Rəşad Məcid: “Səninlə gəzmək üçün arvaddan icazə almışam...”
Baş redaktor, yazıçı, məmur müsahibimiz Yunus Oğuzun kitabı haqda gizlində nə dedi, aşkarda nələr...
Hələ qollarımızı təzə-təzə çırmalayıb, “Üzlü qonağ”ı başlayanda, Lent.az-da redaktorlu-müxbirli hamımız qərara almışdıq ki, rubrikanın ilk qaranquşu ünlü yazar, ömründə cəmi bircə hekayə yazsa da, onu on yeddi dilə tərcümə etdirə bilmiş nasir, Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, Gənc Ədiblər məktəbinin mənəvi atası və nəhayət, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid olsun. Hələ o vaxt yay aylarıydı və günün qızmarında Rəşad müəllimin dərgahına pənah aparsam da, Rəşad müəllim layihəmizin formatından razı qalmadı. Nədən ki, layihə çərçivəsində mən onun evində də qonaq olmalı idim, bu isə müşkül iş idi. Niyə müşkül? Hə, bax, burası çox maraqlıdı.
Məsələ belədi ki, bir-iki il əvvəl belə başabəla layihələrdən birini yazanda Rəşad müəllimin qəzetinin qonağı olmuşdum. Redaksiyadan reportaj hazırlamalı idim. Üzüm ayağınızın altında, o vaxt jurnalistikada hələ adım it dəftərində də yox idi və yazı maraqlı, müəllif bir az diribaş görünsün deyə, reportajın sonunda yarıyalan-yarıgerçək yazdım ki, bəs, mən redaksiyadan qayıdandan sonra Rəşad müəllim mənə 50-60 SMS yazıb.
Odu ki, elə o vaxtdan bəri Rəşad müəllimin xanımının qısqanclıq zəminində məni görməyə gözü yoxdur. Və o boyda redaksiyaya rəhbərlik, o boyda Yazıçılar Birliyində başbilənlik edən Rəşad müəllim nə qədər əlləşsə, dilə tutsa da onu yola gətirə bilmir ki, bilmir.
Day əlacımızı Allah kəsib, axır ki, layihəni Rəşad müəllimin xanımının gözündən iraq yerlərdə eləməyə qərar verdik. Amma Rəşad müəllim yarızarafat-yarıgerçək dedi ki, evə getmədiyimizə baxma, arvaddan səninlə “gəzmək” üçün icazə almışam.
Görüşümüz Rəşad müəllimin katiblik elədiyi Yazıçılar Birliyində başladı. Nədən ki, həmin gün YB-nin türkün sözü elə öz altındaca qəttəzə açdığı “Bayatı” kitab mağazasında artıq ikinci nəşrini yaşayan “Nadir şah” tarixi romanının müəllifi, tarixçi patriot Yunus Oğuzun imza günü idi və Rəşad Məcid də qalstuk taxıb, tədbiri idarə etməli idi, nədən ki, təşkilatçı o idi.
“Kreslomu da bunlara verdim, yenə məndən razı qalmırlar”
Amma Yazıçılar Birliyinin qapısından yel kimi girib, Rəşad Məcidin kabinetinin qapısını tələm-tələsik döyüb, açsam da qəhrəmanımı yerində tapa bilmədim. Çıxıb, qapının ağzından gənclər katibinə zəng elədim ki, bəs, mən artıq gəlmişəm, özüm də elə sizin otağınızdayam. Redaksiyadakı reportaj zamanı Rəşad müəllimin otağını yiyəsiz görüb, təklikdə bir az qurdalamışdım və yəqin ki, bu da onun hələ yadında idi. Çünki “otağınızdayam” deyən kimi, Rəşad müəllim yeridikcə ora-bura dalğalanan qalstukunu bir əli ilə tuta-tuta qaçıb gəldi. Yəqin mərdimazar jurnalistin onun otağında “əl gəzdirmə”yindən ehtiyatlanıb. Nə bilmək olar, bəlkə də gənclərin katibi gələnə qədər otağa doğrudan da əl gəzdirmək lazım imiş, amma inanmıram, Rəşad müəllim “kompromat” şeyləri Yazıçılar Birliyindəki otağında saxlasın.
Çatar-çatmaz, özünü dəhşət demokrat göstərmək üçün mənə oturmaq üçün şəxsən öz kürsüsünü təklif elədi. Daha doğrusu, özüm orada oturmaq istədiyimi dedim, o da məmnuniyyətlə razı oldu. Özü isə keçib, adətən qəbuluna gələnlərin əyləşdiyi kətillərdən birində oturdu. Heç salam-əleyk eləməyə macal tapmamışdıq ki, bayaqdan dəhlizdə hamı ilə öpüşə-öpüşə üzübəri gələn millət vəkili Aqil Abbas özünü otağa yetirdi. Öpüşmək ritualını burada da davam elətdirərək, mənimlə də, Rəşad Məcidlə də març-a-marçla öpüşdü. Rəşad müəllim o dəqiqə məni otuzdurduğu kürsüsünü gözümüzə tir elədi:
- Baxın da, Aqil müəllim, kreslomu da bu cavanlara vermişəm, yenə mənnən düz sarımıllar!
Aqil müəllimi kreslo-zad maraqlandırmırdı, o tələsə-tələsə mənə də, Rəşad müəllimə də bir-iki irad tutdu, bir-iki adamın arxasınca danışdı, bir-ikisini asıb-kəsdi, bir-iki xırda miqyaslı qəhrəmanlıqlarından (təbii ki, bu qəhrəmanlıqların arasında kiminsə cibinə pul basmaq əsas prioritet idi) danışdı. Və hamısını deyib qurtarandan sonra yenə dəhlizdə kiminləsə öpüşməyə getdi.
Qəhrəmanımla mən eləcə bir-iki kəlmə dodaq dəbərdəndən (daha doğrusu, Rəşad Məcid Yunus Oğuzun adı hallanan romanının bir qəpiklik əsər olmadığından danışandan) sonra aşağıdakı tədbir, yəni Yunus Oğuzun imza mərasimi başlayırdı, ona görə də biz Rəşad müəllimlə tələm-tələsik YB-nin foyesinə düşdük.
Ara qarışdı, məzhəb itdi
Foyedə artıq onlarla ədəbiyyat həvəskarları və əsl yazı-pozu adamları yığışmışdı, təbii ki, Aqil Abbas indi də onlarla öpüşməkdə davam edirdi. Bu vaxt qəhrəmanım gözlənilmədən foyedə bağlanmasını məsləhət bildiyi “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı ilə üz-üzə gəldi və ikincinin könülsüzlüyünü vecinə almadan onunla bərk-bərk əl tutuşdu.
Tədbir başladı və bayaq kabinetdəki söhbət zamanı “Nadir şah”ı “Yunus Oğuzun zir-zibili” adlandıran Rəşad Məcid təbiri açaraq, bu romanın tarixi dəyərindən, Azərbaycan ədəbiyyatındakı yeni və vacib yerindən çoxlu-çoxlu danışdı. Təbirdə iştirak edən digər ziyalılar, ədəbiyyat adamları, millət vəkilləri də çıxış zamanı Rəşad müəllimin Yunus Oğuz və onun tarixi romanı barədə dediklərini “poçti çto” təkrar elədilər və mən üzümdə çoxbilmiş bir təbəssümlə fikirləşdim ki, Allah bilir, bunlar həmin roman haqda bir az əvvəl bir-birinə nələr danışıblar. Bu arada tədbirdəkilərlə öpüşməkdən macal tapan Aqil Abbas da çıxış elədi və heç olmasa o özünün bir az dəli-dolu danışığı ilə bayaqdan eyni şeyləri danışan adamların yaratdığı bozluğa bir az canlanma gətirdi. Çıxışını bitirən kimi də, yenə tədbirdə hələ öpüşmədiyi adamlarla öpüşməyə getdi.
Bir azdan tədbir Rəşad Məcidsiz də öz axarına düşdü, qəhrəmanım isə bu arada qəzet və televiziya müxbirlərinə ciddi-ciddi müsahibələr verdi, vaxt tapanda mənə bir-iki adamın qeybətini elədi. Bu vaxt tədbirin axırına özünü tələm-tələsik yetirmiş “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı “Nadir şah”dan bir nüsxə aldı və imzalatdı. Onu görən kimi Rəşad müəllim keçmiş baş redaktorumla (Xoşqədəm xanımı nəzərdə tuturam) küsülü olduğunu deyib, xətrimi bərk istəyən xanım redaktorla onu barışdırmağımı xahiş elədi. Xoşqədəm xanım sağ olsun, sözümü yerə salmadı, Rəşad müəllimlə barışsa da, onun paxırını açdı – iki baş redaktorun küsülülüyün səbəbi Rəşad Məcidin Xoşqədəm xanım xaricdə olarkən orda-burda onun qeybətini eləməsi imiş ki, bu da xanım baş redaktorun qulağına çatıbmış.
“Nadir Şah”ın hesabına Sultan qonaqlığı
Baş tutmuş “barışıq”dan həmən sonra “Nadir şah”ın müəllifi tədbirin təşkilatçılığının əziyyətini çəkmiş Rəşad müəllimə bu tədbirin və iki baş redaktorun barışmasının şərəfinə elə indicə satılmış kitabların hesabına bir qonaqlıq vermək istədi. Tədbirdə iştirak edən Qulu Məhərrəmli də dəvətlilər siyahısına əlavə olundu. Amma Yunus bəy, Rəşad Məcidin bu gün mənsiz heç yana gedə bilməyəcəyini və buna görə də mənim də məclisdə iştirak edəcəyimi biləndə qanı bərk qaraldı. Özünün dediyinə görə, o mənim yanımda danışmaqdan bərk ehtiyatlanırmış ki, bunun da səbəbini başa düşə bilmədim. Balam, hələ ki, Yunus bəy haqda ağ bir, qara iki yazmamışam, o niyə ehtiyat eləsin? Nəsə... səbəbini öyrənərik.
“Sultans” restoranında keçən məclisdə bu “media kapitanları” arasında bir az darıxacağımı düşünsəm də, hər şey gözlədiyimin əksinə oldu. Redaksiyalarda müxbirləri canlarından bezdirən redaktorlar xarici səfərlərdə başlarına gələnləri, cavanlıqlarını xatırlayıb, sağlığı sağlıq dalınca dedilər, Xoşqədəm xanım mətbuatın əsas dərdlərindən, Qulu Məhərrəmli ədəbli-ərkanlı sauna macəralarından danışdı. Adbaad badə qaldıranda aralarındakı “sarıdimdik müxbir”i də unutmadılar. Öz aramızdı, özlərini nə qədər dartsalar da, fikir verdim ki, başda qəhrəmanım Rəşad Məcid olmaqla, hamısı yazlarımı oxuyurlar. Hətta “mən bu qızın yanında danışmaqdan qorxuram” deyən Yunus Oğuz it ilində çap olunmuş, Qarabağ qadınlarından bəhs edən bir yazıma görə mənə öz narazılığını da bildirdi.
Rəşad müəllim Xoşqədəm xanımın könlünü almaq üçün dəridən-qabıqdan çıxdı, şərəfinə sağlıqlar dedi (amma qədəhi axıradək içmədi, çünki Rəşad müəllim ümumiyyətlə, yaza bilmədiyi kimi, içə də bilmir). Amma restorandan çıxan kimi, hələ məclis iştirakçıları bir-birindən aralanmamış, bayaqdan təriflədiyi Xoşqədəm xanım başda olmaqla, mənə məclisdəkilərin qeybətini eləməyə başladı.
Gənc Ədibləri də belə yarıtdıq
Hamını bir-bir yola salıb, Rəşad müəllimin YB-dəki kabinetinə qayıtdıq. Kabinet barədə bir qeyd eləyim ki, bu gün gənclər katibi burada özünün Nobelli türk yazarı Orxan Pamukla çəkdirdiyi şəklindən başqa şəkil olmaması ilə bərk fəxr etdiyini də dedi (nəyə və kimlərə işarə vurduğunu özünüz təxmin edin).
Burada o, mənəvi atalıq elədiyi Gənc Ədiblər məktəbinin bir-iki üzvü ilə görüşməli, onların “Ulduz” jurnalının bu dəfəki sayında çap olunacaq şeirlərini yoxlamalı idi. Mən Rəşad müəllimin öz şeirlərindən bir-ikisini yadıma salıb, həmin şeirləri yazan şairin hansı poetik zövqlə bu cavanların yazdıqlarına qiymət verəcəyini götür-qoy edərkən, qəhrəmanım öz “tələbə”lərindən ağıllı və eynəkli biri ilə birlikdə siqaret çəkib, ağıllı söhbətlər edə-edə şeirləri saf-çürük elədi. Şeirləri yoxlayarkən aradabir başını qaldırıb, mənim xətrimi çox istədiyini deməyi də unutmadı ki, qonağı darıxmasın.
Gənc ədibləri də yola verəndən sonra, növbədə Rəşad müəllimin baş redaktorluq etdiyi “525-ci qəzet”in redaksiyası idi. Rəşad müəllimin bizi “525-ci qəzet”ə aparan xidməti maşınında aramızda bir-iki ciddi ədəbi söhbət oldu. Amma Rəşad müəllimdən yavaşcadan soruşanda ki:
- Eşitmişəm, bu dəfə Anar müəllim namizədliyini verməyəcək, Yazıçılar Birliyinin sədrliyinə isə siz gəlmək istəyirsiniz? – qəhrəmanım bərk narahat oldu. Xəbəri həyəcanla təkzib etdi, sədrlikdə gözü olmadığını və Anar müəllimi çox istədiyini dəfələrlə təkrar elədi.
Rəşad Məcidin əsl otağı
Redaksiyaya çatdıq. Elə həmin “525”di ki, durub. Nə bir təmir, nə bir səliqə-sahmandan söz belə gedə bilməz. İşə axşamdan-axşama gələn baş redaktorsuz suyu sovulmuş dəyirmana oxşayan redaksiyada hərə öz işinin başında idi və nə baş redaktorun, nə də onun qonağının gəlişinə kimsə başını qaldırıb, reaksiya vermədi. Bizsə birbaşa baş redaktorun redaksiyada ən urvatlı otaq olan iri və rahat kabinetinə keçdik. Yazıçılar Birliyindəki kabinetdən fərqli olaraq, bu otaqda Rəşad müəllimin “var-dövləti” göz çıxarırdı. Rahat mebel, nazirlərə layiq, üstü dolu iri yazı masası, divarlarda müxtəlif “çəkili” personalarla çəkdirdiyi onlarla şəkil... Bu yerdə Rəşad müəllimdən gündə cəmi bir-iki saatını keçirdiyi otağı bu qədər bəzəməyin nəyə lazım olduğunu soruşmaq istədim, amma beyqəfil içəri girən çılğın Tofiq Abdin, daha doğrusu, Tofiq Abi sözü dilimin ucunda qoydu. Rəşad müəllim fürsətdən istifadə edib, Tofiq Abi ilə aramızı vurmaq istədi. Üzünü mənə tutub:
- Bayaq maşında mənə dediklərini, Tofiq bəyin üzünə deyə bilərsən? – deyə haqq aşığı kimi üzümə dirəndi.
Əslində mən maşında Tofiq Abdin barədə elə bir şey deməmişdim, sadəcə onun barəsində söz düşəndə, Abinin şeirlərinin çox bəsit olduğundan danışmışdım. Elə maşında dediklərimi indi Tofiq Abdinə danışdım. (Mən Rəşad Məcid deyiləm ki, gizlində “Nadir şah”ı “Yunus Oğuzun zir-zibili” adlandırıb, sonra tədbirdə kitabın tarixi dəyərlərindən danışam). Adamın üstündə Allah var, Tofiq Abi inciyib-eləmədən mənimlə razılaşdı və dedi ki, kitabında üç-dörd şeir belə mənim xoşuma gəlsə, özünü xoşbəxt hiss eləyər. Bunun üstündən daha bir böyüklük edərək, son yazılarımdan birini tərifləyib, çıxıb işinə-gücünə getdi.
Bizsə bir azdan “planlaşmaya” hazırlaşan (camaat “planlaşma”nı səhər eləyir, bu redaksiyada hər şey axşam həll olunur – bir əlində beş qarpız tutan baş redaktor işə bu vaxt gəlirsə, yazıq redaksiya heyəti neyləsin?) Rəşad müəllimlə bir az da ordan-burdan, Gənclər katibinin ipə-sapa yatmayan bütün postmodernistləri YB-nin bayrağı altına gətirməyi bacarıb-bacarmayacağından, Ramiz Rövşənin qaramat, yoxsa dahi şair olmasından, Rəşad Məcidin jurnalist Elnur Astanbəyliyə patoloji nifrətindən və bir çox başqa şeylərdən danışıb, yorulduq.
Danışmaqdan əlavə, elə bir-birimizdən də yorulmuşduq. Rəşad müəllimi bilmirəm, amma mən nağdı yorulmuşdum. Səhərdən axşamacan düşəsən bir yazarın arxasınca, nə var, nə var, layihədi. Yenə qəhrəman Umberto Eko-zad ola, dərd yarıdı. Mənim qəhrəmanım bircə hekayə yazıb (“10 sentyabr”) o da Markesdən oğurlayıb.
Buna görə də, Rəşad müəllimin otağına yığdığı redaktor zümrəsi ilə keçirdiyi “planlaşma”dan həmən sonra aradan əkildim. Düzdü, qəhrəmanım hələ məni bulvara-filan da dəvət eləmişdi, amma məncə, Rəşad müəllim çətin ki, bulvar kimi azad bir yerdə tamam başqa bir adam olaydı.
Rəşad Məcid elə hər yerdə Rəşad Məciddir.
Kim necə istəyir, elə də başa düşsün.
Gələn görüşlərədək.
Günel Mövlud

1469