Tərəkəmə fermasında iki bənzərsiz gün – REPORTAJ –
24 avqust 2010 13:20 (UTC +04:00)

Tərəkəmə fermasında iki bənzərsiz gün – REPORTAJ –

Artıq neçə il idi ki, Şamaxıdan ötüb üzü o yanlara keçəndə qarşıma çıxan təkəm-seyrək fermalara müştəri gözü ilə baxırdım. Bəlkə də tərəkəmə köçündə keçmiş uşaqlığımdan canımda qalan həsrətdir, mal-qoyun saxlanan yerlər, yataqlar, çobanların alaçıqlarını görəndə laqeyd qala bilmirəm. Yol uzunu da belə olurdu, hara gedirəmsə gedim, ürəyimin, fikrimin bir parçası qırılıb, həmin fermalarda, qoyunların, çobanların, dəyələrdə yaşayan çoban ailələrinin yanında qalırdı. Təsadüfən Beyləqanın Dünyamallar kəndi tərəfdən keçəndə orada yoldan ayrılan bir qolun pərən-pərən salınmış qar-qamış, kərpic tikililərə tərəf apardığını gördüm. Yanımdakı yerlilərdən birindən bu köhnəfəndi tikililərin mahiyyətini soruşdum:

- Bunlar çobanlardı, - dedi - özləridi, bir də arvad-uşaqları. Ailəlikcə burada yaşayırlar. Varlı adamların mal-qoyununu saxlayırlar.

Söhbət bir az da «inkişaf» eləyəndə məlum oldu ki, Beyləqan və yaxın rayonlardan olan varlı-hallı adamlar təkcə çobanları deyil, onların ailələrini də «işə» götürürlər. Maaşlarını da bir qismi pul, bir qismi qoyun-quzu, bir qismi yun, süd-filan olmaqla ödəyirlər.
Uzun müddət idi ki, o ailələrin yanında bir neçə gün yaşamaq keçirdi ürəyimdən. Reportaj hazırlamaqdan daha çox, çoban dəyələri, dəyələrin ağzında örüşdən qayıdacaq sürünü gözləyəndə düyünçəli önlüklərindəki yunu didə-didə qeybətləşən çoban arvadları, qaş qaralanda tövləyə, arxaca qayıdan boz sürünün mələrtisi, sağın vaxtı oxunan sayaçı sözləri, sağılan südün elə həmin axşam yerbəyer olunması, iş qurtarandan sonra nöyüt pilətəsində qızarılan üstü yumurtalı kartofların, dombalanların qoxusu, çıraq işığında zarafatlaşa-zarafatlaşa yeyilən yemək, gecə yağış yağanda çadır tavandan sızıb, min zərrəyə parçalanan damcılara… və daha nələrə bir daha qayıtmaq, artıq çoxdan yaddaşımın çardağına atdığım uşaqlığıma bir dəfə də olsun qayıtmaq cəhdi idi bu...

Şəhərə qayıdandan sonra axır ki, bu fikri layihələşdirib (bu gedişlə, axırda toyumu da layihələşdirəcəm), Lent.az-a təqdim etdim və razılıq veriləndən sonra daban aldım Beyləqana.

…Hər dəfə yazı üçün hansısa azərbaycanlı evinə gedəndə, elə bilirəm, məni elə qapıdanca geri döndərəcəklər. Bilmirəm, bu qorxu məndə hardandı… Amma bu xalq təəccübləndirməyi bacarır. Fermalardan birində qalmaq arzumu gedib orada kimə, necə deyəcəyimi götür-qoy elədiyim yerdə təsadüf köməyimə çatdı. Məlum oldu ki, bizə qohumluğu çatan bir nəfər həmin fermalardan birinin baytarıdır, özü isə Saatlıda yaşayır. Yolumu Saatlıdan salmalı oldum. Kişiyə məqsədimi min zülmlə birtəhər izah eləyəndən, atam özü zəng eləyib, mənə o fermalara getməyə icazə verdiyini deyəndən sonra o, araçı olmağı boynuna götürdü.

Sovetdənqalma köhnə və doğma avtomobillərdən birini minib, üz tutduq Dünyamallar kəndinə.

Saatlıdan başlayan yolumuz iki saat çəkdi. Maşının bütün pəncərələri açıq olsa da, isti üzümüzü od kimi qarsdı. Üzümüzə şillə kimi çırpılan külək isə sərin əvəzinə bir az da istilik gətirirdi. Şosse yoldan ayrılan qola burulduq. Qarşımıza çıxan üç-dörd fermadan sonra təsərrüfatın bitdiyini düşünsəm də, ən azı iyirmiyə yaxın fermanın yanından keçdik. Çubuq, tikan çəpərlər, geniş və torpaq həyətlərdə ağzını açıb, dilini dibinə kimi bayıra çıxararaq ləhləyən itlər, qanadlarını yerə sərib ağır-ağır nəfəs alan toyuq-cücə, günortanın qızmarında da alaçığa, kölgəyə yığışmayıb, günün qabağında palçıq yoğuran, palçıqdan düzəltdikləri fiqurlarla oynayan qarabala uşaqlar, üzərinə brezent çəkilmiş sınıq-salxaq «Villis»lər, «Moskviç»lər, «Zaporjets»lər…

Fermanın birinin yanından ötəndə mıxı yol qırağında yerə çalınmış cüssəli bir at qabağımızı kəsdi. Azı iyirmi dəqiqəmiz də inadkarcasına yolun ortasından tərpənməyən atı oradan kənarlaşdırmağa getdi.

Sonra yolumuzun üstündə o birilərinə nisbətən daha iri görünən bir təsərrüfat göründü. Bura da arxaca, ümumi həyətə, olduqca böyük bir tövləyə və xırda-xırda pəyələrə, alaçıqlara, çardaqlara ayrılmış ferma idi. Tezliklə çatmağa ümidimi üzdüyüm vaxt «bələdçim»:

- Hə, qızım, çatdıq… Bu da sənin ikigünlük «otel»in…

Sevincək qapını açıb düşəndə gülüşə-gülüşə maşına tərəf gələn bir dəstə adamla salamlaşası oldum. İki ortayaşlı, gülərüz qadın, 70 yaşlarında əli çomaqlı bir qoca, yaşda qocadan on-on beş il geri qalan başqa bir yaşlı adam və müxtəlif yaşlarda bir dəstə qızlı-oğlanlı uşaq, yeniyetmə… Qadınlar əvvəlcə mənimlə sonra təsərrüfatın həkimi ilə, kişilər isə əvvəl həkimlə sonra mənimlə salamlaşdılar. İçəri keçdik.

Çoban ailələrinin «içəri», «bələdçi»min «otel» adlandırdığı yer dairəvi dəmir qurğunun başına atılmış brezent parçasının altına sərilmiş bir-iki palaz, bir küncə yığışdırılmış bir-iki dəst yorğan döşək, bir də ortalığa səpələnmiş bir neçə gonbul mütəkkədən ibarət idi. Ev, otaq ya hər nəsə hesab olunan bu daldanacağın qapısı və ya qapı yerinə asılmış pərdəsi-filanı da yox idi.

Ev sahiblərinin «həkim» adlandırdığı bələdçim, qocalar və mən keçib içəridə, döşəkcələrin üstündə oturduq. Qadınlar «ev»in arxasındakı dar alaçığa keçib, tədarük görməyə başladılar. Uşaqlar, yeniyetmələr isə pıçıldaşa-pıçıldaşa elə həyətdəki taxta oturacaqların üstündə oturdular (içəriyə dörd-beş adam ancaq sığışardı).

Sonradan bildiyim kimi, bu təsərrüfatın dayağı olan iki qardaş, iki çoban həkimlə mal-qara, qara kürənin qızdırması, boz kərənin iştahasızlığı, nə bilim, bənöyüş şişəyin az süd verməyi barədə danışmağa başladılar. Əsl azərbaycanlı qonaqpərvərliyi göstərib, çağırılmamış qonağın kim olmağı barədə maraqlanmadılar.

Qadınlardan biri ortalığa süfrə sərdi. O birisi podnosda çay, qənd və ucuz konfetlərlə dolu iki qəndqabı gətirib, ortalığa düzdü. Mən süfrəni rahatlayan qadınlara xırım-xırda kömək eləyəndə onlardan biri rəğbətlə üzümə baxıb, gülümsədi…

Bir azdan həkim gəlişimizin məqsədini açıqladı. Və mənim bir-iki gün orada qalmağım üçün icazə istədi. Uşaqlar sevinib, bizə tərəf bir az da yaxın oturdular. Qadınlar gülümsəyib, üzümə baxdılar. Adı Daşdəmir olan qoca isə həkimdən incidi:

- Həkim, xətrimə dəydin. İcazə nədi ə? Nə vaxtdan qonaq qalmaq üçün icazə istəyirlər? Nə qədər məsləhətdi, o qədər də qalsın. İntəhası, gərək balam bizi bağışlasın, istirahətimiz yoxdu. O da mənim balam, çimməyə-zada yerimiz yoxdu. Bax, qalacağımız da elə budu, bir də qapı-bacada gördüyü alaçıqlar. Hansı rahat gələr ona, orada da qalsın…

Belə al dildən sonra, bələdçim rahat nəfəs alaraq, maşınını minib, Saatlıya qayıtdı.
Həkim gedəndən sonra Daşdəmir kişi ilə qardaşı qalxdılar, istiyə görə örüşdən gətirib arxaca yığdıqları qoyunların yanına getdilər. Qadınlar çay süfrəsini yığışdırıb, yanımda oturdular. Onlardan nəsə soruşmağa macal tapmamış, məni sorğu-suala çəkdilər, kiməm, nəçiyəm, atam-anam nəçidi, haralıyam, neçə bacı-qardaşım var, ərliyəmmi, neçə yaşım var və s. və i.

Onların sorğu-suallarından macal tapıb, mən nəsə soruşanda isə məlum oldu ki, bu ferma Seyid Rza adlı bir adamındı. Seyid Rza bütün aranda məşhur adammış. Özü Saatlıdandı və ağır seyiddi. Dörd oğlunun dördü də yaxşı vəzifələrdədi. Üstəlik, kişinin sayı mindən bir az aşağı olan qoyun-keçi sürüsü, 50-60 baş iribuynuzlu mal-qarası var. Hamısı da burada, yəni bu fermadadı. Qadınlar ağızdolusu Seyid Rzadan razılıq elədilər: kişi yaxşı maaş verməklə yanaşı, mal-qoyunun südündən, yunundan istifadə eləməyə də icazə verir. Ət lazım olanda isə sürüdən qoyun kəsirlər.

Bu boyda təsərrüfata Daşdəmir kişi ilə qardaşının ailəsi baxır. İki qardaş sürünü otarırlar, qadınlar, uşaqlar isə hərəsi bacardıqları işin qulpundan yapışır. Bu qadınlardan hərəsi bir qardaşın arvadıdır (bunu eşidəndə bərk təəccübləndim, çünki qadınların ikisi də Daşdəmir kişidən xeyli cavan idi). Həyətdə fırlanan, yarısı da yaxında çömbəlib söhbətimizə qulaq verən uşaqlardan yarısı Daşdəmir kişinin, yarısı da qardaşının uşaqlarıdı.

Bir azdan qadınlar durub, yenə bayaqkı dar alaçığa keçdilər. Arxalarınca gedəndə içəridə iri və köhnə qab-qazanların əhatəsində, qədimdən qalma nöyüt pilətəsinin yanında hinduşka yolduqlarını gördüm. Kömək eləmək istəsəm də, qoymadılar:

- Yol gəlmisən, a qızım, get dincəl. İşləməyə o qədər vaxtın olacaq ki. Nədi ki, ikimiz bir hinduşkanı yola bilməyəcəyik? Get, get, dincəl…

Qadınların məni «rahat» buraxdıqlarını görən uşaqlar tez məni dövrəyə aldılar. Qızlar paltarımla, çantamla, yelpiyimlə maraqlandılar, qiymətini soruşdular, oğlanlar isə biri təzə doğulmuş quzulara, biri təzəcə küçükləmiş itinə baxmağa dəvət elədi.
Ümumi razılığa gəlib, küçüklərə baxmaq üçün köhnə at arabasının yanına getdik. Arabanın altında gözləri hələ açılmamış, əl boyda iki küçük yatmışdı. İtin özü isə durmadan qısqanclıqla mırıldayır, balalarına baxmağa gələnlərin üstünə atılmaq istəyirdi. Yeniyetmələrin arasında ən böyüyü Altay itin xaltasından yapışıb, bizə «şərait» yaratdı:

- Mənim əlimdən çıxa bilməz. Nə qədər istəyirsiz, baxın. Qorxmursansa, lap əlini də vur. Qorxma…

Bir azdan günorta yeməyinə yığışdıq. Çardağın altında hamıya yer çatmadığından, Daşdəmir kişinin qardaşı və ailəsi paylarını götürüb, həyətdəki o biri qalacağın altına çəkildilər.

Yanı kartoflu hinduşkanı yeməyin qoxusuna yığışan saysız-hesabsız iri, qara milçəklərlə bərabər yedik. (Buna baxmayaraq, nöyüt pilətəsində bişən yeməyin dadı əvəzsiz idi). Daşdəmir kişinin xanımı qonağın şərəfinə quyuda saxladığı motal pendirindən də çıxarmışdı. Uşaqlar da qonağa görə yeməklərini sevinə-sevinə yeyirdilər. Daşdəmir kişi süfrədəki şuxluqdan təsirlənib, arvadı ilə bir az zarafatlaşdı da:

- Az, nədi, deyəsən qonağa özünü göstərirsən? Motal pendiri-zad… balam, amma bizə üzsüz pendirdən, şordan başqa heç nə vermirsən…

Qadın hazırcavablıqda heç bir jurnalistdən geri qalmazmış:

- Bə nədi, a kişi?! Adamın evinə hər gün jurnalist gəlmir ha…bax da, neçə ferma var bu həndəvərdə. Gör kim jurnalist saxlayır evində? O ancax mənim kimi fərəsətti qadınnarın işidi.

Jurnalist söhbətinin ciddiliyindən təsirlənən uşaqlardan biri isə günün sualını verdi:

- Dədə, jurnalistin vəzifəsi böyükdü, yoxsa Seyid Rzanın?

Təbii ki, bu sualın cavabını verməyə mənim istedadım çatmazdı…

Günorta yeməyindən sonra əli iş tutmayan uşaqlar ikibir-üçbir alaçıqlarda uzandılar. Yeniyetmələr sabah qızdırmaya qarşı dərmanlanacaq heyvanların üstünə nişan vurdular. Daşdəmir kişi ilə qardaşı sürünü yığıb, yaxınlıqdakı otlaq sahəsinə apardılar. Altay əlindəki işi qurtaran kimi küçüklərinin yanına qaçıb, onları əzizləməyə başladı. Qadınlar yaz qırxımından qalma yunu rahatlamağa, döşəkliyi bir ayrı, yorğanlığı bir ayrı, nimdərçəliyi, mütəkkəliyi bir ayrı yığmağa başladılar. Yunla əlləşib tərləyən qadınlar arada mənə baxıb, gülümsəyirdilər. Daşdəmir kişinin dilli-dilavər arvadı başını buladı:

- Ehh, kefdəsən, bala. Nə var e, sənin kimi yaşamağa? Vallah, mən də qızları gərək jurnalist oxudum. Əşi bir pulu ki, sənə yazı yazmağa görə verələr… Qoy, qızlar da mənim kimi çoban arvadı olmasınlar...

Eltisi ona ürək-dirək verdi, amma hiss elədim ki, həm də məzələnir:

- Aaaz, çoban arvadı olanda nə olar? Hər çoban da elə hörmətdi çoban olmur ki. Sənin kişin hamının yanında elə fəxrnən deyir ki, yeddi yaşımnan bəri çoban işləyirəm. Hər adamın hünəri deyil ee!

Bir azdan məlum oldu ki, qadınların yunla bağlı belə canfəşanlıq eləməklərinin səbəbi başqadı. Sabah ferma sahibi gələcək. Arvadını da gətirəcək. Qadınlar da ki, yun məsələsində arifdilər. Gərək ona yunun ən yaxşı yerlərini seçsinlər, ağını, təmizini, saçaqlısını versinlər ki, ferma sahibinin xanımı razı qalsın.

…Qoyun yunu, quzu yunu, ağ yun, qara yun deyərkən, bir də gördük yanımızda onlarla yarımçıq kisə əmələ gəlib, qaş qaralıb, bir azdan sürü otlaqdan qayıdacaq, axşam yeməyi hazırlanmayıb, bir sözlə, iş xirtdəkdən…

Daşdəmir kişinin arvadı yun işini yekunlaşdırmağa çalışdı. Eltisi yemək hazırlamaq üçün həmin dar alaçığa girdi. Qız uşaqları qalxıb, ocaq yerini rahatlamağa başladılar. Fermada elektrik yoxdu, bir «motor» qoyublar, ondan da ancaq işıqda yemək, bir də qoyunu-malı sağmaq, axşamlar onları yerbəyer eləmək üçün istifadə edirlər. Amma Şəkinin Cücəmiş kəndindən sonra haradasa elektrikin olmaması artıq mənim üçün təəccüblü deyildi, odu ki, işıqsızlığa heç fikir vermədim.

Qadınlar kim qoyunu, kim inəkləri, kim keçiləri sağacaq? – deyə təlaşa qapıldıqları vaxt köməyimi təklif elədim. Keçi sağmaqda hələ uşaqlıqdan mahirəm və bunu qadınlara deyəndə nəinki onlar, bütün ferma əhli güldü. Keçiləri sağmağımdan daha çox, yalanımı çıxarmaq üçün həvəslə əlimə iri bir vedrə verib, arxaca ötürdülər. Mən vedrənin içinə keçilərin əmcəyini yumşaltmaq üçün bir az ilıq su tökəndə Daşdəmir kişinin arvadı başını tərpətdi:

- Əşi, niyə lağa qoyursunuz? Kişinin qazı bacarır da…

Altay mənə kömək elədi. Keçiləri bir-bir tutub yanıma gətirdi, mənsə sağdım. 20-dən çox sağmal keçidən ağzına kimi dolu bir vedrə süd sağdım və şəstlə vedrəni əhaliyə göstərdim. Qadınlar isə:

- Halaldı, qızım. Bax, bu südü sən sağmısan, sənindi. Nə istəyirsən de, bu süddən sənə düzəldək.

- Südü mənə verirsiniz də… yəni, mən bu südnən nə istəsəm, eləyə bilərəm?

- Hə…

- Onda olar, mən bu südnən çimim?

Arvadlar əllərini üzlərində şappıldatdılar:

- Bıy, evin yıxılsın qız yiyəsi!!! Az, dəli olmusan, südnən adam çimər?!

Dedim ki, zarafat eləyirəm.

Əslində zarafat eləmirdim. Reaksiyanı belə sərt görəndə zarafata saldım. Amma axşam yeməyindən sonra, balaca qızların ikisi ilə bir vedrə su hazırlayıb, yuyunmaq üçün alaçıqlardan birinin arxasına keçəndə, qaranlığa salıb, bir-iki dolça keçi südü qatdım suya.

Axşam yeməyindən sonra oğlanlar bir-birinə him-cim eləyib, qoyun-quzuya baxmaq bəhanəsilə yayındılar. Bir müddətdən sonra oğlanların pıçıltıları, xısın-xısın gülüşləri arxac tərəfdən gəldi. Evin zənən tayfasının və iki qardaşın iştirak etdiyi söhbətdə isə «dominat»lığı Daşdəmir kişi özü eləyirdi (qardaşı qaraqabaq adam idi, yumşaq-yumşaq baxsa da, bircə kəlmə belə kəsmədi):

- Bala, bax, mən yetmiş ildi çoban işləyirəm. Altı-yedi yaşımdan bu çomaq əlimdədi. Qoyuna baxanda dərdini özündən deyən baytardan yaxşı bilirəm. Sovet vaxtı kolxozun qoyunun otarırdım. O vaxt çoban yaşayışda ən mədəni adamdan geri qalmırdı. Şəxsən mən az qala hər il bir xarici ölkəyə gedirdim. «Gedirdim» deyəndə yekə çıxır, yəni göndərirdilər də. Çexoslovakiya, Pribaltika, Ruset heç, Ruset ta su yoluydu, nə bilim, handa bir ölkələrin hamısına getmişəm. Hələ bir dəfə sovet sədri dedi ki, bəs, gərək bu il Hindistana iki çoban göndərək. Əşi, kimidi Hindistana gedən? Hindistan hardasan-burdasan? Dedim, a kişi, qoyun-quzu qalır başlı-başına, mənim Hindistanda nə azarım var?! Dillərin bilmirəm, sərlərin bilmirəm, gedib orada neyniyəsiyəm? Əlqərəz, getmədim. Sovet vaxtından sonra da, bir müddət qaldım belə, avara. Bir-iki il öz qoyun-quzumu otardım. Sonra Seyid dedi ki, onsuz da öz qoyununu otarırsan. Sənə nə fərqi var, qabağında bir qoyun oldu, min qoyun oldu? Gəl, elə mənimkiləri də qat özününkülərə, otar, haqqını da al… Ağlıma batdı. Sonra da qardaşımın ailəsini də yığdım, gətirdim bura. Baş-başa verib, iki qardaş otarırıq bu sürünü. Dolanışığımız da pis deyil, korluq çəkmirik. Gördüyün kimi, əmcək yağı, pendir-qatıq, hər şey təbii. O ki, qaldı qəndə-çaya, nə bilim, yayda pomidor-xiyara, əyin-başa… ta həftədə bir dəfə gedirik rayon bazarına, hər ehtiyacımızı alırıq. Sağ olsun, Seyid də gələndə nədən korluğumuz var, alıb-gətirir. Yaxşı, sadə adamdı, vallah, heç özün yuxarıdan aparıb-eləmir. Həkim qoyun dərmanlamağa gələndə, mən bir qoyun tutub-saxlayanda, Seyid iki qoyun tutur. Elə ona görə də, Allah ruzisini verir də…

- Bəs, qışda burda necə qalırsınız? Axı çölün düzündə, belə açıq yerdə qalmaq mümkün deyil…

- Qışda burda təkcə qardaşımla mən qalırıq. Arvad-uşağı köçürürük kəndə. Özümüz də çölçü babayıq da, birtəhər dözürük. Ömür boyu elə qarda-tufanda olmuşuq, bizə soyuq daha kar eləmir.

- Uşaqlarınızın gələcəyi necə olacaq? Oxudacaqsız, yoxsa onları da çoban görmək istəyirsiz?

- Bala, heç kim öz istəyiynən çoban olmur. Heç kim də istəməz ki, uşağı çoban ola. İndi həyat belə gətirdi ki, mən çoban oldum. Amma uşaqlara yazığım gəlir. İstəyirəm oxusunlar. Gördüyün kimi, uşaqların sayı 10-a azalıb. Aralarında oxuyan da var, qoyun-quzuya meyl eləyən də. Mən oxumaqlarının tərəfindəyəm. Sən indi hamısının burda olduğuna baxma, indi yaydı deyə hamısı burdadı. Yoxsa ki, məktəb vaxtı gələndə hamısı gedir dərsinə... bax bu bacılığın var ha, (üzünü ovucları arasına alıb bizə qulaq asan balaca qızların arasında mavigözlü, 12-13 yaşlısını göstərir) bu yaman oxuyandı. Bura da kitabnan-zadnan gəlir. Əmisi uşaqları ilə dalaşanda, cırırlar deyə, qorxusundan yükdə-zadda gizlədir kitab-dəftərini…sən bunlardan narahat olma, oxuyan elə burada da oxuyacaq, oxumayan ən rahat yerdə də oxumayacaq...

Söhbət şirin olsa da hamını yuxu basırdı. Ev sahibləri iş, mənsə yol yorğunu idim. Qadınlar qalxıb, yer saldılar. Oğlan uşaqları elə açıq havadaca, əllərinə keçən döşəkcələrin üstündə yıxılıb, yatdılar. Qızlara alaçıqlarda yer düzəltdilər. Mənsə dörd tərəfi açıq, yalnız üstü örtülü qalacağın altında, iki mehriban eltinin arasında yatdım. Təsərrüfatın qoşa dayağı, iki qardaş isə harda və nə vaxt yatdı – xəbərim olmadı…

Yaxınlıqdakı gölməçədə səs-səsə verən qurbağaların qurultusu, arxacda devikən quzuların mələrtisi, nədənsə narahat olan malların böyürtüsü, vaxtı çaşıb, yersiz banlayan xoruzun banı, hardasa lap yaxındakı cırcıramaların cırıltısı, iki tərəfimdə şirin yuxuya getmiş eltilərin xorultusundan ibarət klassik kənd xorunun sədaları altında yuxuya getdim…yuxuda dəyənin qabağında samovar qaynadan çoban babamı gördüm.

Səhər, daha doğrusu, günorta məni düz üzümə, gözlərimin içinə şığıyan günəş şüaları oyatdı. Oyananda tərdən paltarımın, yatağımın cumculuq olduğunun fərqinə vardım. Çobanlar qoyunu artıq gətirib, arxaca yığmışdılar. Həyətdə gəzişən, vurnuxan qadınlara, uşaqlara baxanda bildim ki, hamı çoxdan oyanıb, mənsə dörd tərəfdən «günortaya qədər yatan qıza» rişxəndlə baxan onlarca cüt gözün altında yatırammış.

Həyətdə qızlardan üçü itmiş hinduşka balalarını kimin axtaracağı barədə sərt bir mübahisəyə girişmişdi. Utanıb, tez ayağa qalxdım və yorğan-döşəyi yükə yığdım. Hamı səhər yeməyini çoxdan yemişdi. Buna görə də, səhər yeməyini ömrüm boyu olduğu kimi, tək yeməli oldum: ənənəvi kənd süfrəsi – kərə yağı, pendir, lavaş, şirinçay. Çaydanı çöl ocağında qaynatmışdılar.

Eltilər mənə tapşırdılar ki, qızlara qoşulub, həyət-bacanı, alaçıqları bir az səliqəyə salım: bir azdan ferma sahibi ilə arvadı gələcəkdi. Sevinə-sevinə, məni ən məzəli və orijinal sualların atəşinə tuta-tuta köməyimə gələn qızlarla tez bir müddətdə hər yeri yığışdırdıq və qonaqlarımızı gözləməyə başladıq.

Onlar da özlərini çox gözlətmədilər. Bir azdan qoşa göyərçin kimi baş-başa verən «mülkədar» cütlük yolda göründü. Seyid Rza deyilən adam dolubədənli, qırmızısifətli, ağköynəkli, ağ araqçınlı, əli təsbehli bir kişi idi. Xanımı isə barmaqları, boyun-boğazı, qulaqları qədimdən qalma qızıllarla dolu, olduqca qəşəng, yaşına uyğun olmayan tərzdə qıvraq bir qadın idi. Xanım çoban arvadları ilə şəstlə görüşüb, dinməz-söyləməz keçib oturdu. Qadınlar əl-ayağa düşüb onun altına təzə döşəkcə saldılar. Kürəyinə balış qoydular.

Ferma sahibi isə oturmadan tövlələri, arxacı gəzdi, bir kənarda qoyunların, malların vəziyyəti barədə çobanlarla söhbət elədi. Uşaqlarla zarafatlaşdı, hərəsinə bir söz atdı. Uşaq deyəndə ki, həyətdə az uşaq qalmışdı – kimi hinduşkaları axtarırdı, kimi qonşu fermanın həyətinə girmiş ördəkləri gətirməyə, kimi atın mıxını dəyişməyə getmişdi, Altay isə sevimli küçüklərindən birini itirmişdi, onu axtarırdı. Çay süfrəsi salınanda kölgələnəcəyə gələn Seyid axır ki, təzə qızla maraqlandı. Kim olduğumu biləndən sonra üzü işıqlandı. Aran ləhcəsində dil-ağız elədi:

- Mənim balam, belənçig istidə özüə nöş əziyyət verirdün? Gəleydün əmüngilə, nə lazımdı, mən səə danışaydım dənə…

Dedim ki, elə maraqlı olmazdı. Burada qalmaq özümə xoşdu. Seyidin arvadı özünü heç o yerə qoymadı. Uşaqlardan aldığı iri dəsmalla üzünü yelləyib, tərini silə-silə çayını içdi. Arada gözünü qaldırıb, mənə baxanda tərlədiyimi görüb, əlindəki nəm dəsmalı mənə tərəf atdı. Sanitariya qaydalarını düşünməyin yeri olmadığını anlayaraq, mən də başımla təşəkkür eləyib, həmin tərli dəsmalla üz-gözümü silib, təzədən ona qaytardım.
Bir azdan qohumumuz, yəni fermanın həkimi də gəlib çıxdı. Qonaqların sayını görən qadınlar Daşdəmir kişi ilə pıçıldaşdılar.

Bu pıçıldaşma bir qoyunun qanına qəltan olmağı ilə nəticələndi. Uşaqlar ətdən bişən yeməyi gözləməyib, tez hərəsi bir tikə alıb, ocağa atdılar.

Qadınlar çöl ocağında bozartma bişirdilər, sonra sahibli-çobanlı-qonaqlı hamımız süfrə başına toplaşdıq. Bir daldanacağın altı bəs eləmədiyindən yeniyetmələr bir dənə də müvəqqəti çardaq quraşdırdılar. Hamı iştah və həvəslə yedi, Altayın isə qanı bərk qara idi: küçüyünü hələ də tapa bilməmişdi.

Küçükdən ötəri yeniyetmənin belə kədərlənməyi hamıya qəribə gəldi.

Yeməkdən sonra çoban arvadları pendirdən, qatıqdan, yundan sahibin xanımının yükünü tutdular. Seyid isə həkimi bir kənara çəkib, onunla nəsə danışdı. Sonradan həkim mənə dedi ki, kişi ona və çobanlara tapşırıb ki, gedəndə mənə əməlli-başlı sovqat düzəltsinlər.
Sahiblə arvadı gedəndən sonra fermada həyat öz axarı ilə davam elədi. Dünənki kimi, örüşə gedib, axşam geri qayıdan mal-qoyunu rahatlamaq, quzuları analarının altına ötürmək, yetim quzuları xüsusi əmizdirmək, qoyunların südünü bir ayrı, keçiləri bir ayrı sağmaq, arxacın, xəstə qoyunların, iribuynuzlu mal-qaranın yatdığı tövlənin, hinin ağzını bağlamaq…

İkigünlük ferma macəramı yekunlaşdırıb, geri qayıdanda eltilər hərəsi öz əl qabiliyyətlərini göstəricisi olan nemətlərdən əməlli-başlı bir zənbil düzəltmişdilər. Götürmədim və onlar məndən incidilər. Nə qədər and içsəm də ki, buradan yolum Oğuzadı, orada hələ harada, neçə gün qalacağımı bilmirəm, qadınlar yenə də inanmayıb, bu hərəkətimi yekəxanalığa yazdılar.

Amma sonradan öyrəndim ki, inciklikləri çox çəkməyib. Oradan çıxdığım günün axşamı qohumumuz zəng eləyib, dedi ki, uşaqlar da, eltilər də hamısı ondan jurnalist qızı fermaya bir də gətirməyi xahiş ediblər.

Mənsə… mənsə ömrümdən iki günü işıqdan, televizordan, sivilizasiyadan bir azca uzaqda, min-bir zəhmətlə yaşayan adamların yanında keçirdiyim, az da olsa, bir az başqa cürə də olsa, uşaqlığıma qayıda bildiyim üçün sevinirdim. İndi, reportajımın son cümlələrini yazarkən fərqinə varıram ki, tərəkəmə köçündə keçən uşaqlığımda, hələ dünyada nə Çe Gevaranı, nə Eduard Limonovu, Subkomandante Markosu, nə də məsələn, lap elə yazıçı Aqil Abbası tanımadığım, qəlbimin ən böyük arzusu şirin fəsəli, təzə qaymaq, yumşaq əyirdək olduğu həmin çağlarda indikindən min qat xoşbəxt imişəm.

Amma mən o xoşbəxtliyi ölkəmdə heç bir uşağa arzulamıram. Mən nə qədər ekzotik, nə qədər şirin görünsə də, həqiqətdə uşağın uşaqlığını əlindən alan, təhsilində, maariflənməsində bərpası mümkün olmayan çatlar yaradan təsərrüfatı, fiziki işi, ağır əməyi arxamca gələn gəncliyə yaraşdırmıram.

Qoy bu ölkədə indiki, gələcək gəncliklə bizi ağır həyat şərtləri altına keçən uşaqlığımız yox, şüurlu, bilikli şəkildə qatıldığımız mübarizə, əqidə, elm, təhsil, fəlsəfə, ədəbiyyat, bir sözlə ən bəşəri, ən ali dəyərlər birləşdirsin…


Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2804

Oxşar yazılar