Xəyanəti bağışlamayan mehriban adamların 2 yaşlı yuvası - REPORTAJ
16 mart 2011 18:58 (UTC +04:00)

Xəyanəti bağışlamayan mehriban adamların 2 yaşlı yuvası - REPORTAJ

Lent.az-la əməkdaşlıq eləyəndən bəri bəzi dəqiq müşahidələrim var. Özü də təkcə adıçəkilən orqanla deyil, APA holdinqə daxil olan bütün qurumlarla bağlı. Təbii, hər gün dəfələrlə dəhlizdə, yeməkxanada, girişdə-çıxışda qarşılaşırsansa, bu müşahidələr mütləq olacaq. Mərdimazarlıq elementlərindən xali olmayan bu müşahidələri nə vaxt idi ki, uyğun bir yazıya boşaltmaq fikrim vardı, sadəcə elə bir əlamətdar hadisə olmurdu. Camaat dinməzcə oturub, yazısını yazdığı yerdə, şappıltıynan müşahidələrini bölüşməyin nə mənası?

Allah o allah, gün elə bu gün, şəhərdə idman paltarında səllimi qaçdığım yerdə, redaksiyadan zəng eləyib, çağırdılar ki, sənlik söhbət var: Vesti.az-ın bu gün iki yaşı tamam olur. Bu gün «doğum» günlərini tortla-çayla qeyd eləyən həmkarların sıradan iş günündən nazlı-duzlu, şirin-şəkər bir reportaj hazırlamaq lazımdır, özü də atüstü.

Yarım saatdan sonra baş direktorumuz Qabil müəllim qolumdan tutub, sürüyə-sürüyə Vesti.az-ın redaksiyasına aparıb, məni əvvəlcə rəhbərlərə təqdim elədi:

- Ad gününüzə bundan yaxşı hədiyyə tapa bilmədim. Bunun geyiminə görə sizdən üzr istəyirəm, fikir verməyin, özünüz də narahat olmayın, sizə mane olmamaq şərtiylə, nə lazımdır, özü tapıb, yazacaq.

Üzünü görmədiyimiz baş direktor

Vesti.az-ın baş direktoru Araz Zeynalov ürəkdən xoşgəldin eləyib, bir-iki dostməramlı zarafat eləyəndən sonra, məni müxbirlərdən Vəfa xanıma tapşırıb, özü redaktor-redaktor işlərlə məşğul olmağa başladı. Onların otağından müxbir otağına keçid ərəfəsində tez-bazar otağa göz gəzdirəndə, divardakı yeganə Məkkə posterindən başqa gözümə maraqlı heç nə dəymədi. Hə, bir də Araz müəllimin masasının üstündə yarısı güclə yeyilmiş tort dilimi gülümsəyirdi…(artıq başlayıblar qonaqlığa)

Mən bunu həmişə demişəm, yenə də deyirəm ki, ən ciddi, ən intizamlı iş rejimi olan redaksiyanın belə daxilində baş verənlər, ordakı işçilərin ortaya çıxardıqları xəbərlərdən, reportajlardan daha maraqlı olur. Əminəm ki, Vesti.az-da da məsələ elə bu yerdədir. Əminlik öz yerində, keçək müşahidələrimə…

Əslində, bunlar bir neçə saatın deyil, Lent.az-da əməkdaşlıq eləyəndən bəri, ayların müşahidələridir. Öncə ən maraqlı faktdan başlayım ki, əməkdaşlıq elədiyim iki il ərzində Araz müəllimi bircə dəfə də olsun görməmişəm. Nə dəhlizdə, nə yeməkxanada, nə balkonda, nə giriş-çıxışda. İşə necə gedib-gəlir, hansı çıxış qapısından istifadə eləyir, bilmək olmur. Bu gün onun mübarək üzünü canlı olaraq ilk dəfə idi ki, görürdüm. Və görən kimi, bizim qara-qura baş redaktorumuzun qulağından iraq, fikirləşdim ki, bu yaraşığın, açıq, xoş sir-sifətin sahibi özünü niyə bu ucqar otaqda gizlədir?!

Onun müavini Zaur bəy heç, o həftə səkkiz, mən doqquz yeməkxanada süfrə yoldaşımız olur. Gələr, dinməz-söyləməz yeməyini yeyər. Masada baş alıb, gedən söhbətlərə qarışmaz, qarışanda da söhbətə elə yekun vurar ki, daha heç nə deyə bilməzsən. Bərk dindar olduğundan da heç xəbərim yoxmuş...

Araz müəllimin digər müavini Mətin Yaşaroğlu bu gün işdə deyildi: rəhmətlik dostu, jurnalist dostumuz İbrahim Bayandurlunun yas mərasiminə getmişdi... “Dosta və dostluğa sədaqətli adamdı” – belə dedilər Mətin bəyin haqqında...

Bəhram bəylə aramız çox yaxşıdı. Yeməkxanaya yığıb, xımır-xımır dəmlədiym bitki çaylarının vurğunudu. Rus dilini azərbaycan dilinə qarışdırıb, hər şeyə həvəslə münasibət bildirməklə də arası yaxşıdı - siyasətdən tutmuş, yemək reseptlərinə qədər.

Yeganə ya Lent.az-ın müxbir otağının, ya da yeməkxanadakı «istirahət saatları»nın daimi qonağıdı, hətta mən hərdən elə bilirəm ki, bu qız elə bizim otaqda işləyir. Ramella xanımı harda itirsən, güzgünün qarşısında saçlarını fenlədiyi yerdə taparsan. Rahat iki metri keçən boyu ilə həndəvərdə hamıya köks ötürtdürən Arif bəyin isə səsini ömür boyu eşitməmişəm.

Vəfa xanımı arada bizim sosial yazarımız Elxan bəylə xısın-xısın «tədbir-zad alveri» elədiyi vaxtlardan tanıyıram.

İşçilərin ümumi mənzərəsi bu qədər, keçək otaqlarında qonaq olduğum bir neçə saat ərzində baş verən qeylü-qallara.

İki saat ən pinti otaqda

Əslində, qeylü-qal zad olmadı. Otağa girən kimi qarşıma bir dilim ad günü tortlarından qoyub, bir fincan çaya qonaq elədilər.

Həmkarlarımızın iş yuvası barədə bir-iki kəlmə onu deyim ki, Vesti.az-ın redaksiyası ilə müqayisədə Lent.az-da alman səliqə-səhmanı var. Bizim işçilərin masası, həndəvəri tərtəmiz, ütülü-sığallı olar həmişə. Amma “Vesti”nin uşaqları nələri varsa, hamısını masalarının üstünə yığırlar. Hamının masasının altından da bir cüt ev başmağı boylanır. Kimin əlinə nə keçdisə, iş masasının üstünə yığır. Hətta mənə elə gəldi ki, hərdən aralarında «ən pinti masa» müsabiqəsi keçirib, bir-birilərin mükafat-zad verirlər. Özü də qəribə bir şeydi ki, kişi əməkdaşların masaları qızlarınkına nisbətən səliqəlidir. Qızların masalarında kosmetika, oyuncaqlar, suvenirlər, nə vaxtsa aldıqları xırım-xırda hədiyyələr, bijuteriyalar cövlan edir. Kişilərin masaları qeyd dəftərləri, yaddaş vərəqələri, xırım-xırda dəftərxana ləvazimatları ilə «kifayətlənir».

Amma adamın üstündə Allah var, bu səliqəsizliyin içində iş durmadan qaynayır. Sırayla oturub, klaviaturanın anasını ağladan həmkarlarım arada başlarını qaldırıb, bir-birilərinə atmaca atsalar, zarafat eləsələr də, vaxtın çoxunu telefon, kompüter başında keçirirlər.
Məni görəndə zarafatla hamısı masalarının üstünü göstərdilər, bir-biriləri barədə zarafatyana açıqlamalar, hətta qeyd dəftərlərindən tutmuş, suvenirlərinə qədər hər şeyin mini-açıqlamasını verdilər. Bir sözlə, gündəlik iş rejimində olan, hər dəqiqə xəbər istehsal edən bir qurumda gərgin rejimdə çalışan insanlar nə qədər şux, rahat ola bilərdilərsə, o qədər rahat olmağa çalışdılar.

Adətən mehriban davrandıqlarını desələr də, ikicə saatın içində bir-biri ilə qırğına çıxanlar da tapıldı – adlarını yazıb, utandırmayaq, onsuz da özləri bilir.

Reportajın sonunda isə bütün işçilərin çox sevdiyi (özlərinin dediklərinə görə) Araz müəllimlə ayaqüstü söhbətimizi təqdim edək:

«Qadınlar məni heç vaxt tərk eləmir»

- Araz müəllim, deməli iki ildi, səhər saat 10-dan axşama qədər belə…?


- İşçilər saat 10-dan. Mənsə saat doqquzdan gəlirəm. Saytları açıram, təzə xəbərlərə baxıram, işçilərə nə tapşırıqlar verəcəyimi planlaşdırıram. Saat 10-da uşaqlar gəlir və iş başlayır.

- Çox qışqırırsınız uşaqların üstünə?

- Yox, yox! Özlərindən soruşun, mən heç vaxt işçilərin üstünə qışqırmaram! Nə olur-olsun. Fikirləşirəm ki, işçi rəhbərindən qorxduğu, çəkindiyi üçün deyil, ona hörmət elədiyi, onu sevdiyi üçün yaxşı işləməli, intizamlı olmalı, özünü yaxşı aparmalıdır. Bunları qorxunun, qışqırmağın hesabına eləmək olmaz.

- Heç olubmu ki, kimisə işdən çıxarasınız?

- Yox. Burdan gedənlər olub, amma ya harasa başqa yerə işə gediblər, ya özləri könüllü gediblər. Amma heç kimi işdən çıxarmamışam. Sadəcə, bir nəfər olub, bilib ki, onunla işləmək mənə xoş deyil, işdən çıxıb. O adam indi də buralara gələndə, gəlib mənimlə görüşür. Deyir, bildim ki, biz birlikdə işləyə bilmərik.

- Kişidir, yoxsa qadın?

- Kişidir. Qadınlar məni heç vaxt tərk eləmir.

- Ooo! Necə romantik cümlə oldu?! Sadəcə işdə tərk eləmir, yoxsa elə həyatda da…

- Elə həyatda da. Elə gətirib ki, mənim qadın dostlarım, kişilərdən daha sədaqətli, daha yaxın olublar və hələ heç vaxt, heç bir qadın dostum məni tərk eləməyib.

- İşçilərinizə nəyi bağışlamazsınız?

- Xəyanəti. Mənə, işə, kollektivə. Bilsəm ki, hardasa ümumi işin əleyhinə olan bir şey danışıb, kollektivə xəyanət eləyib, bağışlamaram.

- Bəs, bilsəniz ki, siz işdə olmayanda kollektiv yığışıb, otaqda içki içiblər, narkotik qəbul eləyiblər, onda neyləyərsiniz?

- Nə maraqlı sual oldu?! Açığı, içkiyə pis baxmıram. Amma narkotikə görə hamısını danlayaram və tapşıraram ki, belə şeylər olmasın. Sərt tədbir görərəm, amma buna görə işçini işdən çıxarmaram. Belə çıxmasın ki, mən belə şeyləri, işdə məsuliyyətsizliyi, içməyi dəstəkləyirəm və ya yaxşı baxıram. Sadəcə, çalışaram ki, məsələni sülh yolu ilə qaydasına qoyaq.

- İşdən kənar nə tədbirləriniz olur? Belə də, kollektivçilik janrında…

- Hərdən kişi heyəti ilə yığışıb, harasa gedirik. Bizim Zaur müəllim bərk dindardır, içmir, amma ən çox restoran, bar həvəskarı elə o özüdür. Biz bir az ləngiyəndə, elə hey deyir ki, Araz müəllim, bara nə vaxt gedirik?

- Elə bar, restoran həvəskarları həmişə dindarlar özləri olur da… Uşaqlarınızla bağlı arzularınız var?

- Əlbəttə. Demək olar ki, hamısını evləndirib, ərə vermişik, amma iki subay qızımız var. Arzum odur ki, o iki qızın toylarını görək. Gedək, toy məclislərində əylənək, sağlıqlar deyək, oynayaq. Bundan yaxşı nə arzulaya bilərəm?

- Sizə uğurlar!

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121

Oxşar yazılar