“Sabahın alimləri” “Gənclik stansiyası”na gəldi: Amerikaya gedəcəklər - VİDEO
16 mart 2020 11:07 (UTC +04:00)

“Sabahın alimləri” “Gənclik stansiyası”na gəldi: Amerikaya gedəcəklər - VİDEO

AzTV-nin “Gənclik stansiyası” verilişinin bugünkü buraxılışında “Sabahın alimləri” layihəsinin qalibləri iştirak edib.

Lent.az xəbər verir ki, verilişin qonaqları, “Sabahın alimləri”nə layihələr təqdim edən və qalib olan şagirdlər, Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Məryəm Hacıyeva, həmin liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov və paytaxtın 7 saylı orta məktəbinin 11-ci sinif şagirdi Emil Rüstəmli olublar. Şagirdlər “Sabahın alimləri”nə təqdim etdikləri layihələr haqqında danışıblar.

Həm də beynəlxalq olimpiadalar qalibi olmuş Məryəm Hacıyeva deyib ki, “Sabahın alimləri”nə ikinci dəfədir qatılır: “Orda iştirak sertfikatı aldım. Bu il özümü inkişaf etdirərək daha yaxşı layihə ortaya qoydum və biologiya nominasiyası üzrə ikinci yerə laiq görüldüm. Amerikaya sərgiyə gedəcək şagirdlər sırasına düşə bildim”.

Emil Rüstəmli də layihədə ikinci ildir ki, iştirak edir: “Riyaziyyat nominasiyası üzrə yarışıram. Keçən il ikinci yerə çıxmışdım. Builki layihəm də ötənilkinə bənzər idi. Ümumi məqsəd eyni idi, Yer kürəsinə bənzər və Yer kürəsini əvəzləyəcək planetin axtarışında idim. Bu il qarşıma məqsəd qoymuşdum ki, birinciliyi qazanım. Çox şükür ki, buna nail oldum”.

Beynəlxalq olimpiadalar qalibi Ruslan Bayramov isə “Sabahın alimləri”ndə artıq üçüncü dəfədir iştirak etdiyini söyləyib: “Ötən il də, bu il də final mərhələsinə keçdim. May ayında Amerikada keçiriləcək sərgidə yenə ölkəmizi təmsil edəcəm”.

Qeyd edək ki, “Sabahın alimləri” layihəsi  hər il ABŞ-da keçirilən İntel İSEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmitədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi və seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir. Müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilirlər. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Xatırladaq ki, verilişin informasiya dəstəkçisi Lent.az İnformasiya Agentliyidir. Verilişin tam versiyasına mətnin içərisindəki videomaterialda baxa bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar