Keçmiş gəlin zorla qayınanasının evinə köçürülüb
05 avqust 2009 15:45 (UTC +04:00)

Keçmiş gəlin zorla qayınanasının evinə köçürülüb

Lənkəran Rayon Məhkəməsinin qərarının icrasından sonra qayınana ailəsi ilə birgə küçələrdə qalıb

Lənkəran Rayon Məhkəməsi kasasiya şikayəti əsasında hazırda Ali Məhkəmədə olan işi icraya yönəldib. Belə ki, məhkəmə ötən ilin iyulunda rayon sakini Səfilə Şərifovanın keçmiş gəlini Qızdar Şərifovanın özünə və ərinə məxsus evə köçürülməsi barədə qərar çıxarıb. Şirvan Şəhər Apelyasiya Məhkəməsi bu ilin aprelində qərarı qüvvədə saxlayıb. Hazırda isə iş Ali Məhkəmədə olsa da, Lənkəran Rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası bölməsinin əməkdaşı Zahid Şahverdiyev iyulun 29-da qərarı icra edib.

Lənkəran rayon sakini Səfilə Şərifova Lent.az-a yazdığı şikayət məktubunda keçmiş gəlininin qanunsuz olaraq, onun evinə köçürüldüyünü bildirir: “Zahid Şahverdiyev onu mənə və ərim Muxtar Şərifova məxsus olan evə zorla köçürüb. Mən evimin sənədlərini Zahid Şahverdiyevə göstərsəm də, o məni eşitmədi, itələyib yıxdı, təhqir etdi”.

Şikayətçi yazır ki, hazırda 5 nəfərlik ailə üzvləri ilə birlikdə küçələrdə yaşamaq məcburiyyətində qalıb. Lənkəran Rayon Məhkəməsinin özünün çıxardığı qərarı icraya yönəltməsini qanunsuz sayan Səfilə Şərifova bunu icraçılarla keçmiş gəlininin şəxsi münasibətlərinin nəticəsi hesab edir: “Məhkəmə qərarlarının icrası bölməsinin əməkdaşı Faiq İbrahimov Qızdar Şərifovanın yaxını imiş”.

Maraqlıdır ki, Lənkəran Rayon Məhkəməsinin haqqında qərar çıxardığı mənzilin Səfilə Şərifovanın əri Muxtar Şərifova məxsus olduğunu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də təsdiqləyib. Xidmətin MH 0013128 saylı çıxarışında Seydəkəran kəndində 22 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 133,8 kvadratmetr köməkçi sahədən ibarət fərdli yaşayış evinin tam mülkiyyət hüququnun Muxtar Şərifova məxsus olduğu göstərilir.

Lənkəran Rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası bölməsinin əməkdaşı Zahid Şahverdiyev Lent.az-a açıqlamasında qərarın icrasının hüquqazidd olmadığını bildirib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, Apelyasiya Məhkəməsinin icraya yönəldilən qərarları dərhal yerinə yetirilməlidir: “Bu işdə qanuna zidd hansısa hallar olsaydı, Apelyasiya Məhkəməsi icraya dair qərarı bizə göndərməzdi. Biz qərarı icra edəndə Səlifə Şərifovanın qanuni nümayəndəsi buna etiraz etdi. Mən isə ona dedim ki, Ali Məhkəmənin hökmün icrasının dayandırılması barədə qərar varsa, icraatı dayandıra bilərik. Amma belə bir qərar yoxdur, ona görə də Səfilə Şərifovanın keçmiş gəlinini evə köçürdük”.

Zahid Şahverdiyev bu mübahisənin Lənkəranda böyük qalmaqla səbəb olduğunu da qeyd edib. Onun sözlərinə görə, hər iki tərəf haqlı olduğunu iddia edir, məhkəmə isə onlardan birinin – 8 nəfərlik ailəsi olan Qızdar Şərifovanın xeyrinə qərar çıxarıb: “Düzünə qalsa, biz bu qərarı icra eləmək istəmirdik. Çünki məsələ həddindən artıq çətindir. Qanun yol versəydi, icranı dayandırardıq, amma indiki halda bu, mümkün deyildi”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar