Sahibinə ağlayan DAŞ
29 aprel 2010 16:30 (UTC +04:00)

Sahibinə ağlayan DAŞ

Müharibə başlayanda 11 yaşım vardı. Ağlımıza da gətirə bilməzdik ki, bir neçə ildən sonra rayonumuz işğal olunacaq və torpaqlarımızı tərk edərək uzun illər məcburi köçkün kimi yaşamağa məhkum olarıq. O yerlərdə gördüklərimiz, üstəlik müharibənin ağrı acıları uşaq yaddaşımızda DAŞlaşaraq, həyatımız boyu icimizdə yaşayan bir ağrıya çevriləcək.

Bəlkə də DAŞ mövzusuna məni bu qədər yaxınlaşdıran səbəblərdən biri də yaddaşımda DAŞlaşmış müharibədir.

1992-ci ilin əvvəlləri idi. Füzuli rayonu uğrunda qanlı döyüşlər gedirdi. Bizim məhəllənin yaxınlığında könüllülərdən ibarət bir bölük yerləşmişdi. Başqa-başqa rayonlardan 30-40 nəfərlik bu bölük tikinti idarəsinin binasında yaşayırdı. Biz də tez-tez məktəbdən əsgərlərimizin yanına gedər onlarla söhbətləşər, onlar isə bizə döyüşlərindən danışar, bizə əsl vətənDAŞ olmağı öyrədərdilər. Amma günlər, həftələr keçir, hər keçən gün bu döyüşçü dostlarımızın sıraları seyrəlirdi.

Döyüşçülərimizin arasında İmişlidən Rəşid adlı birisi vardı. Müharibədən əvvəl DAŞ ustası olmuşdu. Çörəyi DAŞdan çıxan bu döyüşçümüz müharibədən bir neçə il əvvəl qəbirDAŞı ustası işləyib, DAŞ döyüb. Müharibə başlayanda Rəşid də işini kənara qoyub gəlmişdi döyüşməyə. Bir dəfə danışırdı ki, evin yeganə övladı olmuş 18 yaşlı bir şəhid üçün başDAŞı sifarişi götürübmüş. BaşDAŞını ağlaya-ağlaya hazırlayan Rəşid «mənim bunlardan fərqim nədir», - deyib əvvəlcə özünə də bir baş DAŞı hazırlayaraq döyüşə yollanır.

Yoldaşları ona “molla” deyirdilər.

Döyüşdən qayıdandan sonra, boş vaxtlarında həyətdəki yarım metr eni-uzunluğu olan yastı DAŞın üzərinə haradansa gətirdiyi isgənə və çəkiclə şəkillər həkk edərdi. Rəşid döyüşdə şəhid olan dostlarının adını da döymüşdü DAŞın üstünə. Deyirdi ki, müharibə başa çatandan sonra, əgər sağ qalarsa, bu DAŞı Şəhidlər Xiyabanına aparacaq.

Bir gün həmin DAŞın üzərinə Rəşid Hüseynovun öz adını da həkk elədiyini görəndə hamı təəccübləndi. Sıraya öz adını da yazmışdı. Görənlər deyirdilər ki, bunun “düşər-düşməzi olar, yaxşı iş deyil”. Rəşid isə “Kim deyə bilər ki, bir saatdan sonrakı döyüşdə mən də şəhid olmayacam. Niyə adım dostlarımın sırasında olmasın?!”, - deyə cavab verirdi.

Rəşid adını DAŞın üzərinə həkk edəndən 4-5 ay sonra Aşağı Veysəlli kəndində gedən döyüşlərdə şəhid oldu. Onun həlak olma səhnəsi isə dəhşətliydi: xəstə-xəstə döyüşə qatılan Rəşid düşmənə təslim olmur. Sonda gülləsi qurtaran bu döyüşçünü ermənilər tanka bağlayaraq sürüyür. Rəşid həyatını bağladığı, uğrunda döyüşdüyü, düşmən güllələrindən qorunmaq üçün sipər etdiyi DAŞlara çırpılaraq şəhid düşür. Rəşiddən sonra adı DAŞa həkk olunmuş digər döyüşçülər də DAŞın üzərindəki sırası ilə şəhidliyə qovuşdular.

14 il sonra tanışlarımızdan birinin yolu təsadüfdən vaxtı ilə könüllü əsgərlərimizin yaşadığı həyətdən keçir. Vaxtı ilə Rəşidin üzərində işlədiyi DAŞdan əsər əlamət qalmamışdı. Yaxınlıqda partlayan mərmi üzərinə şəhidlərin adı həkk olunmuş ı zədələmiş, yağış və günəşin təsirindən parçalanmış bu DAŞdan yalnız elə Rəşid Hüseynov yazılmış bir parça qalmışdı.

Düz 14 il sonra Rəşidin öz adını yazdığı, müharibənin xatirəsi olan bu DAŞ parçası İmişliyə gətirilərək vətənin DAŞına çevrilən şəhidin məzarına tapşırıldı. İsti bir yay günündə, DAŞ parçasını məzarında yatan Rəşidə təhvil verəndə yaşanan möcüzə isə hamını şoka saldı. Rəşidin özü üçün hazırladığı məzar DAŞının üzərindəki qara mərmərə döyülmüş şəkildə 3-4 su damlası peyda olmuşdu.

Hamı təəccüb içində idi. DAŞmı ömrünü ona bağlayana ağlayırdı, ya şəhid itirdiyi DAŞını tapmasına....

Rəşad Süleymanov

Yazı “Azercell Telekom” MMC-nin “Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar