“Heydər Əliyev məni birinci katib təyin edəndə zülm-zülm ağladım” – XATİRƏ
28 noyabr 2012 12:08 (UTC +04:00)

“Heydər Əliyev məni birinci katib təyin edəndə zülm-zülm ağladım” – XATİRƏ

Tale əvvəldən onun üzünə gülməyib. Hələ dünyaya gəlməmiş atasını əsgər aparıblar. Müharibənin yetim qoyduğu bütün uşaqlar kimi o da bir qarnı ac, bir qarnı tox böyüyüb. 7 yaşında uşaq evinə verildiyi üçün həmişə isti ana qucağının həsrətini çəkib...

Mircəfər Bağırovun qayğısı

Çingiz Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olub. Bütün atasız uşaqlar kimi balaca Çingiz də olmazın əzab-əziyyətlərə, məşəqqətlərə qatlaşıb. Anası yataq xəstəsi olduğu üçün evin bütün qayğıları onun və böyük qardaşının çiyninə düşüb: “Rəngi çoxdan bozarmış köhnə bir şalvarım vardı. İri cibləri olduğu üçün həmişə eyni şalvarı geyinirdim. Qardaşımla birlikdə xəlvətcə taxıl sahəsinə gedib, ciblərimizi buğda ilə doldururduq. Hər cibimizə ən azı bir kilo buğda yığırdıq. Həmin buğdanı evdə kirkirədən keçirib, yarma hazırlayırdıq. Bu minvalla həm qarnımızı doyurur, həm də xəstə anamızı yedirirdik”.

Yeddi yaşlı Çingizin və qardaşının buğda oğurluğu uzun çəkmir. Qardaşların “cinayətinin” üstünün açılması onların taleyində ciddi dəyişikliyə səbəb olur: “1949-cu il idi. Qardaşımla birlikdə yenə buğda yığmağa getmişdik. Yığdığımız buğdanı ovcumuzun içində təmizləyib, sonra cibimizə tökürdük. Bərk yorulduğumuz üçün bir qədər dincəlməyə qərar verdik. Yenicə ayağımızı qatlayıb oturmuşduq ki, yanımızda bir maşın dayandı. Maşından səliqə ilə geyinmiş gözlüklü bir kişi düşdü. Biz bu adamı ilk dəfəydi görürdük. O, ağır addımlarla bizə tərəf irəliləyirdi. Tanımadığımız bu adamın bizə tərəf gəldiyini görəndə, mən də, qardaşım da ağlamağa başladıq. Elə bildik ki, oğurluq etdiyimiz üçün bizi döyəcək. Amma gözlədiyimizin əksinə olaraq, o, nəvazişlə saçımızı sığallayıb, bizi sakitləşdirməyə çalışdı. Dedi ki, qorxmayın, heç kim sizə pislik edə bilməz. Yalnız bundan sonra səsimizi kəsdik. Tanımadığımız həmin adam bizi rayon mərkəzinə apardı. Biz böyük bir binanın qarşısında maşından düşdük. Hər üçümüz geniş, işıqlı bir kabinetə daxil olduq. Başdakı masanın arxasında zəhmli bir adam əyləşmişdi. Bizi gətirən kişi həmin adamın üstünə yeriyib, onu ən ağır sözlərlə təhqir etdi. Soruşdu ki, bu yetimləri indiyə kimi niyə uşaq evinə yerləşdirməmisən? Sonra isə göstəriş verdi ki, məni də, qardaşımı da dərhal uşaq evinə göndərsinlər. Bizi öz maşını ilə rayon mərkəzinə gətirən adamın Azərbaycan KP MK-nın birinci Mircəfər Bağırov, onun danladığı adamın isə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Zülfüqar Hüseynov olduğunu bir müddət sonra öyrəndik”.

Zülfüqar Hüseynovun göstərişi ilə elə həmin gün 7 yaşlı Çingizi və qardaşını Şuşa uşaq evində yerləşdirirlər. Amma qardaşlar uşaq evində qalmaq istəmirlər: “Biz səhər anamızı yataqda qoyub evdən çıxmışdıq. Bilirdik ki, o, bizə görə indi çox narahatdır. Dedilər ki, narahat olmayın, ananıza xəbər vermək üçün indi sizin kəndinizə adam göndərəcəyik. Hava artıq qaralmışdı. Buna baxmayaraq, İngilis Hacıyeva adlı tərbiyəçini anama xəbər vermək üçün bizim kəndə göndərdilər. Həmin gündən etibarən uşaq evində yaşamağa başladıq”.

Nazim Hikməti ağladıb

Dərs əlaçısı olan Çingiz nizam-intizamı ilə də həmyaşıdlarından fərqlənib. 1952-ci ildə onu uşaq evlərinin ümumittifaq toplanışında iştirak etmək üçün Moskvaya göndəriblər. Moskva səfəri 10 yaşlı Çingiz Fərəcovun həyatında yeni səhifə açıb: “Toplanışda Azərbaycandan 99 uşaq iştirak edirdi. Maarif Nazirliyinin məsul işçisi Dilarə Səlimova da bizimlə Moskvaya getmişdi. Bir gün Dilarə xanım mənə bir şeir verib dedi ki, sabaha kimi bunu öyrənməlisən. Şeir çətin olsa da, mən onu əzbərləyə bildim. Ertəsi gün bizi SSRİ Yazıçılar İttifaqına görüşə apardılar. Uşaqlar əzbərlədikləri şeirləri bir-bir deyib, yerlərinə keçirdilər. Növbə mənə çatanda qalxıb, dünən əzbərlədiyim şeiri söylədim. Bu vaxt hündürboy, göygöz, sarıbəniz, bığlı bir kişi yanıma gəlib, məni qucaqladı. Sonra isə belə bir sual verdi: “Oğlum, sən nərdənsin?” Mən bu adamın nə demək istədiyini başa düşmədiyim üçün çiynimi çəkib durdum. Dərhal Dilarə xanım bizə yaxınlaşıb, mənim Azərbaycandan gəldiyimi və uşaq evində yaşadığımı söylədi. Bu sözləri eşidəndə o, məni qucaqlayıb ağlamağa başladı. Onun ağlaya-ağlaya dediyi sözlər indiyə kimi yadımdadır: “Mənim də bir Mehmetim var”. Dilarə xanım mənə dedi ki, bu adam bir az əvvəl ifa etdiyin şeirin müəllifi Nazim Hikmətdir”.

Həmin gün Nazim Hikmət Dilarə Səlimovadan icazə alıb, 10 yaşlı Çingizi özü ilə gəzməyə aparır: “Nazim Hikmət Moskvaya köçəndən sonra Qalina Qriqoryevna Kolesnikova adlı bir qadınla evlənmişdi. Qalina xanım da bizimlə gəzintiyə çıxdı. Nazim əmi mənə kostyum, qalstuk, köynək, dadlı şirniyyatlar aldı. Çox şirin ləhcə ilə danışan bu adama tez qanım qaynadı”.

Moskvadan Bakıya yük qatarında gəlib

Yeddi ay sonra balaca Çingizi müəllimi ilə birlikdə rayon partiya komitəsinə çağırırlar. Sonra isə onu bir təlimatçı ilə Bakıya, Azərbaycan Yazıçılar İttifaqına göndərirlər: “Yazıçılar İttifaqında mənə dedilər ki, Nazim Hikmət səni oğulluğa götürmək istəyir, buna görə də Moskvaya getməlisən. Ertəsi gün məni yazıçı Ələviyyə Babayeva ilə birlikdə Moskvaya göndərdilər. Moskvaya qatarla getdik. Dəmiryol vağzalında bizi Nazim Hikmət özü qarşıladı. Biz birbaşa Nazim əminin evinə getdik. Onun evi metronun “Leninqrad” stansiyasının yaxınlığında yerləşirdi. Evə çatanda Nazim Hikmət mənə dedi ki, oğlum, bundan sonra sən burda yaşayacaqsan. Amma biz həmin evdə çox az qalırdıq. Moskva ətrafında Nazim Hikmətə bağ evi ayırmışdılar. Biz çox vaxt orda qalırdıq. Amma Nazim əmi hər dəfə SSRİ Yazıçılar İttifaqına gələndə məni də özü ilə şəhərə gətirirdi”.

Nazim Hikmətin evində günü xoş keçsə də, 11 yaşlı Çingiz anası, qardaşı və sinif yoldaşları üçün darıxmağa başlayır. Buna görə də gecə-gündüz Azərbaycana qayıtmaq barədə yollar axtarır: “Sinif yoldaşlarımdan ayrıldığım üçün çox üzülürdüm. Nazim əmi məni məktəbə yazdırsa da, rus dilini başa düşmədiyim üçün dərslərimi hazırlaya bilmirdim. Nazim Hikmətin həyat yoldaşı Qalina xanım Azərbaycan, mən isə rus dilini bilmədiyim üçün bir-birimizi anlamırdıq. O qədər darıxırdım ki, bəzən bir ağacın altında oturub, saatlarla fikrə gedirdim. Mənim bu pərişanlığım artıq qonşuların da diqqətini çəkməyə başlamışdı. Onu da deyim ki, Moskvada yaşadığım 9 ay ərzində rus dilini müəyyən qədər öyrənə bilmişdim. Qonşuluqda yaxşı bir adam vardı. Onu birtəhər başa saldım ki, məni Azərbaycana göndərsin. Həmin adam xəlvətcə məni özü ilə dəmir yolu vağzalına gətirib, bir yük qatarına mindirdi. Sonra isə ocaqçıya bərk-bərk tapşırdı ki, bu uşağı özünlə sağ-salamat Bakıya apar. Mən həmin ocaqçıya kömək edir, o isə acından ölməməyim üçün mənə kolbasa və çörək verirdi. Bu minvalla, beş gün sonra gəlib çatdım Bakıya. Elə həmin gün qatarla Bakıdan Yevlaxa getdim. Ordan isə bir yük maşınına minib, Şuşaya yollandım. Təkrar qardaşıma, sinif yoldaşlarıma, müəllimlərimə qovuşduğum üçün özümü dünyanın ən xoşbəxt adamı sayırdım. Onu da deyim ki, evdən qaçsam da, Nazim əmi məndən inciməmişdi. O, ömrünün sonuna kimi mənə bahalı hədiyyələr göndərdi”.

2 il baş çoban işləyib

1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq fakültəsini bitirən Çingiz Fərəcovu təyinatla Sumqayıta göndərirlər. O vaxt Sumqayıtın 5 kəndi olsa da, gənc baytarı ixtisasına uyğun işlə təmin etmək mümkün olmur: “Sumqayıt Kənd Təsərrüfatı Müfəttişliyindən mənə bir məktub verib, Altıağac sovxozuna göndərdilər. Sovxozun direktoru dedi ki, səni ancaq çoban kimi işə götürə bilərəm. Başqa əlacım olmadığı üçün bu təkliflə razılaşdım. Texnikum bitirdiyim üçün məni baş çoban təyin etdilər. Həmin gündən dağlarda quzu otarmağa başladım. İki il Altıağac sovxozunda çoban işlədim. Qoyunla müqayisədə quzuya baxmaq daha çətin idi. Bir gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov Altıağaca gəlmişdi. Vəli müəllim mənim sürümü çox bəyəndi. 1962-ci ildə məni Daşkənddə keçirilən Orta Asiya və Zaqafqaziya kənd təsərrüfatı qabaqcıllarının müşavirəsinə göndərdilər. Elə bilirəm ki, karyera qurmağımda həmin müşavirənin də böyük rolu oldu. Onu da deyim ki, günüm dağda-daşda keçsə də, Sumqayıt şəhər komsomol təşkilatının ştatdankənar katibiydim. 1963-cü ildə Abşeron rayon komsomol təşkilatının 2-ci katibi seçildim. Beləcə, dağlarla vidalaşıb, Bakıya qayıtdım”.

Heydər Əliyevin hüzurunda ağlayır

Altıağacda çoban işləyərkən Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olan Çingiz Fərəcov ömrünün 7 ilini komsomol işində keçirir. Bir müddət sonra Azərbaycan komsomolunun mərkəzi aparatına təyinat alan Fərəcovun yüksək təşkilatçılıq qabiliyyətinə malik olması respublika rəhbərliyinin diqqətindən yayınmır. 1970-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onu Mərkəzi Komitənin kənd təsərrüfatı şöbəsinin müdiri Hacıağa İbrahimovun köməkçisi təyin edir: “Mərkəzi Komitədə işə düzələndən sonra rəhmətlik Heydər Əliyevlə daha sıx görüşməyə başladım. Bəzən Heydər Əliyev yoldaş bir gündə iki dəfə zəng vurub, Özbəkistanda nə qədər pambıq yığıldığını, Şamaxıda üzüm planının niyə dolmadığını soruşurdu. Onun etimadını doğrultmaq üçün gecə-gündüz çalışırdım. Buna görə də Mərkəzi Komitədə işləyəndə məni “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif etdilər”.

Üç rayonda birinci katib işləyən Çingiz Fərəcov rəhbər işçi kimi özünü əvvəlcə Astarada təsdiqləməli olub: “1980-ci il dekabr ayının 3-də Heydər Əliyev məni yanına çağırıb dedi ki, səni Astaraya birinci katib göndərirəm. Mərkəzi Komitədə işlədiyim üçün Astarada vəziyyətin ağır olduğundan xəbərim vardı. Bu rayon heç vaxt planı doldurmurdu. Camaatın gün-güzəranı, dolanışığı çox pis idi. Rayon rəhbərliyindən Mərkəzi Komitəyə qucaq-qucaq şikayət məktubları gəlirdi. Buna görə də Astaranın adını eşidəndə, zülm-zülm ağladım. Rəhmətlik Heydər Əliyev dedi ki, elə ağladığın üçün səni Astaraya göndərəcəm. Bununla da söhbət başa çatdı və mən rayon partiya komitəsinin birinci katibi kimi Astarada fəaliyyətə başladım”.

Rüşvət almayan birinci katib

Çingiz müəllim deyir ki, yerli əhalinin etimadını qazanmaq üçün özü də onlarla bir yerdə gecə-gündüz işləyirmiş: “Böyük bir torpaq sahəsi götürmüşdük. Övladlarımla birlikdə orda kələm becərirdik. Hər dəfə sahəyə gedəndə ən azı 3 yeşik pomidor yığırdım. İdeoloji işə də çox fikir verirdim. Bir gün Kijəbə qəsəbəsinə gedəndə gördüm ki, yolun kənarındakı “Sovet İttifaqı Kommunist Partiyasına eşq olsun!” şüarını sındırıblar. Başa düşdüm ki, bu şüar camaatın gözünü qabar eləyib. Ertəsi gün yolun kənarına bu məzmunda bir plakat asdırdım: “Evinizə haram gətirməyin, o, halalı da aparacaq”. Bir kənd vardı, orda qocaların sayı çox idi. Həmin kəndin mərkəzində belə bir plakat düzəltdirmişdim: “Qocalara hörmət eləyin, siz də qocalacaqsınız”. Həmçinin “İşləməyən dişləməz”, “Torpaqda izi olmayanın süfrədə üzü olmaz” şüarlarını da ilk dəfə mən yazdırmışam. Bunun nəticəsidir ki, elə birinci il planı doldurduq. Yavaş-yavaş camaatın da vəziyyəti yaxşılaşırdı. Onu da deyim ki, Astarada birinci katib işləyəndə uçuq vəziyyətdə olan 21 məscidi təmir elətdirmişəm.

7 il Astarada birinci katib işləyəndən sonra məni Dəvəçiyə göndərdilər. Bir il Dəvəçidə, 2 il isə Xaçmazda birinci katib işlədim.

Rəhbər vəzifələrdə çalışdığım dövrdə bir qəpik də rüşvət almamışam. Respublikada rüşvət almayan 10-15 raykom katibi olubsa, onlardan biri mənəm.

Bakıya qayıtdıqdan sonra Milli Məclisdə, Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələrdə çalışsam da, həmişə aza qane olmuşam...”

Seymur Verdizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6228

Oxşar yazılar