Qeyri-ənənəvi din və təriqətlərlə bağlı inanılmaz faktlar - ARAŞDIRMA
05 avqust 2010 15:30 (UTC +04:00)

Qeyri-ənənəvi din və təriqətlərlə bağlı inanılmaz faktlar - ARAŞDIRMA

Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin, dinlərin olması barədə adətən ümumi danışılır. Əslində isə ölkədə qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları, ənənəvi olmayan qeyri-İslam təriqətləri və qeyri-ənənəvi dinlər var. Lent.az bu yazıda Azərbaycandakı qeyri-ənənəvi təriqət, cərəyan və dinlərin bütün siyahısını təqdim edərək, onlarla bağlı qısa məlumat verir. Həmçinin, onlardan ən populyarı olan vəhabilik barədə ayrıca yazıda geniş məlumat verəcəyik. Yazıdan gəlinə biləcək ümumi qənaət bu olacaq ki, qeyri-ənənəvi dinlər və təriqətlərin hamısının arxasında müxtəlif maraqlar var. Lakin onların arasında zərərsizi, nisbətən az zərərli və dəhşətli dərəcədə zərərlisi var ki, oxucular yazını oxuduqdan sonra bunu ayırd edə biləcəklər.

Azərbaycandakı bütün qeyri-ənənəvi dinlər və təriqətlər

Azərbaycanda mövcud olan qeyri-ənənəvi İslam təriqətləri və cərəyanlarına vəhabilik, xaricilik, nurçuluq, süleymançılıq, qadirilik, nəqşibəndilik aiddir.

Ənənəvi olmayan qeyri-İslam təriqətlərinə isə protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış və yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm və ölkənin müstəqillik illərində yaranmış, bir çox hallarda qanuna zidd olaraq dini üstünlük mövqeyindən çıxış edən “Həyatverici lütf” (Qreyter Qreys), “Həyat sözü”, “Mədh kilsəsi”, “Yehovanın şahidləri” və “Nehamiya” aiddir. Adları ikinci çəkilən dini icma və təriqətlər bu gün Azərbaycanda mövcud dini dözümsüzlük ənənəsinə laqeyd olan dini icmalar və təriqətlərdir.

Qeyri-ənənəvi dinlərə isə bəhailik, krişnaizm, munçuluq və ibrahimilik daxildir.

Qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları

Xaricilik. Bu cərəyanın yaranması İslam xilafətində hakimiyyət uğrunda siyasi mübarizənin gücləndiyi, ictimai ziddiyyətlərin kəskinləşdiyi dövrə təsadüf edir. Bu təriqətlə bağlı maraqlı olduğu qədər də ziddiyyətli bir məqam var: xaricilər insanları savadsızlığa dəvət edərək, təhsilə qarşı mübarizə aparır, İslami, yaxud qeyri-İslami universitetləri “Tağut tikililəri” adlandıraraq bu təhsil ocaqlarını “Zərər məscidi”nin tərkib hissəsi sayır, orada oxumağı qadağan edirlər...

Nurçuluq. Banisi Səid Nursi 1873-cü ildə Türkiyənin Bitlis vilayətində anadan olub. O, qeyri-adi yaddaşa və biliklərə malik olub. Ancaq ardıcılları daha da irəli gedərək Səid Nursini müqəddəsləşdirib, onunla Məhəmməd Peyğəmbər (s) arasında nə isə ruhani bir əlaqə, bağlılıq tapmağa çalışıblar. Hətta Nursinin haqqında rəvayətlər də var. Guya o, atının ayağı altında qalaraq ölmüş uşağı suya salıb-çıxararaq dirildir...
O, “Risaleyi-Nur” külliyyatının müəllifdir. Həmin külliyyatı 23 ilə yazıb. Müxtəlif vaxtlarda həbsxanaya düşən və sürgün edilən, heç vaxt evlənməyən, bütün ömrü boyu tək yaşayan Səid Nursi 24 mart 1960-cı ildə Urfada vəfat edib. Nursi heç vaxt dialoq tərəfdarı olmayıb. Hətta xristianlarla müsəlmanlar arasında arasında bir uçurumun olduğunu və qarşı tərəflə dialoq aparan İslam nümayəndələri üçün “ya həmin uçuruma yuvarlanacaqlar, ya da xaçpərəstlərin tərəfinə keçəcəklər” söyləyib. Səid Nursidən fərqli olaraq onun davamçısı, nurçuların hazırda özlərinə lider kimi qəbul etdiyi Fətullah Gülən dialoq tərəfdarıdır. O, hazırda ABŞ-da yaşayır. Fətullah Gülən qrupu Orta Asiya ölkələrində və Azərbaycanda bir çox liseylərin fəaliyyətini maliyyələşdirir. Azərbaycanda geniş xeyriyyəçilik aparırlar. Fətullah Gülənin Türkiyədə kütləvi nəşr etdirdiyi “Zaman” qəzeti Moskvada, Kazanda, Urfada, Bakıda və digər yerlərdə çıxır.
Fətullah Gülənin xütbə və moizələri, müsahibə və məruzələri yazılmış disklər, kitablar başqa yerlərdə olduğu kimi, Azərbaycanda da yayılır. Azərbaycanın bəzi özəl ali məktəblərində fətullahçı müəllimlər dərs deyir, onlar nurçu ədəbiyyatını yaymaqla da məşğul olurlar. Bu gün Azərbaycanda çalışan türk iş adamları, universitet və lisey müəllimləri, ölkədə təhsil alan türk tələbələr, habelə yerli “Nur” məktəblərindəki minlərlə şagird arasında nurçuluğun daşıyıcıları çoxdur.

Süleymançılıq 1888-ci ildə Osmanlı imperiyasının Silistrə bölgəsinin Fərhadlar kəndində anadan olmuş Süleyman Helmi Tunahanın adı ilə bağlıdır (1959-cu il oktyabrın 17-də İstanbulda vəfat edib). Süleymançılığa görə, qadın-kişi münasibətlərində “bərabərlik”dən danışmaq mənasızdır. Onlara görə, kişilər özlərilə yanaşı, analarını, bacılarını və xanımlarını himayəsində saxlamağa borcludurlar. Qadınların işləməsinə gəlincə, dinə zidd olmayan hallarda zərif cinsin nümayəndələrinin çalışmasında problem yoxdur. Lakin süleymançılar bu qənaətdədir ki, müasir dövrdə qadınların işləyə biləcəyi mühit yox dərəcəsindədir. Süleymançılar qız uşaqlarının oxumasına da müsbət baxmırlar.
Türkiyədə geniş yayılmış Süleymançılıq Azərbaycanda əsasən 2000-ci ildən etibarən təbliğ olunmağa başlayıb. Ölkəmizdə qeydiyyatsız fəaliyyət göstərən süleymançılar (onlar əsasən qeydiyyatsız fəaliyyət göstərməyə üstünlük verir) ilk vaxtlardan paytaxt Bakı ilə yanaşı, Şamaxı, Xaçmazda da aktiv olublar. Sonradan isə təbliğat ancaq paytaxt Bakı ilə məhdudlaşıb.

Qadirilik. Bu təriqətin qurucusu böyük İslam alimlərindən hesab olunan Əbdülqadir Geylani 1078-ci ildə İranın Gilan əyalətinin Nif kəndində anadan olub (1116-cı ilə Bağdadda vəfat edib). Qadirilik təriqətinə görə, təsəvvüf səbr, işarə, qürbət, səyahət və suf (yun paltar) geyinmək mənalarını daşıyır. Bu təriqətin ən geniş yayıldığı ərazilər İraq, Türkiyə, Yəmən, Suriya, Hindistan və bəzi Afrika ölkələridir. Azərbaycanda az da olsa bu təriqətin mənsublarına rast gəlmək olar. Yeri gəlmişkən, yazını hazırlayarkən qadirilik təriqətinin radikalizmi dəstəkləyən, yaxud hansısa bir ziyanlı tərəfinin olmasıyla bağlı qeydlərə rast gəlmədik.

Nəqşibəndilik. Bu təriqətin banisi Məhəmməd Bəhaəddin Nəqşibənd 718-ci ildə Buxaranın sonralar Kəsfi-Arifan adlanan kəndlərindən birində anadan olub (nəqşibənd - “naxış vuran” deməkdir). Əhli-sünnə məzhəbinə bağlı olan nəqşbəndilik təriqətində müxtəlif elmlərlə məşğul olmağa, moizə və söhbətlər vasitəsilə bu elmləri təbliğ etməyə böyük əhəmiyyət verilir. Elmlə məşğul olmağın, dəqiq elmlərdən, xüsusilə fizika, kimya, biologiya və s. kimi Haqqın qüdrət və əzəmətini dərk etməyə vəsilə olan elmlərdən faydalanmağın bir növ zikr olduğu qəbul edilir. Bu təriqətin mənsubları şəriət əsaslarına riayət etməyə və ona bağlı olmağa da son dərəcə böyük əhəmiyyət verirlər.
Vaxtilə Livan, İran, İraq və Misirdə geniş bir əraziyə yayılmış təriqətin qolu olan xalidilik Osmanlı Dövləti və Türkiyə Cümhuriyyətinin siyasi və mədəni həyatında aktiv iştirak ediblər.

Tarixən Azərbaycanda mövcud olmuş nəqşibəndilik hazırda ölkədə nisbətən geniş yayılan təriqətlərdən biridir. Bu təriqətin Azərbaycanda həm mülayim, həm də radikal qanadı fəaliyyət göstərir. Radikal qanadının tərəfdarları çox deyil. Nəqşibəndiliyin mülayim qanadı Bakı ilə yanaşı, Zaqatala, Şəki, Ağdaş, Göyçay, Qəbələ və digər rayonlarda geniş yayılıb.


Vəhabilik barədə ən sonda geniş yazacağıq.


Ənənəvi olmayan qeyri-İslam təriqətləri

Xristianlıq eramızın III əsrinə qədər müxtəlif dindaxili söz-söhbətlərə baxmayaraq, əsasən bir dini istiqamət kimi fəaliyyət göstərib. Bununla belə, bu hal çox çəkməyib, kilsələrarası ziddiyyətlər və çəkişmələr xristianlığı Şərqi və Qərbi kilsələr birliyi adında iki coğrafi ərazi mühitinə ayırıb. Zaman keçdikcə bu soyuq münasibətlər daha da dərinləşib. ermənilərin Qriqoryanlıq adı ilə xristianlığı qəbul etməsi bu dində ilkin separatçılığın əsasını qoyub və bəzi mənbələrdə onların bu hərəkətləri çox aparıcı kilsələr tərəfindən tənqid edilməklə yanaşı, həm də lənətlənib.

Beləliklə kilsələrarası müqəddəs ittifaqın zəifləməsi və bir-birinə nifrət hissi xristianlığı rəsmən 1054-cü ildən provaslıq və katolikliyə ayırdı. Sonralar – XVI əsrdə isə adıçəklən patriarxlarla yanaşı. Moskva və Ümumrusiya Patriarxlığı da yarandı. Bununla da xristianlıqda gedən proseslər protestantlığın yaranmasının əsasını qoydu. Yazının əvvəlində dediyimiz kimi, protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış və yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm və ölkənin müstəqillik illərində yaranmış, bir çox hallarda qanuna zidd olaraq dini üstünlük mövqeyindən çıxış edən “Həyatverici lütf” (Qreyter Qreys), “Həyat sözü”, “Mədh kilsəsi”, “Yehovanın şahidləri” və “Nehamiya” aiddir. Adları ikinci çəkilən dini icma və təriqətlər bu gün Azərbaycanda mövcud dini dözümsüzlük ənənəsinə laqeyd olan dini icmalar və təriqətlərdir.

Məsələn, onlardan “Həyatverici lütf” kilsəsinə mənsub olanlar özlərini humanist və xeyirxah insanlar kimi qələmə verir, kimsəsiz və yaşlı insanlara yardım göstərirlər. İcma üzvləri təbliğat işini ianə nəzir qutularından toplanmış vəsait hesabına apardıqlarını bildirsələr də bu, inandırıcı deyil. Çünki ianələr hesabına xeyli sayda insana maddi yardım göstərmək qeyri-mümkündür. Maddi imkanların genişliyinə görə bu icma digər xristian icmalardan fərqlənir.

“Mədh kilsəsi” dini icması isə paytaxt Bakı ilə yanaşı, ölkənin bölgələrində də iş aparır. İcmanın əsas kontingentini orta yaşlı qadınlar təşkil edir. Aparılan müşahidələrin nəticələrinə görə, icmanın rəhbərliyi icma üzvlərinin şəxsi işlərinə, hətta ailə münasibətlərinə (!) də müdaxilə edir. Onlar üçün önəmli olan ailə yox, icma üzvləri arasındakı münasibətlərdir. İcmanın xarakterik xüsusiyyətlərindən biri də odur ki. İcma rəhbərliyi qazanc əldə etmək üçün qalmaqallı məsələlərə müdaxilə edir.

“İncil”ə iman edən məsihçilərdən “Nehemiya” dini icmasına üzv olanlara milli hislərdən uzaq və tolerantlıq münasibətlərini kəskin şəkildə rədd etmək təlqin olunur. Maddi imkanları geniş olan icma rəhbərliyi üzvlərə, loru dildə desək, tez-tez pul paylayır.
“Məhəbbət kilsəsi” Azərbaycanda dini icması rəsmən qeydiyyatdan keçib, lakin 2002-ci ildə bu icmanın qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilib. Buna baxmayaraq, icma hələ də qeyri-qanuni fəaliyyətini sürdürərək qanunazidd fəaliyyət metodlarını davam etdirirlər. Bu icma əsasən azərbaycanlı olan gənc oğlan və qızlarla iş aparır. Bu icmada fala baxma halları geniş yayılıb. “Məhəbbət kilsəsi” icması İslam dininə qarşı yüngül desək, xoşagəlməz münasibətilə də seçilib. Onların 2002-ci ildə dövlət qeydiyyatına səbəb olan amillərdən biri icma üzvlərindən birinin İslamı təhqir etməsi olub.

“Şərqdə ulduz” xristian dini icmasının isə üzvlərini əksəriyyətini yaşlı insanlar təşkil edir. Bu icmaya Almaniyadan maliyyə dəstəyi gəlir.

“Yehovanın şahidləri” xristian-sinkretist hərəkatıdır. Hərəkatın əsasını 1896-cı ildə Çarlz Teyz Rassel (1852-1916) qoyub. Hərəkatın adı “İncil”dəki “Siz mənim şahidlərimsiniz – deyir Yehova” cümləsindən götürülüb.
Hərəkatın lideri Rassel isə fikirlərinin cəlbedici görünməsinə və özünü ideal göstərməsinə rəğmən, ən alçaq hərəkətlərinə görə dəfələrlə mühakimə olunub. O, ilk dəfə 1879-cu ildə ailə qurduğu Mariya Françiz tərəfindən özündənrazılığa, müştəbehlik, qadın düşkünlüyü və əxlaqsızlıqda ittiham olunaraq məhkəməyə verilib. Məhkəmə zamanı Rassel övladlıq qızı olan Roz Boll ilə cinsi münasibətlərini etiraf edib. Lakin bu, heç də hamısı deyil. O, əxlaqsızlığıyla yanaşı, yalançılıqda da dəfələrlə ittiham olunub. Hətta ittihamlar arasında “həddən artıq bol məhsul verən” bir ovuc “möcüzəvi buğda”nı 60 dollara sadə adamlara satmaqla camaatı aldatmaq kimi ittiham da var.
İndiyədək dünyanın müxtəlif ölkələrində əməllərinə görə minlərlə “Yehova şahidləri” həbs edilib, sürgün olunub və öldürülüb.
“Yehovanın şahidləri”nin maraqlı psixoloji üsulları və təsir metodları var. Məsələn, qorxu içində saxlamaq, iş və mənfəət qazanmaq üçün şərait yaratmaq, aylıq əməkhaqqı vermək və digər maddi vasitələrlə insanları cəlb etmək və s.
Onların inancına görə, Tanrı təkdir və onun adı Yehovadır. Din yalnız “Yehovanın şahidləri”nə məxsusdur, digər dinlər saxtadır. Ağızdan və ya hər hansı başqa yolla bədənə qanın qəbul olunması (hətta, tibbi nöqeyi-nəzərdən qan köçürmək belə) Tanrının qanunlarının pozulması deməkdir. “Yehovanın şahidləri” milli marşı, milli duyğuları, milli sərhədləri qəbul etməzlər və s.
Bu adda icma Azərbaycanda 2002-ci ildə dövlət qeydiyyatından keçib. “Dini etiqat azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərdən sonra isə təkrar qeydiyyatdan keçmədiyindən, hazırda qeydiyyatsız sayılır. Ölkədə onların minlərlə, bəlkə də on minlərlə tərəfdarları var.

Adventizm 1831-ci ildə ABŞ-da Vilyam Miller (1782-1849) adlı fermer tərəfindən qoyulan protestant təmayüllü xristian dini cərəyandır. Millerin “hesablamalarına” görə həzrət İsa 21 mart 1843-cü ildə zühur etməli idi. Ancaq həmin vaxt bu zühur olmasa da, Miller özünü sındırmayaraq deyir: “Axı mən sizə demişdim ki, əgər İsa 1843-cü ildə zühur etməsə, deməli o, növbəti il görüşümüzə gələcək...”
Bir ildən sonra isə Miller məyus olur və etiraf edir ki, hesablamaları səhv aparıb, hətta aldanıb.
Sonradan adenstistlər bir neçə qrupa bölünürlər: “Yevangilst adventistləri”, “Allah kilsəsi”, “İkinci günün adventistləri”, “Yeddinci günün adventistləri” və s. Adıçəkilənlərdən sonuncusu adventizmin ən böyük missioner qolu sayılır. Onlar xristianlıqda ibadət günü hesab edilən bazar günü əvəzinə, ibadət üçün şənbə gününü seçirlər. “Yeddinci günün adventistləri”nin əsas mərkəzi Vaşinqton şəhərində yerləşir, təxmini rəqəmlərə görə dünyada 2,5 milyon tərəfdarı var. Eyniadlı dini icma Azərbaycanda da fəaliyyət göstərir.

Baptizm. Dünyada 30 milyona yaxın olan baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia edirlər. Tarixi qaynaqlara dair faktlar isə baptizmi XVII əsrin əvvəllərində ortaya çıxmış protestantlığın bir qolu kimi təsbit edir. Baptizmin qurucusu isə Con Smit sayılır.
Baptistlərin inancına görə, inanan insanın Allahın varlığına sübut gətirməsinə ehtiyacı yoxdur.
Baptistlik XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yayılmağa başlayıb. 1894-cü ilin sentyabrında çar II Nikolay baptistlərin dövlətçilik üçün təhlükəli olduğunu əsas gətirərək onların ətraf bölgələrə, xüsusən Qafqaza və Azərbaycana sürgün edilməsi haqda qərar qəbul edib. Həmin vaxt sürgün edilənlər əsasən Tərtər, Şuşa və digər rayonlarda məskunlaşıblar. 1899-cu ildə onlar Bakıda böyük baptist icmasını və dua evini qurmağa nail olublar. Hazırda Azərbaycanda 3 baptist dini icması fəaliyyət göstərir. “Dini etiqat azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə qədər onlardan ikisi dövlət qeydiyyatından keçib.

(ardı var)

Pərvin ABBASOV

Qeyd1: Yazı hazırlanarkən Cabir İskəndərlinin “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabından istifadə olunub.

Qeyd2: Yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin “Azərbaycan qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili” layihəsi çərçivəsində elan edilmiş yazı müsabiqəsinə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6108

Oxşar yazılar