ABŞ prezidentinin ənənəvi 24 aprel mesajına Türkiyə Xarici İşlər Nazirliyinin bu il göstərdiyi reaksiya sərt oldu.
Obamanın mesajında bu il də 1915-ci il hadisələri birbaşa “soyqırım” kəlməsiylə xarakterizə edilməsə də, Türkiyənin baş diplomatiya idarəsi mesajın erməniləri cəsarətləndirdiyini təsbit edərək öz təpkisini ortaya qoydu. Bu, 2012-ci ilin fevralında “soyqırım”la bağlı Türkiyə ilə Fransa arasında yaşanmış siyasi-diplomatik-hüquqi savaşı udmasından sonra Ankaranın nümayiş etdirdiyi növbəti sərt reaksiya sayıla bilər.
XİN-in bəyanatının sətir araları göstərir ki, 2015-ci ildə “soyqırım” böhtanları ilə bağlı təzyiqlərin zirvəyə çıxacağına dair bütün ehtimallar Ankarada ətraflı şəkildə dəyərləndirilir və Türkiyə dünyanın siyasət və diplomatiya “bazarı”na 2 ildən sonra özünün güclü arqumentləriylə çıxmağı hədəfləyir. İstər Türkiyənin, istərsə də Azərbaycanın mənafeyi baxımından bu gəlişmələr əlbəttə ki, məmnunluq doğurur, çünki heç kimə sirr deyil ki, “soyqırım” böhtanlarını dünya gündəmində daha aktiv şəkildə tutmağa çalışan ermənilər və diaspora bir daşla iki quş vurmağa çalışıb, həm Türkiyədən təzminat və torpaq qoparmağa çalışır, həm də Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması məsələsinin dünya gündəminə gəlməsini əngəlləməyi hədəfləyir. Ona görə də Ankaranın “soyqırım” böhtanlarını dəf etmək üçün atacağı hər bir təsirli addım Bakının əlini gücləndirən faktora çevrilir. Deməli, bu nöqtədə həmrəyik ki, Fransa parlamentinin 2011-ci ilin noyabrında qəbul etdiyi və soyqırımı inkar edənlərə pul və həbs cəzası verilməsini nəzərdə tutan qanunun 2012-ci ilin fevralında ölkənin Konstitusiya Şurası tərəfindən ləğv edilməsinə qədər keçən müddətdə Türkiyənin apardığı mübarizənin qərarın ləğv edilməsiylə nəticələnməsi və Xocalı soyqırımın 20 illiyi münasibətilə Azərbaycan və Türkiyənin keçirdiyi müştərək tədbirlər istər Türkiyəyə qarşı təzyiqlərin zəiflədilməsində, istərsə də Azərbaycanın erməni işğalı altındakı torpaqlarının azad edilməsində təsirli addımlar sayıla bilər. Bu düzgün istiqamətin davam etdirilməsi lazımdır. Amma və lakin gəlin-görün ki, siz saydığınızı saymağa çalışanda fələkdən yox, Türkiyənin öz içindən yüksələn səslər aparılan mübarizənin üzərində bir anda “arxadan vurulan xəncər zərbəsi” təsiri yarada bilir.
İşin təfərrüatına girməzdən əvvəl bunu xatırlatmaq məcburiyyətində qaldım: 2011-ci ilin payızında baş nazir Ərdoğan Türkiyə Cümhuriyyəti tarixinin quruluş illərində yaşanmış bəzi hadisələrlə bağlı “üzr istəmə” fırtınası əsdirərkən fürsəti əldən qaçırmaq istəməyən baş nazirin müavini Bülənt Arınç işi daha irəliyə apararaq cümhuriyyətə qarşı olub o dönəmdə cəzalandırılmış bəzi insanlara “qəhrəmanlıq ünvanı” biçməyə həvəslənmiş, onların bəzilərindən şəxsən üzr istəməyi özünə borc bilmişdi. “Üzr”lərin üstündən 20 gün də keçmədən Fransa parlamenti məlum qanun layihəsini gündəminə almışdı. Bu ilin 24 apreli ərəfəsində Ankara prezident Obamanın ənənəvi mesajında istifadə edəcəyi kəlmələri maraqla gözləyərkən Türkiyə Böyük Millət Məclisində 30 millət vəkili ilə təmsil edilən Barış və Demokratiya Partiyasının (BDP) həmsədri Səlahəddin Dəmirtaş bir bəyanatla çıxış etdi. 24 aprel münasibətilə verdiyi bəyanatda BDP həmsədri Dəmirtaş “Tarixdə türklərin ermənilərə ən böyük soyqırımı” yapdığını iddia edərək Türkiyəni ermənilərdən üzr istəməyə dəvət etdi. İş burada qalmadı, Dəmirtaşın bəyanatının üstündən bir neçə gün keçəndən sonra BDP 1915-ci il hadisələrinin araşdırılması üçün TBMM-yə təklif verdi.
Bunu da xatırlada bilərik ki, Xocalı soyqırımın 20-ci ili münasibətilə keçən il Türkiyə Böyük Millət Məclisində keçirilən dinləmələrdə çıxış edən BDP millət vəkili Ərtuğrul Kürkçüoğlu “Türkiyəni qonşu ölkələrin problemini öz Məclisinin çatısı altına toplamamağa” dəvət etmişdi.
Türkiyə “qəribə” sözüylə xarakterizə edə biləcəyimiz bir dönəmdən keçir. Bu qəribəliyin ən önəmli atributu isə yaxın 1-2 aya qədər düz perspektivdən oxunub dəyərləndirilən bir çox şeyin indi tərs perspektivdən oxunub-dəyərləndirilməsidir. Öcalan, Karailan və BDP millət vəkillərinin dizayn verərək baş aktyorluq etdiyi bu dönəmdə onların ağzından çıxan hər kəlmə “sülh, əmin-amanlıq, birlik, keçmişlə üzləşmə, daha dərin demokratiya” kimi cəmiyyətə təqdim edilir. Bəlkə S. Dəmirtaş Türkiyəni ermənilərdən üzr istəməyə 1 il əvvəl dəvət etsəydi və ya 1915-ci il hadisələrini araşdırmaq üçün komissiya qurulması təklifi 1 il əvvəl gündəmə gətirilsəydi, başda Xarici İşlər Nazirliyi olmaqla dövlətin digər qurumlarından BDP-yə xəbərdarlıq xarakterli açıqlamalar gedə bilərdi, ancaq indi dövr o qədər “qəribələşdi” ki, məsələn, Diyarbəkir bələdiyyə başqanı Osman Baydəmirin Ankarada xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşməsi barədə xəbərin nazirlik tərəfindən təqdimatını oxuyanda nazirin sanki Paris, London və ya Roma bələdiyyə başqanını qəbul etdiyini düşünürsən. Ona görə də BDP sədri Dəmirtaşın “Türkiyə 1915-ci ildə ermənilərə tarixin ən böyük soyqırımını yapmışdır” - bəyanatına XİN-dən heç bir reaksiya verilməməsinə təəccüblənmək olmur, bununla bağlı nazirliyin düşüncəsini öyrənmək üçün göndərdiyim yazılı sorğuya da hələ ki cavab ala bilməmişəm.
Bunu da anlaya bilmirəm ki, Türkiyə XİN Məclisdə 30 millət vəkili ilə təmsil edilən BDP-nin həmsədrinin “1915-də Türkiyə ermənilərə tarixin ən böyük soyqırımını yapdı, Türkiyə ermənilərdən üzr istəməlidir” - sözlərini “fikir və ifadə azadlığı” çərçivəsində dəyərləndirdimi, yoxsa “qəribə” sözüylə xarakterizə etdiyimiz bu dönəmə dizayn verib yol göstərənlərin hər sözü kimi bu sözünü də doğru qəbul etdimi? İşin “qəribəliyi” həm də ondadır ki, eyni günlərdə Ermənistandakı Daşnak Partiyasının bir nümayəndəsi Türkiyənin cənubi-şərq bölgələrində kürdlərin muxtariyyət əldə etmələri halında onlarla mübarizə aparıb tarixi torpaqlarını geri alacaqlarını” bəyan etmişdi.
24 aprel ərəfəsində və sonrasında Türkiyənin torpaq bütövlüyünü birbaşa ilgiləndirən və 2015-də Türkiyənin başını ağrıdacaq bəyanatlar kateqoriyasına girən Səlahəddin Dəmirtaş imzalı açıqlamalara Türkiyə Böyük Millət Məclisinin və Xarici İşlər Nazirliyinin laqeyd qalması gündəmin gərginliyindən irəli gəldi, yoxsa bu işin arxasında hələ ki proqnozlaşdırıla bilməyən başqa səbəblər var?
Məsələ ətrafında cərəyan edən proseslərə “Vatan”ın yazarı Mustafa Mutlunun baxdığı nöqtə haqsız sayılmamalıdır: “25 apreldə “erməni soyqırımı”na görə üzr istənilməsini tələb edən yüzlərlə şəxs Taksim meydanında toplandı. Kimsə onlara “meydanda inşaat işləri var, böyük çuxurlar açıldı, burada mitinq keçirmək qadağandır” - demədi. Meydanda bir polis də yox idi, heç kimin burnu qanamadı. 1 mayda həmkarlar təşkilatları əməkçi bayramını Taksimdə keçirmək istədi... 30 min polis və jandarma meydana çıxan bütün yolları kəsdi. Böyük olaylar baş verdi, onlarla insan yaralandı, xeyli insan polis nəzarətinə alındı... Bəli, ortada gerçəkdən bir “çuxur” problemi var, amma bu, qəti şəkildə Taksimdəki “çuxur” deyil”.
Nə olursa-olsun, Türkiyənin öz içindən yüksələn bu ziddiyyətli səslər 2015-ci il üçün pusquda yatanların işinə yarayır, bu durum isə torpaqlarımızı uzun müddətdən bəri işğal altında tutanları daha da cəsarətləndirir...