20 yaşlı TQDK: əzablı yollarla – ARAŞDIRMA
06 noyabr 2012 16:31 (UTC +04:00)

20 yaşlı TQDK: əzablı yollarla – ARAŞDIRMA

“1992-ci ildə test sisteminin tətbiqi çox mürəkkəb bir zamana təsadüf etməklə bərabər, həm də tamamilə yeni bir sistem idi. Bu sistem barədə nə təcrübəmiz vardı, nə kadr təminatı, nə də başqa texniki imkanlar. Hətta bir dənə də olsun, bilgisayarımız yox idi, biz onları ayrı-ayrı universitetlərdən, texnikumlardan yığdıq ki, heç olmasa, abituriyentlərin məlumatları bir bazada toplansın. Üstəlik, vaxt da çox qısa idi, komissiyanın yaradılması barədə fərman elə qəbul ərəfəsində imzalanmışdı və qısa müddətdə biz imtahan keçirməliydik”.

İndi 20 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri, hazırda Türkiyənin məşhur universitetlərinin birində çalışan Vurğun Əyyub komissiyanın neçə təşkil olunması, ilk imtahanların necə və hansı şəraitdə keçirilməsi barədə xatirələrini Lent.az-a danışır. Düz 20 il əvvəl test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin etməklə Azərbaycan tarixinin ən böyük uğurlarından birinin bünövrəsinin qurucusu olan həmsöhbətimiz bu tarixi keçmişi iftixarla xatırlayır. Axı, keçmiş Sovet İttifaqında test üsulu ilə rüşvətsiz tələbə qəbulunun ilk dəfə Azərbaycanda tətbiqi doğrudan da, fəxr olunacaq nailiyyətdir. O nailiyyət ki, bu gün Azərbaycan ictimai həyatında TQDK qədər açıq və şəffaf işləyən, əhaliyə birbaşa, həm də ən yüksək keyfiyyətdə xidmət edən, ən müasir texnologiyalardan istifadə edən ikinci bir dövlət orqanı göstərmək çətin məsələdir. Bu, təkcə ən yeni texnologiyaların təhsil sistemində tətbiqinin göstəricisi deyil, həm də müasir idarəetmə üsullarının “Elektron hökumət”in tətbiqi istiqamətində atılan addım kimi də əhəmiyyətlidir. 20 illik müstəqillik dövründə hələ ki, təhsil sistemini qabağa apara bilən, ictimai rəydə hamı tərəfindən qəbul olunan ikinci bir dəyişikliyin şahidi olmamışıq.

Bəs, bu nailiyyətlər necə qazanılıb? Dövlət müstəqilliyimizlə həmyaşıd olan, açıqlığı, şəffaflığı, çevikliyi və dinamikliyi ilə nümunəvi dövlət qurumu saylan TQDK bu 20 ildə hansı sınaqlardan çıxıb?

Vurğun Əyyubun dediklərindən bəlli olur ki, TQDK-nın yaradılması və test üsulunun tətbiqi heç də asan olmayıb. Onun sözlərinə görə, ali məktəblərə tələbə qəbulu qaydalarının dəyişdirilməsi dar bir vaxta təsadüf etdiyindən bu sistemin qurucuları ciddi çətinliklərə sinə gərməli olub: “Hələ komissiyanın yaradılması məsələsi ortada yox ikən Azərbaycan hökuməti təxminən 2 min nəfəri Türkiyə universitetlərində oxumağa göndərməyi planlaşdırırdı. Bunun üçün türkiyəli mütəxəssislərin iştirakı ilə Bakıda test üsulu ilə imtahan keçirməli idi. Amma Türkiyədən bu işə məsul olan şəxs gəlib çıxmadı. O vaxt prezidentin tapşırığı ilə bu işin təşkili ilə Baş nazirin humanitar məsələlər üzrə müavini Firudin Cəlilov məşğul idi. Firudin Cəlilovun təklifi ilə mənim rəhbərliyimlə təhsil nazirinin müavini Misir Mərdanov və İnşaat Mühəndisləri Universitetindən Zakir Hüseynovdan ibarət bir heyət Türkiyəyə getdik. Bir həftə ərzində orada test imtahan sisteminin xarakterik xüsusiyyətlərini öyrəndik. Bakıya qayıtdıqdan sonra Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə bu ölkədə təhsil alacaq azərbaycanlı tələbələr üçün imtahanı keçirdik. Amma bu, hələ test sistemi deyildi”.

“Hər şeyi sıfırdan başlamalı idik”

Abituriyentlərin test suallarına cavabları müəllimlər tərəfindən qiymətləndirildikdən sonra nəticələr Türkiyəyə aparılaraq yerləşdirmə orda həyata keçirilib. Nəticədə test suallarına ən düzgün cavab verən 2000-ə yaxın abituriyent Türkiyə universitetlərinə qəbul olunub. Vurğun Əyyub deyir ki, imtahanların testlər vasitəsilə keçirilməsi özünü doğrultduğundan Azərbaycan ali məktəblərinə də tələbə qəbulunun test sistemi ilə keçirilməsi gündəmə gəlib. Elə bu məqsədlə Prezident Aparatında Dövlət müşaviri Rafiq İsmayılovun yanında müşavirə keçirilib: “Həmin müşavirədə bu sistemin xarakterini, tələblərini izah elədim. İmtahanların təşkili və xarakterik xüsusiyyətləri barədə müzakirələr apardıq. Bir müddətdən sonra dövlət katibi Pənah Hüseynov test sisteminin nə olması barədə maraqlandı və mənim də fikirlərimi soruşdu. Mən dedim ki, qəbul imtahanlarının keçirilməsi üçün ayrıca bir qurum yaradılmalıdır. Həm də bu qurum prezidentə tabe olmalıdır ki, başqalarının onun işinə müdaxilə etmək imkanı olmasın. Sonra mən evdə oturduğum vaxt televiziyadan eşitdim ki, prezident Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması barədə fərman imzalayıb. Həmin fərmanla mən komissiyanın sədri təyin edilmişdim”.

Bu təyinat Vurğun Əyyub üçün gözlənilməz olduğundan o, bir müddət fərmanı icra etməyib. Səbəb isə qısa vaxt ərzində (o illərdə ali məktəblərə tələbə qəbulu prosesi bir qayda olaraq, avqust ayında yekunlaşırdı – E.S.) bu məsuliyyətli işin öhdəsindən gələ biləcəyinə dair narahatlıq, inamsızlıq olub. Üstəlik ənənəvi qəbul qaydalarından imtinanın cəmiyyət tərəfindən necə qarşılanacağı, insanların test üsuluna necə münasibət bəsləyəcəyi də xeyli suallar yaradırdı: “Biz hər şeyi sıfırdan başlamalı idik. Vaxt çox az idi, üstəlik imtahanları təşkil etmək üçün komanda formalaşdırmaq, texniki təchizat məsələlərini həll etmək kimi ciddi və çətin proses gözləyirdi bizi. Dövlət katibi Pənah Hüseyn, Dövlət müşaviri Rafiq İsmayılov və Baş Nazirin müavini Firudin Cəlilov məni inandırdılar ki, təhsilin inkişafı naminə bu vəzifəni üzərimə götürməyim lazımdır. Bundan sonra mən prezident Əbülfəz Elçibəylə görüşdüm, işə başlamaq üçün müəyyən bir zaman istədim və söz verdim ki, noyabrın ortalarına qədər imtahanları keçirməyə çalışacağam. Prezident razılaşdı və biz işə başladıq”.

İctimai inamdan...

O vaxt Nazirlər Kabinetinin binasında bir neçə otaqdan ibarət müvəqqəti qərargahda yerləşən TQDK-nın formalaşdırılması heç də asan həll olunmayıb. Amma komissiyanın sədri prezidentin ona verdiyi sərbəstlikdən maksimum istifadə etməyə çalışıb. O zaman İnşaat Mühəndisləri Universitetində prorektor vəzifəsində çalışan Kamran İmanov sədrin birinci müavin təyin edilməklə komissiyanın rəhbər və işçi heyətinin formalaşdırılmasına başlanıb. Kiçik də olsa, bir komanda yaradıldıqdan sonra tələbə qəbulu sisteminin nəzəri baxımdan necə olacağı müəyyənləşib. Vurğun Əyyub deyir ki, o zaman üzləşdikləri əsas çətinliklərin biri də cəmiyyətdə, xüsusilə ali məktəblərdə test üsulunun əleyhinə təbliğatın aparılması idi: “Vəziyyət xeyli çətin idi, insanlar imtahanların necə olacağını bilmirdilər, xüsusilə abituriyentlər psixoloji cəhətdən buna hazır deyildilər. Xeyli insan qəbul imtahanlarını test üsulu ilə mərkəzləşdirilmiş qaydada təşkilinin əleyhinə təbliğat aparırdılar, təxribat törədirdilər, şayiələr yayırdılar. Başa düşürdük ki, riskli bir işin məsuliyyətinin altındayıq, imtahanlar baş tutmasa, bu, intihara bərabər bir şey idi. Bu, həm də Əbülfəz Elçibəy hökumətinə çox böyük zərbə ola bilərdi. Buna baxmayaraq, mən topladığım komandaya inanırdım, bu təməlin millətimizin gələcəyinə, təhsilimizi və cəmiyyətimizi inkişafa aparacağına əmin idim. Məhz bu inama söykənərək çox az qüvvə ilə bu işin öhdəsindən gələ bildik”.

Xatırladaq ki, Azərbaycanda test üsulunun tətbiq olunduğu ilk ildə ali və orta ixtisas məktəblərinə təxminən 38 min tələbə qəbulu planlaşdırılıb. TQDK-nın müəyyən etdiyi tələblərə uyğun olaraq, müsabiqədə iştirak üçün minimum keçid balının həddi 280 bal müəyyən edilib. Noyabrın 15-də keçirilən imtahanda yerlərin 15 minə qədəri birinci turda tutulub. İkinci yerləşdirmədə isə keçid balı 210-a endirilib və bu mərhələdə təxminən 1000 nəfər abituriyent boş qalmış ixtisaslara yerləşdirilib. Beləliklə, Azərbaycanda test üsulunun tətbiq olunduğu birinci ildə ali məktəblərə 16 minə yaxın tələbə qəbul edilib.

Vurğun Əyyub həmin il noyabrın 14-də gecə səhərə qədər yatmayıb “Azərbaycan” Nəşriyyatında “Sual kitabçası”nı çap etdirdiklərini də xatırlayır. Ertəsi gün isə imtahan keçirildikdən sonra abituriyentlərin “Cavab kartı”nın optik oxuyucu vasitəsilə yoxlanması məqsədilə Türkiyəyə aparıblar. Çünki həmin optik oxuyucular Azərbaycanda mövcud olmayıb. “Cavab kartı” 3 gün ərzində oxunduqdan sonra nəticələr ərizələrdə göstərilən yerlərə uyğun yerləşdirilmə aparılması üçün Bakıya gətirilib. Bir neçə gün ərzində yerləşdirmə aparıldıqdan sonra nəticələr “Azadlıq” qəzetində dərc edilib.

...Siyasi dəstəyədək

TQDK-nın ilk sədri elə birinci cəhddə test üsulunun sınaqdan uğurla çıxmasını dövlətin bu işə siyasi dəstək verməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, Azərbaycanda test üsulunun tətbiqinə şəxsən prezident Əbülfəz Elçibəy, dövlət katibi Pənah Hüseynov və Milli Məclisin sədri İsa Qəmbər imkan çatan qədər istənilən köməkliyi göstəriblər: “Ən böyük kömək isə o idi ki, bizim işimizə heç bir müdaxilə etmirdilər. Onlar təkliflərimizi dinləyirdilər, mümkün olanı burada eləyirdik, olmayanı Türkiyədə. Dövlətin ciddi dəstəyi sayəsində biz Türkiyədə yalnız texniki imkanlardan istifadə etmişik. Yerdə qalan təşkilati və elmi işləri Azərbaycan dövləti öz gücü hesabına edib”.

Vurğun Əyyub deyir ki, test üsulunun tətbiqi təkcə qəbul prosesində rüşvətin qarşısını almaq məqsədi güdmürdü. Onun sözlərinə görə, yeni sistemdə rüşvətə qarşı mübarizə 4-5-ci məqsəd idi. Əsas amal isə əvvəl abituriyentlərə seçim azadlığı vermək, hamıya bərabər imkanlar yaratmaq, tələbə qəbulunda demokratik mühit, açıqlıq və şəffaflıq yaratmaq, vaxta qənaət kimi prinsiplərə xidmət etmək idi.

Bu prinsiplər və mahiyyət TQDK-nın mövcud olduğu 20 ildə dəyişməz olaraq qalır. Dəyişən isə 1992-ci ildə yaradılan komissiyanın bir struktur kimi böyüməsi, qəbul qaydalarının təkmilləşməsi və bu sistemə ictimai inamın ildən-ilə artmasıdır. Belə ki, TQDK ötən 20 ildə texniki təminatını, nəzarətçi-müəllim bazasını, test bankını tam formalaşdırılıb və zənginləşdirilib.

HAŞİYƏ: TQDK mərhum eks-prezident Əbülfəz Elçibəyin 21 iyul 1992-ci il tarixli 74 saylı fərmanı əsasında Nazirlər Kabineti yanında yaradılıb. Həmin fərmanın 2-ci bəndi ilə Vurğun Əyyub Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə təyin olunub. Komissiyanın ikinci sədri olan Kamran İmanov isə Ali Sovetin sədri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən mərhum Heydər Əliyevin 30 iyul 1993-cü il tarixli 695 saylı fərmanı ilə bu vəzifəyə təyin olunub. O, 15 yanvar 1995-ci il tarixədək bu vəzifəni icra edib. Komissiyanın hazırkı sədri Məleykə Abbaszadənin isə bu qurumun rəhbərliyinə gətirilməsi 1994-cü ilə təsadüf edir. Belə ki, prezident Heydər Əliyevin 25 avqust 1994-cü il tarixli 109 saylı sərəncamı ilə TQDK sədrinin birinci müavini təyin edilən Məleykə xanım cəmi 4 ay sonra həm də komissiyanın sədr əvəzi kimi çalışıb. Nəhayət, Heydər Əliyev Məleykə Abbaszadəyə etimad göstərərək 5 oktyabr 2000-ci il tarixli 539 saylı sərəncamı ilə onu Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə təyin edib.

Yerli və beynəlxalq qurumlar üçün örnək təcrübə

Ötən 20 ildə TQDK-nın qazandığı ictimai inam və inkişaf dinamikasının əsas yükü komissiyanın indiki sədrinin dövrünə təsadüf edir. Belə ki, sənəd qəbulundan tutmuş imtahan nəticələrinin elan edilməsinədək olan mərhələlərin hamısında kompüter və mobil rabitə xidmətlərindən istifadə, “Tələbə-məzun” bazasının formalaşdırılması, abituriyentlərin ixtisas seçimi imkanlarının artırılması kimi mühüm dəyişikliklər 20 yaşlı Komissiyanın ikinci onilliyində qazanılmış yeniliklərdir. Bir müddət dövlət qulluğuna, Daxili İşlər və Prokurorluq orqanlarına işə qəbul üçün test imtahanlarının təşkilinin TQDK-ya həvalə olunması da bu quruma ictimai inamın və etimadının göstəricisi kimi saymaq olar. Komissiya bu sahədəki təcrübəsini digər təşkilatlara, o cümlədən Dövlət Qulluğu Məsələləri Komissiyasına öyrətməklə elmi-texniki mərkəz kimi də özünü təsdiqləyib.

Bu ilin aprelində isə ölkə başçısının fərmanı ilə ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının təşkilinin, eləcədə orta məktəblərdə istifadə edilən dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin aparılması da TQDK-ya həvalə edilib. Həmin fərmanla komissiyanın aparatında dərslik və dərs vəsaitlərinin monitorinqini həyata keçirəcək ayrıca struktur bölmənin və daha 3 regional bölmənin yaradılıb. Bundan sonra Nazirlər Kabineti prezidentin fərmanına uyğun olaraq, “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında” qərarına dəyişiklik edib. Bu qərarla TQDK-nın Ağcabədi, Göyçay və Şirvan şəhərlərində yeni regional bölməsi yaradılıb. Bununla da TQDK-nın respublika üzrə regional bölmələrinin sayı 8-ə (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcabədi, Göyçay və Şirvan) çatdırılıb. Təhsil sistemində ciddi əhəmiyyət daşıyan bu dəyişiklik də TQDK-ya olan ictimai inam və siyasi dəstəyin təzahürü kimi qiymətləndirilir.

TQDK-nın 20 il ərzində əldə etdiyi əldə etdiyi nailiyyətlər, xüsusən də test üsulunun tətbiqindəki mütərəqqi üsullar ölkə hüdudlarından kənarda da müsbət təcrübə kimi diqqəti çəkir. Hətta o səviyyədə ki, təhsillə bağlı əksər beynəlxalq qurumlar (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya və xarici ölkələr (Rusiya, Qazaxıstan, Qırğızıstan) TQDK ilə əməkdaşlığı gücləndirməyə, onun təcrübəsindən bəhrələnməyə başlayıb. Cəmi bir neçə ay əvvəl isə Qazaxıstan hökuməti ali məktəblərə tələbə qəbulu qaydalarını dəyişərək Azərbaycandakı test üsuluna uyğynlaşdırmaq barədə qərar qəbul edib.

...Tarixi vərəqlədikcə, olub-keçənləri xatırladıqca Azərbaycan cəmiyyətinin bəlkə də yeganə öyüncək nöqtəsi olan bu nailiyyətin asan qazanılmadığı bir kino lenti kimi göz önündə canlanır. Bu 20 il ərzində bəzilərinin təkmilləşmə pərdəsi altında test üsulunun ləğvinə dair aşkar və örtülü təşəbbüslərlə çıxış etməsi də həmin kino lentində bir iz qoyub. Deyəsən, müstəqilliyimizin ən kövrək anlarında böyük cəsarət və fədakarlıqla qurulan 20 yaşı olan TQDK-nın yolunu qos-qoca qüvvələr kəsmək niyyətindən vaz keçmək istəmir. Çifayda, özünüzü yormayın, cənablar! Kasıbın, yoxsulun axırıncı tikəsini əlindən alanda o, heç nəyi heç kimə güzəştə getmir. Axı, 20 il əvvəl qurulan test sistemi kasıb balalarının ali təhsilə açılan əvəzolunmaz qapısıdır! Toxunmayın bu qapıya!

Elxan SALAHOV

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2110

Oxşar yazılar