“Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, bu müəssisələr qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir: “Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun.
Ona görə bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür”.