"Dünyanın heç yerində belə şey yoxdur" - "Çayevoy"u kartla verəcəyik
20 may 2020 16:51 (UTC +04:00)

"Dünyanın heç yerində belə şey yoxdur" - "Çayevoy"u kartla verəcəyik

“Əlavə bəxşişi istehlakçıdan tələb etmək və bunu menyunun, yaxud çekin altında yazıb qoymaq istehlakçını özündən uzaqlaşdırmaqdır”.

Bu sözləri kafelərin müştərilərdən əlavə “bəxşiş” tələbindən danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, kafelərin əlavə pul tələb etməsi istehlakçı hüquqlarının pozulmasıdır:

“Bütün dünya ölkələrində istehlakçıya yaxşı xidmət göstərilirsə, onlar əlavə çaypulu verirlər. Bu, bəzi ölkələrdə müəyyən norma şəklindədir. Məsələn, Kanadada ödənilən məbləğ ümumi hesabın 20 faizi qədərdir. Lakin bu heç yerdə rəsmi deyil. Sadəcə olaraq, ölkədə vətəndaşlar arasında belə qəbul olunub. Əlavə bəxşişi istehlakçıdan tələb etmək və bunu menyunun, yaxud çekin altında yazıb qoymaq istehlakçını özündən uzaqlaşdırmaqdır. Bu, dünyanın heç bir yerində tətbiq olunmur. İstehlakçı hüquqlarının pozulmasıdır. Əslində əlavə bəxşiş tələbini yazıb qoymaqla heç bir yüksək xidmət göstərilməyəcək. Standart xidmət həyata keçiriləcək. Bu tələb də gərək dövlətin qanunları ilə tənzimlənsin. Çünki həmin obyektlər vergi verməlidir. Əgər onlar müştəridən tələb etdikləri həmin məbləği çekə daxil etmirlərsə, deməli,  vergidən yayınırlar və süni qiymət artımına yol verirlər. Ölkə başçısı isə dəfələrlə deyib ki, süni qiymət artımına yol vermək olmaz.

Düşünürəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu işləri həll edir. Kimdə belə problem olarsa, 195-2 nömrəsi vasitəsilə həmin qurumla əlaqə saxlamaları tövsiyə olunur”.

Məsələ ilə bağlı Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a bildirildi ki, kafe və restoranlar göstərdikləri bütün xidmətləri menyuda göstərməlidir:

“İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinə əsasən, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında iaşə obyektlərinin fəaliyyəti əks olunub. Həmin qanunlara görə kafe və restoranlar göstərdikləri bütün xidmətlərini menyuda təqdim etməlidirlər. Orada sifarişlərdən əlavə, servis pulu, musiqi pulu və s ola bilər. Yalnız bu zaman sifarişdən əlavə ödəniş tələb olunması qanunsuz deyil. Əks təqdirdə, yəni, menyuda göstərilməyən xidmətlərə görə əlavə ödəniş tələb oluna bilməz”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11506
avatar

Mehman Nəbiyev

Oxşar yazılar