Çindən dünyaya yayılan koronavirus (COVİD-19) ABŞ, İngiltərə, İtaliya, İspaniya, Fransa, İran və s. kimi nəhəng ölkələr belə öz əsirinə çevirib desək, yanılmarıq. Sadaladığımız ölkələrdən ilk üçündə koronavirusdan ölənlərin sayı isə dünya üzrə ölənlərin yarısına bərabərdir.
Təəssüf ki, ötən ayın ortaları respublikamızda da bu virusa yoluxma halları qeydə alındı. Bununla da nəhəng ölkələrin baş bəlası olan koronavirusla mübarizə aparan dövlətlər sırasına qoşulduq. Ancaq sevindirici haldır ki, ölkəmizdə bu virusa yoluxma və ölüm sayı inkişaf etmiş Avropa dövlətlərindən müqayisə olunmaz dərəcədə aşağıdır.
Son günlər isə sağalma sayı yoluxma sayını üstələyir. Bütün bu ürəkaçan məqamlar Prezident İlham Əliyevin koronavirusla mübarizə tədirləri çərçivəsində verdiyi tapşırıqlardan irəli gəlib.
Azərbaycan koronavirus səbəbilə dünyada tədrisin dayandırılması qərarını verən ilk dövlətlərdən oldu. İnsanların sıx olduğu bütün yerlər, kafelər, restoranlar, dini ibadət yerləri, hətta Bakı Metropoliteni belə bağlandı. Bütün bunlar isə dövlət başçısının Azərbaycan vətəndaşının sağlamlığının və təhlükəsizliyinin qayğısına qalmağının ən bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması üçün atılan addımlara görə respublikamızın istənilən yerindən hər gün prezidentə təşəkkür məktubları gəlir.
Lent.az həmin məktublardan bir neçəsini təqdim edir.
Bakının Binəqədi rayonundan Telman Nəsirov yazır:
-Hörmətli cənab Prezident.
Bəşəriyyət koronavirusun yaratdığı qlobal problem ilə üz-üzədir. Pandemiya bizim ölkəmizi də sınağa çəkib. Bu çətin zamanda Azərbaycanda vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişiniz, qısa müddət ərzində yerli tibbi maska istehsalına başlanılması Sizin müdrik rəhbərliyinizin, uğurlu siyasətinizin nəticəsidir.
Cənab Prezident, dövlətimizin beynəlxalq ictimaiyyətlə həmrəyliyinin nümunəsi olaraq, koronavirus pandemiyasının geniş yayıldığı ölkələrin musiqisi ilə bayraqlarını proyeksiya halında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan, dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirməsi, Sizin “Biz birlikdə güclüyük!” ifadəniz, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı əziz həmvətənlərimizə müraciəti bir daha bunu əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayırıq.
Əziz Prezidentimiz, inanırıq ki, bu çətin günlərimiz tezliklə geridə qalacaq. Biz Sizə güvənirik, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq. Sizə bu şərəfli yolda yeni uğurlar diləyirik. Ulu Tanrı Sizi və ailənizi qorusun.
Ağdamdan Şahin Bəylərov yazır:
-Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün tərəfinizdən operativ və təxirəsalınmaz qərarların qəbul edilməsinin, o cümlədən zərər çəkən sahibkarlara, muzdla işləyənlərə, maddi imkanı zəif olanlara yardım edilməsi məqsədilə böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasının və çoxsaylı digər tədbirlərin nəticəsidir ki, ölkəmiz bu xəstəliklə mübarizədə müsbət göstəricilərə nail olub. Hətta Azərbaycanın koronovirusla mübarizə üsulunun digər ölkələrə nümunə göstərilməsi bizdə qürur hissi yaradıb.
Cənab Prezident, ölkə vətəndaşlarının hər birinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun.
Şirvan şəhərindən Nurcan Rzayeva yazır:
-Çox hörmətli cənab Prezidentimiz.
Mən əminliklə deyə bilərəm ki, bütün Azərbaycan uşaqları Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldunuz. Bizim hər birimizi xəstəlikdən qorudunuz. Mən gələcəkdə həkim olmaq istəyirəm. Bütün insanların sağlamlığının qayğısına qalmaq istəyirəm. Vətənimizi, elimizi qorumaq istəyirəm. Kaş ki, Sizin kimi Vətəninə bağlı bir Azərbaycan vətəndaşı ola biləydim. İnşallah, arzularıma çataram. Sizin xeyir-duanızla Sizin rəhbəri olduğunuz bir dövlətdə bu gün möcüzələr yaradan həkimlərimiz kimi insanların sağlamlığının keşiyində dayanaram. Sonda bilməyinizi istəyirəm ki, bizim sağlam ruhda böyüməyimizin səbəbkarı Sizsiniz. Allah Sizi qorusun.
Naftalan rayonundan Hüseyn Məhərovdan:
-Möhtərəm cənab Prezidentimiz.
Sizin yorulmaz əməyiniz sayəsində bu gün ölkəmizdə vəziyyət faciəvi şəkil almadı. Yoxsa biz də başqa ölkələrdə olduğu kimi ağır vəziyyətə düşə bilərdik.
Sizin tapşırığınızla respublikamızın bütün bölgələrində, o cümlədən Naftalan şəhərində bu yoluxucu xəstəliyə qarşı təxirəsalınmaz ciddi mübarizənin aparılması nəticəsində artıq ölkəmizdə koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib. Həmçinin bununla bərabər bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, sahibkarlara dəstək göstərilməsini xüsusi diqqətdə saxladınız.
Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun.
Sabirabad rayonundan Zamin Qarayev yazır:
-Cənab Prezident,
Yer kürəsini cənginə almış koronavirus pandemiyasının dünya ölkələrinə vurduğu zərərin miqyası hər kəsə məlumdur. Bu baxımdan, Azərbaycanın bu bəladan daha az ziyan, daha az itki ilə çıxması üçün gördüyünüz qabaqlayıcı tədbirlər alqışa layiqdir.
Pandemiya ilə əlaqədar ölkəmizdə həm səhiyyə, həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində atılan addımlar vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb, rəhbərinə inamı daha da artırıb.
Mən bütün sabirabadlılar adından və şəxsən öz adımdan buna görə Sizə dərin təşəkkürümü bildirir, “Çox sağ olun!” deyirəm.
Sizinlə qürur duyuruq, cənab Prezident.