Dava-dərman davası - ARAŞDIRMA
14 sentyabr 2009 11:00 (UTC +04:00)

Dava-dərman davası - ARAŞDIRMA

Hər dərdin min dərmanı, hər dərmanın min dərdi var

Bu gün dərmanların əlavə təsirindən törəyən ölüm dünya üzrə ürək, ağciyər, travma və onkoloji xəstəliklərdən sonra 5-ci yeri tutur. Bunun özü də hər bir ölkədə dərman bazarına kefiyyətli nəzarətin nə dərəcədə önəmli olduğunu təsdiqləyir.

Bəs Azərbaycanda apteklər hansı əsasda fəaliyyət göstərir, bu sahəyə nəzarət necə təşkil olunub? Ölkəyə dərman idxalı ilə məşğul olan əczaçılıq şirkətləri hansı prosedurlardan keçməlidir? Bu sahədə qanun pozuntularının sayı ildən-ilə artır, yoxsa azalır?

Lent.az bununla bağlı araşdırma aparıb.


Aptekin aptekdən fərqi


Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) Dərmanların kefiyyətinə nəzarət şöbəsinin müdiri Pərviz Əzizbəyov Lent.az-a açıqlamasında bildirdi ki, nazirliyin 2 oktyabr 2006-cı il tarixli 153 saylı əmrinə əsasən, aptek təşkilatlarının yaradılması və fəaliyyəti üzrə tələblər təsdiqlənib. Həmin tələblərə görə, bu gün Azərbaycanda 3 növ aptek quruluşu - aptek, aptek məntəqəsi və aptek köşkü var. Bu apteklər bir-birindən sahələrinə və göstərdikləri funksiyalara görə fərqlənirlər.

Birinci qrup apteklərə sahəsi 75 kvm-dən böyük olan apteklər daxildir. Bu apteklərdə əgər resept əsasında dərman vasitələri hazırlanarsa, o halda sahələri 110 kvm-dən az olmamalıdır. Yəni dərman vasitələrinin hazırlanması üçün əlavə 30 kvm sahə tələb olunur. Həm də bu apteklər böyük şəhərlərdə və rayon mərkəzlərində yaradıla bilər.

Aptek məntəqələrinin sahəsi 35 kvm-dən artıq olmalıdır. Aptek məntəqələri böyük şəhərlərdə, rayon mərkəzlərində, o cümlədən kəndlərdə yaradıla bilər. Amma sahəsi 35 kvm-dən böyük olan aptek məntəqələrində dərman vasitələrinin hazırlanmasına icazə verilmir. Aptek köşklərinin sahəsi 10 kvm-dən böyük olmalıdır. Aptek köşklərinin əsasən avtovağzalların, aeroportların, dəmir yolu vağzallarının, böyük ticarət mərkəzlərinin ərazisində və kənd yerlərində yaradılmasına icazə verilir. Həm də belə köşklərdə yalnız reseptsiz buraxılan dərman vasitələrinin satışına icazə verilir. Həkim resepti ilə satılan dərmanların aptek köşklərində satılmasına icazə verilmir.

Təhlükəli olmayan dərmanların sayı

Şöbə müdiri dedi ki, DVAEM 2007-ci ilin iyun ayında Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə yaradılıb. 2007-ci ildən bu yana respublikada dərman bazarına nəzarət də DVAEM tərəfindən həyata keçirilir. Sırf dərmanların kefiyyətinə, apteklərə nəzarətlə əlaqədər məsələlərə isə DVAEM-ın Dərmanların kefiyyətinə nəzarət şöbəsi cavabdehdir və bu sahədə nəzarəti təşkil edir.

Pərviz Əzizbəyov qeyd etdi ki, bu gün respublika ərazisində fəaliyyət göstərən aptek müəssisələrinin pasportlaşdırılması aparılıb. Bütün aptek müəssisələrinin ünvanları, çalışan mütəxəssislər, hətta apteklərin xarici və daxili görünüşü haqqında fotoşəkillərin də yer aldığı kompüter məlumat bazası yaradılıb.

Bundan başqa, respublikaya idxal olunan zaman bütün dərman vasitələrinin seriyasından nümunələr götürülür. Nümunələr DVAEM-də müasir avadanlıqlardan qurulmuş laboratoriyada yoxlanılır. Bu yoxlamalar nəticəsində həmin dərman vasitəsi kefiyyətli çıxırsa, dərman vasitəsinin respublikada satışına icazə verilir. Əgər laboratoriya yoxlaması zamanı dərman vasitəsində hər hansı bir çatışmazlıq, yəni normativ texniki sənədlərdə göstərilən parametrlərə uyğunsuzluq aşkarlanırsa, o dərman vasitəsinin satışına icazə verilmir. Dərman vasitələri haqqında qanuna əsasən, 2008-ci il martın 1-dən respublikaya yalnız dövlət qeydiyyatında olan dərman vasitələrinin idxalına icazə verilir. Bu gün 3700-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dövlət reyestrinə salınıb. Yalnız həmin dərman vasitələrinin respublikada satışına icazə verilir.

210 günlük yoxlama: Avropadan gələn dərmanların da zayı çıxır

Şöbə müdiri qeydiyyatın böyük bir proses olduğunu söylədi. Bu, Nazirlər Kabinetinin qərarına uyğun həyata keçirilir. Dərman vasitələrinin ilkin ekspertizası aparılır. Yəni istehsalçı, distribütor şirkət tərəfindən həmin dərman vasitələrinin sənədləri toplanır və Səhiyyə Nazirliyinə təqdim olunur. İlkin ekspertizada həmin dərman vasitələrinin sənədlərinə baxılır. Sonra ikinci, əsas ixtisaslaşdırılmış ekspertiza, yəni laborator yoxlaması aparılır. Dərman vasitəsinin göstərilən parametrləri, göstəriciləri doğrudan da sənədlərdə göstərilən parametrlərlə, klinikadan əvvəl və sonra tədqiqi zamanı alının nəticələrə uyğun gəlirsə, həmin dərman vasitələrinin satışına icazə verilir.

O, ötən müddətdə inkişaf etmiş ölkələrin firmalarının istehsalı olan dərmanlar içərisində də parametrlərə cavab verməyənlərin aşkarlandığını və idxalına qadağa qoyulduğunu dilə gətirdi: Yəni “inkişaf etmiş ölkələrdir” məntiqiylə demək olmaz ki, məsələn, Avropada istehsal olunan bütün dərmanların respublikada satışına icazə vermək olar. Əgər hər hansı bir istehsalçı şirkət öz dərmanını Azərbaycan bazarında satmaq, yaxud yaymaq istəyirsə, birinci növbədə dərman vasitəsi qeydiyyatdan keçməlidir. Qeydiyyat prosesi maksimum 210 günə qədər davam edə bilər. 210 gün ərzində Səhiyyə Nazirliyi tərəfindən həmin dərman vasitəsinə aid bütün yoxlamalar, araşdırmalar aparılır. O dərman vasitəsi kefiyyətli dərman vasitəsi kimi yoxlamadan keçdikdən sonra satışına icazə verilir. Qeydiyyatdan keçməyənə qədər hər hansı dərman vasitəsinin ölkəyə gətirilməsi qadağandır. Qeydiyyatdan keçdikdən, sertifikat aldıqdan sonra həmin dərman vasitəsinin Azərbaycanda satışına icazə verilir”.

Ancaq ölkəyə dərman vasitələrinin idxalı ilə məşğul olan əczaçılıq firmalarından (əczaçılıq şirkətinə problem yaradılmaması üçün adı açıqlanmır) birində çalışan Ramin Hacızadə bu prosedurun özünün dərman idxalı prosesinə ciddi əngəl yaratdığını söyləyir. Çünki 210 gün kifayət qədər böyük müddətdir, digər tərəfdən, bəzən bu proses 1 ilə qədər uzanır. Nəticədə idxal və qeydiyyat zamanı azərbaycansayağı xərclər ortaya çıxır.


Nəzarət mexanizminin zəif üzü: Azərbaycanda dərmanlar ən azı 2 dəfə baha satılır


Ramin Hacızadə qeyd etdi ki, əsas dərman vasitələrindən sayılan antibiotiklərin ölkəyə gətirilməsi xüsusən çətindir. Əlavə xərclər onların qiymətini bahalaşdırır. Firmalar isə əlavə xərclərini çıxarmaq üçün cüzi maaş alan həkimlərlə razılaşmalara üstünlük verirlər. Başqa sözlə, həkimlər hər satılan dərmana görə faiz alırlar. Son nəticədə xəstəyə 3-4 dərman vasitəsi əlavə yazılır. Aptek, yaxud həkim sonradan antibiotikin qutularını firmaya sübut kimi təqdim edir: “Məsələnin başqa cəhəti odur ki, dərmanların gətirilməsinə düzgün nəzarət və düzgün konsepsiya yoxdur. Yəni hansısa şəxs firma təsis edir, qeydiyyatdan keçir və xarici ölkələrin birində istehsal olunan bioloji, kimyəvi maddələri Azərbaycana gətirir. Məsələn, telekanallarda, metroda cürbəcür dərman vasitələri reklam olunur. Bunların hamısı bioloji aktiv maddələrdir. O maddələrin harada istehsal olunması, istifadə qaydası, təyinat göstərişləri dərman vasitəsinin üzərində tam dəqiq göstərilməyib. Azərbaycan təbabətinə məlum olmayan bitkilərdən hazırlanır. Həkimlər də nəyinsə xatirinə belə dərmanları xəstələrə yazırlar”.

R.Hacızadə əczaçılıq şirkətlərinin bir qisminin Türkiyədə, Avropada dərman istehsal edən zavodların, şirkətlərin rəsmi nümayəndəliyi, dileri kimi fəaliyyə göstərdiyini qeyd etdi: “Onların dərman vasitələri bioloji aktiv deyil, birbaşa kimyəvi birləşmələrdir. Həmin firmaların iş və dərman vasitələrini təqdim etməsi mexanizmi bir qədər fərqlidir. Həm dərman vasitələrinə, həm həkimlərə, həm də xəstələrə intellektual səviyyədə yanaşırlar. Ancaq yuxarıda da qeyd etdiyim kimi, diler şirkətlər tərəfindən kefiyyətli dərman vasitələrinin ölkəyə gətirilməsinə, idxalına, satışına yardılan süni əngəllər kefiyyətli dərmanların da qiymətlərinin fantastik dərəcədə yüksək olmaısna gətirib çıxarır. Tutaq ki, Finlandiyada bir antibiotikdən 3-5 dəfə atmaq olar. Amma bir reseptdə 100-150 həbdən artıq antibiotik yazılır. Məsələn, Gürcüstanda “GA-40” adlı güclü immuniator var. Onun bir ampulasının qiyməti 100 avrodan yuxarıdır. Elə dərman vasitələri ölkəyə az-az gətirilir, gələndə də qiyməti fantastik olur. Çünki onun üçün baryerləri aşarkən şirkətlər çox xərcləməli olur. Ölkədə kordioloji, nevroloji və uroloji dərman vasitələrinə çox böyük ehtiyac var. Onların hər biri də fantastik qiymətədir. Söhbət 100 manatlardan gedir. Ona görə də əminliklə demək olar ki, Bakıda apteklərdə satılan hər hansı 10 manatlıq dərman vasitəsi istehsal olunduğu ölkədə 3-4 dollardır. Xəstənin cibindən çıxan əlavə vəsait dərman ölkəyə gətirilərkən yaradılan baryerləri aşmaq üçün xərclənən vəsaitdir. Firma da müəyyən qədər qazanc götürməyə çalışır”.

Ramin Hacızadə vurğuladı ki, elə firmalar var ki, yalnız pul qazanmaq üçün dərman sahəsini böyük bazara çevriblər. Həm də belə firmalar adətən qida əlavələri gətirirlər: “Çünki onların ölkəyə gətirilməsi və satışı asandır. Həkimlərlə firma razılaşır və həkimlər xəstələrə belə əlavələr çox yazırlar. Bu da xəstələrin düzgün müalicə almamasını şərtləndirir”.

Qadağa dərmanın hansısa seriyasına qoyula bilər

Bəs Səhiyyə Nazirliyi bu vaxta qədər kefiyyətsiz dərman vasitələri aşkarlayıb və onların qeydiyyaına, satışına qadağa qoyubmu?

Pərviz Əzizbəyov yoxlama vaxtı kefiyyətsiz çıxan dərmanların siyahısı və seriyalarının mütəmadi olaraq Səhiyyə Nazirliyinin “Tibb” qəzetində dərc olunduğunu söyləyir: “Məsələn, deyim ki, “Analgin” dərman vasitəsi kefiyyətsizdir, onun gətirilməsinə qadağa qoyulub, bu, dəqiq olmaz. Söhbət “Analgin”in hansısa bir seriyasının qadağan olunmasından gedə bilər. “Analgin”in Azərbycana bir neçə seriyası idxal olunur və yoxlama zamanı hər hansı bir seriyasında çatışmazlıq aşkarlanarsa, həmin seriyanın idxalına qadağa qoyulur. Bu, o demək deyil ki, ümumiyyətlə, həmin dərman vasitəsi kefiyyətsizdir. Əhali çox vaxt deyir ki, hər hansı dərman vasitəsinin satışına Səhiyyə Nazirliyi tərəfindən qadağa qoyulub. Amma həmin dərmanın hansı seriyasına qadağa qoyulduğuna fikir vermək lazımdır”.

Şöbə müdiri bu sahəyə nəzarətin artıq ciddi nəticələr verdiyinin statistikanın da təsdiqlədiyini vurğuladı. O, keçən ilin və bu ilin müvafiq 6 ayının nəticələrini də açıqladı. Əgər keçən il 2960 addan çox sertifikatı olmayan dərman vasitəsi aşkarlanaraq satışdan çıxarılıbsa, bu ilin 6 ayında 401 adda sertifikatsız dərman vasitələrini bazardan çıxarılıb. Bu da sertifikatsız dərman satışının 7 dəfədən çox azalmasını göstərir.

Digər tərəfdən, əgər Dərmanların kefiyyətinə nəzarət şöbəsi keçən ilin 6 ayı ərzində respublika üzrə 283 qanunsuz fəaliyyət göstərən aptek müəssisəsinin fəaliyyətini dayandırıbsa, bu ilin 6 ayı ərzində həmin say 45 olub. Bu da əczaçılıq bazarında vəziyyətin düzəldiyini göstərir. Apteklərin xarici və daxili görnüşlərindəki dəyişikliklər də göz önündədir. O, reseptlə satılmalı olan dərmanların satışında baş verən pozuntulara da toxundu: “Səhiyyə Nazirliyi tərəfindən reseptsiz buraxılan dərman vfsitələrinin siyahısı təsdiq olunub. Bunlar qeydiyyatdan keçmiş 3700 adda dərman vasitələrinin içərisindən seçilmiş dərman vasitələridir və onlar həkim resepti olmadan da satıla bilər. Digər dərman vasitələri apteklərdən yalnız həkimin təyin etdiyi resept əsasında satılmalıdır. Reseptin vahid forması da Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Bu ilin 6 ayında apardığımız yoxlamalar nəticəsində reseptlərlə bağlı 46 saylı əmrin pozulması hallarına da rast gəlinib. Həmin apteklərə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, respetlə buraxılan dərman vasitələrinin reseptsiz buraxılışı, yaxud həddi-buluğa çatmamış şəxslərə dərman vasitələrinin buraxılışına görə protokollar tərtib edilib. Hətta belə hallar təkrar olunduğuna görə 10-ya yaxın aptekin lisenziyası ləğv olunub”.

Ramin Hacızadə bildirdi ki, aptek də, firma da pul qazanmaq istəyir və ona görə də respetlə satılmalı olan dərmanlar reseptsiz də satılır: ”Həkim resepti 2 nüsxədə yazır, möhürünü vurur, xəstə də o dərman vasitələrini alır. Digər tərəfdən, 24 saat işləyən apteklər var. Həmin apteklər yaxınlaşan hər bir xəstəyə, əlbəttə, dərman verir. Ya aptekdə, ya da firmada tanışlıqla reseptlə verilməli olan dərmanlar reseptsiz alınır”.

İnkişaf etmiş ölkələrin dərman genosidi

Bəzən elə dərmanlar olur ki, istehsal edildiyi xarici ölkədə 200 dollara, Azərbaycanda təxminən 50 dollara satılır. Bəs bu, nə ilə əlaqədardır? Bəzən cəmiyyətdə belə söz-söhbət gəzir, bu, inkişaf etmiş ölkələrdə üçüncü ölkələr üçün istehsal olunan eyni adlı dərman vasitələrindən qaynaqlanır. Cəmiyyətdəki bu narahatlıq nə dərəcədə əsaslıdır?

Dərmanların kefiyyətinə nəzarət şöbəsinin müdiri Pərviz Əzizbəyov deyir ki, hər bir ölkədə dərman vasitələrinin qiymətləri müxtəlif ola bilər. Bu, ölkələrin xüsusiyyətləri, qiymət qoyma məsələləri ilə əlaqədardır. Ola bilər ki, bir ölkədə dərman vasitəsinin maya dəyəri 1 manat olduğu halda satış qiyməti 10 manat olsun. Hər bir dövlətdə qiymət əmələ gəlmə proseduru var: “Ola bilər ki, Almaniyada hər hansı bir dərman baha qiymətə, Azərbaycanda ucuz olsun. Azərbaycana dərman vasitəsini idxal edən istehsalçı və diler şirkətlər özləri qiymət təyin edirlər. Yəqin ki, xərcləri və gəlir faizlərini nəzərə alırlar”.

Şöbə müdiri onu da vurğuladı ki, Səhiyyə Nazirliyinin qiymətə nəzarət səlahiyyəti yoxdur: “Bazar iqtisadiyyatı olduğu üçün qiymətlər tələb və təklif əsasında formalaşır. Hazırda dərman vasitələrinin qiymətinin artımaı müşahidə olunmur. 6-7 ay əvvəl ola bilsin ki, həm dərman vasitələrində, həm də ərzaqda qiymət artımı müşahidə olundu. Amma biz də müşahidə aparırıq, son 5-6 ayda dərmanların qiymətində artım yoxdur. Amma hansısa aptekdə dərman vasitəsinin baha və ucuz olmasına nazirlik nəzarət etmir. Biz yalnız dərmanların kefiyyətinə nəzarət edirik”.

Pərviz Əzizbəyovun sözlərinə görə, ümumiyyətlə, dərman vasitələri nə birinci, nə üçüncü dünya ölkələri üçün istehsal olunmur: “Əgər istehsalçı şirkət tərəfindən dərman vaistələri istehsal olunursa, bütün ölkələr üçün eyni formada, eyni təsiredici dozada istehsal olunur. Ola bilməz ki, hər hansı dərman vasitəsi hansısa bir ölkə üçün bir dozada, hansısa bir ölkə üçün başqa formada və dozada istehsal olunsun. Çünki dərman vasitələrinin çoxu kimyəvi təkibə malikdir və onlarda müəyyən dozada təsiredici maddələr var. Onlar göstərilən dozada istehsal olunur və qablaşdırılır”.

Ramin Hacızadə deyir ki, əczaçılıq şirkətinin əməkdaşı kimi tez-tez həkimllərlə ünsiyyətdə olur: “Bizimlə söhbətdə həkimlər deyir ki, dərmanlar bir neçə tərkibin kombinasiyasıdır. Onun tərkibində müəyyən maddələrin hansı dozada olması onun qiymətini müəyyənləşdirir. Yəni dərman xammaldan hazırlanır. Üçüncü ölkələr sifariş edərkən dərmanın tərkibində doza aşağı istehsal olunur. Tutaq ki, dərmanın tərkibində hansısa A maddəsi 200 milliqramdırsa, Azərbyacana 150 milliqramla gəlir. Dərmanın da maya dəyəri 10 dollardan 5-7 dollara düşür. Digər tərəfdən, Azərbaycan bazarında Yaxın Şərq, Hindistan istehsalı olan dərman vasitələri üstünlük təşkil edir. Bura müəyyən qədər etibarlılığını itirmiş Şərqi Avropa ölkələrindən gələn dərman vasitələri də aid edillir. Hansısa vicdanlı, məlumatlı həkimlər Avropanın və ABŞ-ın istehsalı olan dərman vasitələrinə üstünlük verir. Əgər hər hansı xəstəliynin müalicəsi zamanı resept nüsxəsi 50 manata gəlib çıxırsa, orada da 3 əsas dərman vasitəsi var, bununla yanaşı bioloji aktiv əlavələr təyin olunur. Bunların da heç biri 20-25 manatdan aşağı deyil. Onlar çox vaxt müalicəvi dərmanların qiymətindən baha olur. Bioloji aktiv maddələrin gətirilməsi asan olduğuna görə hamı bunların gətirilməsinə üstünlük verir”.

Ramin Hacızadə onu da əlavə etdi ki, Yaxın Şərqdən, Hindistandan gələn dərmanların əksəriyyəti Azərbaycanda qeydiyyatdan keçir: “Amma bura Azərbaycandır, ölkəyə necə gəlir, Səhiyyə Nazirliyindən necə keçir, onu bir Allah bilir. Mən 4-cü ildir bu sahədə çalışıram, amma bir dəfə görməmişəm ki, Səhiyyə Nazirliyi rəsmən hansısa dərman vasitəsinin ölkəyə gətirilməsinə birmənalı qadağa qoysun və həmin dərman vasitəsi apteklərdən yığışdırılsın. Həm də bu cür dərmanların 70-60 faiz ölkəyə leqal daxil olurnsa, qalanı da əsasən Rusiya və Gürcüstandan qeyri-leqal yolla ölkəyə gətirilir”.


Dərman istehsalımızın vəziyyəti bir dəsmal istəyir...

Nəhayət, xaricdən gətirilən dərmanların üzərində baş sındırmağımız bir yana, nə zaman Azərbaycan əczaçılıq bazarı əsasən yerli istehsal hesabına fəaliyyət göstərəcək? Hazırda bu sahədə vəziyyət necədir?

Pərviz Əzizbəyov dedi ki, Azərbaycanda da dərman istehsal edən zavodlar var: “Amma Azərbaycanın tələbatını nə qədər ödəyir, deyə bilməyəcəm. Azərbaycanda müəyyən dərman qruplarına məxsus dərmanları istehsal edən zavodlar var. Əksər dərmanlar isə xarici ölkələrdən, əsasən Avropa ölkələrindən idxal olunur”.

Ramin Hacızadə isə daha konkret danışdı: “Sırf bitki mənşəli yuxu gətirən və digər xarakterli çayların, krem və mazların istehsalı ilə məşğuldur. Geniş mənada, rəqabətə davamlı dərman vasitələrinin istehsalından isə söhbət gedə bilməz”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar