Şuşada, Zirvədə Zəfər qurultayı başa çatdı. Dünya azərbaycanlılarının təşkilatlanması və fəaliyyətində artıq yeni bir mərhələ başladı. Bu mərhələnin Yol Xəritəsini isə Zəfər Qurultayında Prezident İlham Əliyev çəkdi.
Dövlət başçısı öncə diqqəti ona yönəltdi ki, 44 günlük müharibədə əldə edilən tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Qurultayın isə Zəfər adı daşıması təsadüfi deyil.
Prezident bildirdi: “Ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”.
Prezident öz çıxışında bildirdi ki, bundan sonra biz ancaq və ancaq güclənəcəyik. “Postmüharibə dövrü bunu bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə bizim addımlarımız bizim gücümüzü göstərir. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və deyə bilərəm ki, artıq il yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT - hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı - hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT - hansı ki, çox yaxşı başa düşür ki, Minsk qrupu artıq yoxdur. Mən düzdür, bir neçə ay bundan əvvəl hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim. Məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq. Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə də onlarda fürsət olmadı”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə ekskurs etməklə yanaşı, Azərbaycanın, onun diasporunun qarşısında yeni vəzifələr də müəyyənləşdirdi. Bu vəzifə və tapşırıqların ən vacib istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə təqdim olunması və azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır.
Ölkəmizin başçısı onu da qeyd etdi ki, son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. “Həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır. Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, post-münaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır”.
Sözün həqiqi mənasında, 44 günlük müharibə dövründə xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gündə bu işin davam etdirilməsinə böyük zərurət var. Çünki müharibə başa çatsa da, Azərbaycana qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Bu gün də Ermənistanda faşizmin təzahürləri baş qaldırır. Ermənistanda bəzi dairələr və dünya erməniliyi Azərbaycanı hədələməyə çalışırlar. İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Həmçinin, ötən il yarım ərzində Azərbaycanda ordu quruculuğu sahəsində çox böyük işlər görülüb. Bu gün Azərbaycan Ordusu əvvəlkindən daha güclüdür və istənilən vəzifəni icra edə bilər.
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da Azərbaycan ilə daim təmasdadırlar, diaspor təşkilatları arasında koordinasiya təkmilləşir. Harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətənləri ilə əlaqələri qoruyub saxlamalıdırlar, öz mədəniyyətlərinə bağlı olmalıdırlar. Bu gün müxtəlif ölkələrdə Azərbaycan evlərinin, məktəblərinin yaradılması bu məqsədə xidmət edir. İllərlə deyirdik, bir gün gəlsin, Şuşada görüşək, dünya azərbaycanlıları ora yığışsın. Və o gün gəldi. 50 milyonluq azərbaycanlının Prezidenti hamını birliyə çağırdı. İndi intibah dövrü başlayır. Qarabağın intibahı. Biz birlikdə buna nail olacağıq.