Şaxsey vahiməsi, çadralı və qol-boyun sevgililər, ziyarətdə eşqbazlıq... - REPORTAJ
Əvvəli: http://www.lent.az/news.php?id=48356
Laqeyd və rahat Rəşt
Aygünü namaz üstə qoyub, keçək İran əyalətlərinə. İran Astarasından sonra qədəm basdığımız ilk vilayət Rəşt şəhəri oldu. Bu şəhər görünüşündən, qıraqlarındakı yaşıllıqlardan, evlərinin və başqa tikililərinin xırdalığından Astaraya oxşasa da, oradakı şıdırğı alver, küçələrdə qaynaşan izdiham, səs-küy burada yox idi. Yol uzunu düzülmüş xudmani və adamsız kafelərin, dükanların qarşısında yüzlərlə insanın susuzluğunu qandıra biləcək yekəqarın samovarlar qaynayır, samovarların o tayındakı köhnə-kürüş piştaxtalardakı İran istehsalı, ucuzvarı şirniyyatlar öz rəngbərəng kağızları ilə «gəl-gəl» deyirdi.
Rəştdə Kərbəlayi yenə bizi avtobusdan qovub çıxartdı. Dedi ki, indicə çox ağır bir ziyarətgaha girəcəyik. Deyilənə görə, burada yeddinci imam Museyi Kazımın nəvə-nəticələrindən biri dəfn olunub. Amma bu ehtimal da var: bəlkə də o müqəddəs zat heç burada dəfn olunmayıb. Çünki külli-İran ərazisində həmin möhtərəm zatın üç məzarı var və hansının doğruçu olduğu məlum deyil. Ol səbəbdəndir ki, hər üç məzar müqəddəs ziyarətgah hesab olunur, üçünə də nəzirlər aparılır, üçündə də qurbanlar kəsilir.
Hamılıqla ziyarətgahın qarşısında yarımçevrə vəziyyətində dayanaraq, həm nitq söyləyən, həm də özünü və bizi videolentə alan Kərbəlayinin bu müqəddəs ocaq barədəki çıxışını dinlədik. Sonra «həmdü-surə»ni oxuyaraq, ziyarətgaha keçdik (qadınlar sağ, kişilər sol qapıdan). Günbəzi rəngbərəng daşlarla, zərvərəqlərlə, güzgü qırıqları ilə bəzənmiş məzarın başına dolanıb, ağlaşa-ağlaşa, şəbəkələrini öpə-öpə, üç dövrə vurduq. Anam ziyarətgahda məcməyilərə düzülmüş şirin kökələrdən birini götürdü və məndən pul alıb, ora nəzir qoydu. Aygünlə kökəni iki bölüb, yedik.
Ziyarətgaha Rəşt şəhərinin əhalisindən də xeyli adam gəlmişdi. Qara-qura, başı örtüklü, biləklərinin yarısını çadra, yarısını qızıl bilərziklər örtmüş arvadlar, qıvraq şalvar-manto geyinib, başına yüngülvari şərf atmış gənc qızlar, qol-qola, qucaq-qucağa gələn sevgililər. Bizim dindarlıqları gendən çağırsın deyə baş-yaxalarını bərk-bərk bürümüş, kişi görəndə yalandan yaşmanan arvadlarımız bu İslam ölkəsindəki, üstəlik əyalətdəki rahatlığı görəndə, həm yüngülvari pərt oldular, həm də qol-qola gəzən sevgililəri, başlarının yarısı açıq olan fars qızlarını qınadılar:
- Elə bizi qınamağı bilirlər, özləri çadranın altında hər iş eləyirlər…
Ziyarətgahın qarşısında qara çadralı, ağ bənizli, farsca danışan bir türk qızı bizi ehsan halvasına qonaq elədi.
Avtobusun yanına qayıdıb, termoslarımızı yaxınlıqdakı kafelərin qarşısında pıqhapıqla qaynayan yekəqarın samovarlardan doldurduq (müsəlman qardaşlarımız hər termos dolusu qaynar suya görə bizdən bir «xomeyni», yəni bizim pulla 80 qəpik aldılar).
Kasıb və hüznlü Tehran…
Rəştdən çıxıb, daban aldıq Tehrana. Amma biz sizin televiziyadan gördüyünüz alışıb-yanan, göydələnləri göz çıxaran, körpüləri ah çəkdirən, küçələrində, prospektlərində saysız maşınların şütüdüyü, yerlilərin və turistlərin qaynaşdığı üstü bəzək Tehranı görmədik. Bizim gördüyümüz Tehran yarımçıq asfaltlı, köhnə, uçulub-dağılmış binaları, evləri olan, küçələrində adamlardan daha çox küləklərin və səyyar, kirli piştaxtaların üstündə meyvəcat satan boz satıcıların dolaşdığı, kasıb və hüznlü idi. Olsun, gözüm, olsun. Axı biz Tehrana şəhərin gəzməli-görməli yerlərini dolaşmağa deyil, müqəddəslərin uyuduğu ziyarətgahları dolaşmağa gəlmişdik.
Ağır avtobusun deyil, yalnız xüsusi maşınların qalxa biləcəyi, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən ziyarət dağına idi yolumuz. 32 nəfər bir-birimizi bastalaya-bastalaya xüsusi maşınlara doluşduq. Artıq gecə idi, demək olar ki, iki gündü çayı avtobusda içirdik, hələ yemək üçün heç yanda dayanmamışdıq. Aclığın, yorğunluğun, şəpəsi yavaş-yavaş gələn əsəbiliyin təsirindən arıq necə yollarla yuxarı qalxdığımızı, yola nə qədər vaxtın sərf olunduğunu bilmədim.
Min bir zülmlə qalxdığımız bu ziyarətgah imam Rzanın əshabələrinin yezidlərdən gizləndiyi kahalardan ibarətdir. Hədisə görə, imamın əshabələri burada yezidlərdən gizlənmək üçün, dağın başındakı qayalara söykəniblər və onlar söykəndiyi zaman həmin qayalar İranda İslamı yayan könüllülərin bədənlərinin vəziyyətini alaraq, oyuq-oyuq olub. Təbii ki, bu dağın maraqlı görkəmini təsadüfi təbiət hadisəsi kimi izah etmək heç bir əməli-saleh müsəlmanın ağlına gəlməz. Aygün Aslanlı axır ki, dilə gəlib, öz ehtimallarını sadalayanda bizim zəvvar arvadlar az qaldılar ölkənin ən istedadlı kinoşünasını elə müqəddəs ziyarətgahdaca daş-qalaq eləsinlər. Anamın qarabağlı diplomatiyası sayəsində yazığı birtəhər onların əlindən qurtara bildik.
Səhərə yaxın gəlib, avtobusa çatanda sürücümüz Vəli əmi oturacaqlara sərələnib, xorhaxorla yatmışdı. Səsimizə oyanıb, gözlərini ovuşdurdu və xəngəldən doymayan Ardanışlı kimi deyinə-deyinə sükan arxasına keçdi…
Qəzəbli və qədim Qum
İranda ən qatı dindarların yaşadığı Qum şəhərinə yaxınlaşdıqca, müasir tikililər azalır, gözümüzə şərq arxitekturasının elementləri ilə bol, təmir olunmadığı üçün özünün boz qədimliyini hələ də saxlayan, tağlı, haşiyəli şəhər divarları, fasadı, günbəzi köhnə naxışlı məscidlər, yastı-yapalaq kərpic komalar dəyirdi.
Qədim Qumda ayağımızı yerə qoyan kimi, Kərbəlayi şən və gülərüz zəvvarbaşılıqdan çıxıb, dönüb oldu qaraqabaq və qəzəbli axund. Şalvar geyinənləri, başını yaxşı örtməyənləri, dişini ağardanları bərk danladı, özümüzü ağır aparmağımızı tapşırıb, bizi qabağına qatdı və ziyarətgaha apardı. Yeddinci imam Museyi-Kazımın qızı, səkkizinci imam Rzanın bacısı Həzrəti Mənsumənin (Fatimə) məzarı idi. İndiyə qədər gəzdiyimiz seyrək adamlı ziyarətgahlardan fərqli olaraq, burada iynə atsan yerə düşməzdi. Və burada qadınlar, qızlar da o biri şəhərlərdəkindən fərqli olaraq, ciddi-cəhdlə qara çadralara bürünüb, yaşmaqlanmışdılar ki, onları görəndə biz Kərbəlayidə baş verən dəyişikliyin səbəbini anladıq.
Başımı örtsəm də, çadram olmadığı üçün məni ziyarətgahın içərisinə buraxmadılar. Yerinə daş və onlarla böyük xalça döşənmiş iri, hovuzlu, fəvvarəli həyətində oturub, qaldım. Burada oturan təkcə mən deyildim, ziyarətdən yorulan, dost-tanışını gözləyən, su, çay içən kişili-qadınlı zəvvarlardan, yerli əhalidən çoxu xalçaların üstündə bardaş qurub, oturmuşdu. Aralıqda avaralanan uşaqlar əllərindəki xırdaca Quran kitablarını, müqəddəslərin şəkillərini gətirib, zorla adamın gözünə soxur, almaq istəməyəndə hədiyyə verdiklərini deyir, elə ki şəkli və ya kitabçanı aldın, pul tələb eləyirdilər. Ziyarətgaha nəzir gətirənlər, niyyət eləyənlər şirni, noğul-nabat, şərbət paylayırdılar. Kişilərdən, arvadlardan çoxu boş vaxtdan istifadə edib, nə vaxtsa ötürdükləri namazların qəzasını qılırdılar.
Bir azdan yanımda çox qəşəng bir qız oturdu. Qız oturanda ətəyini yığışdırdığı çadrasının altından dar cins şalvarı, qıvraq koftası göründü. Bardaş quran kimi, qız üzümə gülümsündü və türk olduğumu bilən kimi söhbətə girişdi. Gözəlin adı Mina, vətəni Miyana şəhəri idi. Gözəl və gülərüz Mina mən heç nə soruşmamış, şirin güney ləhcəsində olsa da, təmiz Azərbaycan türkcəsində İran barədə danışmağa başladı:
- Tehran və İranın böyük şəhərləri əyalətlər kimi deyil. Böyük şəhərlərdə geyim tam sərbəst olmasa da, rahatdır. Başını yarıya qədər aça bilərsən, mantonun qollarını qısalda bilərsən, küçədə naməhrəmlə rahat danışa bilərsən. Amma Qumda, Məşhəddə, ziyarətgahların, dindarların çox olduğu yerdə bunlar hamısı qadağandır. Burada çadrasız qadını sərbaz tutub apara bilər. Hətta cəzalandıra bilərlər. Küçədə bir qız yad oğlanla danışsa, hamı onları qınayar…
Bu yerdə Mina nitqini yarıda saxladı. Bizə yaxınlaşan ortayaşlı, yaşmaqlı bir qadın sellofan kisədən çəhrayı şirnilər çıxarıb, hərəmizə birini verdi və uzaqlaşdı. Şirnilərimizi ovurdumuza atdıq və Mina söhbətinə davam elədi:
- Burada adamı təkcə sərbazlar saxlamır. Qapqara, yekə çadraya bürünmüş arvadlar var ki, bir də gördün ətəyindən dartıb, səni danladılar ki, bu nə paltardı geyinmisən, sənin çadran hanı?!
Mina tələbə idi. Tehranda universitetdə oxuyurdu. Həmin gün tələbə yoldaşları ilə Quma gəzməyə, qədim yerlərə baxmağa gəlmişdilər. Bir azdan Jəmkəran vilayətinə getməli idilər, amma vaz keçdilər. Xamneyinin hazırda həmin şəhərdə səfərdə olmağı qızların planlarını dəyişmişdi. Səbəb tələbələrin də, universitet rəhbərliyinin də İrandakı rejimə müxalif olmağı idi.
Zəvvar yoldaşlarımızın ziyarətgahdan qayıtmağı Minanın söhbətini yarımçıq qoydu. Müxalifətçi tələbə ilə bir-birimizə gülümsəyib, ayrıldıq. Minanın ictimai-sosial məzmunlu ciddi söhbətinin yerini isə zəvvar yoldaşlarımızın ziyarətgahın içindəki «fəaliyyətlərini» anladan qızğın söhbətlər tutdu. Məzar daşına əlini vuranlar bunu fəxrlə söyləyir, müqəddəs xanımın məzarına əl vura bilməyənlər paxıllıqla öz yoldaşlarına baxır, Kərbəlayi dini kontekstdə «quş» buraxan bir-iki zəvvarın üzünü danlayır, bir sözlə, “ara qarışıb, dəftər itmişdi”.
Qayıdıb avtobusa minəndə açıq-aşkar hiss olunurdu ki, neçə gündü buradaca yemək yeyib, oturacaqlarda yuxulayan zəvvarların əsəbləri tarıma çəkilib. Hamı partlamağa hazır idi. Totuq bacılar bir-biri ilə deyişir, çox güman ki, xəngəlinin dəmi gələn sürücümüz Vəli əmi, dəqiqədəbir köməkçisinin üstünə qışqırır, Kərbəlayi qızlardan hansınınsa yanında çox dayandığı üçün gənc Vüsalın üzünü danlayır, hətta səfərə çıxanda bizə bəh-bəhlə təqdim etdiyi Şəmkirli Seyidə belə çəmkirməyindən qalmırdı. Elə zəvvarlar da pis deyildilər, Kərbəlayi birini deyəndə, onlar beşini deyirdi.
Həm ziyarət, həm ticarət şəhəri - Məşhəd
Yavaş-yavaş bir-birimizi didə-didə Jəmkəranda, Xorasanda daha bir neçə ziyarətgah dolanıb, axır ki, Məşhədə çatdıq. Qalacağımız otelin qarşısında dayananda bu gecə axır ki, normal yorğan-döşəkdə yatacağımıza inana bilmirdik. Otaqlarımızın açarlarını alıb, yuxarı qalxdıq. Otaqların avadanlığı, genişliyi-zadı rahat olsa da, İrandakı hər yer kimi, kir-pas aləmi bürümüşdü. Yastıqlarımızı şərflərimizə bürüdük, çadralarımızı mələfə əvəzinə döşəyin üzünə çəkib, birtəhər yatacaqlarımızı rahatladıq. Çantalarımızdakılardan babat bir axşam yeməyi düzəldib yeyəndən sonra şəhəri gəzməyə çıxdıq. Vüsalla Seyid bizi tək buraxmadılar. Əyinlərini dəyişib, bizə qoşuldular.
Gecə gözü ilə gördüyümüz Məşhəd işıqları-zadı, yollarındakı tıxacları ilə Bakının mərkəzini xatırladan, adama heç də yad gəlməyən bir şəhər idi. Təbii ki, gördüyümüz qadınların başlarının örtülü olmasını çıxmaq şərti ilə. Əsl azərbaycanlılar kimi, özümüzü birinci olaraq dükanlara, ticarət mərkəzlərinə verdik. Və elə bir-iki saat gəzəndən sonra məlum oldu ki, İranda təsbeh, gülab və ədviyyatdan başqa heç nə yoxdur. Və bu qıtlıq şəhərinin dükanlarında vurnuxan insanların nə aldıqlarını anlaya bilmirdim.
Alış-verişdən əlimiz üzüb, kafelərdən birində çay içmək qərarına gəldik. Üz tutduğumuz kafelərin birində çay, o birisində isə çay içmək üçün stəkan tapılmadı. Bütün küçəni ələk-vələk eləyəndən sonra axır ki, Astaradakı kimi, kirli və yöndəmsiz stəkanlarda boz-bulanıq maye içə bildik. Bir oğlan uşağı o kirli stəkanlara süzdüyü bulanıq suya çay paketləri atıb, qabağımıza qoydu. Kafe sahibi bir kənarda yekə və kirli kötüyün üstündə ət doğrayırdı, bizdən başqa yeganə müştərilər olan ər-arvad çatlaq məcməyinin içinə qoyulmuş yanıq-yunuq fətirdən qoparıb, dəmir kasaya salır, kasanın içindəki qarışığa bulayıb, yeyir və bərəlmiş gözləri ilə bizə baxırdılar. Kafedə hər yer, masalardan tutmuş, kassaya, kətillərdən tutmuş qab-qacağa qədər hər şey çirkli və sınıq-salxaq idi. Buradan çıxıb, baş vurduğumuz, uzaqdan bahalı kimi görünən restoranlar, kafelər də olduqca pinti-pələş, çirkli və darıxdırıcı idi.
Heç olmasa, oteldə hazırlayıb, yemək üçün nəsə almaq istədik. Mağazalara girdik. Piştaxtaların üstündə ədviyyat və şirniyyatlardan başqa heç nə yox idi. Tərəvəz piştaxtalarındakı meyvə-tərəvəzlər hamısı köhnə, çarıq-çürük idi. Özümü Markesin «Patriarxın payızı» əsərindəki Letisiya Nasareno kimi hiss elədim (o qadın ən təzə-tər meyvə-tərəvəzləri, çiçəkləri əlinə alan kimi onlar soluxur, əlini vurduğu ət qaralır, bir sözlə yaxınlaşdığı, nəfəsi dəydiyi hə şey çürüyür, köhnəlir, solurdu).
Başqa şeylər bir yana, şəhərdə Allahın çörəyini tapa bilmədik. Neçə mağaza gəzdiksə, bizə yarısı çiy, yarısı yanmış, rezin kimi bərk lavaşlardan başqa heç nə təklif edə bilmədilər. Özüm heç, anama yazığım gəldi. Yaşlı qadını bura gətirib, ac saxlamalı olmuşdum. Özümü günahkar hiss elədim və Azərbaycandan, dükanlardakı bolluqdan, abad və təmiz restoranlardan, evlərdən, dəm çayniklərindən, armudu stəkanlardan, kəklikotu çayından, mürəbbələrdən ötrü burnumun ucu göynədi. Kövrəldim.
Bütün bu qanqaraçılıqla yanaşı, arada bir də çadrasız gəzməyimə irad tutan yaşlı İran arvadlarına, sərbazlara cavab verməli, birini yumşaq-yumşaq başa salmalı, birinə çəmkirməli olurdum.
Saata baxdıq. Bir azdan zəvvar proqramımızın əsas hissəsi başlayacaqdı. Səkkizinci İmam Rzanın məzarını ziyarət edib, Məşədi diplomunu alacaqdıq. Odur ki, otelə qayıdıb, ciddi-cəhdlə hazırlaşmağa başladıq.
Zəvvarlar hazırlaşmağında olsun, mən sizə İmam Rzanın taleyi barədə bir qədər tarixi məlumat verim.
Yeddinci İmam Museyi-Kazımın oğlu, səkkizinci İmam Rza hicri-qəməri tarixi ilə 148-ci ildə, Mədinə şəhərində anadan olub. İmam Rza 35 yaşına qədər atasının yanında yaşadıqdan sonra, onun öhdəsinə xilafət ərazisində İslamı yaymaq kimi müqəddəs vəzifə düşüb. İmam Rza 20 il şiəliyi yaymaqla məşğul olur. O zaman xilafətin tərkibində olan İranın Mərv (indiki Məşhəd) şəhərinə dəvət alan İmam Rza bura gəlir. Abbasi xəlifələrindən olan Harun Əmin Məmunun vəliəhdi təyin olunur. Amma xalqın İmam Rzaya hədsiz məhəbbətini görən xəlifə iki ildən sonra onu zəhərlədib, öldürür.
Altdan geyinib, üstdən qıfıllanıb, otelin foyesində hazır olduq. Əynini dəyişib idman paltarı geyinən sürücümüz Vəli əminin dincəlmiş və sanki haradasa xəngəl tapıb yemiş kimi məmnun üzü vardı. Hərəmizə bir atmaca atıb, avtobusu oteldən çox da uzaqda yerləşməyən ziyarətgaha sürdü. Ziyarətgahın qarşısında, bir-birinin az qala ətini didən izdihamın arasında Kərbəlayi yenə bizi yarımçevrə şəklində düzüb, videolentə aldı. Sonra yenə başımızı açmamağı, artıq-əskik danışmamağımızı, yad adamlarla kəlmə kəsməməyimizi bərk-bərk tapşırıb, bizi içəri apardı.
Ziyarətgahın qarşısında izdiham bir-birinin ətini didirdisə, içəridə əsl Kərbəla müsibəti idi. Dörd tərəfdən divarları, tavanı, döşəməsi minbir naxışa, bərbəzəyə, yazıya, çilçırağa tutulmuş bu yerdə insan az qalırdı havalansın. Bir-birini itələyə-itələyə, ayaqlaya-ayaqlaya, İmam Rzanın məzarına daha yaxın düşmək, əlini müqəddəs məzara vurmaq istəyən müsəlman bacı və qardaşların bağırtı-çığırtısı, ağlaşması, ağıları ərşi-əlaya dirənmişdi. Müsəlmanların yanlarına salıb gətirdikləri balaca uşaqlar gördükləri, eşitdiklərindən vahiməyə gəlib, ağlaşır, əl-ayaq altında qalan qarılar, qoca kişilər qışqırışırdı. Bütün bu dəhşət tablosu müqəddəs məzarın ziyarətinə gəlməyin sehrini öldürür, nəsə hiss etməyə macal vermirdi. Getdikcə kəskinləşən bağırtı, nalə, şaxseylərdən vahimələnməyə başlamışdım. Oturub, Quran kitabından nəsə oxuyan bir qadın döşünü çıxarıb, qucağındakı uşağın ağzına salmışdı. Gözü quranda, fikri getdikcə kəskinləşdirdiyi çığırtısının yanında olduğundan döşü də, uşaq da yadından çıxmışdı. Bir anlığa döşün ucunu ağzından buraxan uşaq ağladı, ağzı ilə döşü axtarmağa başladı. Axtarışları uğursuz olduğundan, uşaq daha bərkdən çığırdı. Çığırmaqdan bağırdalaq olan uşağın səsi ətrafdakı qara-qışqırığın içində itib-batdı. Qorxudan, ağlamaqdan gömgöy kəsilən uşağa baxanda bircə istəyim qalmışdı – izdihamı yarıb, buradan ilim-ilim itilib-getmək.
Anamı, Aygünü izdihamın arasında buraxıb, otelə qayıtdım və yıxılıb, yatdım.
Anamla Aygün gecə saat dörddə qayıtdılar. Qırımımı görüb, heç biri mənə heç nə demədi. Mən ziyarətdən yarımçıq qayıtdığım üçün anamın hirslənəcəyindən ehtiyat eləyirdim, amma onun vecinə deyildi – ziyarətgaha girəndə bir iranlının əlini atıb, bizim zəvvar qadınlardan birinin budunu əlləşdirməyini nağıl eləyib, uğunurdu.
Ömrü boyu Məşhəd ziyarətinə gəlməyi arzulayanıma bax, İlahi!
(Ardı var)
Günel Mövlud

2658