Ləyaqət yolunun davamçısı - XATİRƏ
Əyil, səndən keçim dünya...
İnsan bəzirgan kimi doğulur, xoca kimi tərk edir bu ulu dünyanı. İnsanın gəlişi də bir xəbərdi, gedişi də bir xəbər. İnsanın gəlişi də bir səfərdi, gedişi də bir səfər. Və bu xəbər-səfər paralelində ya şəxsiyyət səviyyəsinə ucalır, ya da eləcə adam olaraq qalır insan.
Onu tanıyanların qəlbində əbədi şəxsiyyət heykəlinə çevrilən insanlardan biri – Zahid Vəli oğlu Dünyamalıyev. Sifət cizgiləri, vücudu ilə eynən Oğuz-Qıpçaq kişilərini xatırladırdı rəhmətlik. Duruşu-oturuşu, baxışı, rəftarı görk, ibrət mücəssəməsiydi.
Daxili İşlər Nazirliyinə elm sahəsindən gəlmişdi. Və xidmət etdiyi - o vaxtlar informasiya mərkəzi adlanan idarəyə yox, ümumən daxili işlər orqanlarına bir ziyalı təfəkkürü, ziyalı əxlaqı, ziyalı baxışı gətirmişdi. Zahid müəllim məhz bu keyfiyyətlərinə, həmçinin xidməti işin öhdəsindən yüksək peşəkarlıqla gəldiyinə, dərin bilik və savadına, sanballı-salğalı, çəkili məziyyət və mahiyyətinə görə nadir rəhbər əməkdaşlardan biri hesab olunurdu. Son dərəcə dəqiq, real məntiqə malik idi. Ən mürəkkəb hadisə və proseslər məhz bu real məntiqdən süzülüb həqiqət real gerçəklik mahiyyəti alırdı. Bunu onun riyaziyyatçı olması ilə izah edəndə paradoksal bir vəziyyət yaranırdı, axı Zahid müəllim ədəbiyyatı, tarixi, digər elmləri də mükəmməl bilirdi. Bir dəfə İngiltərədən gəlmiş qonaq onun geniş biliyinə, xüsusilə “Liverpul” futbol komandası barədə məlumatına o qədər valeh olmuşdu ki, polis işçisinin belə səviyyəyə malik olduğuna təəccübünü heç cür gizlədə bilməmişdi.
Zahid Dünyamalıyev informasiya mərkəzinin rəisi vəzifəsinə təyin olunandan sonra ən savadlı, ədalətli nazir kimi hamının qəbul edib hörmət bəslədiyi Cəfər Vəliyev cinayətkarlığa qarşı mübarizənin mövcud vəziyyəti ilə əlaqədar birmənalı olaraq məhz Z.Dünyamalıyevin gətirdiyi rəqəmlərə, onun mühakimələrinə inanır, böyük etimad bəsləyirdi.
Mərhum Aydın Məmmədov nazir təyin olunanda ilk diqqətini cəlb edən rəhbər işçilərdən biri məhz Zahid müəllim olmuşdu. Az keçmədi ki, Aydın müəllim onu Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi vəzifəsinə təyin etdi. Ölkənin ikinci böyük şəhəri özünəməxsus spesifik kriminogen xüsusiyyətlərə münasibət və yaşam tərzinə malik olan Gəncədə işləmək asan olmasa da Zahid müəllim sözün əsl mənasında ağayana hərəkətləri, yüksək təmkini və ən başlıcası ədalətli mövqeyi və yerli əhali ilə milli mentalitetimizə uyğun yüksək rəftarı, gözü-könlü toxluğu ilə həm özünün, həm də polisin nüfuzunu yüksəklərə qaldırdı. Həm də bu o zamanlar idi ki, ulu öndər Heydər Əliyev Moskvada tutduğu vəzifədən azad olunmuş ona qarşı çirkin bir kompaniya başlanmışdı. Ən acınacaqlısı o idi ki, vaxtilə Heydər Əliyevin yaxşılıq etdiyi, irəli çəkdiyi adamların bir çoxu ondan üz döndərmiş, dönük çıxmışdılar. Ölkənin yeni rəhbərinə yarınmaq üçün bir çoxları mətbuat səhifələrində, televiziyada onun ünvanına hədyanlar danışır, böhtanlar yağdırırdılar. Lakin ulu öndərin böyüklüyünü, qədir-qiymətini düzgün qiymətləndirib uca tutanlar daxilən əzab çəkir, bu ədalətsizliyə dözmürdülər.
Həmin anlarda DİN-in orqanı olan “Mübariz keşikdə” qəzetinin bir nəfər əməkdaşı Gəncəyə ezam olunmuşdu. Vaxtın azlığına baxmayaraq Zahid müəllim onu qəbul etmiş, qələmə alacağı məsələlərlə maraqlanmışdı.
Qəbul otağında adamların çoxluğunu, Zahid müəllimin vaxt imkanlarının məhdudluğunu nəzərə alan jurnalist əməkdaş bir yanını qaçaraq qoyub kabineti tərk etmək istəyirdi. Dəftər-kitabını yığışdıra-yığışdıra birdən üzünü ona tutub, ağlar bir səslə:
- Zahid müəllim, nə üçün Qazaxıstanda Kunayev, Gürcüstanda Şevardnadze haqqında hərzə-hədyanlar yazmırlar, dönüklük elə bizəmi qalıb, - dedi.
Zahid müəllimin gözündə yaş parlayırdı. Düməni basıb, katibəyə:
- Adamlara de ki, dayanmasınlar, sonra qəbul edəcəyəm, - dedi. Çay stəkanları boşaldıqda söhbət daha da uzağa gedir, Heydər Əliyevin bənzərsiz rəhbər, qətiyyətli şəxsiyyət adamları arxasınca aparacaq xarizmatik bir insan olması real həqiqət kimi qəbul olunur, ona olan böyük sevgi və ehtiram hissləri ən yüksək formada ifadə edilirdi. Müxbir həmin gün də, sabahısı Zahid müəllimin xahişi ilə Gəncədə qalası oldu. Əlbəttə, bütün günü söz-söhbət Heydər Əliyevə olan sevgi üzərində qurulurdu.
1993-cü ilin ayında Zahid müəllim Sabunçu rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışırdı. Məlum hadisələrin cərəyan etdiyi həmin vaxt Heydər Əliyev sözün əsl mənasında dövlətçiliyimizi dağılmaq təhlükəsindən xilas edirdi. İyunun 15-də səhər tezdən xidməti maşınında işə tələsən Z.Dünyamalıyev arxa oturacaqda onunla birgə əyləşmiş (vaxtı ilə “Mübariz keşikdə” qəzetinin müxbiri olmuş həmin şəxs) Sabunçu RPİ-nin kadr üzrə müavini ilə qucaqlaşıb bir-birini təbrik etdilər:
- Bu gün Azərbaycanın milli qurtuluş günüdür. (Söz Zahid müəllimin ağzından eynən olduğu kimi çıxmışdı)
Zahid müəllimin o vaxt dediyi sözlər rəsmiyyətə düşdü və həmin gün Milli Qurtuluş Günü kimi tarixə düşdü.
...Mən onunla hələ tələbəlik illərindən tanış idim. Keçən əsrin 60-cı illərinin əvvəllərində əsgərlik vaxtı çatmış tələbələri hərbi xidmətə göndərirdilər. Zahid Dünyamalıyev də təhsilini yarımçıq qoyub hərbi xidmətə çağırılmış, sonra təhsilini davam etdirən tələbələrdən biridir. Təbii ki, onun bu səbəbdən digər tələbələrdən yaşca böyük olması və ən əsası isə ağlı, savadı və təcrübəsi bizim üçün bir “ağsaqqal” imici formalaşdırırdı. Çətin bir vəziyyətə düşəndə onunla məsləhətləşən, onu özünə ümid yeri, arxa-dayaq bilən tələbələrin sayı kifayət qədər idi.
Z. Dünyamalıyev yaxşı güləşçi idi. Allahın bəxş etdiyi sağlam bədən, idmançı görkəmi onu bizim gözümüzdə daha da ucaldırdı, ona güvənən uşaqlar özlərini daha arxalı, sərbəst hiss edirdilər. Sabiq SSRİ-nin digər respublikalarında keçirilən güləş yarışlarında tez-tez iştirak edirdi. Yarışlarından qayıtdıqdan sonra qarşılaşdığı maraqlı hadisələrdən böyük həvəslə danışardı:
- Orta Asiya respublikalarının birində keçirilən yarışda rəqibim çox güclü idi. Bildiyim fəndləri işlədir, çalışırdım ki, üstünlüyü əldən verməyim, amma nəticə əldə edə bilmirdim. Yarışın sonuna az qalırdı, rəqibim də mən də qan-tər içində idik. Birdən zalda bir canlanma əmələ gəldi. Bir qrup tamaşaçı mənim familiyamı təkrar-təkrar ucadan deməyə və məni alqışlamağa başladı. Bunun səbəbini bilirdim, amma bu alqışlar məni ruhlandırdı və son gücümü toplayaraq, qalib gəldim. Yarışdan sonra mənə məlum oldu ki, məni alqışlayanlar Özbəkistan nümayəndə heyətinin üzvləri imiş. Yarış vaxtı yaşadığım gərginlik qeyri-ixtiyari sifətimi o hala salmışdı ki, daha çox Orta Asiya adamlarını xatırladan gözlərim daha da qıyılmış və sifətim özbək millətinə xas olan görkəm almışdı. Buna görə də özbək nümayəndələri məni həmyerliləri hesab edib alqışlamış, qələbə qazanmağıma real şərait yaratmışdılar. Bu cür hadisələri danışdıqca özü də bizə qoşulub, ürəkdən gülürdü. Tələbəlik illərindən sonra bizim xeyli vaxt əlaqələrimiz olmadı. O, uzun müddət Sumqayıt şəhərində Neft-Kimya Proseslərinin Aftomatlaşdırılması Elmi-Tədqiqat Layihə institutunda müxtəlif vəzifələrdə çalışdı. 1970-ci illərin ortalarında daxili işlər orqanlarında xidmətə dəvət olunmuş, sabiq daxili işlər naziri, gözəl insan, təcrübəli çekist general-leytenant Arif Nəzər oğlu Heydərovun şəxsi təqdimatı əsasında DİN-in İnformasiya Mərkəzində yeni açılmış Hesablama mərkəzinə rəis vəzifəsinə təyin olunmuşdu.
Az müddətdən sonra mən də daxili işlər orqanlarında xidmətə dəvət olunaraq, onun rəhbərlik etdiyi Hesablama Mərkəzində proqramçı-mühəndis vəzifəsinə təyin olundum. Bundan sonra bizim ikinci tanışlığımız və onun rəhbərliyi altında birgə işimiz başladı.
İnformasiya Mərkəzində işlədiyi müddətdə onun rəhbərliyi və bilavasitə iştirakı ilə daxili işlər orqanlarının bir çox sahələrini əhatə edən müxtəlif proqram sistemləri yaradılıb istifadəyə verildi. Cinayətkarlığın profilaktikasına, baş vermiş cinayətlərin üstünün açılması işinə yönələn həmin sistemlər, son zamanlar daha da təkmilləşdirilmiş və bir sıra müsbət nəticələr əldə edilmişdir. Əsası Z.Dünyamalıyev tərəfindən qoyulan daxili işlər orqanlarının kompüterləşdirilməsi prosesi hal-hazırda böyük texniki-tərəqqi dövrünü yaşayır və onun davamçıları tərəfindən inkişaf etdirilir.
Z.Dünyamalıyev özünə və tabeliyində olan əməkdaşlara qarşı tələbkar bir insan idi. Nazirlik rəhbərliyi tərəfindən onun qarşısında qoyulan hər bir məsələ öz yetkin, elmi cəhətdən mükəmməl, texniki tərəfdən savadlı həllini çox qısa bir vaxtda tapırdı. Bu ondan irəli gəlirdi ki, Z.Dünyamalıyev qoyulan məsələnin həllinə geniş aspektdə yanaşır, müxtəlif variantları araşdırıb ən düzgün həll üsulunu tapırdı. Onun bu xüsusiyyəti nazirlik rəhbərliyinin gözündən qaçmır və az bir vaxtda İnformasiya xidməti nazirliyin digər aparıcı xidmətləri ilə bir sırada dayanır. Əvvəllər yalnız DİN-in idarə və şöbələrini cinayətkarlığın vəziyyətinə dair məlumatlarla təmin edən xidmət Z.Dünyamalıyevin İnformasiya Mərkəzinə rəis təyin olduğu vaxtdan nazirliyin kollegiya iclaslarına, əməliyyat müşavirələrinə ayrı-ayrı məsələlərin araşdırılması ilə bağlı konkret təkliflər verir, onların həllinə nail olmaq yollarını göstərirdi.
Z.Dünyamalıyev DİN-in İnformasiya Mərkəzinə rəhbərlik etdiyi dövrdə bu xidmət sahəsi özünün ən yüksək zirvəsinə ucalmış və nəinki daxili işlər orqanları sistemində, eləcə də, bütün hüquq-mühafizə orqanları arasında sayılıb-seçilən aparıcı xidmət sahəsinə çevrilməklə yeni elmi-texniki eranın əsasını qoymuşdur.
1980-ci illərin sonunda, o vaxtın SSRİ məkanında, o cümlədən, Qafqazda və Azərbaycanda baş verəcək məlum hadisələrin yetişdiyi bir vaxtda Z.Dünyamalıyevin yüksək təşkilatçılıq bacarığını, əməliyyat şəraitini düzgün qiymətləndirmək səriştəsini, geniş dünya görüşünü nəzərə alaraq, onu Gəncə şəhər milis idarəsinə rəis vəzifəsinə təyin etdilər.
O vaxtlar baş verən məlum hadisələrin tam təfərrüatına varmadan yalnız Dünyamalıyevin konkret məşğul olduğu məsələlərə diqqət yetirmək istəyirəm. O, nəinki şəhər milis idarəsinin rəis vəzifəsini, həm də şəhər komendantı, hərbi məsələlərin həlli ilə məşğul olan hərbçi, Murov dağının döşündən çəkilən strateji əhəmiyyətli yolların iş icraçısı vəzifələrini də paralel olaraq aparır və bu işləri özünün vətəndaşlıq borcu hesab edirdi.
Ermənilərin Gəncədə fəaliyyətinə tam nəzarət olunmaqla, necə deyərlər, onların əl-qolu tamamilə bağlanır.
SSRİ-nin dayaqları artıq laxlamağa doğru gedirdi, ancaq ermənilər Moskvaya şikayət məktubları yazmağa davam edirdilər. Ermənilərə qənim kəsilən bir insana Moskva hər vəchlə Gəncədən uzaqlaşdırmaq istəyirdi. Azərbaycan SSR rəhbərliyi vəziyyəti gərginləşdirməmək üçün Z. Dünyamalıyevi Bakıya qaytarır və o əvvəlcə rayonların birinə rəis müavini, sonra isə Dİİ Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunur.
Qısa bir vaxtdan sonra Z. Dünyamalıyev Daxili İşlər Nazirinin 1-ci müavini vəzifəsinə irəli çəkilir.
Daxili İşlər Nazirinin 1-ci müavini vəzifəsində işlədiyi dövrdə Z. Dünyamalıyevin potensialı onun daxili imkanları və yüksək erudisiyaya malik olması iri miqyaslı məsələlərin həlli üçün ona daha geniş üfüqlər açdı.
1995-ci ildə Qazaxda məlum hadisələri zamanı mən bu peşəkarlığın və mətinliyin bir daha canlı şahidi oldum.
Dövlət çevrilişinə cəhddə günahlandırılmış bəzi şəxslərin Gürcüstanla əlaqələri olduğunu nəzərə alaraq o regiona bələd olan bir neçə əməkdaşla bərabər mən də Qazağa ezam olunmuşdum.
Peşəkar hərbiçilərin və digər hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə onun sərrast çıxışı, hadisələri obyektiv qiymətləndirib düzgün qərarvermə bacarığı hamını valeh etmişdi.
Z. Dünyamalıyevin rəhbərlik etdiyi əməliyyat qısa bir zamanda öz nəticəsini verdi və çevrilişə cəhd iştirakçılarının böyük bir hissəsi tutularaq aidiyyatı orqanlara təhvil verildi.
Təbii ki, mənim gətirdiyim misallar onun geniş fəaliyyətinin qısa xronikasıdır. O həmişə hadisələrin gur yerində olurdu.
Zahid müəllim gənc əməkdaşlara nə qədər tələbkar və qayğı ilə yanaşırdısa, bir o qədər də veteranlara ehtiram göstərə bilirdi. Heç vaxt yadımdan çıxmaz, Polis Gününə həsr olunmuş tədbirlərdən birində rəsmi hissə başa çatdıqdan sonra təşkil edilmiş ziyafət məclisini aparmaq ona həvalə olunmuşdu.
Z. Dünyamalıyev onların şəninə o qədər gözəl sözlər deyirdi ki, veteranlar az qala qanad alıb uçurdular.
O belə bir adam idi...Tədbirdə iştirak edən hər bir veteranın üzündə-gözündə bir məmnunluq ifadə olunmuşdu...
Bəzi rəhbər işçilərin əməkdaşının kiçik bir nöqsanına kəskin reaksiya verməsinin, onun alçalmasının çox şahidi olmuşuq. Amma Zahid müəllim belə hallarda əməkdaşının xətrinə dəymədən məsələni ustalıqla yoluna qoyurdu.
Kollegiya iclaslarının birində müzakirə olunmuş məsələ ilə əlaqədar iclasa nazirliyin idarə və şöbələrinin tərkibində olan bölmələrin rəisləri də dəvət olunmuşdu. Bölmə rəislərindən birinə (Şərti adı R) kollegiyada iştirakı barədə gec xəbər verildiyindən o bir qədər gecikmişdi. Zal dolu olduğundan qalxıb amfiteatrda oturmuşdu. Qəribəsi bu idi ki, amfiteatrda ondan başqa heç kim yox idi. Kollegiya iclası başladıqdan sonra hamı hiss etdi ki, nazir tez-tez amfiteatra tərəf baxır. Bir azdan o, əyilib yanında oturmuş müavini Z. Dünyamalıyevin qulağına nə isə pıçıldadı. Bir qədər gözləyib Z. Dünyamalıyev özünə məxsus təmkinlə, çox sakit iclas zalından çıxdı. Çox keçməmiş qayıdıb öz yerində əyləşdi. Kollegiya üzvlərinin iclas zalını 3-5 dəqiqə tərk edib qayıtmaları adi hal olduğundan zalda oturanlar buna fikir vermədilər. Amfiteatrda oturan bölmə rəisi (mənim yaxşı tanıdığım şəxs idi və vaxtılə Z. Dünyamalıyevin fəal əməkdaşlarından biri olmuşdu) fasilə zamanı mənə yaxınlaşıb gülə-gülə dedi:
- Bildin, Zahid müəllim iclas vaxtı niyə çıxmışdı?
Təbii ki, bunun səbəbini bilmədiyimi söylədim. Qayıtdı ki, iclas başlayandan bir qədər sonra hiss etdim ki, nazir tez-tez mənə baxır, yuxarıda tək-tənha oturmuşdum. Mən də özümü narahat hiss etməyə başladım. Bir azdan nazirin köməkçisi qapını aralayıb sakitcə məni çağırdı və dedi ki, Zahid müəllim dəhlizdə səni gözləyir. Düşdüm aşağı, lazımi qaydada özümü təqdim etdim. Zahid müəllim zarafatyana qayıtdı ki, mən səni tanımıram ki, özünü belə rəsmi təqdim edirsən? Nə isə sıxıldığımı hiss etdi. Siqaret istədi, verdim, dedi ki, yandır, siqareti yandırdım. Qayıtdı ki, kollegiya iclası necə gedir, müzakirə olunan məsələlər xoşuna gəlirmi? – Ani olaraq fikirləşdim ki, o məni buna görəmi yanına çağırıb, yoxsa arada bir hiyləmi var? – Özümü toplayıb cavab verənə qədər siqareti çəkib qurtardı və dedi ki, get yerində otur, iclasa diqqətlə qulaq as. Yuxarı qalxdım və gördüm ki, qapı bağlıdır. Hər şeyi onda başa düşdüm. Təbii ki, məni amfiteatrdan çıxarmağı hər hansı bir əməkdaşa da tapşıra bilərdilər. Amma Zahid müəllim bölmə rəisini belə ustalıqla ərkyana amfiteatrdan çıxarmasına onun növbəti zarafatı kimi baxdıq və gülməkdən başqa çarəmiz qalmadı.
Bax, beləcə özünün ağayana hərəkətləri ilə ürəklərə hakim kəsilmişdi Zahid müəllim. Cahandar Ağanın, Abbasqulu bəy Şadlinskinin, İsrafil ağanın, Mehdi Hüseynin, İsmayıl Şıxlının və bu kimi kişilərin ən layiqli varislərindən idi və özünün bənzərsiz mənəvi, əxlaqi dəyərləri ilə bu böyük kişilər sarıdan bizi heç tamarzı qoymurdu.
Rahatlıq bilmir dünyada,
Yazda dağda, qış aranda
Həyatını anlayanda
Bu dünyadan köçür insan!
Zahid müəllim bu dünyadan köçsə də bir şəxsiyyət kimi əbədi olaraq ürəklərə gömüldü, yaddaşlara nəqş olundu, əbədiyaşarlıq qazandı. Şeytan xislətli, arxalının qulu, arxasızın qənimi, özündən zəifin qanını içib, özündən güclünün qarşısında şırvanıb quyruq bulayan, boyalı, rəngli adamlarla müqayisədə sən nə qədər xoşbəxtsən, Zahid müəllim. Sən bu dünyanın ehtiramını, o dünyanın rəhmətini qazandın. Bəzilər şərəfsiz yaşadıqları kimi, şərəfsiz də qəbirə tullanacaqlar. Əbədiyyət yolunun yolçusu kimi ruhun qarşısında baş endirir, cani-dildən deyirik, “Allah sənə rəhmət eləsin, ey kişi, ey böyük insan...”
Mehman Mehmanov
Müslüm Haqverdiyev

2042