“İki ayağım Türkiyədə qaldı, ürəyimi götürüb gəldim...” – HƏYAT HEKAYƏSİ
“Qavaldaşın sirrini gətirən oğlan”ın əfsanəvi dramı
SSRİ-nin dağılmağı həyatımızı alt-üst elədi
Mən Gəncədə doğulmuşam. Qədim, gözəl, qırmızı kirəmit kərpicli evdə. Adım Aydın, soyadım Zeynalovdu. Uşaqlığım bu şəhərin ən özəl, ən fərəhli, axar-baxarlı vaxtlarında keçib. Demək olar ki, o vaxtlar bütün SSRİ bir yana idi, Gəncə bir yana. Buraların öz havası, öz gözəlliyi vardı. Xoşbəxt uşaqlıq idi də, yaşayırdıq özümüz üçün. Elə bilirdik, ömrü boyu beləcənə olacaq.
Sovetlərin yıxılmağını, quruluşun dəyişməyini kimsə gözləmirdi. Amma quruluş dəyişdi. Böyükdən-kiçiyə hamımız sarsıldıq. Hamı deyəndə ki, bundan sonra müstəqil olacağıq deyə papağını göyə atanlar da vardı, öz taleyinin ümidinə buraxıldığını dərk edib, şoka düşənlər də…
Öyrəşdiyimiz həyat, təhsil, dəyərlər, həyatımızın axarı alt-üst oldu. Elə bil, boşluqda qaldıq, bilmədik neyləyək... Həm maddi, həm mənəvi cəhətdən sıxıntılar başladı. Qalın qabırğalı adamlara nə var ki? Yeməyə çörəyi oldu, günü xoş keçir, amma mənim kimi azdan-çoxdan oxumuş, başı nədənsə çıxan yeniyetmələr əməlli-başlı travma aldılar.
Orta məktəb illərim köhnə quruluşun yıxılıb, təzənin isə hələ qurulmadığı vaxtlara düşsə belə, mən çox yaxşı oxuyurdum. Orta məktəbi əla qiymətlərlə qurtardım. O vaxt artıq qəbul imtahanları test sisteminə keçmişdi. Ali məktəbə daxil oldum. Ata-anamın yolunu seçdim – mühəndis olacaqdım. Beş ildən sonra mühəndislik diplomumu aldım. Diplom alana qədər, başım, fikrim-zikrim o diplomu əldə etmək üçün oxumağa, əlləşib-vuruşmağa qarışmışdı. Elə bilirdim, diplomu alan kimi hər şey düzələcək. Diplomu aldım… və qaldım aralıqda. Bilmədim, neyləyim? Böyük imperiyanın nəhəng əli daha kürəyimizi sığallamırdı. Heç kimimiz yox idi…
Qardaşım öləndən sonra evimiz xarabalığa oxşadı
Ailəmizdən bir-iki kəlmə danışım. Anam deyən-gülən, gümrah, zirək bir qadındır. Özü də atamın ikinci arvadıdır. Atamsa elə deyil, sakit, fağır adamdı, dindirməsən, danışan deyil. Atamın birinci arvadından da bir oğlu var idi – böyük qardaşım. Çox savadlı oğlan idi. Həssas, üzügülər, dilli-dilavər. Jurnalist idi. Amma gününün çoxunu evdə keçirirdi. Yazı-pozusunu yazıb, təhvil verib, evə qaçırdı. Nə qədər ki o evimizdə idi, quruluşun dəyişməyi, qıtlıq, ölkədəki qarmaqarışıqlıq elə də təsir eləmirdi bizə. Bir gün qardaşımı orduya apardılar. Onda hələ davanın odlu-alovlu vaxtı idi. Qardaşım gülə-gülə orduya yollandı. Bir daha da qayıtmadı. Nə öldüsündən xəbərimiz oldu, nə qaldısından.
O gündən sonra evimizin qara günləri başladı. Qardaşımın yoxluğu özünü hər şeydə göstərirdi. Yazda budaqları daranmamış ağaclara, qazılmamış torpağa, dibi bellənməmiş gül kollarına, suvağı tökülən, künc-bucağı əyilən, bir sözlə, tökülüb-itən evimizə baxanda, qardaşımın yoxluğu gözümüzə girirdi. Evdə üç adam qalmışdıq, amma elə bil, heç bir nəfər də yaşamırdı bu böyük evdə. Ev-eşik, həyət-baca, gün-güzəranımız elə bil kasıblamış, yoxsullaşmışdı. Özü də bu yoxsulluq, təkcə ev-eşikdə, həyət-bacada deyildi, gündən-günə fağırlayan atamın üzündəki məzlumluqda, bütün günü torpaqda, həyətdə, evdə əlləşib-vuruşan anamın qırışlı üzündəki yorğunluqda, işsizlikdən avara-avara gəzən mənim bütün varlığımdakı fərəhsizlikdə. Biz üç nəfər adam bu kasıblığı evimizdən qovmaqda aciz idik. Evimiz, həyat-bacamız o qədər yasa batmışdı, baxımsızlamış, qaramatlaşmışdı ki, bizə gələn qonum-qonşu bir stəkan çayı candərdi içib, tələm-tələsik çıxıb gedirdi. Dedim axı, qardaşım şair təbiətli adam idi, yəqin məndə də vardı, ifrat kövrəklik, həssaslıq. Hər şeyi özümə dərd eləyirdim.
Hələ atam da bir tərəfdən. Atam sovetin bərkgedən vaxtlarında qatı kommunist olmuşdu. Evdə-bayırda, rəsmi tədbir olsun, ya küçədə boş-boşuna gəzmək, kitelini, uzunboğaz çəkmələrini əynindən çıxartmaz, yaxasındakı orden-medalların birini də açmazdı. Rast gəldiyi hər kəslə “Salam, Komsomol!” deyə əlini qaldırıb, salamlaşmağı yaddan çıxartmazdı. İnanırsınız, hələ də küçələrdə adamlarla elə salamlaşır. Çoxu ona dəli kimi baxır.
Görürdüm ki, atam evimizdə o qədər darıxır, özünə bir dəqiqə də olsun, yer tapmır. Özünə dayaq bildiyi hər iki şeyi – sovet ruhunda böyütdüyü oğlunu da, sovet hakimiyyətini də itirmişdi. Atamın daha heç kimi yox idi. Gecələr gizli-gizli qardaşımın şeirlər kitabını açıb, vərəqləyir, sonra gizlicə rəfə qoyurdu. Heç vaxt adam yanında həmin kitaba baxmaz, kitabı kimsəyə göstərməzdi. Atam o qədər darıxırdı ki, insan ünsiyyəti sarıdan elə qıtlıq çəkirdi ki, evdən çıxıb getmək istəyən qonağı, qonşunu düz həmin adamların evinə qədər yola salırdı. Üzə vurmasam da, ona elə yazığım gəlirdi ki…
Əlimdə mühəndis diplomu, mal-qara otarırdım
Elə dolanışığımız da çox pis idi. Təsəvvür edin, bir evdə üç mühəndis, dolana bilmirdik. Evimizdən bir az aralıda torpaq sahəmiz vardı. Balaca da bir fermamız – mal-qoyun saxlayırdıq. Atam çox yaşlı olduğundan, həm də bütün günü hərbi kitelini əyninə keçirib, şəhər küçələrini addımladığından, başqa bir işə yaramadığından, anamla ikimiz baxırdıq mal-qaraya. Amma malı-qaranı saxlamaq elə az qala özü qədər xərc tələb eləyir. Çatdıra bilmirdik. Anamın yorğunluqdan canı çıxırdı. Hələ mən – əlimdə mühəndislik diplomum ola-ola mal-qara otarırdım. Ağır gəlirdi mənə. Bizə təhsil verən, oxudan, tərbiyə eləyən, həyata hazırlayan Sovet hakimiyyəti bizi belə şeylərdən xəbərdar eləməmişdi…
Bir gün bir dostum bizə qonaq gəldi. Türkiyədə yaşayır, işləyirdi. Antalyada turizm işi ilə məşğul idi. Güzəranımızı, mənim ruh düşkünlüyümü görüb, təklif elədi ki, məni də öz yanına aparsın. Bilmədim, nə cavab verəm. İxtisasım mühəndislik idi. Anam da mühəndis idi, atam da. Belə ailədə böyümüş bir adamın durub, türklərlə alver məsələsinə girişməyini həzm eləyə bilmədim.
Anam isə, əksinə. Tez-bazar uzaqgörən bir plan cızdı: get, işlə. Pul qazan. Bax, pulun yoxdu deyə, istədiyin qızla evlənə də bilmirsən. Nə vaxta qədər səni gözləyəcək? İşlə, pul göndər, mən də tədarükünü görüm, elçiliyini eləyim, ev-eşiyi sahmana salım, qayıt, gəl, səni evləndirək. Ev-evik uşaqla, səs-küylə dolsun, biz də bir ağ gün görək.
Türkiyəyə elə böyük ümidlərlə getmişdim ki!
Ağlıma batdı. Bir anlıq indiki fərəhsiz, boz, baxımsız həyətimizi abad, bağ-bostanlı, oğul-uşaqlı, səsli-küylü təsəvvür elədim. Gələcəkdəki fərəhli günləri gözümün önündə canlandıranda, elə bil dünyanı mənə verdilər. Dostumla razılaşdım.
Neçə ildir ki, sevdiyim qıza danışdım fikrimi. Razı oldu. Dedi ki, bir-iki il nədi, elə tez gəlib-ötəcək ki, heç xəbərimiz də olmayacaq. Yoxsa siz bu imkansızlıqnan onsuz da toy eləyə bilməyəcəksiniz.
Onunla da danışandan sonra, çantamı yığıb, yollandım Türkiyəyə.
Türklərlə tez dil tapdım. Türkiyə gözəl yerdir. Amma mən burada gözəlliklərə dalmaq, bu gözəlliyə heyran-heyran baxmaq üçün gəlməmişdim. Bu ölkənin gözəlliyinin fərqinə varmaq üçün hələ mən çox işləməli, özümü təsdiq etməli idim. Məqsədim var idi.
Açığı, mənim türklərlə elə də aram yoxdu. Əlində mühəndis diplomu olan adamı fəhlə kimi, qabyuyan kimi, döşəmə silən kimi çalışdırırdılar. Bir azərbaycanlının gəlib, burada mühəndis diplomu, ali savadı ilə “göylə getməsini” həzm edə bilmirdilər. Hərdən döşəmə silə-silə təsəvvür edirdim ki, mənə fəlsəfədən, müasir texnologiyadan dərs deyən müəllimlərim məni bu vəziyyətdə görsələr, nə deyərlər?
Amma bir yaxşı xasiyyətləri var ki, zəhmətkeş adamları qiymətləndirirlər. Görəndə ki, canla-başla işləyirəm, mükafat verirdilər, maaşımı artırırdılar, istirahət günləri verirdilər. Bir ildən sonra lap işimi də yüksəltdilər. Daha “gətir-götür”, əl buyruqçusu kimi uşaq-muşaq işi tapşırmırdılar. Hər şey o qədər yaxşı gedirdi ki, elə bilirdim, pis, fərəhsiz günlər arxada qaldı.
Evə hər ay pul göndərirdim. Anam bu müddət ərzində ev-eşiyi də qaydaya salmışdı, toy üçün tədarük də görmüşdə, qız evi ilə də danışmışdı. Vətənə qayıtmağıma az qalmışdı. Hətta fikirləşirdim ki, bir halda ki işlərim burada belə yaxşı gedir, bəlkə evlənib bura köçüm? Nəsə, bunlar hələ sonranın işləri idi.
O bədbəxt hadisə olmasaydı, indi xoşbəxt ömür sürürdüm
İstirahət günlərindən birində iş yerindən personala dedilər ki, sizə piknik üçün bir gün veririk. Çantalarınızı yığın, tədarükünüzü görün, gedin, bir gün dincəlin. Bizə xüsusi avtobus da ayırdılar. Mindik avtobusa. Avtobusda bilirsiniz ki, siqaret çəkmək olmaz. Buna görə də, siqaret çəkmək istəyən gəlib, dayanırdı avtobusun qapısının yanında, qapını da açıq qoyurdular ki, tüstü çölə çıxsın. Mən də getdim, dayandım qapının ağzında. Siqareti təzə yandırmışdım ki, avtobus yerində ləngər vurdu. Bərk silkələndi. Avtobusun içində bir hay-küy qopdu. Sürücü özünü itirdi. Avtobus müvazinətini saxlaya bilməyib, aşdı. Mən də qaldım açıq qapının altında.
Gözümü açanda xəstəxanada idim. Bütün bədənim gips içində idi. Sifətimdən başqa heç nəyimi hiss eləmirdim. Yanımda doğmalarımdan kimsə yox idi. İş yerindən hələ atamgilə xəbər verməmişdilər. Aylarla xəstəxanada qaldım. Həkimlər başa düşəndə ki, müalicənin heç bir xeyri yoxdu, daha məni xəstəxanada saxlamaq istəmədilər. Valideynlərimi çağırdılar. Anam gəlib, məni Azərbaycana gətirdi.
Toyum üçün hər şey hazır idi… təkcə məndən başqa
Evə girəndə sarsıldım. Anam göndərdiyim pullarla əməlli-başlı qiyamət eləmişdi. Evi böyütmüşdü, təmir elətdirmişdi, lazım olan bütün avadanlığı almışdı, həyəti sement döşəyib, dörd tərəfə gül-çiçək əkmişdi. Bir sözlə, toy üçün hər şey hazır idi. Təkcə məndən başqa. Qollarımdan başqa heç bir yerim tutmurdu. Ağzımın bir tərəfi də əyilmişdi. İlk günlər hamı çaxnaşma içində idi. Necə olacaq? Nə olacaq? Toyu neyləyəcəyik? Ən rahat çıxış yolunu sevdiyim qız tapdı – başqasına qoşulub, qaçdı. Bizi də bu çıxılmaz vəziyyətdən qurtardı, özünü də.
Bədənimin ömürlük iflic olması məni insanlardan uzaqlaşdırmadı
Əvvəl-əvvəl nə edəcəyimi bilmədim. Boşluqda qalmışdım. Əlim heç yana çatmırdı. Həkimlər deyirdilər ki, bu bərpa olunası bir şey deyil. Ömürlük yatağa, başqalarının köməyi ilə oturub-durmağa məhkumsan. Bir müddət bunu həzm edə bilmədim. Sonra yavaş-yavaş ağlım başıma gəldi. Əl-qolumu oynatmağa başladım. Türkiyədəki “patron”larım aradabir mənə baş çəkməyə gəlirdilər, pul gətirirdilər. Axı mən yaxşı, vicdanlı işçi olmuşdum, onlara çox xeyir vermişdim, xətir-hörmət qazanmışdım. Buna görə də məni yaddan çıxartmadılar. Amma təbii ki, məsələ təkcə bunda deyildi: məni sığortasız işlətmişdilər. Hadisə də başıma iş başında gəlmişdi. İş yerini məhkəməyə verib, təzminat tələbə eləsəydim, onqatını alardım, bəlkə müalicə də oluna bilərdim. Bəlkə də bundan ehtiyat eləyirdilər. Elə ki, başa düşdülər ki, onlardan heç bir maddi tələbatım yoxdu, ayaqları kəsildi. Göndərdikləri pul da həmçinin…
Amma bu, mənə elə də pis təsir eləmədi. Mən Türkiyədə iki ayağımı qoyub, hələ də korlanmamış ürəyimi götürüb, gəlmişdim. Buna şükür eləyirdim…
Həyatsa davam edirdi
Özümə bir kompüter aldım. İnternetə qoşuldum. Çoxlu proqramlar öyrəndim. İndi dünyanın hər yerindən xəbər tuturam. Qohum-əqrəbada, qonşularda kimsə kompüter, İnternet öyrənmək itəyən varsa, yanıma gəlir, bildiklərimi öyrədirəm. Otağım bütün günü uşaqlarla dolu olur.
Bədənimin ömürlük iflic olması məni insanlardan uzaqlaşdırmadı. Əksinə, indi daha ünsiyyətcil, deyib-gülən, zarafatcıl olmuşam. Vaxtilə bizə ayda-ildə bir dəfə gələn qohumlar demək olar hər gün bizə gəlirlər, internetdən nələr öyrəndiyimlə maraqlanırlar. Bir axşam olmur ki, ev boş olsun. Baxıram ki, atamın da üzü gülməyə başlayıb. Qohumların qızları anama ev işlərində kömək eləyir. Qonaq gələnlər çox vaxt elə gecəni də yıxılıb, bizdə yatırlar. Burada onlara maraqlıdı.
Hərdən fikirləşirəm ki, mən bu evi axar-baxarlı, səs-küylü, qonaq-qaralı, bir sözlə, həyat qaynayan evə çevirmək üçün pul qazanmaq, evlənmək, oğul-uşaq sahibi olmaq istəyirdim. İroniyaya bax, əlil olmaqla bütün bu arzularıma çata bildim. Əlilliyimdən çox da əziyyət çəkmirəm, amma kimsəyə də arzu eləmirəm ki, niyyətlərinə bu yolla çatsınlar.
Aradabir anam zarafatla mənə deyir ki, ay pir olmuş, mən səni Türkiyə pul qazanıb, gəlib arvad-uşaq yiyəsi olmaq üçün göndərmişdim. Sən nəylə qayıtdın? (Daha ayaqlarımla, şikəstliyimlə bağlı sözlər, eyhamlar mənə təsir eləmir, hətta özüm hərdən zarafata salıram). Anamla zarafatlaşıram: “Mən Qaval daşı gətirə bilmədim, amma Qaval daşın sirrini gətirdim. İstəmirdin ki, evdə uşaq əlindən tərpənməyə yer olmasın? Uşaq nədi, evdə adam əlindən tərpənməyə yer yoxdu…”
- Sizə heç bir sual vermədim. Amma bir şey soruşmaq istəyirəm. Bundan sonrakı həyatınızı necə keçirmək istəyirsiniz?
- Sizcə, seçimim elə çoxdu? Bu ev, bu kompüter kürsüsü, başıma yığışan uşaqlar…insana ən çox lazım olan şey insanlardır – mən onları qazanmışam. Başqa nəyə ümid eləyə bilərəm ki?
Söhbətləşdi: Günel Mövlud

560