Pulla satılan “pulsuz” dərsliklər
20 sentyabr 2011 14:53 (UTC +04:00)

Pulla satılan “pulsuz” dərsliklər

Artıq bir neçə gündür orta məktəblərdə dərs başlayıb. Məktəblər açılana qədər valideynlərin prioritet problemi şagird forması əldə etmək sayılırdı. Bilik günündən hazırladığımız yazıda da geyimlə bağlı problemi müxtəlif tərəfləriylə qabartmışdıq. Çünki ilk gün məktəblilər uzun ayrılıqdan sonra geyimləri ilə “rəqabət” aparırlar. Hərçənd son illər məktəbli geyiminin tətbiq olunması bu məsələni haradasa unudulduğunu deməyə əsas verir.

Dərslər başladıqdan sonra isə şagirdlər arasında bilik yarışması start götürdü. Bunun üçün isə ilk növbədə nə lazımdır? Təbii ki, kitab və oxumaq həvəsi...
Təhsil Nazirliyi bir neçə ildir ki, orta məktəblərdə dərsliklərin pulsuz paylanması işini həyata keçirir. Amma hələ də satışda arxasında “pulsuz” kimi işarələnmiş dərsliklər var. Kiçik bir yoxlama aparmaq üçün bir neçə mağazaya baş çəkdik.
28 may metrosu yaxınlığında yerləşən kitab mağazasına daxil olan kimi ilk dialoqdan burda məktəb dərsliklərinin satıldığını anlamaq olur:

- Oğlum, 2-ci sinif “ingilis dili” dərsliyi var?

- Neçəlik istəyirsiniz? İçəri gəlin, 2-3 manata sizin üçün tapa bilərik.

Dialoqdan sonra xanıma yaxınlaşıb niyə dərsliyi pulla aldığını soruşduq. O da oğlunun oxuduğu məktəbdə dərslik çatışmadığını deyir: “Sinifdə 14 nəfər şagird var, amma 10 kitab paylanılıb. Məcbur olub kitabı almalı oluruq”.

Bu dialoqun tonundan aydın olur ki, içəridə şıdırğı alver gedir. İçəri keçib satıcıyla ayaqüstü söhbət edirik. Tariyel adlı satıcı ötən il olduğu kimi bu il də ibtidai siniflər üçün dərsliklərin daha çox satıldığını dedi: “Qiymətləri 3-4 manat arasında dəyişir. Dərs başlayandan alverimiz yaxşı gedir”.

Həmin həndəvərdə daha böyük kitab mağazasının olduğunu nişan verən də orta məktəb uşaqları olur. Burda satıcıları sorğu-suala tuta bilmədik. Çünki müştəri sarıdan mağazanın içərisinə çətinliklə daxil ola bildik. İçəridə bütün sinif kitabları vitrində açıq satılırdı. Valideynləri ilə gələn şagirdlər dərsliklərin içərisində ən müxtəlif fənlər üzrə kitablar axtarırdılar. “Qiyməti öldürən” valideynlər bir tərəfdə, əlində olan malı satmağa çalışan və daha çox qazanmaq istəyən “pulsuz” kitab alverçiləri digər tərəfdə. Bu səs-küy içərisində ayaq saxlayıb danışanları da tapmaq çətin oldu.

Səməd adlı 6-cı sinif şagirdi “Ədəbiyyat” dərsliyini almaq üçün gəldiyini dedi: “Sinifdə paylanan kitabdan mənə çatmadı. Amma oxumağa həvəsim var. Ona görə “papamdan” pul alıb kitabı almaq istədim”.

Redaksiyaya qayıdıb Təhsil Nazirliyinə telefon açdıq. Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Lent.az-a açıqlamasında hər bir dərsliyin 4 il istifadə müddəti olduğunu dedi: “Amma bəzi valideynlər işlənmiş dərsliklərdən istifadə etmək istəmirlər. Bu məsələdə hamı məsuliyyət daşıyır. Bəzi şagirdlər başqa məktəbə keçəndə kitab çatışmazlığı yarana bilər. Belə çalxalanmalar olacaq. İlk növbədə məktəbin rəhbərliyi bunu nəzərə almalıdır”.

Nazirlik rəsmisi açıq satışda pulla satılan dərsliklərdən danışarkən dərslik çatışmazlığının söhbət mövzusu olmadığını bildirdi: “Biz pirat dərsliyə qarşı mübarizə apara bilmərik. Məktəbdə 100 nəfər şagird varsa, biz 105 kitab veririk. Sonra da 40-46 faizə qədər əlavə kitab göndəririk”.

Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, “pulsuz” etiketli kitabların pulla satılması qanunsuz sahibkarlıq sayılır. Bu il dərsliklərin satıldığı mağazalarda monitorinqlərin aparılıb-aparılmaması ilə bağlı suala isə yalnız rəsmi müraciətdən sonra cavab veriləcəyi bildirildi.

Təhsilin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri Sevda Quliyeva Lent.az-a açıqlamasında dərsliklərin pulla satılmasında günahın bir hissəsinin valideynlərdə olduğunu düşünənlərdəndir: “Mən bu məsələylə bağlı Təhsil Nazirliyə müraciət eləmişəm. Valideyn təşəbbüsü olmasaydı nəşriyyat bu kitabları çap etməzdi. Məsələnin maddi tərəfinə gəldikdə, bu prosesdə ən çox nəşriyyatların qazandığını düşünürəm. Təhsil Nazirliyi bu məsələdə maksimum şəffaf olmağa çalışır”.

Bax belə. Rəsmi qurumların nə deməsindən asılı olmayaraq sabah yenə həmin mağaza onlarla şagirdin, valideynin üzünə açılacaq. Bu həqiqəti təəssüf ki, heç bir söz dəyişə bilmir.

Nailə RÖVŞƏNQIZI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar