Xoşbəxt adam - Səbuhi Məmmədli yazır
24 dekabr 2020 12:50 (UTC +04:00)

Xoşbəxt adam - Səbuhi Məmmədli yazır

“Mən ona özüm qədər inanıram”. Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri demişdi bu sözləri bir zaman. Və müdrikcəsinə, uzaqgörənliklə deyilmiş bu sözlər öz təsdiqini tapdı. İnanmaqda da haqlı idi.

 

8 noyabr, Şuşanın azad olunması xəbəri verilən gün yadınızdadırmı? Prezidentin, Ali Baş Komandanın Şəhidlər xiyabanındakı çıxışını deyirəm.

 

“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

 

Bəs Ağdamda, xanmı Mehriban Əliyeva ilə birgə Cümə məscidini ziyarət edərkən dedikləri?

 

“Vaxtilə Müqəddəs Kəbədə Allahdan torpaqları işğalçılardan azad etmək üçün mənə güc verməsini dua etdim. Xoşbəxt adamam”.

 

Xoşbəxt adamdır: Öz ad gününə Qarabağı hədiyyə etdi.

 

Xoşbəxt adamdır: Onun lider olduğu Azərbaycan keçmiş sovet respublikaları arasında itirilmiş ərazilərini geri qaytarmağa nail olan yeganə dövlətdir.

 

Xoşbəxt adamdır: O, son iki əsr yarımlıq tariximizdə lideri olduğu dövlətin bəyan olunmuş hüquqi coğrafiyasını bərpa etməyi bacarmış ilk siyasi xadimdir.

 

Xoşbəxt adamdır: Ali Baş Komandan kimi arxasında 10 milyonluq bir ordu dayanıb. Və bu ordu Ona “Sizə arxayınıq, Sizin arxanızdayıq” deyirsə, demək biz qüdrətli dövlətik.

 

Xoşbəxt adamdır: 44 günlük müqəddəs savaşda harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Onun ətrafında yumruq kimi birləşdi.

 

Xoşbəxt adamdır: Bir vaxtlar elektrik enerjisinə, mavi qaza həsrət qalan ölkənin işığı, qazı indi Avropada yanır.

 

Xoşbəxt adamdır: Dünyanın ən qaynar bölgələrindən birinə sülh gətirdi. Hə, əbədi sülh. Nobel ödülü almağa haqq edən bir sülh.

 

Xoşbəxt adamdır: Bu gün  bütün dünya Onu islahatçı Prezident kimi tanıyır və qəbul edir. Təsəvvür edin,  Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmiz 10-cu, rəhbərliyin islahatlara meyllilik səviyyəsinə görə isə 5-ci yerdədir.

 

Xoşbəxt adamdır: 7 ölkəni əhatə edən, dəyəri 40 milyard dollar olan bir layihənin, Cənub Qaz dəhlizinin təminatçısıdır...

 

***

 

Bir dəfə Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelinski belə demişdi: “Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz; Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul üç dəfədən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun”. Ərazisi Azərbaycandan yeddi dəfə, əhalisi 4,5 dəfə çox olan və Avropanın coğrafi mərkəzində yerləşən ölkəni Azərbaycan kimi olmağa sövq edən liderdi, Cənab Prezident.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili nə demişdi? “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir. O, Qafqazın siyasi lideri olmaqla bu bölgədə tarazlığın, sabitliyin və inkişafın əsas qarantlarındandır”.

 

***

 

2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial,  iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları apardı. Müstəqil Azərbaycan indiyədək bu miqyasda islahat görməmişdi. Avropanın özündə belə islahatlar heç də həmişə istənilən nəticəni vermir. Bəzən əks göstəricilərə gətirib çıxarır. Amma Azərbaycanda aparılan islahatların uğurlarının sirri  ondadır ki, Cənab İlham Əliyevin proseslərə kompleks yanaşdı, islahatları qısa və uzun müddətlərə hesablanmış dövlət proqramları vasitəsilə həyata keçirdi. Neft kapitalını insan kapitalına çevirdi. Büdcə gəlirləri ölkə başçısının dediyi kimi, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldi. Azərbaycan insanının mənafeyi hər şeydən üstün tutularaq ön plana çəkildi.

 

Onun dövlət başçısı olduğu dönəmdə ölkəmizin beynəlxalq nüfuzu artdı. Bircə faktı qeyd edək; Azərbaycan BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Prezidentin özünün də dediyi kimi, “Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilibdir. Yəni bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdə iki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir”.

 

***

 

Əgər Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdisə… İlham Əliyev Qarabağı Azərbaycana qaytardı. 44 günlük savaşın Fatehi oldu. Hə, fateh, Nadir şahdan sonra itirə-itir getdiyimiz torpaqları O indi qaytarır. Bu missiyanın daşıyıcısı Odur.

 

Onun Prezidentliyi dönəmində ən çox diqqət yetirdiyi məsələ ordu quruculuğu idi. O, hər şeyi gözəl bilirdi. O, zamanın gözləyirdi. O, gözəl bilirdi ki, taleyüklü məsələdə uğur qazanmaq üçün uyğun şərait yetişməli və ya doğru zaman seçilməlidi. Və o zaman gəldi. 27 sentyabrdan başlayan şanlı döyüş salnaməsi noyabrın 10-da zəfərlə başa çatdı. İşğala birdəfəlik son qoyuldu. Müzəffər Ali Baş Komandan, Müzəffər ordu və xalq: Bu vəhdət idi böyük Qələbənin səbəbi.

Həm də...

Həm də ata vəsiyyəti yerinə yetirildi.

Axı atası ona inanırdı...

# 1908
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar