Dağınıq skleroz xəstələrinin müayinə və müalicə qaydaları təsdiqləndi
06 dekabr 2012 15:41 (UTC +04:00)

Dağınıq skleroz xəstələrinin müayinə və müalicə qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar verib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi Qaydası” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” təsdiqlənib.

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi Qaydası” Azərbaycan Respublikasının ərazisində dağınıq skleroz xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini tənzimləyir.
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir. Səhiyyə Nazirliyi hər il dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müalicəsi və müayinəsi ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları Maliyyə Nazirliyinə təqdim edir.

Pulsuz dərman preparatları və inyeksiya vasitələri ilə təmin olunmaq üçün dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər dövlət müalicə-profilaktika müəssisələrinə müraciət edərək, xəstəlik haqqında sənədlərini təqdim etməlidirlər.

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi Səhiyyə Nazirliyinin təsdiq etdiyi dağınıq sklerozun diaqnostikası və müalicəsi üzrə klinik protokolla müəyyən edilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi yardımın keyfiyyət standartları beynəlxalq tələblərə uyğun həyata keçirilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə ambulator-poliklinika tibbi yardımı, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq profilli tibb müəssisələri tərəfindən həyata keçirilir.

İxtisaslaşdırılmış tibbi yardım dağınıq sklerozun müxtəlif əlamətləri olan, müəssisələrin dispanser qeydiyyatı qruplarına aid edilən və xüsusi müalicə, sağlamlaşdırma və reabilitasiya üsulları tələb olunan xəstələrə göstərilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 18 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin tibb müəssisələrində müalicəsi üçün aşağıdakı tədbirlər həyata keçirilir:

- xəstəliyin xarakterinə və ağırlığına uyğun olaraq zəruri müalicə-diaqnostika tədbirləri;

- xüsusiləşdirilmiş yardımın göstərilməsi zamanı zəruri dərman təminatı;

- manipulyasiyaların və digər müalicə üsullarının aparılması;

- stasionar müalicə müddətində qidalanmanın təminatı.

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi xidmətlər göstərən hər bir dövlət tibb müəssisəsi təchizat cədvəlinə uyğun olaraq texniki şərtlərə, normativ sənədlərə cavab verən müvafiq növ xidmətlərin lazımi keyfiyyətini təmin edən tibbi və texnoloji avadanlıq və cihazlarla təchiz olunur. Tibb müəssisəsinin rəhbəri dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan xüsusiləşdirilmiş yardımın və tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsinə cavabdehlik daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3778

Oxşar yazılar