İki məşum qəzanın tarixçəsi
01 avqust 2009 15:01 (UTC +04:00)

İki məşum qəzanın tarixçəsi

Bakı metrosu bir faciə ilə ikinci dəfə “Ginnes rekordlar kitabı”na düşdü

Tarixdə “Ginnes rekordlar kitabı”na düşmüş ən dəhşətli avtomobil qəzası Əfqanıstanda, ölkənin şimal və mərkəz hissəsini birləşdirən Salanq tunelində baş verib. 1964-cü ildə sovet mütəxəssislərinin hazırladığı 2.7 km uzunluqdakı tunel coğrafi baxımdan (Hindiquş dağları) dünyanın üçüncü ən hündür keçididir (3360 metr). Tunelin işə düşməsi ilə ölkənin cənubundan şimalına getməyə sərf olunan vaxt 72 saatdan 10 saata endi.

Tuneldə ilk qəza 23 fevral 1980-də baş verir. Sovet ordusuna məxsus avtomobil karvanı fasilə üçün dayandıqda mühərriklərdən çıxan zəhərli qazlar 16 «düşmən»in (sovet əsgəri) həyatına son qoyur.

3 noyabr 1982-ci ildə tuneldə 2 hərbi qruplaşma arasında toqquşma baş verir. Sovet hərbi mənbələrinə görə, yanacaq daşıyan avtomobilin alışması nəticəsində 176 nəfər (64 sovet əsgəri və 112 əfqan) həlak olur. Əfqan milli yanğından mühafizə Departamentinin hesabatında isə ölənlərin sayının 3000 olduğu bildirilir. Şimal alyansı və taliblər arasında təbii maneə olan bu tunel 1997-ci ildə Əhməd şah Məsudun əmri ilə partladılır. 2002-ci ildə tunel yenidən açılır, 2004-cü ildə isə genişləndirilir.

Tarixdə ən dəhşətli metro qəzası isə 28 oktyabr 1995-ci ildə Bakıda baş verib. Metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edildi.

“Ginnes rekordlar kitabı”na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşdü.

Gələn yazıda: son 2 əsrin ən dəhşətli dəmir yol qəzaları

Vüqar Ələsgərov
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar