MTN-in Akademiyasında Bilik Günü qeyd olunub - FOTO
15 sentyabr 2012 14:59 (UTC +04:00)

MTN-in Akademiyasında Bilik Günü qeyd olunub - FOTO

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 sentyabr – Bilik Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Lent.az-ın əvvəlcə əlaçı kursantlar tərəfindən Dövlət Bayrağı qaldırılıb və dövlət himni səsləndirilib. Akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim heyətini, dinləyiciləri və kursantları təbrik edərək onlara uğurlar arzulayıb. Ş. Sultanov müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və təhsilə göstərilən dövlət qayğısından danışıb, Heydər Əliyevin zəngin dövlətçilik irsinin layiqli davamçısı prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımları xüsusi qeyd edib.


Gündən-günə inkişaf edən, qüdrətlənən, nüfuzu artan və söz sahibi olan ölkəmizin son illər
beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, idman və sair tədbirlərə ev sahibliyi etməsinin sadalanan nailiyyətləri daha da zənginləşdirdiyi vurğulanıb. Respublikamızın BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq bu təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, «Eurovision – 2012» mahnı müsabiqəsinə ev sahibliyi etməsi, London Yay Olimpiya oyunlarında qazandığı uğurlar və digər nailiyyətlər ölkə vətəndaşlarında hədsiz iftixar hissləri doğurub. General-mayor Ş.Sultanov ölkə üzrə qazanılan uğurların Milli Təhlükəsizlik Nazirliyi və onun Heydər Əliyev adına Akademiyasından da yan keçmədiyini bildirib. Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun birbaşa nəzarəti və himayəsi altında bu mötəbər elm ocağının tədris bazası daha da möhkəmlənib, təhsil prosesində müasir dünya standartları geniş tətbiq olunub, əməkdaşların sosial vəziyyəti və xidmət şəraiti xeyli yaxşılaşdırılıb. Boloniya prosesinə qoşulan Azərbaycanda bu gün təhsil sistemi Qərb standartlarına uyğunlaşdırılıb, Akademiya da öz növbəsində bu proseslərdən kənarda qalmayıb. Akademiya tarixində ən əlamətdar gün kimi Prezident İlham Əliyevin 20 dekabr 2005-ci il tarixli Fərmanı ilə bu təhsil ocağına Heydər Əliyevin adının verilməsinin olduğunu bildirən natiq, burada bütün işlərin ulu öndərin adına layiq qurulduğunu vurğulayıb. Kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, Vətənə, xalqa, dövlətə sədaqətli olmağı tövsiyə edən Ş. Sultanov bildirib ki, həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin ömür yolu hamı üçün bir örnək, həyat məktəbi olmalıdır. Müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi yetişmək üçün ulu öndərin azərbaycançılıq irsini mənimsəmək hər bir kursantın vətəndaşlıq borcudur. Ş. Sultanov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə Akademiyanın şəxsi heyəti adından dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək biliklərə yiyələnmək üçün auditoriyalara yollanıb və Akademiyada yeni tədris ili başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3154

Oxşar yazılar