Sosial sığorta şəhadətnaməsi nə üçün lazımdır?
25 fevral 2010 19:15 (UTC +04:00)

Sosial sığorta şəhadətnaməsi nə üçün lazımdır?

Hər kəsin fərdi hesabında gələcək pensiyası üçün nə qədər vəsait topladığı onun daimi nəzarətinə veriləcək

“Əmək pensiyaları haqqında” qanun tətbiq olunandan - 2006-cı yanvarın 1-dən əmək pensiyaları vətəndaşın ödədiyi sosial sığorta haqları əsasında hesablanır. Bu isə o deməkdir ki, işləyən vətəndaşlar iş yerindən əmək müqavilələrinin bağlanmasında və sosial sığorta haqlarının ödənməsində son dərəcə diqqətli olmalıdırlar. Vətəndaşlar həmçinin sosial sığorta şəhadətnaməsi də almalıdır.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, vətəndaşlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdır. Onun sözlərinə görə, hazırda işəgötürən tərəfindən vətəndaşın aldığı əmək haqqının 22 faizi miqdarında onun sosial təminatı üçün DSMF-yə məcburi dövlət sosial sığorta haqqı ödənilir. Həmçinin hər bir işləyənin əmək haqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur.

“Bu, muzdla çalışan işçilərə aiddir və digər ölkələrlə müqayisədə kifayət qədər aşağı normativdir. Ona görə də hər bir vətəndaş işləməyə başlayarkən aldığı əməkhaqqının tam məbləğdə mühasibatlıq sənədlərində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Bir sözlə, vətəndaşın yaşlı dövrünün maddi təminatının məsuliyyəti tamamilə öz üzərinə düşür” - deyə, Elman Babayev bildirib.

Fond rəsmisi qeyd edib ki, DSMF hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığı və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi hazırlanır. Onun sözlərinə görə, sığortaedən ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsini DSMF orqanları vasitəsilə rəsmiləşdirir. Bunun üçün sığortaedən işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra 1 ay ərzində sığortaolunanın ərizəsinin ((Q3) ərizə forması) tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq etdikdən sonra sənədlər toplusunu siyahı ilə birlikdə (sənədlər toplusunun siyahı forması (S4)) DSMF orqanına təqdim etməlidir. Qeyd olunan sənədləri təhvil aldıqdan sonra DSMF sığortaolunanın adına sosial sığorta nömrəsi ilə fərdi hesab açır və sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.

Elman Babayev deyib ki, rəsmiləşdirilmiş sosial sığorta şəhadətnamələrini təhvil alan sığortaedən onları, aldığı gündən sonrakı 15 gün ərzində sığortaolunanlara müşayiətedici cədvəldə imza etdirməklə təhvil verməlidir. Sosial sığorta şəhadətnaməsində əks olunan məlumatlarda səhv aşkar edildikdə sığortaolunan dəqiqləşdirilmiş məlumatlar əsasında Q5 ərizə formasını doldurmalıdır. Onun sözlərinə görə, sığortaedən səhv və ya yanlış aşkar olunmuş sosial sığorta şəhadətnaməsini, eyni zamanda müəyyən səbəblərdən təhvil verilməmiş sosial sığorta şəhadətnamələrini DSMF-in yerli orqanına qaytarmalıdır. Ərizədə düzgün olmayan və ya qeyri müəyyən məlumatlar olduğu halda həmin məlumatların dəqiqləşdirilməsi məqsədilə sığortaedənə sorğu göndərir. Sığortaedən dəqiqləşdirilmiş məlumatların qeyd olunduğu ərizəni bir həftə ərzində DSMF orqanına təqdim etməlidir.

Xatırladaq ki, sosial sığorta şəhadətnaməsi itirilsə və ya korlansa onun dəyişdirilməsi, yaxud da yenisinin verilməsi mümkündür. Bunun üçün sığortaolunan ərizə ilə müraciət etməlidir. Elman Babayev deyib ki, bəzən işə düzəlmək istəyən vətəndaş rəsmi iş stajının olmasına baxmayaraq, sosial sığorta şəhadətnaməsinə malik olmur. Məsələn, sosial sığorta şəhadətnaməsi itirilib və ya korlanıb. Onun sözlərinə görə, belə hallarda sosial sığorta şəhadətnaməsinin dublikatının rəsmiləşdirilməsinin iki üsulu var. Bunlardan birincisi odur ki, sığortaolunan sosial sığorta şəhadətnaməsinin dublikatını özü əldə edir. Sığortaedən işə düzəlmək istəyən şəxsdən sosial sığorta şəhadətnaməsini tələb etmək hüququna malikdir. Bu halda əmək müqaviləsini bağlamasından əvvəl, sığortaolunan müstəqil surətdə ilk dəfə uçota durduğu DSMF-nin yerli orqanına müraciət edərək, sosial sığorta şəhadətnaməsinin dublikatını tələb etməlidir.

İkinci üsula gəldikdə isə sosial sığorta şəhadətnaməsinin dublikatını sığortaedən təhvil alır. Sığortaedən sosial sığorta şəhadətnaməsini itirmiş şəxsin işə qəbul olunmasında maraqlıdırsa, həmin şəxs ilə sosial sığorta şəhadətnaməsi olmadan əmək müqaviləsi bağlaya bilər. Belə olan halda, sığortaedən bir həftə ərzində sığortaolunanın sosial sığorta şəhadətnaməsinin dublikatının alınması üçün DSMF-nin yerli orqanına müraciət etməlidir.

Yeri gəlmişkən bəzi hallarda işə düzəlmək istəyən şəxs əvvəlki iş yerindən sosial sığorta şəhadətnaməsini almadığını bəyan edir. Elman Babayev deyir ki, belə olan halda həmin şəxs sosial sığorta şəhadətnaməsini almaq üçün əvvəlki sığortaedəninin uçotda olduğu DSMF-nin müvafiq rayon və şəhər şöbəsinə müraciət edə bilər.

Mövcud qaydalara əsasən, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə edən xarici vətəndaşlar da məcburi dövlət sosial sığorta haqlarını ödəyicisidirlər. Həmin vətəndaşların DSMF-də uçotu, fərdi şəxsi hesabının açılması və sosial sığorta şəhadətnaməsinin verilməsi qaydaları Azərbaycan vətəndaşları üçün tətbiq olunan qaydalarla eynidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7536

Oxşar yazılar