Fevralın 9-da BAXCP-nin mərkəzi qərargahında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun üzvləri – Niyaməddin Orduxanlı, Azər Həsrət, Mayis Əliyev, Məhluqə Qaramanlı, Çingiz Bayramov, Mehriban Abdullayeva və Xanım Əhmədzadə ilə görüş keçirib.
BAXCP-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, İşçi Qrup BMT Təhlükəsizlik Şurasına müraciət üçün “Sarkisyanın hərbi cinayətkar kimi tanınması” və 20 yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədilə petisiya yaradıb:” Bu məqsədlərə çatılması üçün petisiyaya 100000 imza toplamaq lazımdır”.
Onun sözlərinə görə, Yanvarın 28-dən start verilən kampaniyada 35 mindən artıq imza toplanıb: "Bu isə işçi qrupunun səyinin nəticəsidir. Sizinlə görüşməkdə məqsəd də BAXCP sədri, millət vəkili olaraq sizdən, eləcə də digər partiya rəhbərlərindən dəstək almaqdır".
Qüdrət Həsənquliyev QHT rəhbərlərinə öz dəstəyini nümayiş etdirib və bildirib ki, Avropa heç vaxt Ermənistana müsəlman ölkəsinə görə təzyiqlər göstərməyəcək: ”Bəlkə də iki xristian ölkəsi arasında dava o zaman kimin haqlı, kimin haqsız olduğunu deyərlər. Dağlıq Qarabağ məsələsində isə tərəfin biri müsəlman ölkəsidir. Güman ki, Vatikan muzeyində olanlarınız var. Həmin muzeydə ermənilərə xristianlığı qəbul edən xalq kimi abidə qoyulub. Belə faktorlar çox önəmlidir. Bizdə bunu bəzən qəbul etmirlər. Ancaq bu çox ciddi faktordur.
Sonuncu dəfə Vülnusda NATO Parlament Assambleyasının iclasında rusların tədbirə dəvət olunmamasının səbəbini soruşdum və həm də bildirdim ki, düz eləmisiniz, çünki Rusiya işğalçı dövlətdir və Ukraynanın ərazilərini zəbt edib. Eyni zamanda, söylədim ki, BMT Baş Məclisində, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edən və NATO Parlament Assambleyasının Assosiativ üzvü olan Ermənistan yeganə ölkədir ki, başqa bir Assosiativ üzvün ərazi bütövlüyünə səs vermir. Siz isə sanki heç nə baş verməmiş kimi bu fakta etinasız yanaşırsınız. Bildirdim ki, bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Ən dəhşətlisi o idi ki, mənim çıxışımdan sonra Ukraynadan olan nümayəndələr özlərində cəsarət tapıb fikrimi təsdiqləmədilər ki, “Azərbaycan nümayəndə heyəti düz deyir, ermənilər bizim ərazi bütövlüyümüzə səs verməyiblər”. Çünki bilirdilər ki, ümumi vəziyyət ermənilərin xeyrinədir və əsas aparıcı dövlətlər bu məsələdə maraqlı deyillər ki, Ermənistanın belə addımı hansısa formada pislənilsin. Və yaxud hansısa bir qətnaməyə salınsın”.