Jurnalistlərin Foqtsu boykot etməsi düzgün idimi? – SORĞU
Baş yazarların əksəriyyəti jurnalistlərin hərəkətini düzgün saymır
İyunun 6-da Bakıda keçirilən Azərbaycan - Uels (0:1) oyunu təkcə yığmanın növbəti qolsuz məğlubiyyəti ilə yadda qalmadı. Matçdan sonra yerli jurnalistlər Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu boykot ediblər. Belə ki, Foqts sözə başlayan kimi, azərbaycanlı jurnalistlərin əksəriyyəti məğlubiyyətə etiraz əlaməti olaraq konfransın keçirildiyi yeri tərk ediblər. Lent.az mövzu ilə bağlı olay iştirakçılarından birinin və bir neçə baş redaktorun fikrini öyrənib.
Hadisə iştirakçılarından olan “Komanda” qəzetinin baş redaktoru Rəşad Ergün Lent.az-a bildirib ki, Foqtsu boykot etmək qərarı əvvəlcədən bir qrup jurnalistin təşəbbüsü olub: “Mən təşəbbüsün kimdən gəldiyini açıqlamaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu, təkcə Fotqsa qarşı deyil, AFFA rəhbərliyinə – Rövnəq Abdullayevə, Elxan Nəsirova yönəlik bir addım idi. Çünki Berti Foqtsu Azərbaycana gətirən onlardır. Sevindirici haldır ki, orada olan Azərbaycan jurnalistlərinin 90%-i boykota qoşuldu. Mətbuat konfransı keçirilən zalda cəmi 10 nəfər jurnalist qalmışdı ki, onların çoxu operatorlar, 2 nəfəri uelsli jurnalist, digər bir nəfər isə mənim çox hörmət etdiyim qəzetin nümayəndəsi idi. Əslində orada qalan jurnalistlərin də baxışları fərqlidir. Onlar mətbuat konfransından sonrakı yazılarında qeyd edirlər ki, “Foqts müdafiə futbolu oynamadığına görə boykota qoşulmadıq”. Ancaq əslində oyunda uduzan yığmanın başında Foqts durur“.
Boykotun konkret səbəblərinə gəlincə, R.Ergün bunları deyib: “Düzdür, Foqts “İnter”in baş məşqçisi Valentin Xodukindən fərqli olaraq Azərbaycan jurnalistlərini təhqir etməmiş, söyməmişdi. Ancaq Berti Foqts nəinki Azərbaycan jurnalistlərinə, ümumilikdə Azərbaycan ictimaiyyətinə yuxarıdan aşağı baxır. Ümumilikdə isə burada söhbət təkcə Foqtsa qarşı deyil, Azərbaycan futbolunun idarəçilərinə qarşı etirazdan gedir. Qədim vaxtlarda qonşu dövlət şahın elçisinin başını kəsirdi, bu o demək idi ki, həmin ölkə müharibə elan edir”.
R.Ergün bu cür boykot hərəkətlərinin yenə də olacağını deyib: “Biz bilirik ki, sabah Foqtsun yerinə başqası gəlsə yenə məğlubiyyətlər sıralanacaq. Ona görə də bu, sadəcə, bir siqnal idi. Biz sabah AFFA-nın binasının qarşısında da aksiya keçirə bilərik, bunu Rövnəq Abdullayevin özünə qarşı da edə bilərik”.
Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı isə baş məşqçinin boykot edilməsini pis qarşıladığını deyib. Baş direktor əslində bu olayın Azərbaycan mətbuatı üçün çox utandırıcı hal olduğunu bildirib. O, bu halın təkrarlanmasını qətiyyən istəmədiyini vurğulayıb: “Bu, çox ayıb bir işdir. Jurnalistin xəbəri boykot etməsi qədər gülünc və absurd bir şey ola bilməz. Jurnalistin peşəsi hər zaman xəbərin arxasınca qaçmaq, məsəllə desək, hətta “yerin deşiyindən də olsa” tapıb yazmaqdır, nəinki xəbər onun üstünə gəldiyi yerdə onu qoyub qaçmaq. Jurnalistikada belə şey yoxdur. Bu, əsgərin səngərdən qaçması kimi pis bir hərəkətdir. Mən çox təəssüf edirəm ki, orada bizim şirkətin işçisi də eyni addımı atıb. Mən ona da, onun rəhbərinə də öz təəssüflərimi bildirmişəm. Qətiyyən bu halın təkrar olunmasını istəmirəm. Biz Azərbaycanda hər zaman tərəfsiz jurnalistikadan yana olan şirkətik. Sona qədər də bu prinsiplərimizin üzərində duracağıq. Jurnalistin vəzifəsini yerinə yetirən zaman siyasi mənsubiyyəti, şəxsi fikri, hadisələrə emosinal münasibəti olmur. Əgər hansısa jurnalist azarkeşlik etmək istəyirsə, onda bunu təmsil etdiyi şirkətin arxasında dayanaraq etməməlidir. Getsin digər azarkeşlər üçün ayrılan yerdə otursun, baş məşqçi üçün “istefa” şüarı da səsləndirsin, həyəcanını da, hirsini də, sevincini də bildirsin. Ancaq “notebook”un, qələmin, arxasında dayanıb, təmsil olunduğu şirkətdən istifadə edərək mətbuat konfransında belə hərəkətə yol vermək ən yumşaq halda qeyri-peşəkarlıqdır. Bu, həkimin xəstəyə onun dininə, irqinə, irsinə görə fərq qoyması kimidir”.
V.Mahirqızı bu hərəkətin davam etməməsi üçün bütün həmkarlarını qeyd olunan hala qarşı mübarizə aparmağa çağırıb: “Bütün baş redaktorları baş məşqçinin mətbuat konfransını boykot edən əməkdaşlarını cəzalandırmağa çağırıram. Bu məsələni Mətbuat Şurasının növbəti iclasında qaldıracağam ki, Şuranın İdarə Heyəti olaraq bu aksiyanı qınayaq. Çünki bu hadisələr son vaxtlarda bəzi müğənnilər və digər peşə sahibləri ilə bağlı baş verir. Özü də bu cür aksiyalar idarə olunur. Jurnalistlər özləri imkan verməməlidirlər ki, digər həmkarları onlardan alət kimi istifadə etsin. Jurnalistin münasibət bildirmək üçün böyük imkanı var - qələmi. Digər peşə sahibləri boykot və ya piket taktikasına ona görə gedirlər ki, onu bizə çatdırsınlar, biz o etirazı görək və yazaq. Bəs onda biz bunu niyə etməliyik?”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan jurnalistlərinin etdiyi hərəkətin düzgün olduğu qənaətindədir: “Həm alman texnik çalışdırıcısı, həm də Azərbaycanın futbol siyasətinin başında duran adamlar bütün ölkəni, o cümlədən bu ölkənin vətəndaşları kimi jurnalistləri də hirsləndiriblər. Bununla yanaşı, hər kəs öz etirazını, təpkisini bildirməkdə sərbəstdir. Jurnalistlər də görünür bu yolu seçiblər. Hesab edirəm ki, onlar mənim də adımdan doğru olaraq bu addımı atıblar”.
“Bakı–Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev jurnalistlərin boykot hərəkətinin arxasındakı hissləri başa düşdüyünü, bununla yanaşı, onların düzgün etmədiyini bildirib: “Bu, emosional bir addımdır və onların hissini başa düşürəm. Amma fikrimcə, jurnalistlər həmin anda vətənpərvərlik hislərinin nə qədər yüksək olmasından asılı olmayaraq, unutmalı deyildilər ki, onlar həm də peşə borcunu yerinə yetirən və müəyyən statusu olan Azərbaycan vətəndaşlarıdırlar. Əlbəttə, bu etirazı başqa cür də ifadə etmək olardı. Məsələn, bir neçə dəqiqəliyə mətbuat konfransı keçirilən zalı tərk edib, yenidən ora kollektiv şəkildə qayıtmaq, baş məşqçinin bu uğursuzluğuna görə sözün həqiqi mənasında “divara dırmaşdırmaq” olardı. Yaxşı olardı ki, jurnalistlər axıra qədər iştirak edərək məsələ ilə bağlı baş məşqçinin mövqeyini oxuculara çatdıraydılar. Etiraz etmək istəsəydilər belə, peşə fəaliyyətini pozmayan bir formada edəydilər”.
Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə isə deyib ki, mətbuat konfransının özünün vəzifələri var: “Boykot forması mətbuat konfransının adına da uyğun gəlmir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı olayı Azərbaycan futbolunun uğursuzluğa düçar olması səbəbindən baş verməsini ehtimal etməklə yanaşı qeyd edib ki, jurnalistin işi yazmaq, proseslərə aydınlıq gətirmək, oxucuları məlumatlandırmaqdır: “Mətbuat konfransını tərk etmək peşə etikası baxımından düzgün deyil”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də mətbuat konfransının boykot edilməsini düzgün saymır: “Çünki jurnalistlər bu cür məsələlərdə bitərəf mövqedə dayanmalıdırlar. Əslində belə hərəkətlər jurnalistin bitərəfliyini şübhə altına alır, jurnalist artıq tərəfə çevrilir. Düzdür, burada vətəndaş mövqeyi də var. Ancaq məsələyə başqa prizmadan baxmaq lazımdır. Ümumilikdə isə Azərbaycan futbolunun problemi təkcə Berti Foqts deyil. Bu işə kompleks şəkildə yanaşmaq lazımdır”.
Pərvin ABBASOV

1112