TQDK 20 illiyi ilə bağlı mükafat payladı
22 noyabr 2012 15:44 (UTC +04:00)

TQDK 20 illiyi ilə bağlı mükafat payladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 20 illik yubileyi ilə əlaqədar Komissiya ilə uzun illər əməkdaşlıq edən dövlət orqanlarını və şəxsləri mükafatlandırıb. Lent.az-ın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, keçmiş Sovetlər İttifaqında mərkəzləşmiş qaydada test üsulu ilə imtahan ilk dəfə olaraq Azərbaycanda keçirilib.

İndiyədək TQDK-nın keçirdiyi müxtəlif məzmunlu imtahanlarda 2 milyon 155 min şəxs iştirak edib. M. Abbaszadə deyib ki, TQDK yubileyi ərəfəsində təşkilatla uzun illər əməkdaşlıq edən, fəaliyyəti dövründə heç bir nöqsana yol verməyən, aidiyyatı işlərin aparılmasında fərqlənən dövlət orqanlarının və şəxslərin yubiley münasibətilə mükafatlandırılması barədə qərar qəbul edib. TQDK ilə uzun müddətli səmərəli əməkdaşlıq etdiklərinə görə qəbul imtahanlarına daxil olan bütün fənlər üzrə 1600-ə yaxın müəllimdən 90 ekspert-məllim Komissiya tərəfindən təltif olunub və onlara xatirə hədiyyələri təqdim edilib.

Qəbul proqramlarının tərtibi, test bankının yaradılması, bütün fənlər üzrə metodiki vəsaitlərin hazırlanması işindəki xidmətlərinə və elmi-metodiki fənn seminarlarının rəhbəri kimi 16 nəfər müxtəlif hədiyyələrlə təltif olunub. Bundan əlavə, imtahan binalarının təhlükəsizliyini və buraxılış rejimini yüksək səviyyədə həyata keçirən və bu prosesi idarə edən Xüsusi Dövlət Mühafizə Xİdməti, Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinə uzun illər ərzində birgə əməkdaşlığa görə TQDK tərəfindən təşəkkür elan edilib və bu qurumların nümayəndələrinə hədiyyələr təqdim edilib.

Nümunəvi fəaliyyətlərinə görə, o cümlədən imtahan iştirakçılarının bazasının formalaşmasında, müvafiq rayonlarda imtahanlara hazırlıq prosesindəki iştirakına görə respublikanın bir sıra təhsil şöbələri və universitetlərinin 13 əlaqələndiricisi, imtahan binalarının imtahan prosesinə hazırlanmasında, imtahan keçirilməsi üçün zəruri şəraitin yaradılmasında iştirakına görə 12 bina nümayəndəsi, imtahan rəhbəri vəzifəsini uğurla icra etdiklərinə görə 20 imtahan rəhbəri, fəaliyyəti dövründə təyin olunduğu zallarda imtahanı uğurla apardıqlarına görə 26 nəzarətçi müəllim mükafatlandırılıb.

Tədbir çərçivəsində TQDK-nın yaradılmasının 20 illiyi münasibətilə KİV nümayəndələri arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb. Komissiyanın 20 illik fəaliyyətinə dair ən yaxşı məqalə və ən yaxşı videosujet nominasiyalarının hər biri üzrə 3 nəfər qalib elan edilib. Qaliblərin hər birinə Komissiya tərəfindən noutbuk hədiyyə edilib.

Mükafatlandırılanlar arasında ən yaxşı məqalə nominasiyası üzrə APA İnformasiya Agentliyinin əməkdaşı Kəmalə Quliyeva, “Səs” İnformasiya Agentliyinin keçmiş əməkdaşı Könül Cəfərova və “Salamnews” Agentliyinin əməkdaşı Zarina İbrahimxəlilova da var.

Ən yaxşı videosüjet nominasiyası üzrə isə AzTVdən Ramin Qurban, Xəzər TV-dən Yelena Sidorenko, İTV-dən Ülviyyə Əlləzova qalib elan olunub.


Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1651

Oxşar yazılar