MTK-dan ev alarkən bunlara fikir verin – Kvadratda, çekdə aldadırlar
06 may 2024 16:18 (UTC +04:00)

MTK-dan ev alarkən bunlara fikir verin – Kvadratda, çekdə aldadırlar

Mənzil almaq demək olar ki, hər kəsin arzusudur. İnsanlar illərlə pul yığır və xərclərinə qənaət edir ki, ev sahibi olsun. Sonda da dələduzun biri gəlir və o pulu mənimsəyir. Burada söhbət MTK mənzillərindən gedir. Bəzi MTK-lar neçə-neçə insanları aldadıb dələduzluq edir. Son dövrlər Mənzil Tikinti Kooperativlərinin (MTK) vətəndaşları aldatması ilə bağlı şikayətlər xeyli artıb.

Maraqlıdır, görəsən, insanlar MTK-dan ev alarkən nələrə fikir verməlidir? Həm evin keyfiyyəti, həm də sənədlərin qanuni olub-olmamağı ilə bağlı hansı nüanslara diqqət edilməlidir?

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov Lent.az-a açıqlamasında bildirib ki, hazırda mərkəz Bakı şəhərində və bəzi bölgələrdə tikilən yeni bina evlərində satılan evlərə alıcıların daha çox maraq göstərməsi müşahidə olunur.

Onun sözlərinə görə, bu bazarın daha cazibədar olması və müştərilərin bu mənzillərə daha çox müraciət etməsi bəzi işbazların onları daha asanlıqla aldatmasına səbəb olur:

“Belə ki, hər hansı bir mənzilin aşağı qiymətdə saxta elana qoyulması və bazar qiymətindən aşağı qiymətə təklif olunması bəzən alıcıları tələsik qərar verməyinə səbəb olur. Alıcı mənzili görməmiş və ona baxış keçirməmiş almaq qərarı qəbul edir. Çünki sözügedən mənzil dəyərindən aşağı qiymətə təklif edilir. Bu da həmin saxta elanı yerləşdirənin daha çox işinə yarayır və “əgər, mənə beh göndərməsən mənzili başqasına satacam” deyərək alıcının bir anda qərar qəbul etməsini tələsdirir. Belə olan halda alıcı dəyərindən çox-çox aşağı qiymətə satılan mənzili itirməmək üçün həmin saxtakarın kart hesabına pul göndərir. Bundan 1-2 saat sonra həmin saxtakar onun nömrəsini blok edir və zəng etdiyi telefon nömrələrinə cavab vermir. Bundan sonra alıcı aldandığını bilir və daha gec olduğu üçün heç bir şey edə bilmir. Bəzi hallarda alıcı sonradan hüquq-mühafizə orqanlarına şikayət edir. Ümumilikdə mənzil alarkən insanlar tələsməməli, çıxaracaqları qərarı daha çox düşünməli və daha yaxşı qərar qəbul etməlidirlər”.

Anar Nəsirov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, mənzil alarkən MTK-ların bazardakı yeri, həmin tikinti şirkətlərinin tikdikləri başqa binalar haqda daha geniş məlumat əldə etmələri və həmin şirkətlər haqda bu işin mütəxəssislərindən məsləhət almalıdırlar:

“Alıcı mənzili alarkən tikinti şirkətləri tərəfindən ətraflı məlumatlandırılmalıdır. Onlar mənzilin sahəsinin içdən-içə və yaxud çöldən-çölə ölçülməsini şirkətdən öyrənib, daha sonra satış şərtlərini qəbul etməlidir. Çünki çox hallarda satılan mənzilin kvadrat metrəsinin çöldən-çölə hesablanmasını öyrənməyən alıcı və tikinti şirkəti arasında mübahisəli məqamlar olur. Belə ki, alıcı mənzilin satış kvadratını içdən-içə ölçülməsini düşünsə də şirkət onu çöldən-çölə ölçüb satır. Yəni evin divarlarının altı da kvadrat hesablanır, bu da haqlı olaraq narazılığa səbəb olur. Çünki çox hallarda alıcı bunu bilmir. Belə problemlərin yaşanmaması, gələcəkdə məhkəmə çəkişmələri olmaması üçün alıcı ya həmin şərti qəbul etməlidir, ya da öz fikrini dəyişməlidir. Alıcı bilməlidir ki, əgər mənzil çöldən-çölə hesablanıb ölçülürsə, onda alacağı ümumi sahənin 10-12 % divarlar altında qalacaq. Yəni aldığı mənzilin ümumi sahədən ödədiyi kvadratın pulundan 12%  daha az faktiki sahə olacaq. Başqa bir tərəfdən alıcı mənzilin sənədləşməsi zamanı qol çəkdiyi müqaviləni yaxşıca oxumalıdır və satış zamanı həmin satış sahəsinin çöldən və yaxud içdən ölçülməsini orda yazılıb-yazılmadığını görməlidir. Bundan başqa alqı-satqı zamanı alıcı şirkətin ofisində olmalıdır və birbaşa alqı-satqı prosesində canlı iştirak etməlidir. Alqı-satqı zamanı ofisdə müqavilə ilə yanaşı ödədiyi pulun çekini və maliyyə arayışı almalıdır. Əgər, ödədiyi pulu tam olaraq çekdə göstərilməsə, bu gələcəkdə hər hansı problemlər yarada bilər. Ona görə də alıcı şirkətə ödədiyi pulun tam olaraq göstərilməsinə diqqət etməlidir.

Bundan başqa pulu tam ödədikdən sonra şirkətə borcunun olmaması barədə maliyyə arayışı almalıdır. Başqa bir tərəfdən isə ödədiyi pulun çekini əgər, vaxtında alarsa, bu zaman ödədiyi pulun ƏDV-ni də geri ala biləcək. Bu isə ancaq mənzillərdə ƏDV qanunu çıxandan sonra tikilən binalara aiddir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6213
avatar

Arzu Qurbanlı

Oxşar yazılar