Muğanlıda torpaq sürüşməsində evi uçanlara ev tikilir
11 avqust 2012 13:51 (UTC +04:00)

Muğanlıda torpaq sürüşməsində evi uçanlara ev tikilir

Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov APA-ya bildirib ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Muğanlı kəndinin əhalisi üçün Meysəri kəndinin ərazisində yeni evlərin tikintisinə start verilib. Hazırda evlərin bünövrə hissəsi qazılır, beton-karkas işləri görülür. Artıq 30 evin bünövrə hissəsində işlər görülüb və digər 32 mənzilin inşası üçün hazırlıq işləri gedir.

Ümumilikdə 14 hektar ərazidə 62 evin, eləcə də məktəb və digər sosial obyektlərin inşa ediləcəyini bildirən komissiya sədri işlərin yeni ilədək başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib: “Artıq 3 gündür evlərin tikintisinə start verilib və hazırda ərazidə 100-ə yaxın işçi, 30-a yaxın ağır texnika çalışır. İşçilərin 90 faizi yerli sakinlərdir. Qarşıdakı günlərdə burada eyni vaxtda 400-dən artıq adam çalışacaq ki, evlər vaxtında inşa edilərək sakinlərə təhvil verilsin. Hər bir ev üçün 10 sot torpaq sahəsi ayrılıb və tam yeni layihə əsasında vətəndaşlar üçün bir ədəd 1, 28 ədəd 2, 32 ədəd 3, bir ədəd 4 otaqlı mənzillər inşa ediləcək”.

Qasım Qasımov onu da bildirib ki, Şamaxı şəhərində və 5 kənddə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 11 fərdi yaşayış evinin əvəzinə yeni evlərin tikintisi bu günlərdə başa çatdırılıb. Çaylı kəndində 2, Göylərdə 3, Böyük Xınıslıda 1, Nüydüdə 1, Qaravəllidə 3, Şamaxı şəhərində 1 yeni evin inşası başa çatdırılaraq istifadəyə verilib, Şamaxı şəhərində isə 5 ailə üçün tikilən 2 mərtəbəli yaşayış binasında son tamamlama işləri görülür.

Komissiya sədri torpaq sürüşməsi nəticəsində Şamaxı şəhərində və 21 kənddə ümumilikdə 412 evin ziyan çəkdiyini bildirib. Bu evlərdən bir hissəsi yaşayış üçün təhlükəli hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2095

Oxşar yazılar