“İşğalda olan ərazilərimizin şagird və abituriyentləri imtahanları doğma rayonlarında verəcəklər” - DİM sədrindən ÖZƏL AÇIQLAMA
10 oktyabr 2020 11:20 (UTC +04:00)

“İşğalda olan ərazilərimizin şagird və abituriyentləri imtahanları doğma rayonlarında verəcəklər” - DİM sədrindən ÖZƏL AÇIQLAMA

"Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və yaşayış binalarının, məktəblərin məqsədli şəkildə hədəfə alınmasının şahidi olduq”.

Bu sözləri Lent.az-a özəl açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, həlak olan insanlar arasında orta məktəb şagirdləri də var:

“Bütün bunlar qəbuledilməzdir və əsl erməni xislətinin bariz nümunələridir.

Biz cəbhə xəttində baş verənlərlə əlaqədar Azərbaycanın haqq səsini, hadisələrin təfərrüatlarını Təhsildə  Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) üzvlərinə də yollamışıq. Yadınızdadırsa, IAEA-nın 45-ci illik konfransı ötən il Bakıda keçirilmişdi və 55 ölkədən 300-dən artıq nümayəndə iştirak edirdi. Artıq üzv ölkələrdən Azərbaycana dəstək mesajları da almışıq”.

M.Abbaszadə qeyd edib ki, bu gün Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası uğrunda uğurlu hərbi əməliyyatları nəticəsində artıq onlarla yaşayış məntəqəsi işğaldan azad olunub:

“Biz imtahanlarda insanların biliyini qiymətləndirib onun ölçülərini hesablaya bilərik, lakin bu gün vətən torpağı uğrunda döyüşən, öz doğma yurdunu düşmən tapdağından azad edən igidlərimizin mübarizə eşqinin sərhədlərini müəyyən edə bilmərik. Çünki bu hisslər ölçüyəgəlməzdir, ən ali səviyyədədir və sərhədsizdir.

Bizim davamız ədalət davasıdır və əminəm ki, biz torpaqlarımızın geri qaytarılmasına nail olacağıq və Dövlət İmtahan Mərkəzinin növbəti regional bölməsi işğaldan azad edilmiş Dağlıq Qarabağda açılacaq. İşğal altında olan rayonlarımızın şagird və abituriyentləri isə imtahanlarını müvəqqəti məskunlaşdıqları rayon və şəhərlərdə deyil, öz doğma rayonlarında, kəndlərində verəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar