“Çətin vəziyyətdən çıxmaq üçün həmrəy olmalıyıq” - DEPUTAT
16 aprel 2020 11:23 (UTC +04:00)

“Çətin vəziyyətdən çıxmaq üçün həmrəy olmalıyıq” - DEPUTAT


“Özəl sfera fəaliyyətində şəffaflığa riayət etməklə yanaşı, həm də çətin günlərdə dövlətə və xalqa dəstək, dayaq durmaq bacarığına malik olmalıdır”.

Bunu APA-ya açıqlamasında Prezident İlham Əliyevin ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklindəki müşavirədə sahibkarların sosial aksiyalarda iştirakı ilə bağlı fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

E.Allahverdiyev bildirib ki, pandemiya səbəbindən davam edən karantin dövründə milli biznes müxtəlif sosial aksiyalarla əhalinin aztəminatlı və ehtiyacı olan hissəsinə yardımlar etməklə dövlətin üzərinə düşən yükün azaldılmasına bacardıqca öz töhfəsini verməlidir: “Bu isə onu göstərir ki, dövlət özəl sektorun yeni növ koronavirus pandemiyası səbəbindən işsiz qalan, sıxıntılar yaşayan vətəndaşlara kömək cəhdlərini diqqətdə saxlayır və təqdir edir. Biz hazırda dövlətlə özəl sektor arasında mövcud olan qarşılıqlı işgüzar münasibətləri müşahidə edirik. Bir tərəfdən hökumət pandemiyanın törətdiyi fəsadlardan əziyyət çəkən sahibkarlar təbəqəsinə ciddi dəstək proqramları həyata keçirir. 20 istiqamət üzrə hazırlanmış 9 proqramdan bir neçəsi həm iri, həm də fərdi sahibkarlara ciddi yardım paketləri nəzərdə tutur və artıq onların reallaşdırılmasına başlanılıb. Digər tərəfdən isə özəl sfera sosial və vətəndaşlıq məsuliyyətindən irəli gələn mənəvi borcunu yerinə yetirir. Bu, Azərbaycan iqtisadiyyatı üçün olduqca pozitiv tendensiyadır və belə qarşılıqlı anlaşma şəraitində postpandemiya dövrünün ölkəmiz üçün maksimum ağrısız keçəcəyinə inam yaradır”.

Millət vəkili nəzərə çatdırıb ki, sahibkarlara dəstək proqramı artıq fəaliyyətdədir: “Vergiödəyicilərinin onlayn qeydiyyat sisteminə müraciətlərin sayı 10 mini keçib. Müaricət edən sahibkarların  işçilərinin sayı 125 min nəfərə qədərdir. Bu qrupa ödəniləcək vəsait 17 milyon manata yaxındır. Elektron qeydiyyat sisteminə müraciət edən fərdi sahibkarların sayı isə 16 mini ötüb. Onlara ayrılacaq maddi dəstəyin miqdarı 15 milyon manatdaq artıqdır. Hökm sürən müsbət ortam Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin həyata keçirdiyi təxirəsalınmaz önləyici və mənfi təsirləri minimallaşdıran tədbirlərdən qaynaqlanır. Prezidentimiz müşavirədə bildirdi ki, həssas təbəqənin qorunması hazırki dövrdə ən vacib vəzifələrdən biri olmalıdır. Çünki bu, bir tərəfdən mahiyyətcə humanist addımdır, digər tərəfdən isə xalqımızın əsrlər boyu yaşatdığı nəcib xüsusiyyətdir. Kimin gücü nəyə çatırsa, ahıl, kimsəsiz insanlara yardım əlini uzatmalıdır. Əlbəttə, bu funksiya əsas etibarilə dövlətin üzərinə düşür və dövlət vəzifəsinin öhdəsindən gəlir. Eyni zamanda, biznesin də bu addımları sevindirici haldır”.

Millət vəkili hesab edir ki, dövlət-özəl sektor-vətəndaş arasındakı həmrəylik davam edərsə, iqtisadi məzmunlu çətinliklərin öhdəsindən gəlmək mümkün olacaq: “Birlik olan yerdə aşılmayacaq sədd yoxdur. Əsas odur hamımız bir amala xidmət edək, bir hədəfə köklənək. İstənilən çətin vəziyyətdən çıxmamız üçün daha da həmrəy olmağımız mühüm şərtdir. Güc birlikdədir!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar