyyə həmin torpağı Sahib Xəlilovun istifadəsinə verərkən yanlışlıq olub. Belə ki, həmin torpaq Əzizbəyov Rayon XDS İK-nin 01.10.1991-ci il tarixli 17 saylı qərarı ilə Cəmilzadə Şahinə verilibmiş. Ona görə də biz elə həmin ərazidə Sahib Xəlilova 4 sot yeni torpaq təklif etmişik”.

Ortada faktiki olaraq belə bir razılaşmanın olmadığına, təklif olunan ərazinin kanalizasiya xəttinin üzərində yerləşməsinə, eləcə 5,5 sot torpağın əvəzində zərərçəkənə 4 sot torpağın təklif olunmasına gəlincə, Mətləb Əliyev bunu bələdiyyənin mülkiyyətində başqa torpaq olmaması ilə əlaqələndirib: “Torpağımız yoxdur, imkan olsa, gələcəkdə Sahib Xəlilova təklif etdiyimiz 4 sotu 5-6 sot eləyə bilərəm”.

Prokurorluq da araşdırmalara başladı

Yeri gəlmişkən, Sahib Xəlilov ona məxsus torpağın zəbt olunması faktının hüquqi cəhətdən araşdırılması üçün Xəzər Rayon Prokurorluğuna ərizə ilə müraciət edib. Şikayətçi rayon prokuroru Fəxri Ələsgərovun adına ünvanladığı ərizədə onun torpağını zəbt edən şəxslərin cəzalandırılması ilə yanaşı bələdiyyə sədri və müavinin qanunazidd əməllərindən şikayətlənib.

I qrup əlil yarım ildən çox davam edən torpaq mübahisəsinin araşdırılması üçün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamova da növbəti dəfə məktubla müraciət edib. Müraciətdə bildirilir ki, ortada hansısa qaranlıq məqamların olması açıq-aydın görünür. Ancaq bələdiyyənin sədri, onun müavini, eləcə də qəsəbə icra nümayəndəsi mübahisəli torpaq məsələsinin həllini bilərəkdən süründürür: “Onlar hər iki tərəfə bu ərazinin ona məxsus olduğunu bildirir və sanki bizi həmin sahədə üz-üzə gətirərək münaqişə yaratmaqda maraqlıdır”.

Sahib Xəlilov İcra Hakimiyyətinin başçısına müraciətində yazır ki, guya Əzizbəyov Rayon XDS İK-nin 01.10.1991-ci il tarixli 17 saylı qərarında göstərilən 712 saylı torpaq sahəsinin həqiqətən də həmin ərazi olduğu araşdırılmayıb: “Fürsətdən istifadə edərək 712 sahənin hara olmasına aydınlıq gətirilməsinə göstəriş verməyinizi xahiş edirəm. O halda həqiqət tam üzə çıxacaq”.

Əldə etdiyimiz məlumata görə, Xəzər Rayon Prokurorluğu I qrup əlil Sahib Xəlilovun ərizəsi əsasında araşdırmalara başlayıb. Hətta prokurorluğun bu işlə məşğul olan müstəntiqi zərərçəkənin ifadələrini alıb və şəxsən mübahisəli əraziyə baxış keçirib. Ancaq ibtidai istintaqın nəticələri barədə hələ heç bir məlumat verilmir.

Mövzunu davam etdirəcəyik...

Eltac İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695

Oxşar yazılar