Qardaş qatili olan balaca oğlanın dramı - HƏYAT HEKAYƏTİ
19 aprel 2010 18:00 (UTC +04:00)

Qardaş qatili olan balaca oğlanın dramı - HƏYAT HEKAYƏTİ

Ananın işlədiyi xəstəxanaya 13 yaşlı oğlunu qan içində gətirirlər...

Lent.az Penitensiar Xidmətin (PX) müxtəlif cəzaçəkmə müəssisələrindən hazırladığı silsilə yazıları davam etdirir. Növbədə PX-nin Tərbiyə Müəssisəsində cəza çəkən 16 yaşlı oğlanın həyat hekayətidir.

Doğmalarını öldürənlər

Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində olarkən buranın sakinləri arasında öz doğmalarını qətlə yetirənlərin də olduğunu öyrəndim. Onlardan biri atasını öldürübmüş. Lakin bir müddət əvvəl həmin oğlanın 18 yaşı tamam olduğundan onu böyüklər üçün nəzərdə tutulan Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Bu səbəbdən də həmin oğlanla görüşə bilmədim. Ancaq əhvalatını qısaca da olsa öyrəndim. Sən demə, bu uşaq heç o qədər nadinc də olmayıb. Bir dəfə atası üstünə möhkəm qışqıraraq boynunun ardına bir şapalaq vurub. Ani olaraq bərk qəzəblənən 15 yaşlı oğlanın isə həmin vaxt düz böyründə biz var imiş. Bizi götürərək qəzəblə onu atasının sinəsinə sancır. Atanı heç xəstəxanaya da çatdırmaq olmur: biz düz ürəyini deşibmiş. Polislər qatil oğulu saxlayır, məhkəmə hökmündən sonra isə o, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsinə gətirilir. Təsəvvür edin, oğlan hər gün “atamı mən öldürdüm, atamı mən öldürdüm” deyərək az qala gecə-gündüz ağlayırmış. Ancaq bu, əlbəttə, sonrakı peşmanlığın nəticəsiydi. Başqa heç nə...

Bapbalaca boyu var...

Bugünkü yazımızın qəhrəmanı S. da doğmalarını öldürənlərdən biridir. Onun nəyə görə tutulduğu barədə mənə məlumat veriləndə S.-nı görmək istədiyimi dedim. Gəldi: çəkisi 31 kilo, boyu təxminən 130-135 santimetr olan bu qarayanız oğlanın 16 yaşı olsa da, lap uşağa bənzəyir; həm bədəncə kiçik görünməsi, həm də sifət cizgilərilə balaca bir uşağı xatırladır. Ona 11-12 yaşdan çox vermək olmaz. Sonradan öyrənirəm ki, sən demə, başına gələn bəla da elə cılızlığı ucbatından baş verib.

Ailə

S. 1994-cü ildə Mahaçqalada (Rusiya Federasiyası, Dağıstan) anadan olub. Onun valideynləri ləzgi millətindən olsalar da, Azərbaycan vətəndaşlarıdır. Sadəcə, həmin illərdə S.-nın atası işiylə əlaqədar olaraq Mahaçqalada yaşayırmış. Sonradan valideynlər ata-baba yurdu olan Qusar rayonuna gəlirlər. Burada onların daha iki oğlu dünyaya gəlir. Ailə başçısı ticarətlə məşğul olur, evin xanımı isə kənddəki xəstəxanada tibb bacısı işləyirdi. Ailə pis-yaxşı yaşayırdı. Ancaq sən saydığını say...


Qardaşlar

Hadisə baş verən il 15 yaşlı S. 8-ci sinifdə oxuyurdu. Ortancıl qardaş ondan iki, ən kiçiyi isə üç yaş kiçikdi. Qardaşlar tez-tez dalaşardı. Əsasən S. ilə ortancıl qardaş dalaşırdı, kiçik oğlan da gah onun, gah da bunun tərəfində olurdu. Ana-atası dalaşdıqlarına görə onları tez-tez danlasa, hətta arabir “qulaqlarını bursa da”, xeyri olmurdu; onlar yenə dava edirdi.

Mayın 27-də (söhbət 2009-cu ildən gedir) – həmin o müdhiş gündə qardaşlar yenə dava elədi. Həmin vaxt S. və ortancıl qardaş dərsdən yenicə gəlmişdi. Ana işdə, kiçik oğlan məktəbdə, ata isə evdəydi. Uşaqlar məktəbdən gəlib yemək yeyəndən bir az sonra yenə də nəyinsə üstündə mübahisə eləmişdilər. Onlar həyətdəydi. Saat 15.00 radələrində dava kritik həddə çatmışdı. Onlar gah süpürləşir, gah da deyişirdilər. Birdən qardaşı S.-nı söydü. S. da onu söydü. Ancaq ürəyi soyumayıb üstünə atıldı. Lakin özündən yaşca kiçik, bədəncə böyük olan qardaşına adətən olduğu kimi, yenə gücü çatmadı: qardaş onu arxası üstə çırpıb üstündə oturdu. Ancaq vurmadı, sanki “canın mənim əlimdədi, özüm vurmuram” deyirdi. S. qardaşının altından çıxan kimi evə cumdu: mətbəxdəki bıçağı götürüb geri qayıtdı. İndi həmin anları xatırlamır. Ancaq bircə bildiyi odur ki, bıçaqla geri qayıdaraq onu qardaşının böyrünə sancıb. Çox qəzəbliymiş! Heç qan da onu qorxutmur həmin an - bıçağı bir dəfə sancmaqla kifayətlənmir: iki, üç, dörd, beş, altı... Düz altı zərbə vurur. Hay-küyə ata aşağı düşür: o, şokdaydı.

Oğulun biri qəbrə...

S. hadisə yerindən qaçır. Ata isə maşın tutaraq ortancıl oğlunu həkimə – ananın tibb bacısı işlədiyi xəstəxanaya aparır. Yolda oğlunun nəfəsi kəsilir. Ancaq ata yoldan qayıtmayıb “bəlkə yaşadı” deyərək ümidini üzmür. Xəstəxanaya çatırlar. Tükürpədici mənzərə: ananın işlədiyi xəstəxanaya 13 yaşlı oğlunu qan içində gətirirlər. Ana oğlunun bu vəziyyətdə görüb özündən gedir. Onu ayıldırlar; lakin eşitdiyi xəbərdən sarsılıb yenə bayılır: çünki artıq oğlu keçinmişdi. Əslində xəstəxanaya oğlanın ruhsuz bədənini gətirmişdilər, o, hələ yolda həyatını itirmişdi.

...o biri həbsxanaya gedir

Ailə birinci faciədən özünə gəlməmiş ikincisiylə üzləşir: polis və prokurorluq əməkdaşları evə gələrək böyük oğulu – S.-nı həbs etmək istədiklərini bildirirlər. Ata “mənim şikayətim yoxdur. Bu gün bir oğul itirmişəm, ikincisini də itirmək istəmirəm” desə də, xeyr olmur. Polis əməkdaşları S.-nı gizləndiyi yerdən – kəndin yaxınlığındakı ağaclıqdan tapıb prokurorluq işçilərinə təhvil verirlər. Keçən il oktyabrın 12-də o, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə yeddi il müddətinə azadlıqdan məhrum edilib.

“Kaş boyum hündür olaydı, onu döyə biləydim..”

Artıq beş aydan çoxdur ki, Tərbiyə Müəssisəsindədir. Orada onunla təxminən yarım saat söhbət elədim. Qarşımda, gözlərini aşağı dikərək oturmuşdu. Qarayanız, saçı o biri uşaqlar kimi dibindən qırxılmış, gözləri qəmli bu oğlanın yarasını təzələdiyimi hiss elədim. Hadisəylə bağlı çox çətinliklə danışırdı, hətta ağlamsınırdı da. Daha doğrusu, əvvəlcə özü və ailəsilə bağlı soruşanda sakitcə cavab verdi. Xeyli danışdıq. Ata-anasının tez-tez yanına gəldiyini də dedi. Axırda söhbət gəldi qardaşın qardaşı öldürməsi epizoduna. Bu yerdə ancaq dedi ki, çox peşmanam, özü də hədsiz. Həm də dedi ki, onu öldürmək istəmirdim, ancaq həmin vaxt çox əsəbi olduğumdan eləmişəm: “Kaş boyum hündür olaydı, onu döyə biləydim. Onda heç bıçaq da götürməzdim əlimə...” Sonra isə qardaşını öldürdüyü məqamı qısa, qırıq-qırıq sözlərlə, ağlamsına-ağlamsına danışdı. Daha dözmək olmurdu bu mənzərəyə. Daha bəsdir - dedim, - Allah qapını açsın...

Pərvin ABBASOV

P.S Qanunvericiliyə əməl edərək, fotoda S.-nın üzünü tam göstərmirik.

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar