“Çənlibel”dəki mavilər və Mayanın pritonunda bir gecənin dəhşətləri - REPORTAJ
01 avqust 2012 16:58 (UTC +04:00)

“Çənlibel”dəki mavilər və Mayanın pritonunda bir gecənin dəhşətləri - REPORTAJ

...Əvvəllər paytaxtın Tbilisi prospektinə, “Avropa” otelinin qarşısına yığışırdılar. İndi ordan yoxa çıxıblar. Əksəri virtual aləmdədir. Hansı tanışlıq saytına baş vursan, onları görmək mümkündür. Günü-gündən də çoxalırlar. Amma təkcə virtual aləmdəmi? Əksinə, paytaxtda yoxa çıxsalar da, mövsümi əyalətlərə üz tutublar. Hə, təəccüblənməyin. Populyar istirahət məkanlarının bol olduğu əyalətə.

…Burda onları “Koroğlu” qoruyur, “Çənlibel” deyilən parkın qarşısında. Yolun bir tərəfi qəbiristanlıqdır. O biri tərəfi isə geniş park. Amma nəinki gündüz, heç alatoranda belə onlarla rastlaşmazsan. Onlar bura ancaq gecələr gəlirlər. Parkdan hamı dağılışandan sonra. İsti yay günləri gecə saat 1-dək camaat parkda olduğundan sərbəst şəkildə var-gəl edə bilmirlər. İctimai qınaq cəhənnəmə, bir əyalət sindromu da var axı!..

***

- Başçıları Ümiddir. Heç adını da gizlətmir. O biriləri oğlan adlarına bir “ə” əlavə edib, özünü qız kimi çağırır. Ümidin heç vecinə də deyil. Bütün rayon bilir ki, o “mavi”dir. Olsun e, öz işidir. Amma daha başına yığdıqları nədir? Bu biabırçılıq nə vaxta kimi davam edəcək? Arvad-uşaq var. Yol ötən var. Bunları bir rədd edən tapılmayacaq?
Həmsöhbətimiz, Xaçmaz rayon sakini, özü də taksi sürücüsü az qala yalvarır ki, mümkündüsə, heç onun adını da çəkməyim. Haqlıdır, kim istəyər ki, onlarla adı hallansın. Üstəlik, məlum olsa ki onların haralara yığışdığını, kimlərin himayəsi altında olduğunu da bilirsən, təkcə abırın getməyəcək...

Görüş yeri, gecə saat 1, “Çənlibel”

Ola bilsin, sizə inandırıcı görünməsin, amma fakt bundan ibarətdir ki, yay mövsümü başlayandan Xaçmazın girişi və Nabran yolu doludur e… “Mavisi” də var, “çəhrayısı” da, hələ oxucu da bağışlasın, ənənəvi fahişəliklə məşğul olanı da.

Gecə saat 1 radələrindən “mavilər”in əsas məkanı şəhərin girəcəyindəki “Çənlibel” adlı parkdır.

- 5-6 nəfərdilər. İkisi-üçü yerlidir. Qalanları Bakıdan gəliblər. Yerlilər hər gün burdadırlar. Bakıdan gələnlər isə tez-tez dəyişirlər. Bir az burda dururlar. Müştəri tapsalar heç, tapmasalar gedirlər üzü Xudat tərəfə, Nabran yoluna. Orda yolda dururlar. Harada durduqlarını da hamı bilir. Gəlib aparılar. Hara? Nabrana, ya da yol qırağı kafelərə.

Həmsöhbətimiz deyir ki, “Çənlibel” adlı bu parkda gecə saatlarınacan adam olur. Havalar isti keçdiyindən insanlar uşaqların da götürüb gec saatlarınacan parkda gəzişirlər.

- Ona görə də, gecə saatlarınacan çıxmağa risk etmirlər. Camaat pakdan dağılışan kimi gəlirlər. Abır-həyamız gedib. O gün gecə Bakıdan gəlirəm. Yoldaşım deyir ki, bu qızlar gecə vaxtı burda neynirlər? Deyə bilmədim ki, bunlar heç qız deyillər.

Ümid və komandası


Yuxarıda qeyd etdiyimiz kimi, onlara Ümid adlı mavi rəhbərlik edir. Həm Ümid, həm də digər iki mavi Xaçmazdakı Peşə Liseyində təhsil alırlar.

- Əslində Ümid mavi olduğunu heç gizlətmir də. Digər ikisindən biri də peşə liseyində oxuyur. Həmin “qız” ancaq gecələr əynini dəyişir. Makiyaj edib, parka çıxır. Biri də səhv etmirəmsə, yaxınlıqdakı kəndlərin birindəndir. Onlardan birini tanıyıram. “Ceyla” deyə çağırırlar. Amma əsl adını bilmirəm. Biri də var, Sənandır, adını Səmayə qoyub. Hamı da “Sama” çağırır. O Ceylanı bir dəfə uşaqların əlindən güclə aldım. Xaçmazda poçta gəlmişdi. Çayxanada uşaqlar da bilib ki, bu qız deyil. Söz atıblar. Ceyla da çox pis söyüş söyüb. Uşaqlar da düşüb üstünə döyürdülər. Birtəhər əllərindən aldım. Üz-gözünün qanını silə-silə taksiyə oturub getdi. Adam bilmir yazığı gəlsin, acığı tutsun. Nə bilim, bu da bir bəladır Allah verib.

Həmsöhbətimiz deyir ki, əslində onlar o qədər də aqressiv deyillər. Həlim, sakit, ənənəvi fahişələrdən fərqli olaraq səbrlidirlər. Heç qiymət davası da döymürlər.

- Bu bədbəxtlər də insandır. Onları da başa düşmək olar. O gün eşitmişəm birini aparıb Niyazabad yolunda başına min oyun açıblar. Bu bədbəxtlər şikayət də edə bilmirlər. Şikayət edib desin ki, mən “qoluboyam” məni döyüblər? Bir az düz gəlmir axı... Həm də rayon yeridir.

Mayanın reklamı

Camaat narazıdır. Deyirlər ki, Xaçmazda Nabrana, Tel bulağı adlanan yerlərə dadanan mavilərin əsas müştəriləri də kənardan gələnlərdir. İndi bu istiqamətə istirahətə gələnlərin əksəriyyəti bilir ki, şəhərin girəcəyində, Nabran yolunda gecə saatları “mavilər” dayanır. Bir ara “Çənlibel” tərəfdən əl-ayaqları yığışıbmış. Amma hansısa sehrli çubuq yenidən onları ora qaytarıb.

...Xaçmazda, gecə saat 2 radələrində iki dəfə onların şəklini çəkməyə cəhd etsək də, yanlarındakı müştərilərin çoxluğu buna imkan vermədi. Üstəlik, deyəsən, onları gəzdirən xüsusi maşın da var. Çünki hər taksiyə minib getmirlər. Heç hər taksi sürücüsü də maşınında mavi aparmağı özünə sığışdırmır. Müştərilərə isə ancaq və ancaq özləri müəyyən etdiyi məkanlara dəvət edirlər.

Həmin məkanlardan birinə isə bir qədər sonra biz də getdik. Elə həmin Ceylanı özüylə götürüb gedən müştərinin ardınca. Burda, bu məkanda gördüklərimiz isə təsəvvür etmək belə çətin idi. Hələ üstəlik, sizlərə təqdim olunan fotoda gördüyünüzü.

Şəkildə lövhənin üzərinə yazılmış “Maya sizindir” sözlərinə fikir verin. Dövlətin yol göstəricisinin, üzərində “Alpançay” yazılmış bu yol nişanını üstünə buraların “mama Rozası” kimi tanınmış Mayanın reklamı yerləşdirilib sanki.

Təsəvvür edin, Xaçmazın vur-tut 10 km-də, yoldan 250-300 metr aralıda, bir qədər dərinlikdə ayrıca bir gecə həyatı hökm sürür.

Rəsmi adı-filan da yoxdur. Bəlkə də elə belədir: “Gülüstan”. Hər halda, xaçmazlılar bu məkanı bu adla tanıyırlar. Amma ehtirasını öldürmək istəyən cavanlar üçün bura doğrudan da əsl gülüstandır. Nəinki cavan, biz orda əlində iki on manatlıq əsginas tutmuş yeniyetmə uşaqlara da rast gəldik. “Gülüstan”ın qarşısı isə böyük bir avtomobil dayanacağını xatırladırdı.

“Günə 30-40 müştərisi olur”

Burda yemək-filan da vermirlər. Lap başda bir pivə çəlləyi qoyulub. Oradan süzülən pivənin rəngindən bəlli olur ki, bu çəllək sonuncu dəfə nə vaxt təzələnib. Stollara verilən pivə əslində görüntü xarakterlidir. Bütün stollar doludur. Hamı növbəsini gözləyir. Pivəni yox, təbii ki. İçəridəki çoxotaqlı pritonda azı 5-6 qadın fəaliyyət göstərir. Ucuzluqdur. Bir saatlıq yer üçün 10 manat vermək kifayət edir. Ceylanı da elə həmin otaqların birinə apardılar. Əslində, nə Ceyla, burda gördüklərimiz bizə Ceylanı unutdurmuşdu. Təxminən 20 dəqiqə müşahidəmiz boyu qırmızı donlu bir qadın iki yeniyetmə ilə içəri girib-çıxdı.

Ümumiyyətlə, “Gülüstan”da onlar 6 nəfər idilər. Görüşmək növbəsi, qadın seçimi-filan isə yox idi. Ora yığılmış cavanların seçim etməsinə də imkan verilmir. Kim boşdursa, buyur. Ya da xoş gəldin. Buranın dırnaq arası inzibatçısının çağırışlarından bəlli oldu ki, qadınlardan birin adı Səma, digərinki Əsmərdir. Deyəsən, ən diribaşı da Əsmərdir. Bizə pivə gətirən uşaqdan bu Əsmərin kimliyini soruşuruq. Qayıtdı ki, hər kimdisə, hamı onu istəyir.

- Günə otuz-qırx müştərisi olur. Hamıdan çox qazanır. Hətta müdirdən də.

Bu yerdə, “Gülüstan”dakı “menyünün” qiymətləri barədə mütləq qeyd etməliyik. Özünlə kimisə gətirmisənsə 1 saatlıq otaq üçün 10 manat ödəməlisən. Əgər “Gülüstan”dakıların xidmətindən istifadə edirsənsə, onda qiymətlər aşağıdakı kimidir: 30 dəqiqəlik intim xidmətin qiyməti 20 manat. Bunun 15 manatı “xidmətçi”yə çatır. Beş manatı isə yerin sahibinə. Əsmər və bir qədər əvvəl Türkiyədən qayıtmış Svetanın qiyməti isə bir qədər bahadır: 30 manat. Svetanı da bizə elə pivə paylayan uşaq işarə verdi. “Turetski Sveta”nın burdakı populyarlığına isə bir məqam da dəlalət edirdi. O, ən pis küçə söyüşləri, jarqonlarla qapının ağzına yığışmış kişilərlə, cavanlarla zarafat edə bilirdi. Sanki illərin tanışı kimi...

Ofisiantlardan biri də maraqlı bir fakt dedi. Deyir, “Gülüstan” günorta saat 2-dən gecə saat 4-ə kimi işləyir. 12 saatdan çox ayaq üstə o yan-bu yana qaçan bu uşaqların aldığı cəmi 6 manatdır. Amma təkcə ofisiantlıq da etmirlər. Gecə hamı dağılışandan sonra ətrafı da təmizləyirlər. Otaqları da yığışdırılar. “Gülüstan”ın intim “xadimələri” isə elə burdakı otaqlarda qalırlar.

- Nə çimmək? Su var ki? Həftədə bir dəfə Bakıya, Xaçmaza gedirlər. Bir günlük. Yenə qayıdıb gəlirlər. Özü də bura heç kimi buraxmırlar. Kimsə gəlib burda “işləyə” bilməz. Maya bilsə…

Kimdir axı bu, Maya?

Bunu da öyrənə bildik. Maya, bayaq qeyd etdiyimiz kimi, “mama Roza”dır. Hazırda Türkiyədə istirahətdədir. Burdakı qızlar da onunkudur. İstirahətini başa vurub qayıtmalıdır. Burdakı qızların narahat olduqları bircə odur ki, Maya özü ilə təzə “Sveta” gətirməsin.

“Gülüstan”ı isə yerli sakinlərin yaxşı tanıdığı bir şəxs işlədir. Bakı-Rostov avtomagistralının kənarındakı kafe-diskoteka da onundur. Burda qız “ovu”na gələnlər də onları məhz “Gülüstan”a gətirilər. Bir sözlə, əməlli-başlı şəbəkə…

Bir qədəh pivə, bir manat pul…

…Gecə saat 3-ə işləmiş pivəyə əl vurmadan oranı tərk etmək istəyirik. Qızların biriylə sövdələşib heç olmasa içəridən bir görüntü əldə etmək fikrimiz var. Amma burda növbəsiz mümkün deyil. Ümumiyyətlə, onlardan birinə - özünü “İrka” adlandırdı - yaxınlaşmağımıza peşman oluruq. Üfunət iyi verir. İçkininmi, günlərlə çimməməyinmi nəticəsidir, bilmirəm, amma bu adam artıq qadınlığa çoxdan əlvida deyib. Elə şəkildə də görürsüz, biz ona bir qədəh pivə alacağımızı… əvəzində isə heç nə istəmədiyimizi deyirik. O isə sırtıqcasına 1 manat da istəyir…

***

“Gülüstan”ı tərk edəndə hələ də ora maşınlar gəlirdi. Ceyladan isə xəbərimiz olmadı. Deyəsən, o da bu gecə “Gülüstan”da qalmalı olacaqdı…

Deyilənə görə, burada VİP odalar da var.

***

P.S. Xaçmazdakı rəzalətlə bağlı bu rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabyevlə əlaqə saxladıq. Hazırda ölkə xaricində məzuniyyətdə olduğunu deyən Şəmsəddin müəllim Lent.az-a açıqlamasında bildirdi ki, yazıdakı faktlarla tanış deyil. “Əgər Xaçmaz rayonunda belə bir hal varsa, onu pisləyirəm. Məsələnin araşdırılması və tədbir görülməsi barədə tapşırıq verəcəm” - deyə o, bildirdi.

Səbuhi MƏMMƏDLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3812

Oxşar yazılar