Rauf Arifoğlu: “Qocalığın uşaq yaşındayam...” - MÜSAHİBƏ
“Bizim hər gün yaşadığımız riskləri bəzən insanlar cəmi bir dəfə yaşayırlar... və bu da onları qəhrəman edir ”
... Tovuzun Yuxarı Öysüzlü kəndi. Elə bu ay - 23 iyul günü. Ancaq cəmi 45 il fərqlə. Belə baxanda, 45 il o qədər də çox sayılmaya bilər. Əgər ömrünü bir ot kimi məqsədsiz keçirmisənsə. Bəziləri də 45 ilə kimilərinin 450 ildə belə, görməyəcəyi qədər iş sığışdırır.
Rauf Arifoğludan bəhs edirəm. 23 iyulda 45 yaşı tamam olur.
“Uşaqlığın son gecəsi”nin budəfəki qonağı Rauf bəydir. Ancaq yubiley münasibətilə “uşaqlığın son gecəsi”ndə gecələməyəcək, Rauf bəyin 45 illik ömür kitabına qismən nəzər salmağa çalışacağıq. Sığdıra bildiyimiz qədər. Söz verib, 90 illiyində mənə bir də danışacaq.
...Ziyalı ailəsində doğulmuşam. Atam da, anam da ibtidai sinif müəllimi olub. Allah hər kəsin valideynlərinə uzun ömür versin, ikisi də yaşayır. Məktəbdə atam da, anam da mənə dərs deyiblər. Onlar elə həyatda da mənim gerçək müəllimlərim olub. Kənd mühitində böyüdüyüm üçün uşaqlıqdan zəhmətə alışmışam. Ailədə 4 uşaq olmuşuq. İki bacı, iki qardaş. Böyük bacım Nüşabə, mən, kiçik bacım Lətafət və sizin də tanıdığınız Azər.
“Həyatda ən böyük itkimi nənəm rəhmətə gedəndə almışam”
...Kənd mühitindən yadında qalan əsas obraz nənəsi Mileylədir. Deyir, sinədəftər bir qadınmış, şeirlər, bayatılar söylərmiş. Balaca Raufun ədəbiyyata, dinə bağlılığında da elə, nənəsinin rolu olub. Nəvələri qorxanda Qurandan dalbadal 3 ayə oxuyar (ən-Nas, əl-Fələq, İxlas), ətrafı və uşaqları üfürər, bir növ, onları mistik xarici qüvvələrdən, hətta vəhşi heyvanlardan qoruyarmış. Rauf bəy deyir, uşaq vaxtı buna həddən çox inanarmış, sonradan dini mütaliə etdikdə də görüb ki, nənəsinin onları pis qüvvələrdən qorumaq üçün oxuduğu həmin ayələrin əsrarəngsiz energetikası barədə böyük din alimləri də fikirlər söyləyiblər.
...Həyatda ilk böyük itkimi nənəm rəhmətə gedəndə almışam. 1980-cı ildə. 86 yaşında dünyasını dəyişdi. Amma mənə elə gəlirdi ki, nənəm heç vaxt ölməyəcək. 80-dən artıq yaşı var idi, son bir ilə qədər əlini budağa atıb, bir neçə saniyəyə ağaca çıxardı. O qədər güclü qadın idi. Nənəmin ölümündən sonra həyatımda böyük bir boşluq yarandı. Nənəm mənə zəhməti öyrədib. Balaca boyumla özümdən iki dəfə uzun olan dəryaz çalmağı, qoyun otarmağı, mal saxlamağı...
“Uşaq vaxtı xoşumuz gəlməyəni “nemes” edirdik”
...Uşaq vaxtı ən böyük oyunları “dava-dava” imiş. Qonşu uşaqları ilə dağlara qalxar, orada oynayarmışlar. “Sovetlər” və “nemeslər”. Deyir, kimdən xoşları gəlmirmişsə, onu “nemes” edirmişlər. Uşaq vaxtı – orta məktəbin ilk illərinə qədər çox çəkingən uşaq olub (bunun əvəzini bir neçə il sonra çıxacaq). Qonşuya getməz, gedəndə yemək yeməz, çay içməzmiş. Bütün hallarda, xoşbəxt uşaqlıq keçirdiyini bildirir.
...Məftildən araba, konserv qutusundan isə onlara təkər düzəldərdik. Tapança yerinə kustar üsulla uşaq ağlımızla “partdağan” düzəldərdik. Araba təkərinin hava borusundan, onun da dibinə qurğuşun əridib tökərdik. Sonra da mismar və rezindən çaxmaq yapardıq. Adi kibrit kükürdü ilə doldurub, ciddi bir “silah” əldə edərdik. Bir dəfə atam mənə oyuncaq tapança almışdı, “piston”u da vardı; ondan sonra kəndin o biri uşaqları da evdəkilərə mənim tapançamdan aldırdılar. Artıq biz “dava-dava”nı özümüz düzəltdiyimiz silahla yox, oyuncaq tapança ilə oynayırdıq.
“İlk dərs günündə müəllim məni vurdu, qorxudan ağlamadım”
...Deyir, birinci sinfə getdiyi günü heç vaxt unutmaz. Şəmşəd adlı müharibə veteranı olan yaxşı bir müəllim var imiş. Onun sinfinə qoyub valideynləri. İlk dərs gününün həyəcanı, qorxusu necə olubsa, Rauf onu sinfə gətirən üçüncü sinif şagirdinə - qonşuları İman – qışqırıb ki, onu evə aparsın. Deyir, sinifdə o qədər uşaq, o qədər hay-həşir var idi ki, panikaya düşüb. Elə bu dəm, Şəmşəd müəllim balaca Raufa yaxınlaşıb və əlinin arxası ilə sifətinə ehmalca bir şillə çəkib.
...İndiyə kimi müəllim şilləsi görməmişdim. Şok oldum. O, usta şilləsi idi. O usta şilləsindən sonra sakitləşdim. Hətta ağlamağa belə qorxdum. Sonralar Şəmşəd müəllim məni görəndə həmişə gülə-gülə soruşardı ki, usta şilləsi yadındadırmı?! Uşaqlar əlifba keçib, hərfləri öyrənəndə mən “Koroğlu” dastanını oxuyub qurtarmışdım. Onlar hərf-hərf oxuyanda mən artıq üzündən sərbəst oxuyurdum.
Şəmşəd müəllimin bir metodu var idi. Kim özün pis aparırdısa, onu çıxarıb qabağa, deyirdi ki, bax, bu, sınıfın – özü də “ı” ilə - qaydalarını pozub, hamı buna deməlidi “ar olsun”, hamı deyirdi “ar olsun”. Özümüzü yaxşı aparanda da qabağa çıxarıb deyirdi ki, hamı buna desin “afərin”, hamı deyirdi “afərin”. Biz də hamımız çalışırdıq ki, o “ar olsun”a qonaq olmayaq.
“Uşaqları atamın dərsindən qaçırdım”
...Sinif uşaqlarının əksəriyyəti 1966-cı ildən – qaynar at ilindən olub. Rauf bəy deyir ki, elə bu xüsusiyyət uşaqlarda özünü göstərmişdi. Deyir, onlar böyüdükcə, məktəb əllərindən dad döyürmüş, hər müəllim onların sinfinə girə bilmirmiş. Ancaq sinfin demək olar ki, bütün uşaqları yaxşı oxuyurmuş. Sinfin ən dəcəli isə elə, Rauf özü olub.
...Bir dəfə sinif uşaqlarını atamın dərsindən qaçırtdım. Evdə məni vurmuşdu. Mən də gəldim uşaqlara dedim ki, atam məktəbə gəlməyəcək. Hamı çıxdı getdi evə. Atamdan bax, beləcə qisas almışdım (gülür). Həmin hərəkətə görə, çox cəzalandırdılar, başım çox ağrıdı. Amma sonra yenə elədim. Nə qədər dəcəl olsam da, müəllimlərin ən sevimlisi də mən olmuşam. Mənim dəcəlliyim daha çox tələbkarlıq səviyyəsində idi. Müəllimlərin səhvini tutmağı xoşlayırdım. Birinin səhvini bağışlamazdım. Çox oxuyurdum ki, müəllimlərə səhv tutum. Müəllimdən səhv tutanda ləzzət alırdım. Müəllimlər, atamgildən xahiş edib, özlərini mənə tapşırtdırırdılar (gülür). Buna görə, uşaqlar da məni çox istəyirdi. Onların qorxduğu kəslərdən mən qorxmurdum. Yaxşı oxuyan uşaqlardan fərqli olaraq, birinci partada oturmağı heç sevməzdim. Deyərdim, adam da birinci partada oturarmı, ordan heç kim görünmür, amma arxadan bütün sinif görünür.
“Müəllimə dedim, dərsə niyə hazırlaşıb gəlmirsən, sənin dərsini kim deyəcək?”
...Bir dəfə bir müəllimə dərs vaxtı kənar söhbətlərdən danışırmış. Rauf durub ki, müəllimə, siz niyə hazırlaşıb gəlmirsiniz dərsə? Müəlliməyə deyib, bayaqdan kinodan-zaddan danışırsan, bəs, sənin dərsini kim deyəcək? Yazıq müəllimə, yıxılıb, özündən gedib. Dəfələrlə məktəbdən qovulmağıyla bağlı məsələ qaldırıblar. Direktor isə həmişə müəllimlərə deyərmiş ki, o uşaq düz deyir. Sevmədiyi müəllimlərin dərsinə girməz, qaçıb gedərmiş.
“Kənddə ermənilərin murdar olduğuna inanardılar”
...Çox kitab oxuyan olub. Deyir, rayon kitabxanasında oxumadığı kitab qalmayıbmış. Yazda bütün kənd uşaqları həyətlərindəki gilasları yığıb, elə, yolun qırağında dayanar, ermənilərə satarmışlar. Rauf da dəfələrlə onlara qoşulub. Bir dəfə isə xalası oğlu ilə gilası rayon bazarına çıxarıb. Meyvəni satıb pulunu bölüşüblər. Gedib öz puluna Bəxtiyar Vahabzadənin o vaxtı yeni çıxan 3 kitabını alıb. Deyir, xalası oğlu yalvarıb ki, pulu kitaba vermə, heyfdi, bu qədər əziyyət çəkmişik. “Xalaoğlunu bağırda-bağırda o kitabları aldım”, deyir.
Ermənilərlə qonşu olublar. Bir kənd sonra ermənilərin yaşadığı Qalakənd (Berd) başlarmış. Ermənilər gəlib Raufgilin kəndlərində araq çəkmək üçün tut çırpar, gilas-gilanar alarmışlar. Tovuzlular da Ermənistana yağ, paltar almağa gedərmişlər. Azərbaycanda tapılmayıb, Ermənistanda bol olan yağdan. Deyir, tut çırpmağa gələn ermənilərin su içdiyi stəkanları kənddə heç kim bir də təyinatı üzrə işlətməzdi. Ya həmin stəkanı atarmışlar, ya da qumla-filanla dəfələrlə yuduqdan sonra başqa məqsədlərlə istifadə edərmişlər. Erməni əli dəyən qabları atarmışlar. Nədənsə, ermənilərin murdar olduğu fikrindəymiş insanlar.
“Məktəbin ən gözəlini illər sonra bazarda göyərti satarkən görmüsənmi?”
Deyir, “ilk məhəbbət unudulmur” söhbəti boş şeydi, zaman keçdikcə elə unudulur ki... Həmin ilk məhəbbət isə elə, birinci sinifdə yaşanıb. Qızlardan özünə qarşı elə də böyük simpatiya görmədiyini desə də, məktəbin ilk illərində hər il bir qıza vurulurmuş. Böyüdükcə isə sevgi məsələlərində daha stabil olmağa çalışıb.
...Sən çox gəncsən, Anar. Bir zamanlar bütün məktəbin heyran olduğu, inanılmaz gözəl bir qızı sonra gedib Tovuz bazarında göyərti satarkən görməyin, həmin keçmiş gözəlin səndən onu tanıyıb-tanımadığını soruşduğu halda, onu tanımamağın, ardınca isə özünü təqdim etməsinin nə demək olduğunu, bunun insana yaşatdığı qəribə duyğunu hələ bilməzsən. Uzun yaşamağın, gəncliyin sonuna çıxmağın da belə acı xatirələri olur bəzən. Yaşlandıqca uşaqlıq, gəncliklə bağlı xatirələr də kölgəyə çəkilməyə başlayır. Həyat o qədər qaynardı ki... Bəlkə də sən sual verməsəydin, heç yadıma düşməzdi.
...Ədəbiyyata, publisistikaya hədsiz maraq göstərən Rauf institut zamanı gəldikdə üzünü tutdu texniki fənlərə. O zaman cəmi 3 ildir açılan Azərbaycan Texnologiya İnstitutuna qəbul oldu. Deyir ki, skripka təhsili alanda Gəncədən Tovuza dərs verməyə gələn müəllimi elə bilirmiş o, böyük skripkaçı olacaq, solfecio müəlliməsi elə bilirmiş dahi bəstəkar olacaq, fizika müəllimi onu ən böyük fizik, kimya müəllimi isə nəhəng kimyaçı hesab edirmiş. Ancaq institut seçimini müstəqil şəkildə etməyib. O zamanın sayılıb-seçilən ixtisaslarından olan şərabçılığın texnologiyasına yönləndiriblər ki, gələcəkdə zavod direktoru-filan olar.
“Atama dedim, deyəsən mən spirt sata bilməyəcəm”
...Üçüncü kursda oxuyanda atama bəd xəbər verdim. Şəmkir konyak zavoduna praktikaya getmişdik. Bir ay sonra qayıtdıq, dedim ki, ata, deyəsən, mən spirt sata bilməyəcəm... Yəni bu ixtisasın ardınca gedə bilməyəcəm, deməkdi bu. Atam dedi ki, sən bunu əvvəldən bildirsəydin, mən səni öz seçdiyin sahəyə yönləndirərdim. 4-cü kursun axırlarından isə başladım yazılarımı jurnallara verməyə. Hər həftənin şənbə-bazarı yazdıqlarımı qoltuğuma vurub, Bakıya gedərdim. Yazıçılar İttifaqında bildiyin bütün tanınmış adamlarla dalaşardım. Elə bilirdim ki, mən dahi şairəm, onların gözü götürmür məni. Şeirlərimi verirdim, dava edirdim ki, çap eləməlisiniz. O vaxtı “Gənclik” jurnalında bir publisistik yazım çıxmışdı. Rüşvətdən, gənclikdən, Qarabağdan və sairədən idi. Jurnalın o zaman 400 min tirajı var idi. O yazıya 3 min oxucu məktubu almışdım. Universitet, rayon, kənd hamısı dəymişdi bir-birinə. Ölkədə şöhrət olmuşdum... Həmin jurnalın redaksiyasında fəaliyyət göstərən ədəbi dərnəyə də yazılmışdım. O dərnəyə Məmməd İsmayıl rəhbərlik edirdi. Məmməd Aslan da demək olar ki, hər dəfəsində orada olurdu. İki Məmməd mənim şeirlərimin üstündə mübahisə edirdi həmişə. Məmməd Aslan məni müdafiə edirdi, şeirlərimi çapa layiq görürdü. Məmməd İsmayıl isə hər dəfəsində inad edirdi ki, hələ bu yetişməyib... Bir dəfə, mübahisənin ortasında Məmməd İsmayıl dedi ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindən Rauf Abbasov adlı bir tələbə ona məktub yazıb; o qədər səlist, gözəl yazıb ki, nöqtəsinə-vergülünə dəymədən çapa verib. Məni mənə misal göstərərək dedi ki, ay bala, sənin də yazın bu səviyyədə olsa, çap edərəm, amma deyil axı... Təbii ki, mən demədim ki, həmin Rauf Abbasov elə mən özüməm...
Amma başa düşdüm ki, bəlkə də, mən şeir yazmamalıyam, publisistika məndə daha yaxşı alınır. Allaha and olsun ciddi deyirəm, o vaxtı Məmməd İsmayıl mənə bir balaca güzəşt etsəydi, mən məhv olmuşdum. Axıra qədər gedərdim, yəqin ki, ortabab şair də olardım. Amma ən yaxşı bacaracağım bir işə - qəzetçiliyə gəlməzdim.
**
“İnsanın gələcəyi onun keçmişini müəyyənləşdirir”
...Rauf bəy deyir ki, Quranı oxuyandan sonra bir şeyi dərk edib ki, insanı keçmişi deyil, gələcəyi idarə edir.
...Mənə görə keçmiş gələcəyi yox, gələcək keçmişi müəyyənləşdirir. Hər bir insan doğulandan etibarən Allah tərəfindən bilinir ki, bu, nə olacaq! 6 yaşlı uşağı, o şagirdi, tələbəni, o şairi, gənc hərəkatçını iddialı edən, hər kəsdən fərqləndirən də həmin Lövhi-Məhfuzdakı nəticədir. O nəticə səni özünə doğru aparır. Bəzən də sürüyür...
“3 yazımı kopyalayıb satdılar, 30 min manat pul qazandıq”
...Qəzetçiliyə gəliş hekayəsini də danışdı. Deyir, hərəkat zamanı daha radikal olan Məhəmməd Hatəminin tərəfdarlarına qoşulub. Bir müddət sonra onlar “Birlik” adından jurnal nəşr ediblər. Jurnalın üçüncü sayını 23 yaşlı gənc, Rauf Abbasov redakte edir. Deyir, ilk iki sayda o qədər çalışmışdı ki, üçüncü sayı ona təhvil veriblər. O zaman “Şenol” imzası ilə yazırmış. Jurnalı çapa aparırmışlar, Əziz Qaraca deyib ki, yazı çapa gedir, bir imza de, yazaq sənin yazılarına. Deyir, o da qayıdıb ki, elə, Rauf Abbasov yazın. Bəxtiyar Tuncay isə təklif edib ki, Türkiyə yığmasının o vaxtıki qapıçısı Şenol Günəşin adını imza kimi götürsün. Beləcə, məşhur Şenol yaranıb.
...İlk yazım siyasi mühitdə bomba kimi partladı. Rusiyada dissident ədəbiyyatının nümunələrindən sitatlar gətirmişdim, geniş faydalanmışdım. O zaman bizimkilərin əksəriyyətinin əli çatmırdı o nümunələrə. O qədər geniş bilgilər var idi ki həmin zaman üçün. Ondan qabaq da iki yazı yazmışdım. Onları makinada vərəqələrə vurduq, Əziz Qaraca getdi 10 min “kopya” elədi. Birini 3 manatdan satdılar. 30 min pul elədi. O zaman bu, böyük bir var-dövlət idi. O zaman “samizdat” üsulu ilə nə çıxırdısa, hamısı yüksək tirajla satılırdı. Yaşar Türkazər əlində kitabçalarla özünü vururdu milyonluq mitinqə, bir qucaq pulla çıxırdı. Biz də o pulla cəbhəyə silah alırdıq, “Birlik” cəmiyyətinin üzvlərinə maaş kimi verirdik, daha sonra başladıq mətbuata ayırmağa.
“Biləndə ki Şenol mənəm, hamı şok olmuşdu”
...1989-cu ilin oktyabrında isə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını yaratmaq qərara gəliblər. Onun orqanını dərc eləmək isə Rauf Arifoğluna tapşırılıb. Beləliklə, bugünkü “Yeni Müsavat” doğulub. Noyabrın 10-da broşura şəklində qəzetin ilk sayı çap olunub. Sonra Yeni Müsavatçılar silahlı dəstə təşkil edərək, Gəncəətrafı bölgələrdə ermənilərlə döyüşməyə gedib. Döyüşə-döyüşə qəzet də buraxıblar, partiya fəaliyyəti ilə də məşğul olublar. Azərbaycanın ilk şəhidlərini də Yeni Müsavatçılar verib. Artıq 23 yaşlı Raufun qəzeti, partiyası və ətrafında silahlı dəstəsi var idi. Deyir, “Yeni Müsavat”ın ən çox satıldığı yer Naxçıvan imiş. Oraya o qədər gedirmiş ki, hamı Rauf Arifoğlunun naxçıvanlı olduğu fikrindəymiş.
...Şenol imzası orda çox məşhur idi. Məni Rauf kimi tanıyırdılar, soruşurdular ki, Şenol Naxçıvana gələcəkmi? Sonra biləndə ki, Şenol mənəm, hamı şok olmuşdu, hətta dostlarım da. O vaxtı özümüzə xeyli tərəfdar tapmışdıq. Gücümüz böyük idi. Ancaq deyim ki, o zaman partiyadakı ağsaqqallar mənə qarşı idi. Mənsur Əlisoy, başqa bir rəssam var idi – Əhməd Rza – o. Deyirdilər ki, bu uşaq partiyanı əlimizdən alır. Mənim partiyanın rəhbərliyindən getməyimi istəyirdilər. Ancaq o vaxtı mənim əlimdə çox böyük güc var idi. Rayon təşkilatlarının hamısı mənim tərəfimdə idi. Sonra qurultayda partiyanın ideoloji məsələlər üzrə katibi seçildim.
“Həsən Həsənov bir az cəsarətli olsaydı, Müsavat Partiyasının sədri olmuşdu”
...Deyir, Yeni Müsavat Partiyasının rəhbərliyində o və Sədrəddin İsmayıldan başqa hamı Elçibəyə qarşı imiş. Hətta həmin adamlar Müsavatın Həsən Həsənova verilməsinə belə çalışırmışlar. Həsən Həsənov bir az cəsarətli olsaydı, Müsavat Partiyasının sədri olmuşdu. Rauf bəy Elçibəydən partiyaya sahib çıxmağı istəyib. Ardınca proses başlayıb, partiyalar birləşib və Elçibəyin də xeyir-duası ilə Müsavat Partiyasına İsa Qəmbər sədr seçilib. Deyir, həyatı boyu üzərinə düşəndən daha artığını etməyə çalışıb. 22-23 illik media və eyni zamanda siyasi həyatda durmadan çalışdığını, istirahətin nə olduğunu bilmədiyini söyləyir.
...Mənim 25-26 yaşım var idi (artıq 1992-ci ildən söhbət gedir), ancaq Azərbaycan prezidentinin ən inanılmış adamlarından və spikerin qəbuluna rahatca düşən biriydim. Əlbəttə, bu, mənim qabiliyyətim olmaqla bərabər, həm də Elçibəyin və İsa bəyin böyüklüyü və etimadı idi. Bayaq dediyim Lövhü-Məhfuz anlayışını çıxsaq, həyatda belə şeylər olmur. Normalda Tovuzdan Bakıya gələn bir kənd uşağının o yerə çatması mümkünsüz idi.
“Kaş, həmin vaxtı Bakıya gəlməyəydim”
...Həyatda peşmançılıq keçirdiyi tək-tük epizodlardan birini danışır. Deyir, Yeni Müsavatçılar ilk şəhidlərini verən günü iki günlük Bakıya gəlibmiş. Gələrkən də, döyüşçü dostlarından quş tüfəngi ilə döyüşə girməməyi xahiş edibmiş. “Kaş, həmin vaxtı Bakıya gəlməyəydim”, deyir, “orda qalsaydım, uşaqların ov tüfəngi ilə döyüşə getməsinə imkan verməz, onların şəhid olmalarına mane olardım”. Dostlarının şəhid düşmələrinin ona çox böyük sarsıntı yaşatdığını bildirir.
“Həyat mənim yanımdan keçdi” deyir. Amma Rauf Arifoğlu olarkən, gəncliyini, ömrünün qaynar çağlarını itirdiyindən şikayətçi deyil.
...Bəzən uşaqlarla tətilə gedirəm. İnandırım səni, mən necə istirahət edilməli olduğunu bilmirəm. Çox tez darıxıram. Biz bu yolda normal həyatımızı şəhid etmişik, çoxlu dost itirmişəm. 45 yaşım olsa da, qocaman xatirələrim yığılıb. Bizim yaşadığımız gündəlik həyatı normal insanlar adətən ömürlərində bir dəfə yaşayırlar. Bəzən bezdiyim, yorulduğum, işimin əhəmiyyətinə şübhə elədiyim anlar da olub. Ancaq bunları özümə belə, etiraf edə bilməmişəm.
“Azərbaycanda yalnız bir media quruluşa yetəcək qədər yaxşı jurnalist var”
... “Yeni Müsavat”ın 20 yaşı tamamlananda redaktorluqdan çəkilib, yerini etibarlı birinə verməyi düşünüb. Lakin cərəyan edən hadisələr buna imkan verməyib. “Mən elə bunu bacarıram, başqa da bir şey bacarmıram”, deyir. Qəzetçiliyin artıq həyat tərzinə, vərdişə çevrildiyi fikrindədir. Bədii yaradıcılıqla məşğul olmaq, kitab yazmaq niyyətindədir. Eyni zamanda, yeni bir jurnal dərc etdirmək, həmçinin, qəzetin internet saytını daha da gücləndirmək planları var. Qəzet, jurnal və xəbər portalı – üçayaqlı media holdinq qurmaq fikri var. Hələ ki, maddi resursları buna imkan vermir.
...Mənim hesablamalarıma görə, gəncindən tutmuş, qocasınadək Azərbaycanda yalnız bir media quruluşuna yetəcək qədər yaxşı jurnalist var. Çoxlu pulum olsa, onların hamısını bir yerə yığaram.
“Hərflərin hamısını tanıyan birisini müxbir edərəm”
...Hər gün qəzetin yazılarının böyük əksəriyyətini oxuyur. Deyir, qəzetçilik fəaliyyəti boyu bir prinsiplə işləyib: güclü redaktor korpusu, zəif müxbir. Jurnalist hərflərin hamısını tanısın yetər, onu müxbir edəcəyini deyir. Jurnalistika məktəblərinin zəif olduğunu da əlavə edir. Lakin iddia edir ki, “Yeni Müsavat” ölkəyə ali təhsil məktəblərindən daha çox və daha keyfiyyətli jurnalistlər verib.
****
20 yaşımda bir şeir yazmışdım. “Uşaqlığın qocalığı, gəncliyimin uşaq yaşı...” 25 il keçdi... Qocalığın uşaq yaşı gəldi... Allah utandırmasın. Hər kəsə şərəfli ömür arzulayıram.
****
...Rauf bəylə çox geniş söhbətləşdik, o qədər geniş ki, oxuduğunuz qədəri də yazılmayıb.
Lent.az-ın kollektivi Rauf Arifoğlunu ömür yolçuluğunun 45-ci ilini tamamlaması münasibətilə təbrik edir, bütün istəklərinə nail olmasını diləyir.
Anar GƏRAYLI

1758