“Koronavirusun nə dərmanı var, nə də peyvəndi. Bu xəstəliklə mübarizə aparmaq üçün əlimizdə olan “silahlar” bəllidir. Bunlar əllərin tez-tez su və sabunla yuyulması, müxtəlif gigiyenik tələblərə əməl etməkdir”.
Bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, öskürəndə və ya asqıranda ağzı tutmaq, yerə tüpürməmək və gigiyenik tələblərə əməl etmək çox vacibdir. Əhali arasında görülməli olan iş insanların bir-biri ilə təmasının azaldılmasıdır.
“Bunun üçün hökumətlərin bəzisi xüsusi karantin rejimi, bəzisi nisbətən yumşaq rejim tətbiq edir. Amma həqiqətən də əlimizdə olan tək “silah” budur. Bununla təminat yükünü azaltmağa çalışırlar. Məsələn, xəstəxanada 10 ədəd yataq varsa və 10 xəstə müraciət edirsə, onların hamısını qəbul edə, düzgün qulluğu, müalicəni edə bilirsən. Bəlkə o xəstələrdən biri dünyasını dəyişər. Amma xəstəxanada 10 ədəd yataq varsa və eyni anda 100 xəstə gəlirsə, onlardan, sadəcə, 10-nu qəbul edə biləcəyimiz üçün yerdə qalanlardan bir neçəsini itirə bilərik. Ona görə də bütün dünyanın etməyə çalışdığı budur ki, yoluxma sürəti azaldılsın, bununla da yataqlar xəstə sayına uyğunlaşdırılsın. Azərbaycan hökumətinin də etməyə çalışdığı budur. Ona görə də tətbiq edilən qaydalara, hökumətin çağırışına əməl etmək, evdə qalmaq çox vacibdir”, - ÜST nümayəndəsi deyib.