Bakıda qeyri-qanuni tullantı sahələri yığışdırılır
07 sentyabr 2012 12:27 (UTC +04:00)

Bakıda qeyri-qanuni tullantı sahələri yığışdırılır

İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib.


İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib. Bu ilin avqust ayından başlayaraq qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülüb, tullantı sahələrinə baxış keçirilib, müvafiq İş Planı tərtib olunub. Artıq qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmasına başlanıb. Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 20 min ton tullantının Balaxanı poliqonuna daşınması təmin edilib. Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilir. Yaxın zamanlarda digər daha bir ərazidə – Xəzər rayonunda da qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi işlərinə başlanılacaq.

“Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar