"Hərbçilərimizi düşünərək koronavirusla mübarizədə məsuliyyətimizi artırmalıyıq" - AKTUAL ŞƏRH
15 oktyabr 2020 10:07 (UTC +04:00)

"Hərbçilərimizi düşünərək koronavirusla mübarizədə məsuliyyətimizi artırmalıyıq" - AKTUAL ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb.

Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edərək bildirib ki, maskanın taxılmasına, sosial məsafənin gözlənilməsinə, gigiyena qaydalarına əməl etməklə yoluxmaların sayını azaltmaq mümkündür:

“Bu da bizim dövlətimizə bütün səyləri Qarabağ istiqamətində cəmləşdirməyə imkan verər. Vətəndaşlar qeyd olunan qaydalara ciddi əməl etməli, xüsusilə hərbiçilərlə sıx təmasları minimuma endirməlidir. Başa düşmək lazımdır ki, Ordumuzun döyüş qabiliyyəti əsgər və zabitlərimizin sağlamlığından bilavasitə asılıdır”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Lent.az-a bildirib ki, hazırda Azərbaycan iki cəbhədə, iki virusla birgə mübarizə aparır:

“Biri iki əsrlik erməni terrorunun virusu, biri isə koronavirus infeksiyasıdır. Hər iki virusla mübarizədə bir an belə fasilə vermək, arxayınlaşmaq olmaz.  Koronavirus infeksiyası dünya üçün böyük bir bəladır. Bununla mübarizə üçün Azərbaycan dövləti xeyli işlər görüb və bu proses davam edir.

Demək olar ki, hər bir şəxsin tanıdıqları içərisində koronavirusa yoluxma halı oldu. Ancaq təəssüf ki, bəzi şəxslər hələ də maskaların taxılmasına, sosial məsafənin gözlənilməsinə diqqət etmir və bu da virusun artmasına gətirib çıxarır. İnsanlar başa düşməlidir ki, koronavirus infeksiyasına yoluxma sayının artması dövlət üçün əlavə yükdür. Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi üçün çalışır. Biz isə onlara yük yox, dəstək olmağa çalışmalıyıq. Hər bir kəs maska taxmaqla, sosial məsafəni gözləməklə, gigiyena qaydalarına əməl etməklə Ordumuza dəstək göstərə bilər. Bunları etməklə biz həm özümüzü, ətrafımızı, həm də əsgərlərimizi qoruyacağıq”.

E.Həsənli qeyd edib ki, bu dəqiqə dövlətə əlavə yük gətirmək ümumi işə zərbə vurmaqla nəticələnə bilər:

“Dövlətimizin, cəmiyyətimizin, mediamızın, aidiyyəti qurumların diqqətini ön cəbhə ilə paralel koronavirusa yönəltməməliyik. Müharibə vəziyyəti ilə bərabər karantin qaydalarının yenidən sərtləşdirilməsi diqqətimizi yayındıra bilər. Ona görə də vətəndaşlar maksimum diqqətli olmağa çalışmalıdırlar.

Sentyabr ayının 27-nə qədər özümüzü, yaxınlarımızı düşünərək virusdan qorunmağa çalışırdıqsa, artıq əsgərlərimizi də düşünərək koronavirusla mübarizədə məsuliyyətimizi ikiqat artırmalıyıq. İnanıram ki, Azərbaycan hər iki cəbhədə apardığı döyüşdə uğur qazanacaq”.

Həkim-infeksionist Azər Nağıyev isə bildirib ki, infeksiyanın artmasının əsas səbəbi son həftələrdə koronavirusa yoluxanlarının sayının azalması ilə bağlı olub:

“İnsanlarda yaranan arxayınlıq, sosial məsafənin gözlənilməsinə diqqət etməmək, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi nəticəsində virusa yoluxma halları kütləviləşib. Halbuki təkcə sadaladıqlarıma insanların davamlı riayət etməsi nəticəsində koronavirusa yoluxma sayını minimuma endirmək və tempi dəyişməmək mümkün idi”.

A.Nağıyev qeyd edib ki, karantin rejimindəki qadağaların yumşalması, məktəblərin açılması, Bakı və digər böyük şəhərlərdə yenidən yaranan sıxlıq da artıma səbəb olub:

“Əslində öncədən nisbi artımın olacağını düşünürdük və bunu gözləyirdik. İndi isə bunun şahidi oluruq. Koronavirus infeksiyasının yenidən artmamasının qarşısını almaq üçün hələ gec deyil. Hər bir şəxs diqqətli olmaqla həm özünü, həm də ətrafını hər an virusdan qoruya bilər. Bunun üçün məsuliyyətli olmaq son dərəcə vacibdir”.

Həkim-infeksionist koronavirusun ordumuza təsirindən də söz açıb:

“Sanki Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə insanlara koronavirus pandemiyasını unutdurub. Ancaq onlar unudurlar ki, karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Düşünürəm ki, biz hər ikisi ilə mübarizəni güclü aparmalı və qalib olmalıyıq.

Bizə cəbhə bölgəsində olan əsgərlərimizi virusa yoluxdurmaq yaraşmaz. Onları qorumaq üçün öncə özümüzü qorumalı, diqqətli olmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar