Zəngəzur dəhlizi açılsın, yoxsa açılmasın? - ŞƏRH
14 avqust 2024 16:15 (UTC +04:00)

Zəngəzur dəhlizi açılsın, yoxsa açılmasın? - ŞƏRH

Zəngəzur Azərbaycanın tarixi torpaqlarının bir hissəsidir. Tarixin müxtəlif dövrlərində Zəngəzur müxtəlif dövlətlərin və imperiyaların təsirinə məruz qalıb. Lakin ötən əsrin əvvəllərinə qədər heç bir dövrdə bu bölgəmiz hər hansı erməni dövlətinin tərkibində olmayıb. O sadə səbəbə görə ki, tarixdə hayların qurduğu, müəyyən ərazilərdə hakim olduğu bir dövlət yerli-dibli olmayıb. Əfşarlar imperiyası dövründə Zəngəzur Azərbaycan bəylərbəyliyinin bir hissəsi idi. Zəngəzurun orta çağlardakı sərhədləri daxilində olan ərazilər Xanlıqlar dönəmində Qarabağ, İrəvan və Naxçıvan xanlıqları arasında bölünmüşdü. Çar Rusiyası dövründə yaradılmış Zəngəzur qəzasının şərq hissəsi hazırda Azərbaycanın suveren əraziləridir. Tarixi mahalımızın qərb cinahındakı məntəqələrin isə, V.İ. Leninin təzyiqi ilə Azərbaycan bolşevikləri tərəfindən Ermənistana “inqilab hədiyyəsi” olaraq ərmağan edildyi kimsəyə sirr deyil. Zəngəzurun Azərbaycan üçün əhəmiyyəti xalqımızın tarixi və dövlətimizin strateji vəziyyəti ilə sıx bağlıdır.

İkinci Qarabağ Savaşı Azərbaycanın tarixi zəfəri ilə başa çatdı. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı Üçtərəfli Bəyanatla Azərbaycanın qələbəsinin rəsmiləşməsi bölgəmizdə yeni reallıq yaratdı. Bəyanatda bilavasitə “dəhliz” kimi göstərilməsə də, Azərbaycanın əsas hissəsinin qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması üçün Ermənistan üzərinə öhdəlik götürmüşdü. Qısaca olaraq “Zəngəzur dəhlizi” adlanan bu marşurut bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməsi ilə regionun gələcəyi üçün prinsipial əhəmiyyət daşıyır.

Zəngəzur dəhlizinin Azərbaycan üçün 3 əsas strateji əhəmiyyəti var:

  • Türkiyə ilə coğrafi inteqrasiya: Zəngəzur dəhlizi, Türkiyə ilə Azərbaycan arasında fiziki- coğrafi ayrılığın aradan qaldırılmasında mühüm rol oynayacaq. Bu dəhliz, Türkiyə ilə Azərbaycan arasında daha asan və birbaşa əlaqə yaradaraq, regional inteqrasiyaya töhfə verəcək.
  • Azərbaycanın Avropaya çıxışı: Zəngəzur dəhlizi açılarsa, bu, Azərbaycanın Türkiyə üzərindən Avropaya çıxışını təmin edəcək və Azərbaycanın tranzit yollarını genişləndirəcək. Bu, iqtisadi və ticarət əlaqələrini inkişaf etdirə bilər.
  • Naxçıvanın blokadadan çıxması: Hazırda Naxçıvanla Azərbaycanın quru əlaqəsi İran üzərindən təmin olunur. Zəngəzur dəhlizi açılarsa, Naxçıvan blokadadan çıxacaq və Naxçıvanın iqtisadi inkişafı üçün yeni imkanlar yaradılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Zəngəzur dəhlizinin açılması məsələsi sistemli, ardıcıl və prinsipial şəkildə dəfələrlə masaya qoyulub. Artıq vurğuladığımız kimi, bu məsələ, Azərbaycanın regional təhlükəsizliyi və iqtisadi inkişafı üçün həyati əhəmiyyətə malikdir. Prezidentin bu mövzuda göstərdiyi səylər ölkənin strateji maraqlarının qorunması və regional əlaqələrin gücləndirilməsi məqsədini güdür. Azərbaycanın və regionun inkişafında maraqlı olmayan geopolitik güclər Zəngəzur dəhlizinə qarşı çıxır, onun açılmasına mane olmağa çalışırlar. Başqa sözlə, Zəngəzur dəhlizinə qarşı çıxanlar Ermənistanda revanşizmə dəstək verənlərdir.

Odur ki, bu məsələnin həlli müəyyən zaman tələb edir. Təcrübə göstərir ki, Azərbaycan prezidenti İlham Əliyev həll edə, necə deyərlər, axırına çıxa bilməyəcəyi heç bir məsələ barədə publik danışmır, vəd vermir. Əgər İlham Əliyev Zəngəzur dəhlizinin açılacağına inamını ifadə edibsə, deməli, ən qısa zamanda bu təşəbbüs gerçəkləşəcək. İdeyanın gerçəkləşməsi siyasi strategiyalar, taktiki addımlar, manevrlər tələb edir. Bu baxımdan nəyi, necə, nə zaman etməyi İlham Əliyev çox gözəl bilir!

Azərbaycan cəmiyyəti İlham Əliyevin açıq və dürüst bir lider olduğunu kifayət qədər yaxşı bildiyi kimi, zənnimizcə, Ermənistan cəmiyyəti də Azərbaycanın dövlət başçısının tarixi ismarıclarından kifayət qədər nəticə çıxardıblar. Odur ki, hazırda Ermənistanda “rəsmi Bakı Nikol Paşinyanın diplomatik uğuru nəticəsində Zəngəzur dəhlizindən imtina edib” lozunqu ilə şadyanalıq etməsi gülüş doğurur. Bu sadəlövh və əsassız təbliğata Azərbaycanda xarici mediaya verilən bir müsahibə səbəb olub. Ancaq azacıq düşünmək imkanı olan erməni ekspertləri də başa düşürür ki, belə prinsipial məsələlər hansısa müsahibə və bir müsahibəyə istrinadən qarşı tərəfin kəmfürsətlik etməsi ilə həll olunmur. Nikol Paşinyan öz erməni xisləti ilə öz erməni toplumunu istədiyi qədər aldada bilər, öz işidir.

Zira, bütün bunlar gerçəkliyi dəyişmir: Azərbaycan Zəngəzur dəhlizi ideyasından əsla geri çəkilməyib və geri çəkilmək fikrində də deyil.

Deməli, İrəvanda təşkil olunan ucuz “diplomatik qələbə” şoularının tezliklə Nikol Paşinyanın öz əleyhinə çevriləcək və “bəs, nə oldu, Paşinyan” sualı daha bir dəfə səslənəcək.

Mütləq səslənəcək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar