"Azərbaycanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artım dinamikası müşahidə olunur. Yoluxma hallarının artımı isə sosial izoliyasiya qaydalarına riayət olunmayacağı təqdirdə vəziyyətin daha da kritik həddə çatacağını göstərir. Sosial izoliyasiya qaydalarına yetərincə riayət olunmamasının səbəblərindən önəmlisi isə insanlar arasında virusun mövcudluğuna inamsızlığın yaranmasıdır".
Bu fikirləri lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O, hesab edir ki, əhalini koronavirusun mövcudluğuna inandırmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır:
"Əks halda, bu inamsızlıq elə inanmayanlarla yanaşı inananların da sağlamlığını təhlükəyə atacaq və Azərbaycanımızı faciəyə sürükləyəcək. Hesab edirəm ki, insanların inandığı ayrı-ayrı nüfuzlu şəxslər ortaya çıxmalı və virusun heç yerə getmədiyi, hələ də aramızda olduğu barədə əhalini məlumatlandırmalıdırlar. Hazırda pandemiya ilə mübarizənin növbəti mərhələsində olsaq da, mövcud vəziyyətlə əlaqədar olaraq təəssüf birinci mərhələyə qayıtmalıyıq. Birinci mərhələdə tətbiq olunduğu kimi maarifləndirmə işləri yenidən həyata keçirilməli və bununla da insanları inandırma prosesi davam etdirilməlidir".
N.Abdullayev bildirib ki, maarifləndirici təbliğat prosesi hər təbəqənin inandığı şəxslər üzərində həyata keçirilməli və təbliğat işləri yerli mətbuat, televiziya və radio vasitəsilə, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə çatdırılmalıdır:
"Cəmiyyətimizin inandığı, sevdiyi alimi, elm adamı, mədəniyyət və incəsənət xadimi, yazıçısı, şairi, müəllimi və digər peşə və sənət adamları var. Əgər söhbət inandırmaqdan gedirsə, həqiqət o şəxslərin dilindən ifadə olunmalıdır. Təəssüf olsun ki, hazırkı situasiya onu göstərir ki, ölkəmizdə həkimə inananların sayı çox azdır. Halbuki xəstəliklə ön cəbhədə mübarizə aparan, gecə-gündüz dayanmadan döyüşənlər də elə həkimlərimizdir. Amma nə etmək olar, əgər xalq başqa sənət və peşə sahiblərinə inanırsa, onları önə çıxardıb danışdırmaq lazımdır. Əks halda, ölkəmizdəki vəziyyət qısa müddətdə İtaliyadakı vəziyyətdən də pis olacaq".