“MTRŞ-in səlahiyyəti olsa, Rəqsanəni teleməkandan çıxarardı”
13 oktyabr 2009 20:15 (UTC +04:00)

“MTRŞ-in səlahiyyəti olsa, Rəqsanəni teleməkandan çıxarardı”

Televiziyalarda bədii şura, MTRŞ- də İctimai Şura yaradılması təklif olundu

Dünən Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanal rəhbərləri, millət vəkilləri və QHT təmsilçilərinin iştirakıyla Azərbaycan teleməkanındakı problemlərə həsr olupmuş təbdir keçirdi.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Şuranın sədri Azay Quliyev akademik Ramiz Mehdiyevin oktyabrın 2-də işıq üzü görmüş məqaləsindən sonra belə tədbirlərin aktuallaşdığını söyləyib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu sahəyə inzibati müdaxilə yolverilməzdir: “Ancaq teleradio şirkətlərinin rəhbərlərini məsuliyyətlərini başa düşməyə çağırırıq. Cəmiyyətimizdə rus dilini bilənlər çoxdur, türk dilini də hər kəs başa düşür. Kabel və çanaq antenaları vasitəsiylə insanlarımız keyfiyyətli rus və türk kanallarına baxa bilirlər. Həm də gənclərimiz ingilis dilinə və bu dildəki kanallara maraq göstərirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

Nuşirəvan Məhərrəmli qeyd edib ki, ən çox narahatlıq doğuran məqam telekanallarımızda peşəkarlıq səviyyəsinin aşağı olmasıdır: “Telekanallarımızdakı şou-proqramlarda da bayağılıq çoxdur. Maarifləndirici, hərbi-vətənpərvərlik xarakterli verilişlərə üstünlük verilməlidir”.

MTRŞ sədrinə görə, aparıcıların Azərbaycan tarixini, coğrafiyasını bilməməsi verilişlərin aşağı keyfiyyətli olmasına yol açır: ”Biz şou-proqramların efirdən yığışdırılmasını yox, keyfiyyətinin yüksəldilməsini istəyirik. Hesab edirik ki, Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisasları artırılmalı, Televiziya Akademiyası yaradılmalıdır. İnzibati yolla yox, ictimaiyyətin dəstəyi və telekanalların məsuliyyətinin artırılması ilə problemləri həll etmək olar”.

ANS şirkətinin vitse-prezidenti Mirşahin Ağayev televiziya məkanının problemlərini 3-5 dəqiqəyə müzakirə etməyi mümkün saymır. O hesab edir ki, bu gün daha aktual məsələ Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır və bu məsələylə televiziya məkanındakı problemlərə eyni səviyyədə yanaşılmalıdır: “Azərbaycanda ciddi ictimai-siyasi telekanal olub, ümid edirik ki, yaxın gələcəkdə də olacaq. Azərbaycan dövlətinin müstəqilliyi onun tərkibindəki müstəqil qurumların sayı qədərdir”.

Mirşahin Ağayev şou-proqramlara cəmiyyətimizdə marağın olmasına dair bir misal da çəkib: “Biz burada oturmuşuq, bir model keçsə, hamımız dönüb baxacağıq. Zövqlərə görə verilişlər yaratmaq məcburiyyətindəyik. Ramiz müəllimin yazısından görünür ki, o da həmin verilişlərə baxıb. İnanmıram ki, telekanal rəhbərlərindən kimsə cəmiyyətin əxlaqını pozmağı qarşısına məqsəd qoyub. Hansı telekanalın daha vətənpərvər olduğunu söyləmək də absurddur. İnanıram ki, 70-ci illərdəki kolxoz, zərbəçilik kampaniyasından uzaq olacaq, tədbirdə konkret nəticələr əldə edəcəyik”.


Millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu gün orta məktəb şagirdləri arasında sorğu aparılsa, onlar gələcəkdə Rəqsanə kimi olacaqlarını dilə gətirərlər: “Mən Mirşahin müəllimin zövqlərə görə verilişlər hazırlamaq fikriylə razılaşmıram. Həm də ictimai qınaq az olduğundan 2-3 aydan sonra bu məsələ unudulacaq, 6 aydan sonra tamamilə yaddan çıxacaq. Türkiyədə RTÜK-ün səlahiyyətləri MTRŞ-lə müqayisədə çox genişdir, MTN kimi bir qurumdur. Bunu da nəzərə almaq lazımdır”.

Millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, televiziya cəmiyyətin bir parçasıdır və insanlarımız necə yaşayır və düşünürsə, televiziya da elədir: “Küçədə bir nəfərin fikrini telekanal öyrənəndə, həmin insan yarı rus, yarı azərbaycanca danışır. Mənəvi dəyərlərə kompleks yanaşmaq lazımdır. Əgər bağçada, məktəbdə mənəvi dəyərlər pozulursa, o sahələrdə vəziyyət biabırçıdırsa, buradan başlamaq lazımdır. İnsanlar telekanallara o yerlərdən gəlir”.

Sabir Rüstəmxanlı yaslarımızın, toylarımızın necə keçməsinə diqqət çəkib: “Cəmiyyət neçə ildir ki, toylarımızın, yaslarımızın bu formada keçirilməsiylə bağlı narazılığını dilə gətirir. Ancaq toy, molla mafiyası buna imkan vermir”.

Millət vəkili də düşünür ki, telekanallarımızda əsas problemlərdən biri peşəkarlığın aşağı səviyyədə olmasıdır: “Türkiyədəki şou-proqramlar yamsılanır. Ancaq Türkiyədə ciddi ictimai-siyasi verilişlər də var, elə verilişlər televiziyalarımızda görünmür. Həm də televiziyalarımızda bədii şuralar bərpa olunmalıdır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə görə, bu gün tamaşaçılar əvəzinə teleməkanda qərar qəbul edənlər şikayətlənir və bunun özü qəribədir: “Bu qurumlar televiziyalar arasında azad rəqabət üçün şərait yaratmalıdırlar. Əks təqdirdə informasiya təhlükəsizliyimiz zərbə altına düşəcək. Digər tərəfdən, televiziyalar birləşərək indiyə qədər bir ictimai birlik yaradıblarmı?”

Nuşirəvan Məhərrəmli Türkiyədə teleradio məkanına nəzarəti həyata keçirən RTÜK-lə müqayisədə Azərbaycanda MTRŞ-in səlahiyyətlərinin az olması ilə bağlı söylənilənlərlə razılaşıb: “Biz bu barədə danışanda, MTRŞ səlahiyyətinin artırılmasını istəyir deyirlər. Milli-mənəvi dəyərlər kompleksi məsələsi də mürəkkəbdir”.

“Xəzər” telekanalının təmsilçisi, tanınmış jurnalist Qulu Məhərrəmli bu fikirdədir ki, Azərbaycanda informasiya proqramlarına, ictimai-siyasi verilişlərə baxanların sayı azalır, şou-proqramlara baxanların sayı isə artır, televiziyalarımızda maarifləndirici proqramlar da yox dərəcəsindədir. O, MTRŞ-in nəzdində müstəqil ekspertlərdən ibarət İctimai Şuranın yaradılmasını təklif edib.

Space Televiziya və Radio Şirkətinin prezidenti Vaqif Mustafayev deyib ki, cəmiyyəti tənqid etmək düzgün deyil: “Siz bu cəmiyyətdən kənarda yaşayırsınız? Sovet vaxtıdır ki, iclas keçirək? İşləmək lazımdır”.

“SİAR” sorğu şirkətinin rəhbəri Rəhim Hüseynov 1999-2000-ci ildən bu günə qədər Azərbaycan telekanallarının tamaşaçı auditoriyasının 32 faiz azaldığını, reklam bazarının bu müddət ərzində 13 dəfə böyüdüyünü nəzərə çatdırıb.

QHT Şurasının üzvü Sahib Məmmədov hesab edir ki, Azərbaycanda ictimai-siyasi proqramla müqayisədə şou proqramları bağlamaq daha çətindir.

Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı tariximizlə bağlı verilişlərin səhər saatlarında, insanlar işdə olarkən yox, münasibət vaxtda efirə verilməsini istəyib.

Mirşahin Ağayev 70-ci illərdə yaşamadığımızı vurğulayıb: “Ramiz Mehdiyevin məqaləsi çox faydalıdır. Ancaq 70-ci illərdə yaşamırıq ki, bir məqalə ilə telekanalllar iş üsulunu dəyişsinlər. Bu, mənim şəxsi şirkətimdir”.

Azay Quliyev bildirib ki, telekanallar maraqlansalar, Şura vətəndaş cəmiyyətini maraqlandıran layihələrlə çıxış edə bilər: “Özəl televiziyalar kommersiya qurumlarıdır. Ancaq bu o demək deyil ki, kommersiya maraqları hər şeydən üstün tutulmalıdır. Telekanallar şəxsi mülkiyyət olmaqla bərabər, həm də ictimai mülkiyyətdir”.

Nuşirəvan Məhərrəmli deyib ki, MTRŞ-in səlahiyyəti olsa, Rəqsanəni teleməkandan çıxarardı: “Ancaq bu, inzibati metoddur və belə davranmaq olmaz. Lakin telekanalların biznes maraqları ilə bərabər, mənəvi, milli təhlükəsizlik məsələləri var”.

Azay Quliyev tədbirdə irəli sürülən təkliflərin təhlil olunacağını söyləyib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar