“20 yanvar” metrosunun giriş qapısında dükan açdılar
25 iyul 2012 18:33 (UTC +04:00)

“20 yanvar” metrosunun giriş qapısında dükan açdılar

Bakı Metropolitenin “20 yanvar” stansiyasının Zərdabi küçəsi istiqamətindəki girişdə ticarət obyektləri ikitərəfli fəaliyyət göstərdiyindən sərnişinlərin hərəkətinə ciddi maneə törədir.

Həmçinin, həmin stansiyanın “Azərsu” istiqamətindəki giriş qapısında da piştaxta yerləşdirilib. Belə ki, metronun 6 giriş qapısından 3-ü qıfıllanıb, orada ticarət köşkü yaradılıb və audi-video kasetlər, CD-lər satılır. Nəzərə alsaq ki, bura metronun ən çox istifadə olunana qapısıdır, onda girişdəki sıxlığı təsəvvür etmək çətin olmaz. Xüsusilə səhər və axşam saatlarında turnikedən keçərkən əməlli-başlı basabas yaranır. Bu da vətəndaşların narazılığına səbəb olur.


Stansiyanın rəis müavini İzzətalı Muradov Lent.az-a bildirib ki, Zərdabi küçəsi istiqamətindəki ərazi özəl bir şirkətə icarəyə verilib: “Həmin ərazi indi bizim tabeliyimizdə deyil, şirkətə verilib”.
Giriş qapısından üçünün bağlanaraq icarəyə verilməsinə gəlincə, rəis müavini “o məsələlərə də biz qarışmırıq”-deyə, cavab verib.


Bakı Metropoliteninin baş mühəndisi Elburus Muradov isə Lent.az açıqlamasında deyib ki, Metropoliten rəisi Tağı Əhmədovun əmrinə əsasən, metrostansiyaların keçidlərində ticarət obyektləri yalnız bir istiqamət üzrə fəaliyyət göstərə bilər: “Lakin dediyiniz ərazidə həqiqətən də ticarət obyektləri hər iki istiqamət üzrə fəaliyyət göstərir ki, bu da sərnişinlərin hərəkətinə müəyyən maneə yaradır”.

Baş mühəndisin sözlərinə görə, həmin ərazi Bakı Metropolitenin deyil, Yasamal rayon İcra Hakimiyyətinin balansındadır.

Giriş qapılarından 3-ün bağlanaraq kaset satışı üçün icarəyə verilməsinə də aydınlıq gətirən E. Muradov vurğulayıb ki, artıq bununla bağlı stansiya rəhbərliyinə göstəriş verilib: “Kasetlərin, CD-lərin giriş qapılarından yığışdırılması ilə bağlı qeyd olunan stansiyanın rəhbərliyinə göstəriş vermişəm”.

Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı Çingiz Əliyev isə qeyd edib ki, həmin ərazinin RİH-ə heç bir aiddiyyatı yoxdur: “Metrostansiyada olan keçidlər, həm də həmin keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin Yasamal rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Həmin yerlər Bakı Metropoliten İdarəsinə məxsusdur”.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1987

Oxşar yazılar