Əlilliyi olan şəxslərlə bağlı hüquqi baza təkmilləşdirilir - FOTO
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, dəyrimi masa əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması məqsədilə hazırlanmış layihə sənədlərinin aidiyyatı dövlət qurumları və ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən müzakirəsinə həsr olunub. Tədbiri giriş sözü ilə açan ƏƏSMN-in əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev bildirib ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaqla öz üzərinə mühüm öhdəliklər götürüb. Qeyd olunub ki, ölkədə əlillərlə bağlı tədbirlərin effektiv həyata keçirilməsi, əlilliyi olan şəxslərin iqtisadi müstəqilliyinin artırılması, onların həyatın bütün sahələrinə tam inteqrasiyasına geniş şərait yaradılması məqsədilə “2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Tədbirlər Planının, “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları”nın, həmçinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun layihələri hazırlanıb. Həmin layihə sənədlərində reabilitasiya tədbirlərinin səmərəsinin artırılması məqsədilə əlilliyi olan şəxslərin fərdi reabilitasiyasına xidmət edən qaydaların hazırlanması, 2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən onların sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarının istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərinin əlillər üçün müyəssərliyi ilə bağlı zəruri işlərin görülməsi nəzərdə tutulub.
733