Qanlı imperiyanın əlvida şərqisi – ARAŞDIRMA
28 aprel 2009 14:30 (UTC +04:00)

Qanlı imperiyanın əlvida şərqisi – ARAŞDIRMA

“Soyuq barmaqlarını aralayıb, silahı aldı, lüləni başına dirəyib, tətiyi çəkdi...”

…Bu qanlı müharibənin baş canisi hesab olunan Hitlerin ölümü haqqında ilk rəsmi məlumat 2 may 1945-ci ildə Bormanın imzası ilə admiral Denitsə ünvanlanmış radioteleqram hesab olunur. Burada yazılmışdı: "Vəsiyyətnamə qüvvəyə mindi. Siz Almaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin olunursunuz. İlk imkan ələ düşən kimi yanınızda olmağa çalışacağam. Borman."
Ancaq bu radioteleqrama qədər Sovet və Birləşmiş Qüvvətlər qoşunlarının bombalarından darmadağın olmuş Berlindəki bunkerdə bütün aprel boyu, dünyanın 63 ölkəsini əhatə edən, milyonlarla insanın həyatına son qoyan, bəşəriyyətə böyük itkilər hesabına başa gəlmiş İkinci Cahan Savaşının son faciəvi dramatik olayları baş vermişdi. Çalışacağam, müxtəlif mənbələrdən, OKV-nin (Almaniya Ali Baş Komandanlığı) qərargah sənədlərindən, son günlərinə qədər fürerin yanında olmuş faşist rəhbərlərinin, stenoqramçıların və katibələrin xatirələrindəki məqamlardan Almaniya diktatoru Adolf Hitlerin son günləri haqqında hadisələr silsiləsini diqqətinizə çatdırım.

Fürerin son günləri

Bu gün əldə olan sənədlərə istinadən belə nəticəyə gəlmək olur ki, Hitlerin yanında son protokollaşdırılan rəsmi hərbi müşavirə 1945-ci il aprel ayının 21-dən 22-nə keçən gecə yığışıbmış. Müşavirədə iştirak etmiş OKV-nin əməliyyat zabitinin gündəliyində oxuyuruq: "...Stenoqramçılar gəlmədiyi üçün makinaçılardan birini müşavirəni protokollaşdırmağa çağırdılar. Hitlerin gözlərinə elə bil qan sağılmışdı, danışanda ağzının kənarlarından su axırdı... Onun bütün vücudu hər şeydən yorulmuş insanın zavallı bir görünüşündən ibarət idi. Döyüşlər artıq Berlin ətrafında getdiyi halda, onu daha çox digər mövqelərdə gedən döyüşlər maraqlandırırdı. Generalların göndərdikləri döyüş təqrirlərini dinlədikdən sonra, son vaxtlar tez-tez işlətdiyi sözü bir daha söylədi: "Xəyanət!... Yalnız xəyanət!..."
"Mənim fürerim, doğrudanmı, hesab edirsiniz ki, döyüşlərdəki məğlubiyyətlərin səbəbləri yalnız generalların xəyanəti ilə bağlıdır" sualıma qısa pauzadan sonra "Şərqdəki bütün məğlubiyyətlərimizin səbəbi generalların xəyanətidir" cavabını verdi. Hiss etdim ki, özünün bu fikrinə qəti əmindir.

İclas qurtaranda Xarici İşlər Nazirliyinin nümayəndəsi başını yarıaçıq qapıdan içəri soxub "mənim fürerim, bəlkə siyasətlə nə isə etmək mümkündür" deyə soruşdu. Hitlersə geri dönüb müşavirə iştirakçılarına baxdı, "siyasətlə məndən sonra məşğul olarsınız. Siyasət artıq məni iyrəndirib" dedi və ayaqlarını sürüyə-sürüyə otağı tərk elədi".

...Aprel ayının 28-dən 29-na keçən gecə Hitler 1929-cu ildən məşuqəsi olan Eva Braunun son arzusunu yerinə yetirir. O, "mən tarixdə Hitlerin məşuqəsi kimi deyil, həyat yoldaşı kimi qalmaq istəyirəm" deyən Yeva Braunla Göbbelsin, Bormanın, daha bir neçə generalın və katibələrin iştirakı ilə kəbin kəsdirir. Mərasimin rəsmi hissəsindən sonra hamı yemək masası arxasına əyləşir. Deyilənlərə görə, həmin gün Hitler bir o qədər də kefsiz deyilmiş. Hətta gecə gördüyü yuxusunu da masa yoldaşlarına danışır: "Yuxuda anamı görmüşəm, o da belə gözəl şorbalar bişirərdi..."

Bir azdan patefonda Vaqnerin musiqisi səslənir.

Generallardan biri fürerin katibəsi İnqanı rəqsə dəvət edir. Digərləri də onlara qoşulurlar. Bu zaman içəri otaqda olan Hitler qapını açır və əsəbi şəkildə "cənablar, bəlkə bu günlərdə bizim hamımız üçün vacib olan səssizliyi təmin edəsiniz?" deyir.

...Onun ölümü, daha doğrusu, intiharı haqqında müxtəlif versiyalar var. Ancaq hadisələrin gedişatı, üzə çıxan faktlar, darmadağın edilmiş bunkerdən tapılan sübutlar, həm Sovet, həm də ABŞ və İngiltərə rəhbərlərinə təqdim olunan araşdırmalar nəticəsində fərqli mənbələrdə Adolf Hitlerin ölümü təxminən belə təsvir olunur.

Bormanın köməkliyi ilə Hitlerin ölümündən bir neçə gün əvvəl yazılmış vəsiyyətnamənin tərtibinə qədər Borman onun həyatdan getməsi üçün fürerin şəxsi həkimi ilə söhbət aparıbmış. Ancaq partiya səlahiyyətlisini "millətin fürerinin" düşmən tərəfindən sağ ələ keçirilməməsindən daha çox, Hitlerin ölümündən sonra mümkün ola biləcək sülh danışıqları və təbii ki, öz həyatı maraqlandırırdı. Belə fikir də söylənilir ki, həkim Hitlerin tezliklə həyatdan getməsinə kömək edəcəyinə söz versə də, "Hippokrat andı"ndan keçə bilməyib. Bir mühüm məqamı da qeyd edək ki, artıq aprel ayının sonlarında Hitlerin yanında yüksək rütbəli dövlət rəhbərlərindən yalnız iki nəfər qalmışdı: Təbliğat naziri Göbbels və partiya naziri Martin Borman. Yazılanlara inansaq, bu günlərdə Hitlerin demək olar ki, bütün hərəkətlərinə nəzarəti Borman öz üzərinə götürübmüş.

Bu gün Hitlerin intihar etmək qərarını nə vaxtdan qətiləşdirdiyi haqqında dəqiq bir söz demək mümkün deyil. Ancaq faktlar var ki, aprelin 29-na qədər fürerin Berlin mühasirəsindən düşmənlərin əlinə keçmədən çıxa bilməsi üçün bir neçə dəfə məsləhətləşmələr olub. Ancaq təxmin etmək olar ki, daxili işlər nazirinin, Berlinin müdafiəsinə cavabdeh olan general Veylinqin, Bormanın və Göbbelsin iştirak etdiyi belə qapalı iclasların birində aparılan söhbətdən sonra Hitler intiharın yeganə yol olduğunu anlayıb. Belə ki, Bormanın israrla bir neçə dəfə "general, mühasirədən keçərkən fürerin ələ keçməyəcəyinə zəmanət verirsinizmi" sualına Veylinqin "mən 100 faizin yalnız 1 faizinə zəmanət verirəm" cavabından sonra söhbəti kənardan müşahidə edən Hitler ayağa durur və "fürerə sədaqətinizə görə sizə təşəkkür edirəm, general, mən Berlini tərk etməyəcəyəm" deyir.

Sonra Hitler Bormanın köməkliyi ilə siasi vəsiyyətnaməsini tərtib edir. Vəsiyyətnamədə deyilirdi: “Reyxin məcburən cəlb olunduğu Birinci Dünya Müharibəsinə könüllü şəkildə qatıldığım vaxtdan 30 ildən çox müddət keçir. Bu onilliklər ərzində mən yalnız xalqıma sevgi, sədaqətlə hərəkət etmişəm. Bu illər mənim sağlamlığımı, enerjimi əlimdən alıb.
1939-cu ildə Almaniyada mənim, yaxud başqa birisinin müharibə istəməsi ağ yalandır… Əksinə, mən silahlanmanın qarşısının alınması üçün əlimdən gələni etdim. Yüzillər keçəcək və bizim xarabazarlığa çevrilmiş şəhərlərin dağıntıları altından bu müharibənin mənim başlamadığım haqda əsl həqiqət meydana çıxacaq…

Mən isteriya vəziyyətində olan düşmənlərin həzzi naminə yeni tamaşa hazırlayanların əlinə düşmək istəmirəm. Ona görə də fürer və kansler vəzifələrini ölümümə qədər aparacağam. Mən əsgərlərimizin ön cəbhədə, fəhlə və kəndlilərimizin arxa cəbhədə göstərdikləri şücaətlərə görə qürur hissiylə ölürəm…

Bir çox adamlar həyatlarını mənim həyatımla bağlayaraq, mənimlə birgə həyatdan getmək arzularını bildiriblər. Mən onlardan bunu etməməyi və savaşlarda mübarizələrini davam etdirməyi xahiş etdim…

Ölümümdən əvvəl mən sabiq reyxsmarşal Herman Herinqi partiya sıralarından xaric və bütün səlahiyyətlərdən məhrum edirəm. Onun yerinə qross-admiral Denisi reyxə prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı təyin edirəm.

Ölümümdən qabaq mən sabiq Reyxsfürer SS və daxili işlər naziri Henrix Himmleri də vəzifələrindən azad edir və partiyadan çıxarıram…”

Beləliklə, son dramatik akt 1945-ci il aprel ayının 29-da səhər saat 3-4 radələrində baş verir. Hitler tez-tez hədiyyə verməkdən zövq aldığı katibələrinin hamısına kiçik ampulada zəhər paylayır və ən sevimli katibəsi İnqanın qulağını nəvazişlə çəkib "bu gün üçün sizə bundan başqa hədiyyəm qalmayıb" deyir. (Sonralar İnqa öz xatirələrində yazacaqdı: "Zəhəri alanda bir elə narahatlıq keçirmədim. Ancaq elə ki otaq tamam boşaldı, tək qaldım, vahimə məni basdı, həyatdan getmək istəmirdim. "Axı, mənim onlarla nə əlaqəm var" dedim və zəhər dolu ampulanı divara çırpıb, bunkerin çıxışına doğru yönəldim, dəli kimi yüyürməyə başladım...").

...Yeva Hitler (kəbindən sonra artıq "Hitler" soyadını qəbul etmişdi) fürerin icazəsi ilə bacısına radioteleqram göndərir və xahiş edir ki, fürerlə tanış olduğu vaxtdan başlamış, illər boyu bu qəribə adamla keçdiyi əzablı məhəbbət macərası haqqında yazdığı gündəliklərini məhv etsin. Sonra hər ikisi içəri otağa keçirlər, salonda isə iki nəfər qalır: Borman və Göbbels. Yeva sevimli ərinin verdiyi zəhər ampulasını qəbul edir. Bir neçə dəqiqə vaxt keçir, Hitlerin həyatına son qoyacaq güllə səsini eşitməyən Borman otağa daxil olur. Yevanın cəsədi, əlləri yana açılmış, başı əyilmiş vəziyyətdə kresloda olub. Hitler isə “Kolt” silahı əlində dodağının altında nə isə anlaşılmaz şeylər söyləyə-söyləyə arvadının meyitinin başında var-gəl edirmiş. Borman ona yaxınlaşır, Adolfun qanı donmuş barmaqlarını zorla silahdan ayırır, lüləni fürerin başına dayayır və tətiyi çəkir...
Hər iki cəsəd - Yeva Hitler və Adolf Hitlerin cəsədləri Reyxstaq dəftərxanasının həyətinə çıxarılır və üzərlərinə benzin tökülərək yandırılır...

Sədaqətli Göbbels

Bəzi istisnaları çıxmaq şərtilə Üçüncü Reyxin digər məşhurlarının taleyi bu gün hamıya məlumdur. Ancaq onların arasında tək özünü deyil, ailəsini də ideyasına qurban verənlər oldu. Belə ki, müharibənin sonlarında çoxları yalnız özünü, ailəsini düşünürdüsə, 1945-ci ilin 29 apreli göstərdi ki, faşist hakimiyyətində ən azından iki nəfər səmimi və yenə də əvvəlki ideyalara sadiq idilər. Bu adamların biri rüsvayçı məğlubiyyətdən artıq ağlını itirmiş Adolf Hitler, o birisi isə üçüncü Reyxin təbliğat naziri, fəlsəfə elmləri doktoru və fürerin sevimlisi Yozef Göbbels idi.

"Mən onu (Adolf Hitleri nəzərdə tutur- İ.Tumas) görəndə başa düşdüm ki, Almaniyanın qurtuluşu bu adamla bağlıdır. Onunla tanışlıqdan əvvəl kim idim? Olsa-olsa, qəzəbindən qovrula-qovrula bütün beynəlxalq və daxili düşmənlərə səhifələrində meydan oxuyan bir qəzet redaktoru! Mən yalnız böyük fürerin yanında öz bacarığımı və yanğımı alman xalqına həsr edə bildim".

Göbbelsin gündəliyində yazdığı bu cümlələr heç də boğazdan yuxarı deyilmiş pafoslu özünütəbliğat vasitəsi deyildi. Doğrudan da, Göbbels üçün Almaniya - Hitler, Hitler isə Almaniya demək idi.

O, Hitlerin nazirləri arasında füreri "Adolf" deyə müraciət edə bilən iki-üç nəfərdən biri idi…

İndisə hər şey arxada qalmışdı. Aprelin 29-u 1945-ci ildə Göbbels müttəfiq qoşunlarının əlinə keçmiş Berlindən çıxa bilmək şanslarına baxmayaraq, Hitlerin şəhəri tərk etmək haqda əmrindən imtina edir və Berlində ölməyi üstün tutur. Hər halda, Hitler özü də intihar etməzdən əvvəl dəqiq bilirdi ki, kim olsa da, sevimli təbliğat naziri və dostu Yozef onu tərk etməz. Buna görə də vəsiyyətində yazırdı: "Mənim Berlindən çıxmaq haqqında olan təkidlərimə baxmayaraq, təbliğat naziri Yozef Göbbels ailəsi ilə birgə fürerin və alman xalqının taleyini yaşamağı üstün tutur".

Eyni şeyləri Göbbels də öz vəsiyyətində yazırdı: "Mən həyatımda birinci və sonuncu dəfə fürerin əmrindən çıxıram. O istəyir ki, Berlindən çıxım və kənardan şəhərin müdafiəsini təşkil edim. Ancaq mən və ailəm bu təklifi qəbul etmirik, taleyimizi Alman xalqının fürerinin taleyi ilə birləşdirməyə qərar veririk. İnanıram ki, bizim ideya alman gəncliyinin qəlbində yaşayacaq və nə vaxtsa yenidən bütün Almaniyanı ayağa qaldıracaq".

Ayrı-ayrı məxəzlərdə göstərilir ki, Göbbels Bormanla birlikdə fürerin və Yeva Braunun cəsədlərini yandırdıqdan sonra öz ailəsinin yanına gəlir. Katibələr hamısı Maqda Göbbelsə yalvarırlar ki, uşaqlara rəhm etsin, onların Berlindən çıxarılmalarına icazə versin. Ancaq Maqda "onlar ərimlə və mənimlə gedəcəklər" deyir. Beləliklə, ailədə olan 6 cocuq anaları frau Maqdanın "indi isə görək, kim bu acı dərmanı birinci içəcək" "nəvazişi" ilə zəhərlənir. Frau Maqdanın da intiharından sonra Göbbels özünü başdan-ayağa benzinlə isladaraq, ayağından od vurur və bir vaxtlar fürerin hədiyyə etdiyi mauzeri gicgahına sıxır...

Üçüncü Reyxin sirli sənədləri

Müharibədən sonra Üçüncü Reyxin sənədləri müttəfiq qoşunlar tərəfindən ciddi-cəhdlə axtarılır. Ancaq bu sənədlər müttəfiq qoşunların alman torpağına girməsi ilə daha etibarlı yerlərə daşınmağa başlanır. Artıq 1945-ci il aprel ayının ilk günlərindən etibarən Hitlerin əmri ilə geri çəkilən ordu birləşmələri özlərində olan bütün sənədləri məhv edirdilər.

Bununla belə, Üçüncü Reyxin əsas sənədləri - Ali Baş Komandanlığın və Silahlı Qüvvələrin bütün növ qoşun qərargahlarının verdiyi direktivlər, əmrlər, sərəncamlar və digər aktlar, Hitlerin qərargahında düzənlənən toplantıların protokolları, müxtəlif hərbi və siyasi xadimlərin gündəliklərinin ayrı-ayrı hissələri müttəfiqlər tərəfindən ələ keçirildi.
Üçüncü Reyxin sənədləri içərisində ayrı-ayrı faşist rəhbərlərinin gündəlikləri daha çox maraq kəsb edir. Bunlar həmin sənədlər idi ki, illər uzunu Hitlerin bir nazirinin digərinə ehtiyat və qısqanclıqla yanaşmasına səbəb olmuşdu. Müller Himmlerin öz idarəsinin gündəlik fəaliyyəti haqqında fürerə hazırladığı hesabatlarla tanış olmaq üçün bütün kanallarını işə salmışdı, partiya funksioneri Borman təbliğat naziri Göbbelsin gündəliyində nələrdən yazdığını bilmək üçün hər şeyə hazır idi. Ancaq bütün bu sənədlərlə tanışlıq faşist rəhbərlərindən heç birinə qismət olmadı. Göbbelsin gündəlikləri ilk dəfə ingilis qoşunları tərəfindən ələ keçirilir və müharibədən qısa müddət sonra Londonda kiçik tirajla çap olunur. Naşirin dediyinə görə, o kitabın ictimaiyyətdə belə bir reaksiya verəcəyini heç gözləmirmiş. Bu gündəliklər oxuculara "vərəmin əziyyət verdiyi yazıq və vətənpərvər birisinin yaşantıları" kimi təsir edir.

1945-ci il aprel ayının 21-də "fürerin nüsxələri" ilə dolu qutular təyyarəyə yüklənir və Hitlerin Berxteshadendə yerləşən rezidensiyasına göndərilir. May ayında isə artıq Amerika qoşunlarının yaxınlaşdığını görən Berxteshaden komendantı yerləşdikləri yerdən kənarda, meşədə o qədər də dərin olmayan bir çala qazdırır və bütün qutuları bura qoyaraq od vurur. Ancaq komendant artıq gecikmişdi və çalada hələ tam yanmamış qutuların bir hissəsi mayın 5-də Amerika əsgərlərinin əlinə keçir. Bu hadisələrdən iki gün sonra Hitlerin şəxsi stenoqramçıları ələ keçirlər və amerikalılar bu qadınlardan yanmaqdan xilas edilmiş sənədlərin sahmana salınması üçün istifadə edirlər. Məlum olur ki, onlar cəmi 50 toplantının protokollarını ələ keçirə biliblər. Stenoqramçılar bu protokolları tarixi ardıcıllıq ilə düzərək, 6 nüsxədə yenidən çap edirlər. Bu nüsxələrdən 3-ü hərbi cinayətləri tədqiq edən komissiyaya verilir, 2-si bu sənədləri tapan 101-ci diviziyanın qərargahında qalır, birini isə Amerika ordusunun Con Alles adlı bir çavuşu götürür. Con Alles sonradan bu sənədləri Pensilvaniya Universitetinin kitabxanasına verir.

La finita “comedia”

Hitlerdən sonra partiyanın ikinci adamı olan, fürerin diktəsi ilə həbsxanada “Mənim mübarizəm” kitabını qələmə alan Rudolf Hess 1941-ci ildə qaçdığı Londondan Nürnberq prosesinə gətirilir və ömürlük azadlıqdan məhrum edilir. Hess 1987-ci ilin 17 avqustunda 93 yaşında Şpandau həbsxanasında özünü asmaqla intihar edir.

Nürnberq hakimləri reyxsmarşal, Almaniya hərbi-hava qüvvələrinin komandanı Herman Vilhelm Herinq barəsində edam hökmü çıxarırlar. Herinq asılmasını deyil, güllələnməsini istəyir. Onun bu istəyi yerinə yetirilmir. Edamdan bir neçə saat qabaq isə reyxsmarşalı kamerasında ölmüş vəziyyətdə tapırlar. O ağzında gizlətdiyi zəhərli kapsulanı əzərək intihar edibmiş. Güman olunur ki, kapsulanı ona görüş zamanı öpüşüb ayrılarkən arvadı ötürübmüş.

Henrix Himmler sıravi əsgər paltarında Berlindən qaçmaq istəyəndə Amerika hərbçilərinin əlinə düşür və onlara özünün Himmler olduğunu bildirir. Ancaq o da dişinin qapağı altındakı zəhərlə intihar etməyə imkan tapır.

Məşhur “Gestapo”çu Henrix Müller, həmçinin Martin Bormanın izinə düşmək mümkün olmur. Sonradan onların Meksikada yaşadıqları haqda fərziyyələr söylənsə də, bunların heç biri təsdiqini tapmadı.

Xarici kəşfiyyatın şefi Şellenberq isə ingilislərə sığınır və onların himayəsi altında qoca yaşlarına qədər Üçüncü Reyxin sirlərini sata-sata başını girləyir. Onun “Labirint” adlı memuarı bir sıra ixtisarlarla Qərbə və Rusiyada dəflərlə dərc edilib.

Beləliklə,

Nürnberq prosesinin qərarları:

Ölüm hökmü: Borman (qiyabi), Herinq, Zaukel, Zeyss-İnkvart, Yodl, Kaltenbrunner, Keytel, fon Ribbentrop, Rozenberq, Frank, Frik, Ştreyxer;

Həbs: Hess (ömürlük), Denis (10 il), fon Neyrat (15 il), Reder (ömürlük), Funk (ömürlük), fon Şirax (20 il), Şpeer (20 il);

Bəraət qazanıblar: fon Papen, Friçe, Şaxt.

Faşist canilərinin ölüm hökmü 1946-cı il oktyabr ayının 16-da ABŞ ordusunun çavuşu tərəfindən həyata keçirildi. Onların cəsədləri krematoriyada yandırıldı, külləri bir neçə min metr hündürlükdən təyyarədən yerə səpələndi…

İlham TUMAS
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1852

Oxşar yazılar