“Comedy Club”un keçmiş ulduzu Tahir Məmmədov koronavirusa yoluxub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, COVID-19 testinin müsbət nəticələrini “Instagram”da paylaşıb.
“Xəstəliyim kəskin deyil. Özünüzü qoruyun”, - Məmmədov yazıb. O, vəziyyəti haqda ətraflı heç nə yazmayıb. Məmmədov Los-Ancelesdə yaşayır. Siyasi səbəblərə görə 2013-cü ildə ABŞ-a miqrasiya edib. Okeanın o tayına gedəndən sonra bizneslə məşğul olub və selfi muzeyi açıb.
Məmmədov, həmçinin, YouTube-də öz kanalının aparıcısıdır. Məmmədov yumoristik karyerasına “KVN”-də başlayıb. 1990-cı illərin sonunda “Lumumbanın uşaqları” komandasında çıxış edib. 2005-ci ildən “Comedy Club”da fəaliyyət göstərib.
Tahir Məmmədov 1981-ci il oktyabrın 2-də Bakıda anadan olub. Atası Namiq Məmmədov azərbaycanlı, anası Nina Mixaylovnanın erməni olduğu bildirilir. Vikipediyada rusiyalı kino və televiziya aktyoru, kino rejissoru, senarist, prodüser, teleaparıcı, şoumen və yumor ustası və “Comedy Club”un keçmiş prezidenti kimi təqdim olunur.